17 İyul 2015 18:35
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Demirəm onunla çox çətindir, amma asan da deyil"

Onların özləri kimi ailə həyatları, övladları da daim diqqət mərkəzindədir. Birinin məşhurluğu bəzən övladını da əməlli-başlı məşhurlar sırasına çıxarır. Bəzi övladlar məşhur ana və ya atasının yolunu davam etdirir, gələcəyin aktrisası, aktyoru, müğənnisi olur. Kimi məşhur övladı olmaqdan məmnun, kimi də narazıdır.

Bu dəfə övladlarını elə məşhurların özləri tanıdırlar...

"Balaca qızım çox aktivdir"

Tanınmış aktrisa Dilarə Əliyeva iki qız anasıdır: "Onlardan hansı sənətimi davam etdirsə, mane olmaram. Böyük qızım artıq seçimini edib. Bakı Dövlət Universitetinin bitirib, magistratuyaya hazırlaşır. Balaca qızım isə çox aktivdir, oyunlar oynamağı sevir.

Mənə elə gəlir, o, sənətimi davam etdirmək istəyir. Hiss edirəm ki, o da aktrisa ola bilər. Məncə, həyat yoldaşım Oqtay da ata kimi qızının arzusuna qarşı çıxmaz".

"Qızım dünyaya gələndə qulağına pıçıldayırdım ki..."

Əməkdar artist Tünzalə Ağayevanın bir qızı var: "Qızım Fidanla daha çox ünsiyyətdə olmaq istəsəm də, işlərimə görə alınmır. O, indi elə yaşdadır ki, artıq onu özümlə harasa apara bilirəm. Düzdür, çalışıram mətbuat nümayəndələrinin qarşısına az çıxarım. Bir dəfə Heydər Əliyev Sarayında keçirilən bir konsertə getməliydik. Dedim, Fidan, üzün gülsün... Evdə sərt söhbətimiz olmuşdu, qanı qara halda evdən çıxmışıq, deyirəm ki, camaat baxır, kameralar çəkir. Hirslənir, deyir, çəkməsinlər məni. Deyirəm, istəsən də, istəməsən də kiminsə kamerasına düşəcəksən.

Səhəri gün də portalların birində xəbər çıxdı: "Tünzalənin hər kəsdən gizlətdiyi qızının fotoları". O da elə oturub ki, elə bil gəmiləri batıb. Dedim, Fidan xoşuna gəldi? Fidan yeniyetməlik dövründədir. Bu gün onun elə dövrdür ki, valideyn gərək ona diqqət ayırsın.

O məqama gələndə başa düşürsən ki, əslində, valideynlərin nə çəkirmiş. Uşaqların keçid dövrü mənim üçün asan deyil. Deməyəcəyəm çox çətindir, amma asan da deyil. Qızım incəsənətdən uzaqdır. Bir sirrin üstünü açım, qızım dünyaya gələndə qulağına pıçıldadım ki, sən incəsənət adamı olmayacaqsan, olmayacaqsan! Allah mənim duamı eşitdi. Fotoaparatla yaxşı işləyir. Gözəl ideyaları var. Ona demişəm ki, istedadının qarşısını almayacağam, sabah foto-studiya açmaq istəsən, sənə kömək edəcəm".

"Özü zəhmət çəkib həyatını qazansın"

Xalq artisti Mənsum İbrahimov üç övlad atasıdır: "Oğlumun səsi var, musiqiyə meyİl edir, amma onun musiqiçi olmasını istəmirəm. Qeyri-adi istedad hiss eləmirəm. Dərslərini əla oxuyur, olimpiadalarda yer tutur. İdmanla məşğuldur, rəqsə də gedir. Bir gənc nəyi edə bilirsə, etsin. Amma həyata hazır olsun. Özü zəhmət çəkib həyatını qazansın. Ona şərait yarada bilərəm, amma əlindən tutub o işləri görə bilmərəm.

Qızlarım elm sahəsini seçiblər. Bakı Dövlət Universitetini qırmızı diplomla bitiriblər. Sonda rəhbərlik bilib ki, onlar mənim övladlarımdır. Bir müəllimdən də nəsə xahiş etməmişəm. Bu, təbii ki, onların analarının xidmətidir. Həyat yoldaşım Əməkdar müəllimədir".

İkinci evliliyindən bir qızı olan Xalq artisti Zülfiyyə Xanbabayeva vaxtının çoxunu onunla keçirir: "Dəniz məktəblidi. Dərslərini yaxşı oxuyur. Fikrimcə, valideyn üçün ən böyük xoşbəxtlik övladının savadlı olmağıdır. O, balacadır, amma artıq ingilis, rus, Azərbaycan dilində kitablar oxuyur. Mənim bundan sonrakı arzularım onunla bağlıdır".

"Qızıma ilk gündən tapşırdım ki..."

Əməkdar artist Sənubər İsgəndərli qızından da, kürəkənindən də razıdır: "Gözümün ağı-qarası bir qızım var. Həmişə deyirdim ki, qızımı istəyən oğlanın əsli-nəslinə baxmayacam. Mən bir şeydən əmin olmalıyam. Sabah həmin oğlan qızıma baxa biləcəkmi? Şükürlər olsun, belə də oldu. Qızım 22 yaşında ailə qurdu. Artıq 10 ili başa vuracaqlar. Kürəkənimdən razıyam. Allah hamıya elə bir kürəkən, oğul qismət eləsin. Sözün əsl mənasında oğuldur mənə.

Qızıma ilk gündən tapşırdım ki, yoldaşınla aranda olan hər xırda konflikti mən bilməməliyəm. Hər ailədə umu-küsü ola bilər. Amma sabah sən yoldaşınla barışacaqsan, amma mənim ürəyimdə xal qalacaq".

"Bizim uşaq çevrəsindəki çox uşağa siqareti tərgitdirib"

Aşıq Zülfiyyənin oğlu onun sənətini davam etdirmək istəyir. Zülfiyyə xanım bu işdə oğluna dəstək verməyə hazırdır: "Oğlum da bu sənətə gəlir. Həyat yoldaşım da, mən də gecə-gündüz onu başa salmağa çalışırıq ki, bu sənətə gəlirsənsə, media işçilərilə dost olmalısan, onlara səmimi yanaşmalısan. O, ağır təbiətlidir. Yəqin get-gedə düzələr. Xasiyyətinin sərtliyini idmanda görürəm. Ərköyün böyütməmişəm, əllə döyməsək də, sözlə döymüşük. Onun bir mənfi hərəkəti bizi sındıra, həyatdan yox edə bilər. Ölənə qədər valideynin övlada olan borcu bitmir.

İndinin özündə hara gedirəmsə, övladım da, yoldaşım da yanımda olur. Övladım baxıb görüb-götürür. Deyirdim ki, camaatın mənə münasibətinə bax. Bir dəfə sual verdilər ki, sərxoş insanlar yaxınlaşanda nə edirsiniz? Bizim qarmon çalan Habil Şınıxlı qayıtdı ki, icazə verin o suala mən cavab verim, Allaha and olsun, neçə ildir Zülfiyyə xanımla bir yerdə işləyirik, sərxoş adam onun yanına çatanda 5 metr məsafədə ayılır, sözünü normal şəkildə deyib çıxıb gedir.

İnanın, oğlumuzu çərçivədə saxlamırıq. Sadəcə, çevrəsindən qorxuruq. Həmişə ağsaqqal sözünə qulaq asırıq. Onu başa salırıq ki, üç dostsunuz, dördüncü adam gəlib sizə qoşulanda ola bilsin, bu gün hesabınızı verəcək, səhəri gün çayınızı alacaq, amma o biri gün stolun altına nəsə yapışdıracaq.

Polis qrup şəklində aparanda heç kəsə sübut edə bilməyəcəksən ki, bu zəhrimarın tamını belə bilmirəm. Mən kimə sübut edim ki, uşağımın əli yoxdur, təmizdir? Görürəm ağlına batır, deyir, düz deyirsiniz. Eşitmişik ki, çevrəsindəki çox uşağa siqareti tərgitdirib. Hətta bir ara atasına da tərgitdirmişdi".

"Üç yaşı var, artıq mahnılarımı oxuyur"

Müğənni Samira Allahverdiyeva iki övlad anasıdır: "Oğlum və qızım mənim canlarımdır. Məryəm oğlumdan 13 il sonra dünyaya gəldi. Həyatıma rəng qatdı. Oğlumla dost kimiyik, onunla tez-tez söhbət edirik, paylaşmağı sevir.

Taekvondo ilə məşğul olur, amma o qədər də idmana həvəs göstərmir. Qızım Məryəmin isə idmana da, musiqiyə həvəsi olacaq. Üç yaşı var, artıq bunu hiss edirəm. Mənim mahnılarımı zümzümə edir. Onu son klipimin çəkiliş meydançasına gətirmişdim, hər şeyə o qədər diqqətlə baxırdı ki... İstedadlı qızım var".

"Mən qızım üçün konstitusiyayam"

Bəstəkar Gövhər Həsənzadə işləri bitər-bitməz qızı Nilgünün yanına qaçır. Deyir, ən gözəl istirahəti qızının yanında edir. O, mətbuata müsahibəsində qızıyla bağlı bunları deyib: "Məktəbdə Nilgündən çox razılıq edirlər. Özünü döydürən-söydürən uşaq deyil. Nə qədər zarafatlaşsaq da aramızda pərdə var. Nilgün başa düşür ki, anası onun tək valideynidir. İndiyədək məndən atasının harada olduğunu və niyə olmadığını soruşmayıb. Çünki biz bu söhbətə onun 13 yaşında qayıdacağıq.

Onun yanında heç kimdən danışmırıq, qeybət etmirik. Onun yanında hamımız imam övladı, mələyik. Özümü heç vaxt onun yanında qeyri-səmimi aparmamışam deyə mənə inanır. Onun üçün mən konstitusiyayam. Hətta dərsdən neçə alacağını da məndən soruşur. Çünki mən ona neçə deyirəm, həmin qiyməti də alır.

Həyatın iyrənc sifətini görənədək saf böyüdürəm ki, həyata, insanlara normal yanaşsın. Musiqi duyumu çox pisdir, amma mənə mahnı oxuyanda yorğun da olsam, onu axıradək dinləyirəm".

Nərmin


Müəllif: