13 İyul 2015 11:34
5 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayda ən nəfis obraz belə aksessuar olmadan natamam görünür. Məsələn, şlyapa hər yaşda həm kişi, həm də qadın qarderobunun ayrılmaz hissəsidir. Onlar şərtsiz olaraq yayın da ən zəruri aksessuarlarından biridir. Şlyapa bəzək əşyası olmaqla yanaşı, qızmar yay günlərində bədənə yüngül sərinlik bəxş edir, üz dərisini və saçları günəş şüalarından qoruyur.

Şlyapa pərəstişkarları mağazalarda təbii materiallardan - kətan, pambıq, bambuk və həsirdən hazırlanan baş örtüklərinə rast gələ bilərlər. Bu təhlükəsiz materiallardan hazırlanan baş örtükləri münasib qiymətədir.

Bu yay istehsalçılar baş geyimlərinin ən ağlasığmaz versiyalarını təklif edirlər. Yayın şlyapa dəbi arasında əlvan rənglər daha çox diqqət çəkir. Dizaynerlər hesab edirlər ki, şlyapalar nə qədər rəngli olsa, bir o qədər yaxşıdır. Lakin zolaqlı modellər trend olduğu üçün onlara bu il tələbatın daha çox olacağı proqnozlaşdırılır.

Yanları enli həsir şlyapalar dəbdən heç zaman düşmür. Üstəlik, çimərlikdə sizi hər kəsdən fərqləndirir. Onun fasonu praktiki olaraq dəyişmir, yalnız detallar əlavə olunur. Çox incə dekor kimi süni çiçəklər, yüngül şərf, saçaqlar və s. klassik bəzəklər taxılır. Bu aksessuar kurorta hazırlaşan hər bir qızın qarderobunda mütləq olmalıdır. “Chalayan”, “Tess Giberson”, “Agnes B.”, “Karen Walker” kimi moda evlərinin enli şlyapa modelləri çox populyardır.

Artıq bir neçə mövsümdür ardıcıl olaraq şlyapa-kanot modeli trend olmaqda davam edir. Bu modeli adətən dəlisov modapərəstlər istifadə edirlər. Şlyapa-kanot modelləri dənizdə gəzinti və ya təmiz havada piknik üçün idealdır. “Olympia Le Tan”, “Agnes B” və “Saint Laurent” kimi moda evləri müxtəlif interpretasiyada öz yay baş örtükləri kolleksiyalarını təqdim ediblər.

“Tommy Hilfiger”, “Jean Paul Gaultier”, “Mara Hoffman”, “Manish Arora” “Ralph Lauren”, “Olympia Le Tan” moda evləri öz kolleksiyalarında dəbli papaqlar, furajka və kepkalar təqdim ediblər. Qlamur və məzəli, üstü yazılı və laklı kepkaları, polis furajkaları, idman beysbolkaları və s. arasından öz qarderobunuza uyğun birini seçmək çətin olmayacaq.

“Christian Wijnants”, “Karen Walker”, “Elie Tahari”, “Martin Grant” kimi moda evlərinin dəfilələrində isə gündəlik tərzə uyğun gələn müxtəlif rəng qammasında panamalar təqdim olunub.

Yay üçün baş geyimlərinin çeşidi çox genişdir. Məsələn, üstü açıq variantları da təklif olunur. Bundan əlavə, yaylıqlar, qeyri-adi şlyapalar, panamalar, bandanalar, və rəngarəng kepka və papaqlar da aktualdır. Eksperiment keçirin və onlar arasından sizə yaraşan birini seçin. Onun sayəsində çimərlik obrazınız heyrətamiz görünəcək.


Müəllif: