20 May 2016 13:21
2 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış televiziya aparıcısı Nərgiz Cəlilova Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Nərgiz xanım, "Eurovision 2016" mahnı müsabiqəsində münsiflər heyətinin üzvü idiz. Ukrayna təmsilçisi Camaləni birinciliyə layiq hesab edirsizmi?

- Bəli, münsif heyətinin üzvlərindən biri mən idim. Biz səsimizi gizli vermişik. "Eurovision 2016"nın qalibi Ukrayna təmsilçisi Camalənın səsi gözəl idi. O, Ukraynada tanınmış ifaçıdır. Amma düşünürəm ki, “Eurovision" müsabiqəsinin siyasi tərəfləri də var. Camalənin "1944" mahnısının qalib olmasında siyasi məqamaların ciddi rol oynadığını düşünürəm.

Müsabiqədə hər dəfə nəyisə hədəf alırlar. Bu il hədəflərdən biri Camalə və onun ölkəsində yaşanan problemlər, faciələr idi.

- Münsif heyəti kimi Azərbaycan təmsilçisi Səmra Rəhimlinin 17-ci yerdə qərarlaşmasını gözləyirdinizmi?

- Deyim ki, mahnıya valeh oldum, yox. Ümumilikdə götürsək, mahnı pis deyildi.

- Bəs performans, səhnə geyimi necə idi?

- İlk öncə onu deyim ki, hər müsabiqədə yüksək yer tutmaq qeyri-mümkün bir şeydir. Azərbaycan müsabiqədə kifayət qədər yüksək yerlər tutub, birinci, üçüncü və sair. Yəni ölkəmizi “Eurovision” yarışında yüksək səviyyədə nümayiş etdirmişik.

- Səmra Rəhimlinin müsabiqənin açılış mərasimində geyindiyi paltar açıq-saçıq olduğuna görə tənqid edildi. Sizin onun geyiminə münasibətiniz necədir?

- Bu barədə danışmaq istəmirəm. Çünki geyim zövqə bağlıdır, kiminsə xoşuna gələ bilər, kiminsə yox. Seçim elə olub və o bizdən asılı deyil...

- Nərgiz xanım, AzTV-də "Sevilənlər " verilişinin aparıcısınız. Başqa özəl kanllardan təklif gəlsə, dəyərləndirərsinizmi?

- Bəli, "Sevilənlər " verilişinə mədəniyyətimizin ən seçilən və sevilən sənətkarlarını dəvət edirik. Böyük ustadlarımıza veriliş həsr edirik. Hər bazar günü yayımlanır. Özəl kanallardan təklifə gəlincə, hazırda AzTV-də çalışıram. Başqa kanalda işləməyə vaxtım yoxdur. Çünki çox vaxtımı öz verilişimizə sərf edirəm. Arxiv materialları ilə zəngin bir proqramdır. Bir il ərzində 40-45 proqram hazırlamışıq. Tövsiyə edirəm ki, izləyin, çünki maariflədirici xarakterlidir.

- Peşəkar televiziya aparıcısı kimi Azərbaycan telekanallarını necə qiymətləndirirsiniz?

-Dövlət kanallarının səviyyəsi yüksəkdir. Sadəcə baxmaq lazımdır.

- Bir müddət əvvəl şoumen Murad Dadoşov özəl televiziyaları tənqid etdi və bildirdi ki, kanallarda yalnız mətbəx verilişləri yayımlanır. Bu fikirlə razısınızmı?

-Xeyr, məncə, başqa proqramlar da yayımlanır. Axtaran tapar... Verilişlərə münasibət tamaşaçı zövqü ilə bağlı məsələdir. Sanki son zamanlar televiziya tamaşaçılarının zövqü başqa istiqamətə yönəlib. Bir ara şou xarakterli verilişlər üstünlük təşkil edirdi. Fikrimcə, verilişlər balanslaşdırılmış şəkildə olmalıdır. Bu o demək deyil ki, televiziyalarımızda şou proqramlara yer verilməməlidir. O tip verilişlərin də televiziyada yayımlanması çox vacibdir.

Tövsiyə edirəm, insanlar mütləq musiqili proqramlara da baxsınlar. Yalnız ciddi verilişlərlə bəhrələnə bilmərik ki... İnsan kimi həm lirik, ritmik, həm də klassik musiqiləri sevirik. Eynilə televizyada da biz müxtəlif formatlı proqramları izləməliyik.

- Bəs, hazırda televiyalarda hansı tipli verilişlərə ehtiyac var?

- Televizyalarda bütün formatlarda veriliş olmalıdır. Televiziyanın əsas sütunları informasiya, əyləncəli və maarifləndirici proqramlardır.

- 35 ildir televiziyada çalışırsınız. Yaşıd həmkarlarınızdan fərqli, bu gün də məşhursunuz...

- Bu, mənim peşəmdir, öz peşəsini icra edən insan kimi mən də işimi professional səviyyədə yerinə yetirməyə çalışıram. Düşünürəm ki, hər bir insan öz sahəsində sözün əsl mənasında peşəkar olmalıdır.

- Digər həmkarlarınız sizin qədər aktiv deyillər...

- Hər bir həmkarımın öz yeri, öz sevənləri var. Yəni mən həmkarlarımı tənqid etməyin heç vaxt tərəfdarı olmamışam. Çünki 35 ildir televiziyada çalışıram və bilirəm ki, işimiz çox əziyyətlidir.

- Ətrafdan yaxşı görsənsə də televiziya sahəsində fəaliyyət göstərmək çətindir, əziyyətlidir. Nə vaxtsa əziyyətə görə televizya jurnalistikasından getmək istəmisinizmi?

- Heç vaxt işimdən bezməmişəm. Hətta Allahdan imdad diləyirəm ki, proqramlarım uzun ömürlü olsun. Nə qədər ki, formadayam, yaddaşın yerindədir, televiziyada fəaliyyətimi davam etdirməyə çalışacam.

- Ümumiyyətlə bilmək istərdik ki, Azərbaycan jurnalistikasında pərəstiş etdiyiniz, özünüzə kumir hesab etdiyiniz aparıcı varmı?

- Bəli, hər zaman bir kumirim olub, o da Rafiq Hüseynovdur. O, mənim ustadım və müəllimimdir.

- Rafiq müəllim xərçəng xəstəliyindən əziyyət çəkir. Onu ziyarət edirsinizmi?

- Rafiq müəllim Azərbaycan televiziyasında aparıcıların bədii rəhbəridir və biz tez-tez onunla görüşürük.

- Nərgiz xanım, şəxsi həyatınızı hər zaman gizli saxlamısınız. Səbəb?

- Bəli, şəxsi həyatım haqqında danışmağı sevmirəm.

- Qızınız Fransada təhsil alır?

- Bəli, qızım Fransada tibb sahəsində təhsil alır.

- Neçə övladınız var?

- Bir qızım var.

- Qızınız aparıcı kimi sizin sahənizi davam etdirmədi?

- Qızım aparıcı olmaq istəmədi. Özünün arzusu həkimlik idi.

- Filmlərdən, seriallardan təklif alırsınızmı?

- Gənclik illərimdə filmlərdən çox təkliflər olub, amma qəbul etmədim. Filmdə çəkilməyə gənc yaşlarından başlamaq lazımdır. Düşünürəm ki, aktrisalıq qabiliyyətim yoxdur. Xüsusi istedad tələb olunur, ona görə də o sahəyə can atmamışam.

- Seriallardan təklif gəlsə qəbul etməzsiniz?

- Xeyr, çünki 1980-cü ildən səhnəyə çıxıram. Səhnə tələbatımı sənətimlə ödəyirəm. Səhnəyə çıxanda da aktyorluqdan istifadə edirsən. Bu mənə kifayət edir.

Rəqsanə


Müəllif: