18 İyul 2015 12:13
3 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS telekanalının məşhur siması Elgiz Əkbərə qarşı haker hücumu olub. Belə ki, teleaparıcının “Instagram” sosial şəbəkəsində olan hesabı sındırılıb.

Bu barədə telejurnalist publika.az-a açıqlamasında deyib. Ancaq bunu kimin və nə məqsədlə etdiyini bilmədiyini vurğulayan Elgiz Əkbər məsələni hüquq-mühafizə orqanlarının araşdıracağını söyləyib:

“Təəssüf edirəm ki, “Instagram”dakı hesabımı sındırıblar. Həmin sosial şəbəkə vasitəsilə tamaşaçılarımla birbaşa ünsiyyətdə olurdum. Şərhlərdən tamaşaçıların efirdə baş verənlərə münasibətini öyrənə bilirdim. Bu baxımdan sosial şəbəkənin müsbət cəhəti çox idi”.

Haker hücumunu kimin təşkil etməsinə gəlincə, Elgiz Əkbərin bəzi şübhələri olsa da, konkret kimin belə bir addım ata biləcəyi ağlına gəlmir:

“2 ay idi ki, həmin sosial şəbəkədə qeydiyyatdan keçmişdim. Bu qısa vaxt ərzində 30 mindən çox izləyicim var idi. Elə izləyicilər var idi ki, mənim şəkillərimin altında müxtəlif telekanallarda çalışan həmkarlarımı təhqir edirdilər. Onlara bir neçə dəfə irad tutdum ki, mənim şəkillərimin altında heç bir həmkarımı təhqir etməyin. Kimə sözünüz varsa, özünə yazın. Hadisə də bundan sonra baş verdi. İndi bilmirəm profilimi sındıran həmin insanlardır, ya yox. Bəlkə də kimsə sifarişlə edib. Bilmirəm. Çünki 2 aya 30 min izləyici toplamaq az iş deyil”.

Telejurnalist məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmək niyyətində qalıç.

“Hüquq mühafizə orqanlarına müraciət etmək istəyirəm. Səbəb isə sadədir. Bilmək istəyirəm ki, bunu kim və nə məqsədlə edib”.

Buna baxmayaraq, Elgiz Əkbər “Instagram”a geri qayıtmayacaq.

“Geri dönüb heç kəsi narahat etmək istəmirəm. Demək ki, mənim mövcudluğum, sosial şəbəkədə olmağım kimlərisə narahat edir. Heç kəs narahat olmasın. Geri dönməyəcəyəm. Qoy rahat yaşasınlar”.


Müəllif: