31 Avqust 2017 08:17
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dell XPS 13” noutbuklar seriyası “Intel Kaby Lake-R” aparat platformasına malik modellərlə yenilənib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, istifadəçilərə “Intel Core i7-8550U” (4 nüvə/8 axın, 1,8/4 QHs) və “Intel Core i5-8250U” (4 nüvə/8 axın, 1,6/3,4 QHs) prosessorları təklif ediləcək. 13 düymlük displeyin təsvir ölçüsü 3200x1800 piksel təşkil edir.

Versiyadan asılı olaraq noutbuk 16 QB-dək əməli yaddaş və 512 QB-dək sərtgövdəli daşıyıcılarla təchiz edilə bilər. Həmçinin 40 Qbit/s-dək ötürmə sürətinə malik “Thunderbolt 3” interfeysi və 2 ədəd “USB 3.1 Gen 2” (10 Qbit/s-dək) portu mövcuddur.

İstehsalçı bu modeli dünyada ən yığcam 13 düymlük noutbuk adlandırıb. Yeni çiplərdən istifadə sayəsində qurğunun məhsuldarlığı əvvəlki nəsil “Dell XPS 13” ilə müqayisədə 40% artıb. Yeni aparatın çəkisi təxminən 1,22 kq-dır.

İstehsalçıların məlumatına görə, noutbuk 22 saat avtonom işləyə bilər, video izlədikdə və ya veb-sörfinq zamanı isə avtonom iş vaxtı 8-13 saat təşkil edir.

Standart konfiqurasiyalı noutbukun qiyməti 1400 dollar təşkil edəcək.


Müəllif: Teleqraf.com