26 İyun 2017 11:55
7 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putinin İstanbulu fəth etmək məqsədi olsa, Ərdoğana dəstək verərmi?..

Teleqraf.com Moderator.az-ın siyasi analitik, “Qarabağ tələsi” kitabının müəllifi Tahir Cəfərli ilə müsahibəsini təqdim edir:

- Tahir müəllim, axı deyəsən, Putini çox şişirdirik. Onun Türkiyəyə münasibəti haqda başqa fikirlər də var. Məsələn, belə bir versiya da səslənir ki, əslində Rusiya da Avropa və ABŞ kimi Türkiyəyə qarşı isti münasibətdə səmimi deyil. Çünki I Pyotra məxsusluğu iddia edilən vəsiyyətnamədə Rusiyanın dünyaya hökmranlıq etmək üçün mütləq İstanbulu ələ keçirməsi vəzifə kimi qarşıya qoyulur. Həmin məntiqlə bu günkü ölkə lideri Vladimir Putinin də hazırkı siyasəti məhz Pyotrun vəsiyyətinin həyata keçirilməsinə yönəlib. Yəni, hazırda Türkiyənin müdafiəçisi kimi görünməklə Moskva əslində Suriyada, ardınca İraqda mövqelərini möhkəmlətmək məqsədi güdür. Və bu minvalla cənubdan bu iki ölkə, şərqdən Ermənistan, şimaldan isə Krım və Qara dəniz vasitəsi ilə Türkiyəni tam mühasirədə saxlamaq, onun daxilinə də nüfuz etməklə gələcəkdə sarsıdıb parçalamaq və nəticədə İstanbulun və strateji boğazların fəthini həyat keçirmək planı mövcuddur...

“Əgər Rusiya İstanbulu almaq istəyirsə, niyə Türkiyəni gücləndirəcək addımlar atır?..”

- Doğrudur, Putin rus çarlarının siyasətini bəzi aspektlərdən davam etdirməyə çalışır. Lakin görünən budur ki, o, ayrıca Türkiyəyə münasibətdə əsasən Sovetlər İttifaqının banisi Leninin qoyduğu xətlə getməyə cəhd edir. Lenin deyirdi ki, Türkiyə-Rusiya birliyi hər iki ölkəni yüksək inkişaf səviyyəsinə gətirə bilər. Putin Qərbin enerji dəhlizini Türkiyəyə verdi, orada atom elektrik stansiyası tikir, ötən ilin iyulunda Ərdoğanı çevrilişdən xilas etməklə Türkiyənin iki yerə bölünməsinin qarşısını aldı. Sual olunur: əgər Rusiya İstanbulu almaq istəyirdisə, niyə Türkiyənin güclənməsinə səbəb olan addımlar atır. Və beləliklə, bu ölkənin parçalanmasının qarşısını almaqla öz işlərini çətinliyə salır?

“I Pyotrun külliyyatına baxmışam: o, İstanbulu “Tsarqrad” adlandırıb...”

İkincisi də əgər söhbət guya Putinin I Pyotrun vəsiyyətinə uyğun siyasət yeritməsindən gedirsə, bəyan edirəm ki, belə bir vəsiyyətnamə, ümumiyyətlə, olmayıb. Sovet dövründə mən indiki Sankt Peterburqda - Leninqrad universitetinin aspirantı olduğum vaxt I Pyotrun külliyyatının təhlili ilə məşğul olmuşam. Yazılarının bütün foto-surətləri ilə tanış olmuş, onların dilini və stilistikasını öyrənmişəm. Və əmin olmuşam ki, bu rus imperatorunun heç bir vəsiyyətnaməsi-filanı olmayıb. Ortaya çıxarılanlar isə sonradan yazılmış, orijinalı üzə çıxmayan saxta sənədlərdir.

Bir az Rusiya və Avropa tarixindən xəbəri olanlar bu “vəsiyyətnamə”nin hansı səbəbdən və nə məqsədlə yazıldığını yaxşı bilirlər. Onu da vurğulayım ki, I Pyotr heç vaxt nə “İstanbul”, nə də “Konstantinopol” sözünü işlətməyib; o, bu şəhəri “Tsarqrad” adlandırıb, bütün yazılarında belədir...

“...“Pyotrun vəsiyyətnaməsi” deyilənlər saxta sənədlərdir...”

- Axı əksər tarix kitablarında tarixçilər I Pyotrun vəsiyyətnaməsinin mövcudluğundan yazırlar? Son 20-30 ildə siyasətlə, tarixlə az-çox maraqlananların zehnində Rusiyanın müsəlman və türklərə, o cümlədən Azərbaycana qarşı təcavüzkar siyasətinin məhz I Pyotrun vəsiyyətinə uyğun qurulduğuna qəti inam yaranıb. Son dövrün tanınmış tarxiçiləri - Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Əliyar Səfərli, Kərim Şükürov və b. öz çıxış, məqalə və əsərlərində həmin vəsiyyətlərə istinadlar ediblər...

- Bilirsiz, bayaq dediyim kimi, “Pyotrun vəsiyyətnaməsi” adlı bir neçə sənəd var, ancaq bunlar saxta sənədlərdir. Yəni Pyotrun bundan xəbəri olmayıb. Buna inanmaq üçün bir az Pyotr dövrünü təhlil edək. Əvvəla, Pyotrun ölümü gözlənilməz olduğundan, belə bir sənədin mövcudluğuna inanmaq gülüncdür. Amma hakimiyyəti özündən sonra kimə həvalə edəcəyi məsələsi Pyotru düşündürməli idi. O dövrdə Pyotrun yaratdığı böyük imperiyanı öz nəslindən idarə edə biləcək bir şəxsiyyət də gözə dəymir. Avropada olduğu kimi, Rusiyada 1722-ci ildə taxt-taca varislik haqqında fərman qəbul edilsə də, Pyotr öz varisinin adını belə çəkmir. Çünki ətrafında olanların heç biri, o cümlədən, arvadı və uşaqları da onun işinin davamçıları ola bilməzdi. Və Pyotr böyük qızı Annanı Rusiya taxt-tacının varisliyindən kənar etmişdi, kiçik qızı kefçil Yelizaveta isə onun yaratdığı ölkəni idarə edə bilməzdi. Odur ki, Yekaterina kəmsavad olsa da, Pyotr 1724-cü ildə onu imperatriça elan etdi...

“Pyotrun ilk saxta “vəsiyyətnaməsi”ni II Yekaterina yazdırıb...”

Əslində I Pyotrun vəfatından sonra vəsiyyətnaməsinin olmamasına görə ölüm anlarında ağzından çıxan yeganə "Hər şeyi ona verin..." sözlərinin məhz Yekaterinaya aid olduğunu iddia edən tərəfdarları onu taxta oturtdular. Ruslar bu haqda “Pyotrun vəsiyyəti” adlı gözəl bir film də çəkiblər. Həmin film bir daha isbat edir ki, Böyük Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb...

- Bəs elə isə bu adda sənədlər necə olub ortalığa çıxıb?

- “İlk dəfə "Pyotrun vəsiyyəti” adlı sənədi ortaya çıxaran II Yekaterina (1762-1796) olmuşdur. Avstriya-Macarıstan kralı II İosif II Yekaterinanın yanına gəlir və rus dövlət başçısından Konstantinopolu tutmasına razılıq verməsini istəyir. Əvəzində isə Balkanları, Valaxiyanı və s. regionları Osmanlılardan alıb Rusiyaya verməyi vəd edir. II İosif bunu XVIII əsrdə bir çox Avropa dövlətlərinin qoşulduğu “Şərq məsələsi” adlı sazişə arxalanıb həyata keçirmək istəyirdi. Həmin sazişin mahiyyəti isə əl-ələ verib Osmanlı imperiyasını parçalayıb bölüşdürməkdən ibarət idi. Yeri gəlmişkən, təəssüf ki, Azərbaycandakı tarix kitablarında bu haqda çox az yazılıb. II Yekaterina Avstriya-Macarıstan rəhbərinin təklifində nəzərdə tutulan böyük ərazilərin Rusiya üçün boşaldılmasının səbəblərini öz məsləhətçiləri ilə müzakirə edir. Onu başa salırlar ki, bu əraziləri II İosif tutub bizə versə də, Rusiya o yerləri iqtisadi baxımdan əldə saxlaya bilməyəcək, çünki ac bir regiondur. Və Rusiya bu təklifə razılaşdığı halda həmin ölkələri öz hesabına saxlamalı olacaq. Konstantinopolu II İosifə verməklə isə Osmanlıyla razılaşmaya əsasən hazırda gömrük rüsumu verməyən Rusiya Aralıq və Qara dənizləri arasındakı boğazlardan keçid üçün rüsum verməli olacaq. Bu da Rusiyaya baha başa gələcək və onu gücdən salacaqdır. II Yekaterina müdrik qadın idi. Anlayır ki, Osmanlı imperiyası dağıdılsa, Rusiyaya həm iqtisadi, həm də güclü siyasi zərər dəyəcək. Daha doğrusu, Osmanlı imperiyasının dağıdılması elə Rusiya imperiyasının da çökməsinə gətirəcəkdir. Bunları anlayan rus çariçası Avstriya-Macarıstan başçısına elə rədd cavabı verməli idi ki, Avropa dövlət başcılarına rusların “Şərq məsələsinə” dair sazişdən çıxmadığını isbat etsin. Bu minvalla II Yekaterinanın köməkçiləri İosifi sakitləşdirmək üçün “Pyotrun Vəsiyyəti” adlı guya Pyotrun xətti ilə yazılmış saxta sənədi ortaya çıxarırlar. Və faktiki olaraq İosifin “Şərq məsələsi” planını həyata keçirtməsinin qarşısını alırlar...

“II Yekaterina “Pyotrun vəsiyyətnaməsi” vasitəsi ilə XVIII əsrdə Qərbin Osmanlını parçalanmasını əngəllədi...”

Bilmək lazımdır ki, Rusiya buna icazə versəydi, Osmanlı imperiyasının Avropa ölkələri arasında bölüşdürülməsi hələ XVIII əsrin ortalarında baş tuta bilərdi. Məsələ ondan ibarət idi ki, “Pyotrun vəsiyyətnaməsi”ndə Konstantinopolun ruslar tərəfindən alınmasını vəsiyyət etməsi və II Yekaterinanın imperiya ənənələrinə uyğun olaraq bu “vəsiyyət”i poza bilməməsi İstanbulun işğalının qarşısını aldı. Bundan əlavə, Rusiya imperatriçası belə zənn edirdi ki, iki imperiyanın toqquşması, onun da ölkəsinin dağılmasına gətirib çıxarar. Faktiki olaraq II Yekaterina olmayan yalançı “vəsiyyətnamə”dən istifadə etməklə Osmanlı imperiyasını dağılmaqdan qorudu....

Sonrakı dövrlərdə də Rusiya siyasi elitası Osmanlı imperiyasının dağılmasına qarşı olub, çünki II Yekaterinanın nəvələri və onların övladları da bu siyasi xətti saxlayırdılar. Ruslar heç vaxt Osmanlıya qarşı koalisiyada vuruşmadılar, bu ölkənin bölünməsinə razılıq vermədilər. Tarix bunu sonralar da isbat etdi. Bununla belə, Rusiya imperiyası özü Osmanlı torpaqlarını zəbt etmək planlarından əl çəkmirdi...
II Yekaterina dönəmindən 2 əsrdən çox zaman ötsə də, “Pyotrun vəsiyyətnaməsi” bu gün də gündəmdədir və bir sıra geosiyasi proseslərdə önəmli rol oynayır...

- Bəs elədirsə, Rusiya niyə Osmanlı dövləti ilə dəfələrlə silsilə savaşlar aparıb və hər dəfə türk dövlətindən torpaq qoparmağa çalışıb. Elə bu günkü Krımı da Moskva həmin müharibələrin nəticəsində zəbt etmişdi...

“Napoleon da Rusiyanı Osmanlı ilə toqquşdurmağa çalışırdı...”

- Öncə dediyim kimi, Rusiyanın daim Osmanlı torpaqlarında gözü olub. Lakin ruslarla türklərin tez-tez savaşmasının əsasını çox zaman Avropa qoyub. Çünki Avropa həmişə Osmanlılarla - Türkiyə ilə rusları toqquşdurmağa çalışıb. Ona görə ki, bu iki nəhəng dövlətin toqquşması Şərqin qapılarını Avropanın üzünə taybatay açırdı. Hətta I Napoleonun ətrafı bu planı həyata keçirmək üçün Pyotrun “vəsiyyətnaməsi”nin ikinci variantını da ortaya çıxartdı. Napoleon Rusiyaya təcavüzünə Osmanlı imperatorunun yanında haqq qazandırmaq və onu özünə müttəfiq etmək üçün belə bir “vəsiyyətnamə”nin olmasını iddia etdi və bunu Osmanlı imperatoruna göstərməklə onu özünə müttəfiq yapdı. Ancaq Osmanlı imperatoru sonradan müdrik tərpəndi və Rusiyaya qarşı getmədi...

“Pyotrun həmin “vəsiyyətnaməsi”nin orijinalı fransız dilində olub...”

Pyotrun olduğu iddia edilən həmin “vəsiyyətnamə” isə yalnız fransız dilində mövcuddur, rus dilində orijinalını görən bir nəfər belə olmayıb. Türkiyənin tarix kitablarında da bu “vəsiyyətnamə”dən bəhs edilir. Təəssüf ki, onun saxta olmasından heç kəs yazmır. Maraqlıdır ki, Türkiyə alimləri də bu sənədin saxta olduğunu bilmirlər... Halbuki, rus və Avropa tədqiqatçılarının onlarca kitabları və monoqrafiyaları vardır ki, Pyotrun vəsiyyətnaməsinin heç vaxt mövcud olmadığını sübut edir. Hətta bəziləri bunun Napoleon Bonopartın özü tərəfindən uydurulub yazıldığını da iddia edirlər. Çünki “vəsiyyətnamə"nin mətnində Fransa imperatorunun tez-tez işlətdiyi söz və frazalar olduğu ortaya çıxarılmışdır...”
(Özəl araşdırmalarımız göstərdi ki, doğrudan da Q.Bergxolts, S.N. Şubinski, V.İ.Kozlov, M.Moqilenski və s. kimi rus və Avropa tədqiqatçıları “Pyotr vəsiyyətnaməsi”nin saxta bir sənəd olduğunu göstərmişlər).

“Şah İsmayıl Xətayi ilə Sultan Səlimi toqquşduran da Avropa oldu...”

Əslində bu “vəsiyyətnamə” ilə Qərb ölkələri həmişə Türkiyəni Rusiyaya qarşı qoymaq məqsədilə ikincinin Türkiyə üçün daimi düşmən obrazını yaratmaq istəyirdilər... Qərbin Orta əsrlərdən başlayaraq siyasətinin mahiyyəti məşhur italyan filosofu siyasətçisi Makiavellinin “Parçala, hökm sür!” prinsipidir. Qərb bu prinsipə söykənərək Osmanlı imperiyasını dağıtdı. Şah İsmayıl Xətayi və Sultan Səlim toqquşmasının arxasında da Qərb dururdu. Qafqazın Rusiyanın tərkibinə keçməsi də Osmanlı-İran qarşıdurmasının nəticəsidir. Səbəbkarları, əlbəttə ki, Qərb və onların “parçala, hökm sür!” siyasətidir. Əgər İran- Osmanlı müharibələri olmasaydı, bu saat müsəlmanlar dünyanın ağası idilər...
Pyotrun “vəsiyyətnaməsi”ndən hətta faşist təbliğatının bosu Gebbels də yararlanaraq Türkiyəni Rusiyaya qarşı qoymaq istəyirdi. Amma türklər buna getmədilər...

“...“Pyotrun vəsiyyətnaməsi”nin təbliği Qərbdəki erməni diasporunun aktiv oyunlarından biridir...”

Beləliklə, Avropa diplomatlarının hazırladığı bu geosiyasi yalanın heç bir əsası yoxdur. Həqiqətən Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb. Tarixçilərimizin olmayan sənəd haqqında irəli sürdükləri fərziyyələr isə heç bir çərçivəyə sığmır. Onillərdir ki, düşmənlərimiz yalançı və saxta vəsiyyətnaməni Türkiyədə yaymaqla faktiki olaraq Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını alırlar. Bu, Qərbdəki erməni diasporunun aktiv oyunlarından biridir. Əgər son dövrdə Pyotrun Türkiyə və Azərbaycanda yayılan “vəsiyyətnamə”lərinin haradan ortaya çıxdığını araşdırsaq, bunun Ermənistandan qaynaqlandığını görərik. Burada məqsəd isə Türkiyəni Rusiyaya qarşı qoymaqdır. Çünki bu iki böyük dövlətin toqquşması, ermənilərin xeyrinədir. Bu ölkələrin yaxınlaşması isə Ermənistanın regionda əhəmiyyətini itirir... Onu da bilmək lazımdır ki, bu saat Avropa və ABŞ Rusiya-Türkiyə yaxınlaşmasından çox qorxur. Səbəb: iki qüdrətli ölkənin dostluğu, Avropanın böyük Rusiya xammal bazarını itirməsi və bunun nəticəsində Türkiyənin yeni güc mərkəzinə çevrilməsidir...

“...“Türkiyə-Rusiya-İran” birliyini istəməyən Qərb və ermənilərdir...”

-Belə çıxır ki, I Pyotrun faktiki medianı zəbt edərək beyinlərə həkk olunmuş vəsiyyətnaməsi müasir Türkiyə-Rusiya-İran münasibətlərini də yanlış məcraya yönəldir?

- Bəli. Xatırladım ki, Avropa “Şərq məsələsini”nin həllinə, yəni Osmanlının parçalanıb- bölüşdürülməsinə I Dünya müharibəsindən sonra Atatürkü hakimiyyətə gətirməklə nail oldu. Leninin dövründə Moskva ilə İstanbulun münasibətləri istiləşsə də, sonrakı zamanlarda xüsusən Türkiyə NATO-ya üzv edildikdən sonra Rusiya-Türkiyə yaxınlaşmasının qarşısını almaqda davam etdilər və hətta SSRİ-Türkiyə münasibətlərində “soyuq qarşıdurmaya” da nail oldular. ABŞ da, Avropa ölkələri də yaxşı bilir ki, Rusiya-Türkiyə-İran yaxınlaşması onların geosiyasi maraqlarına ziddir. Odur ki, bu saxta vəsiyyətnaməni ermənilərin və onların təsir agentlərinin əliylə bu gün də ortaya atırlar....

“Rus çarları dini baxımdan da İstanbulun türklərin əlində qalmasının tərəfdarı olublar...”

- Əgər məsələyə dini nöqteyi-nəzərdən yanaşsaq, ilk baxışdan İstanbulun “Konstantinopol” kimi pravoslav Rusiyasının əlinə keçməsi onun digər, o cümlədən katolik məzhəbli Avropa ölkələri üzərində təsir gücünü birə min artırar...

- Amma sizə deyim ki, dini aspektdən yanaşanda tarixən Rusiyanın İstanbulun Avropa tərəfindən işğalına qarşı çıxmasının da çox maraqlı səbəbi var. Böyük Pyotr “Moskva -Üçüncü Romadır” dediyindən II Yekaterina və onlardan sonra gələn çarlar da İstanbulun türklərin əllərində qalmasının tərəfdarı oldular. Əgər İstanbul yunanlara qaytarılsaydı, Moskva “Üçüncü Roma”lılığını itirirdi. Çünki belə olduğu halda Pravoslav kilsəsinin paytaxtı Moskvadan “Tsarqrad”a, yəni İstanbula keçməli idi. Bunu isə nə I Pyotr, nə də II Yekaterina istəyirdi…

“DTX-nın analitikləri “I Pyotrin vəsiyyətnaməsi”ni təbliğ edənlərin fəalyyətini araşdırsa…”

Bizim və Türkiyənin bəzi kəmsavad tarixçilərinin bədbəxtliyi ondadır ki, bir dəfə Sank-Peterburqa gedib I Protrun küllüyyatını araşdırıb təhlil etmirlər. Etsələr, bütün gerçəkləri üzə çıxararlar. “O, belə dedi, bu, belə yazdı” ilə işlər bitmir. Heç olmazsa, Böyük Pyotrun həyat və fəaliyyətinin tədqiqi ilə məşğul olan xarici tarixçilərlə əlaqə yaratsınlar, onda görərlər ki, rus alimləri özləri belə bir “vəsiyyətnamə”nin olmadığını deyəcəklər. Pyotrun “vəsiyyətlər”inin mövcudluğundan danışan bəzi tarixçilərin bilərəkdən, ya bilməyərək erməni xüsusi xidmət orqanları tərəfindən idarə olunduğuna da inanıram. Onlar ermənilərin Türkiyəni Rusiyaya düşmən etmək məqsədini həyata keçirirlər. Qərbin və ermənilərin ortaya atdığı “I Pyotrun vəsiyyətnaməsi” oyununa qoşulan ziyasız ziyalılarımız anlamırlar ki, bununla geosiyasi oyunun oyuncağına çevriliblər. Çünki olmayan şeyləri xalqın ağlına yeritməklə Türkiyənin Rusiyaya düşmən edilməsinə xidmət göstərirlər. Bu isə Ermənistanın xeyrinə, Azərbaycanın zərərinədir. Türkiyə-Rusiya dostluğunun yüksələn xətlə inkişaf etdiyi bir dövrdə belə kütbeyinlərin yenə ortaya düşməsinin bir səbəbi vardır- Azərbaycanda erməni ağalarının tapşırığını yerinə yetirirlər. DTX-nin analitikləri belə fərdlərlərlə məşğul olsa, görərlər ki, onlar birbaşa Ermənistana bağlıdır və bu qondarma ölkənin təsir agentləridirlər...

Sonda onu xatırladım ki, ötən ilin avqustunda Putin Bakıda İran-Azərbaycan Rusiya körpüsünü yaradandan bir gün sonra Ərdoğan Sankt-Peterburqa gəldi və faktiki olaraq Rusiya-Türkiyə-İran adlı “yeni geosiyasi üçlük” yarandı. Və bizim üçün ən əsası odur ki, bu üçlüyün dayaq platforması Azərbaycan oldu. Həmin üçlüyü dağıtmaq istəyənlər isə ermənilər və Qərbdir. Çünki həmin 3 ölkənin birliyi qarşısında nə Qərb, nə də Ermənistan dayana bilər...


Müəllif: Teleqraf.com