10 Aprel 2018 08:44
4 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Sante Fe şəhərində Roma Katolik kilsəsində Loretto ibadətgahı adlanan maraqlı mematlıq abidəsi var.

Teleqraf.com xəbər verir ki, hazırda kilsə muzey və ya nigah qeydiyyatı idarəsi kimi fəaliyyət göstərir.

Loretto ibadətgahı əsasən, qədimdən haqqında əfsanəvi fikirlər dolaşan hündürlüyü 20 metr olan 33 addımlıq dairəvi pilləkəni ilə məşhurdur.

Binanın layihəsini hazırlayan fransız memar Antuan Muli tikinti bitmədən vəfat edib. 1877-ci ildə Muli ölən zaman kilsə demək olar ki, tamamən tikilmişdi. Ancaq musiqiçilərin oturacağı yerə qalxmaq üçün pilləkənlər çatmırdı.

Kifayət qədər dar və hündür yer standart pilləkən tikilməsinə imkan vermirdi. Nə edəcəyini bilməyən rahiblər dua etməyə başlayıblar.

Bir neçə gün sonra burada yaxşı bir pilləkən düzəldəcəyini iddia edən kişi peyda olub. Amma onun bir şərti var idi: O, yalnız gizli şəkildə, tək işləyəcəkdi. Beləcə usta işə başlayır və üç ay sonra işləri yekunlaşdırandan sonra adını da demədən, alətlərini yığıb gedir.

Rahiblər ustanın tikdiyi qeyri-adi spiralşəkilli nərdivanı gördükdə təəccüblənirlər. Bu, hansı ağacdan düzəldiyi bilinməyən, sanki havadan asılı olan qeyri-adi nərdivan idi.

Mərkəzi sütunu olmayan və heç bir hissədən divara yapışdırılmayan nərdivanın tezliklə dağılacağı gözlənilirdi.

Tikintisində nə yapışqan, nə də bir dənə də olsun mısmardan istifadə edilməyən nərdivan möhkəmliyi ilə hər kəsi təəccübləndirib.

Rahiblər sənətkara təşəkkür etmək üçün onu axtarsalar da, tapa bilməyiblər. Onun haqqında, hara getdiyi barədə heç kim, heç nə bilməyib.

Bu sirli spiralşəkilli pilləkəni kim yaratmışdı?

İnanclılar böyük sənətkarın gəlişini və bu möhtəşəm işini Allahın lütfü kimi qiymətləndirib.

Onlardan fərqli olaraq, materialistlər bu sirri çözməyə çalışıb.

Keçən əsrin sonlarında həmin sənətkarla bağlı məlumat əldə edilib.

Vətənini tərk etdikdən sonra Meksikada yaşayan və bacarıqlı sənətkar kimi tanınan Fransız dülgər Fransua-Jan Roşanın 1895-ci ildə Nyu Meksikada öldürüldüyü məlum olub..

Bu hadisədən belə nəticə çıxır ki, bəlkə də o, uzun illər qaçıqın həyatı yaşayıb, lakin təqibdən can qurtara bilməyib.

Müasir alimlər fransız miqrantın Allah tərəfindən göndərildiyi barədə fikirləri qınayır.

Müstəqil tədqiqatçılara görə isə Roşa yapışqan və mismardan istifadə etmədən fantastik pilləkən yaradacaq qədər də bacarıqlı deyildi.

Bu pilləkən taxtalardan elə xüsusi formada hazırlanıb və o qədər dəqiqliklə yığılıb ki, müasir hesablama mütəxəssisləri kompüterdə də belə hesablamanı təkrarlaya bilmir.

Eyni zamanda, yalnız aşağı və yuxarı hissələrdən bərkidilən və divarlara toxunmadan asılı dayanan nərdivan bir əsrdən çoxdur ki, heç tərpənmir də.

Onu da qeyd edək ki, tədqiqatçılar hələ də bu pilləkənin tikintisində hansı ağacdan istifadə edildiyini öyrənə bilməyib.

Bu xüsusi növ ağac materialına bənzəsə də, ətrafda elə ağac yetişməyib. Buna bənzər ağaclar ancaq Alyaskada var. Ehtimal olunur ki, bu şimalda bitən fıstıq ağacıdır. Lakin onun fıstıq ağacının hansı növü olduğu dəqiq bilinmir. Həm də kilsənin yerləşdiyi ərazidə bu növ fıstıq ağacı yetişməyib. Santa-Fi şəhərində bu ağacı Loretto ağacı adlandırırlar…


Müəllif: Günay Əli