14 Aprel 2018 19:00
3 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dibçək gülərinə qulluq səbir və zəhmət tələb edir və onu əkməyin zamanı var. Otaq bitkilərini ilin bütün vaxtlarında yetişdirmək mümkündür. Lakin əkin üçün ən yaxşı vaxt mart və oktyabr aylarıdır.

Teleqraf.com dibçək bitkilərinin əkilmə və qulluq qaydaları barədə məlumat verir.

Orta boylu gül əkmək üçün diametri 2-5 santimetr olan qab götürülür. Qabın altına drenaj üçün dəmir dirəklər açılır, dibinə çınqıl və balıqqulağı tökülür. Bitkinin yaxşı inkişaf etməsi üçün çınqılın üstünə keyfiyyətli, yumşaq və məhsuldar torpaq əlavə olunur. Gül əkiləndən sonra növünə görə ehtiyac duyulduqda suvarılmalı və gübrələrlə qidalandırılmalıdır.

Qışda dibçəkləri mütləq otaqda saxlamaq lazımdır, otağın temperaturu isə 15-16 dərəcədən aşağı olmamalıdır. İsti havalarda gülləri açıq havada, günəş düşən yerə qoymaq olar. Bitkilərin yeri işıq və kölgə sevən xüsusiyyətindən asılı olaraq seçilməlidir. Mütəxəssislər bəzi bitkiləri çiçəkləmə dövründə otaqda saxlamağı məsləhət görürlər, bu, çiçəklərin zəhərli maddə ifraz etməsi ilə əlaqədardır. Uşaqlara zərər vermək ehtimalı yüksək olan tikanlı bitkiləri də saxlamaq məsləhət deyil. Dibçək bitkilərinin sulanması da növünə görə dəyişir. Məsələn, kaktus suyu çox sevmir, ona həftədə bir dəfə su vermək kifayətdir. Ətirşah torpağın üst təbəqəsi quruyandan sonra sulanmalıdır.

Dibçək güllərinin arasında sağlamlıq üçün xüsusi faydalı olanlar var. Məsələn, mədə-bağırsaq, qan dövranı xəstəliklərindən əziyyət çəkənlər əzvay yarpaqlarından istifadə edə bilərlər. Bitkinin sağlam yarpaqlarının yeyilməsi də məsləhət görülür. Müxtəlif qoxu və qazları udmaq qabiliyyətinə malik xlorofitumun üç növü yayılıb. Daha çox mətbəxdə saxlanılan xlorofitumun rəngbərəng çiçəkləri, nazik və incə yarpaqları ətrafa gözəllik və yaraşıq verir. Kaktus şüalanmanın qarşısını aldığına görə kompüterdən çox istifadə edənlərə məsləhət görülür.

Güllərin pəncərə qabağında düzülüşünə gəldikdə isə alçaq gülləri aynabəndin qabağına birinci cərgəyə düzmək lazımdır, hündürlər isə onlardan sonra yerləşdirilməlidir. Belə düzülüş güllərin işıqla havanı bərabər miqdarda ala bilməsinə imkan verir.


Müəllif: Teleqraf.com