19 İyun 2014 19:53
1 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putin və Obamada da mənim itimdəndir”

Xalq artisti Səməd Səmədov isti yay günlərində bağ evində dincəlmək qərarına gəlib.

Teleqraf.com-a müsahibə verən müğənni ev heyvanlarından itləri sevdiyini deyib:

İndi bağda dincəlirəm. Nəvələrim, itlərim yanımdadır. Deməli, mənim 3 itim var idi. İndi onların sayı 4 olub. İndi qızım bir “laprador” parodalı it gətirib, 6 aylıqdır. Amma ki, stol boydadır, çox böyükdür. Maşallah. Ayaqqabılarımı götürüb, ora-bura qaçır. 20 ildir ki, it saxlayıram. Onu da deyim ki, Putində və Obamada da mənim itimdəndir.


-Başqa hansı ev heyvanlarına marağınız var?
-Ancaq itlərə. Bizdə, Azərbaycanda ancaq it-pişikdir də, başqa hansı heyvan var ki?! Bilirəm ki, Xanım İsmayılqızının pişiyi var. Pişiyin 14-15 yaşı var. Müğənnilərin çoxu mənimlə bəhsə giriblər, it alıb saxlayırlar. Görürlər ki, işlərim yaxşıdır, itlərimin ayağı düşərli oldu. İndi çoxu mənə baxıb, it-pişik saxlayır.

-Demişdiniz ki, Nadir Qafarzadə ilə “quda” olacaqdınız, nə oldu bəs?

-(Gülür) Bildim, nəyə işarə vurursunuz. İtlərimizi evləndirəcəyimizi demişdik. Bu sadəcə, şou idi. Həm də ki, itlərimizin parodaları tamam fərqlidir. Mənim itlərim böyükdür. Nadirin iti isə balaca parodalı itlərdəndir. Aygün Kaızmovanın iti də həmin parodadandır. Balaca itlər olur ha, bax onlardan.

-Yerli şou-biznesdə hansı müğənni ilə itlərinizi evləndirib, “qohum” olmaq istərdiniz?
-Evlənməyi deyə bilmərəm. Amma bilirəm ki, Ədalətin (Şükürov-red.) yaxşı iti var. O, da it sevəndir, bəyənəndir. Yəni itlərdən başı çıxır. İt saxlamaq üçün gərək bu işi bacarasan. Onu düzgün saxlamaq, qidalandırmaq lazımdır, diqqət lazımdır. Elələri var ki, it saxlamaqdan başı çıxmır. Bu yaxınlarda biri mənə zəng edib ki, Səməd sənə qurban olum, bəs mənə Moskvadan “labrador” parodalı it gətiriblər. Baxa bilmirəm, verim, sənə. Məndə də axı iki “labrador” parodalı it var. İkisi də erkəkdir. O saat həmin adamdan soruşdum ki, it qızdır, ya oğlan? Dedi ki, oğlandır. Cavab verdim ki, yox, istəmirəm. Qız olsaydı, götürərdim, itlərimin sayı 5 olardı. Onu da deyim ki, itin düşər-düşməzi olur.

-Belə çıxır ki, sizə it saxlamaq düşüb?
-20 il bundan qabaq özümə it aldım. Bundan sonra mənə “Toylar kralı” adını verdilər. Hazırda 4 itim var, əməkdar, sonra da xalq artisti adını aldım (gülür).

Bir qonşum var. Deməli, mənə baxıb, həvəsləndi, getdi it aldı. Təsəvvür edin, itdən sonra evlərinə oğru girdi, maşınları qəzaya uğradı. Sonra bu öyrəndi ki, heyvan saxlamağın düşər-düşməzi olur. Sonra o, məcbur olub, iti rədd elədi. Mən hər toydan gələndə ofisianta artıq pul verirəm. Deyirəm ki, qurban sənə, mənə ət - lülə və tikə gətir. Amma toyuq yox, qoyun sümüyü olsun. Toydan sonra gecə saat 1-də evə gəlirəm. Pişiklər, itlər məni dövrəyə alırlar. Pişiklərə lülə-kabab, itlərə isə sümüklü ət verirəm. Pişiklər lüləkababı yeyir, itlər də sümükləri gəmirir. Mən də bundan həzz alıram. Mən efirdə dəfələrlə demişəm ki, qışın soyuğunda evdən bayıra çıxanda, küçədəki kimsəsiz itlərə yemək aparın. Çünki yuxarıda Allah var, o, hər şeyi görür.

-Yaxşı, Nadir Qafarzadə ilə “quda” ola bilmədiniz. Bəs Cennifer Lopez necə? Onun itinə elçi düşmüşdünüz. O söhbətin axırı nə oldu?
-Bunun hamısı şoudu. Bilirəm ki, Ceniffer Lopez qastrola gedəndə, balaca itini də özü ilə aparır. Mən də onunla “qohum” olmaq istəyirdim. Xəbəri olmasa da, ona elçi düşmüşdüm. Flora Kərimova, İlhamə Quliyeva, Sevda Rzayeva ilə duet oxumuşam. İndi də Cennifer Lopezlə, Rihanna ilə oxumaq istəyərdim.

-Yanılmıramsa, “Toylar kralı” titulunu sizə İlhamə Quliyeva verib. Hazırda onunla münasibətləriniz nə yerdədir?
-Çox gözəldir. Demək olar ki, iki gündən bir görüşürük. Səhərlər kafedə oturub, “zavtrak” süfrəsi arxasında söhbət edirik. Bir-birimizə məsləhətlər veririk. İlhamə xanım, mən və Cavanşir Məmmədov, biz tez-tez görüşüb, söhbətləşirik, məsləhətləşirik. Yaradıcılıq mübadiləsi edirik. İlhamə xanım deyir ki, bəs filan qastrolum var. Cavanşir Məmmədov da toylarından danışır.

-Sənət aləmində olan qalmaqalları müzakirə edirsiniz?
-Əlbəttə ki, müzakirə edirik.

-İlhamə Quliyeva sizə deyib ki, Natəvan Həbibi ona verdiyi “Prinsessa” titulundan imtina edib?
-Yox, onu mənə deməyib. Yanılmıramsa, bu söhbət çoxdan olub.

-Bilirsiniz ki, may ayında toylar olmur. İyunun 8-ə qədər toy yox idi. İndi də dalbadal toylardır. Çünki Orucluq gəlir. Artıq 10 gündür ki, İlhamə xanımı görmürəm. Televiziyaya baxmağa da ki, vaxtım yoxdur. Toylardan evə gecə 1-2-də gəlirəm. İtləri dənizə aparıram, çimdirirəm. Gəlirəm, bağda, hovuzda çimirəm.

-Əgər İlhamə Quliyevadan küssəniz, sizə verdiyi tituldan imtina edərsiniz?
-Bu titula rəsmi olaraq, Manaf Ağayev “Toylar kralı” müsabiqəsində layiq görülüb. Ən birinci onun başına tacı Kamran Həsənli qoyanda, tez studiyaya zəng elədim, onu təbrik etdim.

-Sizcə, “Toylar kralı” tituluna siz layiqsiniz, yoxsa Manaf Ağayev?
-Mən bu titulu 20 il daşıdım. “Toylar karlı” olanda əməkdar və xalq artisti adını aldım. Zənnimcə, bu haqda danışmağa ehtiyac yoxdur. Səməd Səmədov respublikanın xalq artistidir. “toylar kralı” tituldur. İlhamə xanım verən tituldur. Mən həmin titulu doğrultdum, 20 il daşıdım. İndi də qoy Manaf Ağayev daşısın. Həqiqətən də Manaf Ağayev bu titula layiqdir. Mən də fəxr edirəm ki, dövlət tərəfindən ondan da böyük titulum var.

-Əli Mirəliyev sizdən nə istəyir?
-Allah onun canını sağ eləsin. Nə istəyir yenə?

-Əli Mirəliyev “Bığ şouda” yenə sizdən danışıb. Deyib ki, Səməd oxuyan deyil, vaxtilə mənim yanımda aparat daşıyıb, sonra ionika çalıb. Mən bir dəfə onun yanında “Gecələr bulaq başı” mahnısını oxudum və soruşdum ki, bu mahnının bəstəkarı kimdir? Dedi ki, Cahangir Cahangirov. Dedim, alə, kül ağlına, bu mahnının bəstəkarı Elza İbrahimovadır. O adam Azərbaycan dilində danışmağı bilmir. İndi-indi öyrənir...

-Əgər məni Azərbaycanın 50 faizi tanıyırdısa, indi Əli Mirəliyevə görə, populyarlaşmışam. Uşaqdan, böyüyə, cavana qədər hamı qabağıma qaçır ki, bıy, Səməd Səmədov gəlir. Mənimlə şəkil çəkdirir. Yəni ki, Əli Mirəliyevə görə mən gündəmdəyəm. Mənə reklam lazım deyil. Əli Mirəliyev mənim üçün əla reklamdır. Allah onun canını sağ eləsin. O, öz pisliyindən qalmır. Mən niyə öz yaxşılığımdan niyə qalmalıyam ki?!

Aytən Həsənova


Müəllif: