1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Əliağa Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirib. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşub. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılıb.
Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Əliağa Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi alıb. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" əsəri 1910-cu ildə çap olunub.
Onun "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verilib. Beləcə o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib.
Birinci dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırılıb. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olunub.
1918-ci il, may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması onu vətəninə qayıtmağa məcbur edib. 1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilib.
1920-ci il aprel ayının 27-də rus ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edirdi. Vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi və yeni sovet hökuməti digərlərindən fərqli olaraq, Əliağa Şıxlinskiyə toxunmadı.
Əliağa Şıxlinski Moskvada Hərbi İnqilab Şurasının Qərargahında çalışıb. 1921-ci ilin yayında isə Azərbaycan Sovet Qoşunları Qərargahına göndərilib. Bir müddət Bakı Qarnizonunun Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başlayıb. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edilib.
1928-ci ildə "Rusca-Azərbaycanca qısa hərbi lüğət" çap etdirən Əliağa Şıxlinski məhz buna görə SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə təltif edilib. 1929-cu ildə istefaya çıxan general-leytenant bir çox orden və medallarla, o cümlədən, Fransanın yüksək hərbi ordenləri ilə təltif olunub. O, 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.
Azvision.az -ın əməkdaşı bir neçə gün öncə Əli ağa Şıxlinskinin məzarının yerləşdiyi qəbirstanlıqda olub,
Qeyd edək ki, həmin yerdə Əli Ağa Şıxlinski ilə yanaşı ailə üzvlərinin məzarları yerləşir.
Şıxlinskilər nəslinin nümayəndəsi, əməkdar incəsənət xadimi Ziya Şıxlinski böyük hərb xadiminin hazırda həyatda olan ən yaxın qohumudur.
- 1941-ci ildə atam müharibəyə getdi. 1943-cü ildə generel Əliağa Şıxlinski vəfat edən zaman atama teleqram vurdular ki, qayıtsın. Atam qayıtdı, evini də onun adına keçirdilər. Daha sonra atam yenidən cəbhəyə getdi. Beş ilə həmin evdə yaşadı. Daha sonra evi qardaşına verdi.
Əliağa Şıxlinski vəsiyyət etmişdi ki, onu xanımının yanında dəfn etsinlər və eyni formalı qəbir düzəltsinlər. Mənim atam, qohumlarım da elə etdilər. İndi onların məzarına toxunsan, ruhu narazı qalacaq. Əsas odur ki, insanlar onu öz qəlblərində yaşatsınlar. Hərdənbir də gedib, məzarına baş çəksinlər. Kim gedib baş çəkirsə, çox sağ olsun. Getməyən də sağ olsun. Mən özüm hər il onun ad günündə, Novzruz Bayramında, vəfat günündə, Qurban və Ramazan bayramlarında məzarını ziyarət edirəm.
- Qəbrin təmir olunması ilə bağlı müraciət etmisinizmi?
- Mən heç kimə müraciət etməmişəm. Bir dəfə bəzi deputatlar məsələ qaldırmışdılar ki, Əliağa Şıxlinskini oradan çıxarıb, başqa yerə basdıraq. Həmin vaxt mən parlamentin sədrinə teleqram vurdum ki, bu barədə müzakirələr etməyin. O kişi vəsiyyət edib ki, həyat yoldaşının yanında basdıraq. Dəymək olmaz. O qəbir 1943-cü ildən orada durur. Heç nəyə də ehtiyac yoxdur. Nigar xanımın da qəbri 1931-ci ildən oradadır. Mən o qəbristanlıqda film də çəkmişəm.
O vaxt Müdafiə Nazirliyində belə qərara gəldilər ki, məzarın ətrafındakı barmaqlığı beton divarla əvəzləsinlər. Onlara bildirdim ki, orada panteon tikmək lazım deyil. Məzarların yerləşdiyi yer də balacadır. Əliağa Şxlınski çox sadə bir insan idi.
- Məzarların indiki halından razısınızmı?
- Razı olub-olmamağım əsas deyil. Amma qabaqkı forma mənim daha çox ürəyimi açırdı. İndi isə məzarların ətrafı bağlanıb. Bəziləri deyirlər ki, guya məzarlar pis gündədir. Başa düşmürlər ki, Bakı küləkli şəhərdir. Sabah nəfəsliyi açsan, evə də zibil dolacaq. O məzarların ətrafında ağaclar var. Külək əsir və nələrsə məzarların üzərinə düşür. Adam hər gün qəbirstanlığa getmir axı ki, oranı da təmizləsin...
Yenə də deyirəm ki, mən hər il beş-altı dəfə orada oluram. Bunu oradakı hər kəs görür. Sentyabrın 15-də Bakını Nuru Paşa ilə Əliağa Şıxlinski azad ediblər. Bununla bağlı mən böyük bir tədbir keçirəcəyəm. Türklər həmişə onunla iş görürdülər. Onlar başqa generalları bəyənmirdilər. Həyat belə gətirmişdi. Başqa generallar da yaxşı adamlar idi - Səməd bəy Mehmandarov, Xan Naxçıvanskı... Amma onlar müharibə vaxtı türklərlə vuruşmuşdular. Əliağa Şıxlinski isə türklərlə vuruşmayıb. Onu alman cəbhəsinə göndərmişdilər. Ona görə də, türklər burada olanda rəhmətlik Səməd bəy Mehmandarov Lənkəranda oturub, Bakıya gəlmirdi. Gizlənmirdi, sadəcə olaraq, ortalığa çıxmırdı. Üstəlik, Əliağa Şıxlinskinin həyat yoldaşı azərbaycanlı idi. Digər generalların həyat yoldaşları isə ayrı-ayrı millətlərdən idilər.
Əliağa Şıxlinski Gəncədə türklərlə birlikdə Azərbaycanın ilk hərbi korpusunu yaradıb. Sonra isə Səməd bəy Mehmandarov gəlib Nazirliyi formalaşdırıb. Bakını da Əliağa Şıxlinski azad edib. Bakını azad edən, Gəncdə hərbi korpus yaradan bir şəxsə nə orada, nə də burada heykəl qoyulmayıb. Amma sovet vaxtı erməni Baqramyana Gəncədə heykəl qoymuşublar... Düşünürəm ki, Əliağa Şıxlinskiyə Bakıda heykəl qoysalar, yaxşı olar.