13 May 2014 18:37
1 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müğənni Sevda Yəhyayeva və Elton Hüseynəliyevin “Ömür yarıda qalmasın” adlı xeyriyyə konserti ilə bağlı mətbuat konfransı keçirib.

Teleqraf.com-un xəbərinə görə, “Məlahətli Ana Uşaqlara Yardım İctimai Birliyi”nin təşkilatçılığı ilə keçiriləcək xeyriyyə konserti 4-cü dərəcəli skarilioz xəstəliyindən əziyyət çəkən iki bacıya həsr olunur. Birliyin sədri Natiq Əhmədov bildirib ki, iki qızın müalicəsini iranlı həkim edəcək. Və hər bir əməliyyat üçün 15 min dollar maliyyə lazımdır.

Lazımlı iş üçün bir yerə cəm olduqlarına sevinən E. Hüseynəliyev bildirib ki, xeyriyyə işləri ilə məşğul olmaq hər bir insanın borcudur: “Bir nəfəri xilas etmək bəşəriyyəti xilas etməyə bərabərdir. Bu savab işdə hər kəs öz dəstəyini əsirgəməməlidir. Belə bir kampaniyada iştirakıma görə özümü çox xoşbəxt hiss edirəm. Arzu edirəm ki, müğənnilər belə gözəl işlərlə bir –biriləri ilə rəqabət aparsın. Biz bunu etməklə nümunə olmaq istəyirik”.

Dəfələrlə xeyriyyə konsertlərində iştirak edən S. Yəhyayeva bildirib ki, belə təşəbbüs insanın içindən gəlməlidir: “Tək əldən səs çıxmaz. Nə yaxşı ki, prodüserimiz Tolik bu işə imza atıb və bizi də buna cəlb edib. Belə işlər təbliğ olunmalıdır və nümunə olmalıdır. Ümid edirəm ki, konsert günü tamaşaçılar bizi tək buraxmayacaq. Və biz əsas məqsədimizə çatıb, iki gözəl balaya yardımçı ola biləcəyik.

Hər iki müğənninin prodüseri Tolik konsertdən yığılan məbləğin şəffaf xərclənəcəyinə əminliyini bildirib: “Natiq bəylə bizim bu səpkili bir neçə işimiz olub. Mən ona inanıram. Əgər konsertdən 30 min dollardan çox pul yığılsa, həmin pul başqa uşağın müalicəsinə yönəldiləcək.

Bildirilib ki, konsert 26 may 20:00-da Heydər Əliyev adına Sarayda keçiriləcək. Təşkilatçılar konsertin qiymətlərinin 10-30 manat arasında dəyişdiyini bildiriblər.

Tədbirdə iştirak edən səbəbkar qızlar –Nübar və Leyla hər kəsə təşəkkür ediblər.

Nərmin


Müəllif: