13 İyul 2017 10:42
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda müharibə mövzulu filmlərin böyük şöhrət qazanmamasına səbəb nədir? Azərbaycanlı aktyor müharibə filmində mənfi rol oynasa, tənqidə məruz qalırmı?

Teleqraf.com bu suallarla incəsənət adamlarına, rejissor və aktyorlara müraciət edib. Cavabları təqdim edirik.

Əməkdar incəsənət xadimi, kino-rejissor Ayaz Salayev: “Mən bu problemi istehsalatla bağlayardım. Müharibə mövzusunda güclü film çəkmək üçün yaxşı vəsait lazımdır. İnanıram ki, vaxt gələcək, çox güclü müharibə mövzulu filmlərimiz olacaq.

İndikilər də zəif deyil. Özümüzə görə kifayət qədər keyfiyyətli filmlər çəkilir. Nəinki müharibə mövzusunda, ümumiyyətlə, müxtəlif mövzularda yaxşı filmlərimiz var. Tam ürəyimcə olmasa da, Elxan Cəfərovun müharibə mövzulu filmlərinə pis demək olmaz”.

Gənc aktyor Tural Əhməd: “İstər satqın olsun, istər qəhrəman, bu, aktyorun işidir, aktyor hər rolu oynamağa hazır olmalı, onu bacarmalıdır. Məlik Dadaşov “Fəryad” filmində satqın rolunu o qədər məharətlə oynayıb ki, hətta insanların təhqirinə də məruz qalıb. Əksinə, çox yaxşı haldır ki, o, oynadığı rolla Azərbaycan tamaşaçısında ermənilərə güclü nifrət hissi yaradıb.

Mənə də elə rol verilsə, məmnuniyyətlə oynayaram. Hər aktyora çətin rol verilmir. Qaldı ki, Azərbaycanda çəkilən müharibə mövzulu filmlərin alınmamasına… “Dolu” filmi pisdi məgər? “Yarımçıq qalan xatirələr” filmini də çox bəyənirəm”.

Dramaturq Aqşin Babayev: “Azərbaycanın müharibə mövzulu filmlərindən ən xoşuma gələni və ən təsirlisi, zənnimcə, “Nabat”dır. Həmin qadın - Nabat kənddə bütün evlərdə şam yandırır ki, düşmən elə bilsin, camaat köçməyib, evindədir. Bu qədər təsirli filmə necə pis demək olar?

Bu gün kinostudiyamız Qarabağ mövzusunda çox yaxşı filmlər çəkir. Bu filmlər təkcə Azərbaycanda göstərilmir, festivallara da çıxarılır. Ümumiyyətlə, Azərbaycan kinosuna pessimist yanaşmaq düzgün deyil. Azərbaycanda kino sənəti var və gündən-günə inkişaf edir.”

Bu yaxınlarda təqdim olunan Qarabağ mövzulu “Üçüncü günün adamı” filmində rol alan gənc aktrisa Zarina Qurbanova:

“Bilirsinizmi, ”Üçüncü günün adamı” filmini ən çox rejissorlar tənqid etdilər. Niyə? Çünki bu filmi onlar yox, iranlı rejissor çəkdi. Babək Şirinsifət bu film üçün 2 ay aktyorlarla əziyyət çəkdi, işlədi və məncə, film uğurlu alındı.

Qaldı ki, mənfi rol oynamağa, əgər rejissor mənə inanırsa, düşünürsə ki, xain rolunu düzgün təqdim edə bilərəm, o zaman məmnuniyyətlə oynayaram. Qoy tənqid eləsinlər... Mənim elə rollarım olub ki, yolda görəndə az qala üzümə tüpürüblər”.

Rejissor Rövşən İsax: “Hamı deyir, bizdə müharibə mövzulu filmlər alınmır, bizdə tarixi filmlər alınmır, seriallar alınmır… Bəs bizdə nə alınır? Niyə bu qədər pessismistik? Gəlin pozitiv olaq, yaxşını da görək. “Fəryad” filmi pisdir ki? Yoxsa “Dolu” pisdir? Düşünürəm ki, kinoların hamısı pis, yaxud hamısı yaxşı ola bilməz.

Belə bir məsəl var. Bir it ölübmüş, qoxusu aləmi bürüyübmüş. Sağından, solundan keçən pis qoxudan danışırmış. Müdriklərdən biri itin nəşinin yanından keçərkən deyir ki, nə gözəl dişləri var…”

Qeyd edək ki, tanınmış teleaparıcı Nəsimi Nəbizadə bizdə müharibə mövzusunda heç vaxt normal film olmayacağını deyib və fikrini belə əsaslandırıb:

"Sovetlər qələbədən sonra müharibə mövzulu filmlərdə cəbhə bölgəsində yaşayan minlərlə satqın obrazı yaratdılar, həmin filmlər olduqca maraqlı və təsirli alındı. Təbliğat baxımından da düşünülmüş addım idi... İndi gəl bunu bizdə elə...

Bizdə kimi satqın çıxarmaq olar? Ümumiyyətlə, bu fikri ağıldan keçirmək mümkündürmü? Üstəlik, belə bir obrazı oynamaq da var... Məlik Dadaşovu küçədə söyürdülər, "Sarı gəlin" filmini efirə buraxmırdılar...”


Müəllif: Könül Əlibəyli