4 Mart 2018 20:19
4 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Osmanlı sultanı Әbdülməcidin qızı və Sultan Әbdülhəmidin bacısı Seniha Sultanın sürgündən bir gün öncə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkə ünvanladığı məktub mətbuatda dərc edilib.

Teleqraf.com xəbər verir ki, Seniha Sultan məktubunda yaşlı olduğunu, son günlərini evində keçirmək istədiyini və bu üzdən sürgün edilməməsini Atatürkdən xahiş edib.

Xilafətin süqut etdiyi və Osmanlı sultanının ailəsinin sürgün edildiyi gündən 94 il keçir. 3 mart 1924-cü ildə Türkiyə Böyük Millət Məclisi Osmanlı Xanədanının bütün üzvlərinin ölkədən sürgün edilməsinə dair 431 saylı qərar qəbul edir. Qərara əsasən kişilər 24 saat, qadınlar isə 10 gün müddətinə ölkədən çıxarılmalıydı.

İstanbul valisi Heydər Bəy Dolmabaxça Sarayına gələrək hökumətin qərarını xəlifə Əbdülməcidə təqdim edir.

Xəlifə, oğlu, qızı, xanımları və bir neçə yaxını martın 3-də Türkiyədən çıxarıldılar.

10 gün ərzində Osmanlı ailəsinin 155 nəfər üzvü Türkiyədən çıxarıldı.

Deportasiya edilənlərdən ən yaşlısı xəlifənin bacısı Seniha Sultan idi.

O, xanədanın ən zəngin, ən sərbəst üzvlərindən biri idi.

78 yaşlı şahzadə qazi Mustafa Paşaya məktub ünvanlayaraq ona güzəşt etməsini xahiş edir.
Onun məktubu hələ də Türkiyənin dövlət arxivində saxlanılır. Məktub çox qısadır. Yeganə xahişi ölkədə qalmasına icazə verilməsidir. Amma məktuba müsbət cavab verilmir.

Seniha Sultan ölkədən çıxarılır, Parisə oğlu Sәbahәddin bəyin yanına gedir. Oğlunun maddi imkanı aşağı olduğu üçün, qardaşı oğlu Әbdülməcidin yanına sığınır. Osmanlı Xanədanının ən zəngin qadını olan Seniha Sultan 1931-ci ildə qardaşı oğlunun evində vəfat edir.

1924-cü ildə ölkədən çıxarılan Osmanlı ailəsinin qadın üzvlərinin 1952, kişi üzvlərinin isə 1974-cü ildə ölkəyə dönmələrinə icazə verilir.


Müəllif: Teleqraf.com