2 İyun 2014 13:47
1 649

Şou-biznesdə növbəti qalmaqalın təməli qoyulub.

Teleqraf.com xəbər verir ki, bu dəfə müğənnilər Natəvan Həbibi ilə Elnarə Xəlilova üz-üzə gəlib. Belə ki, Elnarə Xəlilova “10Lar” verilişinə açıqlamasanda Natəvanın mayın 24-də Heydər Əliyev Sarayındakı konsertində iştirak etməməsinin səbəbini açıqlayıb. E.Xəlilova öncə konsertin tarixini unutduğunu deyib.

Daha sonra isə konsertə özünün deyil, prodüserinin dəvət edildiyini bildirib:

“Natəvan məni deyil, prodüserimi konsertinə dəvət edib. Prodüseri tərəfindən mənim prodüserimə dəvətnamə verilib. Mən də prodüserimi böyük gül dəstəsi ilə konsertdə göndərdim. Ayıbdır axı, prodüseri mənim prodüserimi konsertinə dəvət edib”.

Daha sonra isə Elnarə vaxtilə Vaqif Gərayzadənin yaratdığı “W-Trio” qrupunda birgə oxuduğu həmkarını "klub müğənnisi" adlandırıb:

“Natəvan klub janrında oxuyur. Heydər Əliyev Sarayında veriləcək konsert deyildi”. N.Həbibi isə eks “W-trio” qrupunun üzvləri Röya Ayxanla Elnarə Xəlilovanı konsertinə xüsusi olaraq dəvət etmədiyini bildirib: “İndiyə qədər susmuşam. Amma artıq yetər. Elnarənin mənim konsertimə gəlib-gəlməməyindən xəbərim yoxdur. Bunlar cılız söhbətlərdir. Mən kimisə xüsusi olaraq konsertimə dəvət etməmişəm. Mənim uğuruma sevinənlər konsertdə idi. Röyaya bir gün əvvəl mesaj yazdım ki, Bakıdasan? Yazdı ki, qurban olum yox, 24-ü gecə gələcəyəm. Mən də ona bir kəlmə yazdım ki, “OK”. Mesajlar məndə qalıb. Mən heç kimi dəvət etməmişəm, ki qurban olum, gəlin. Mənim hamını bir-bir dəvət etməyə vaxtım yox idi. Onların da vacib tədbirlərində mən iştirak etməyəcəm. Allah hamının ürəyinə görə versin. Həyat uzundur”.

Aytən Həsənova


Müəllif: