1 May 2018 10:30
4 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

KQB Türkiyəyə göndərdiyi casuslara Moskva yaxınlığında inşa olunan və Konyanın Seyidşəhər kəndinə bənzəyən Odintsovo qəsəbəsində kurslar keçib. PKK lideri və 35 min türkü qətlə yetirən Abdulla Öcalan da bir müddət Odintsovoda yaşayıb.

Teleqraf.com xəbər verir ki, bu iddianı uzun illər Türkiyə Milli İstihbarat Təşkilatında işləyən kəşfiyyatçı Yılmaz Təkin “Simitçi” adlanan xatirələr kitabında yazıb.

MİT-in təqaüdə çıxan əməkdaşı qeyd edib ki, KQB illər əvvəl Türkiyəyə göndərəcəyi agentləri hazırlamaq üçün Moskva qəsəbə salıb.
Kəşfiyyatçı kitabında yazıb ki, 1974-cü ildən etibarən Seyidşəhər alüminium müəssisəsinin inşasında işləyən mühəndislərin bir qismi KQB agenti olub, onlara xidmətdən əvvəl Odintsovoda xüsusi təlim keçiblər.

Kitabında KQB-nin əksər dünya ölkələri kimi Türkiyəyə də “əlcək” atdığını qeyd edən kəşfiyyatçı əlavə edir ki, türk kəşfiyyatçılar rus KQB agentlərini daim izləyib:

“Onları sistemli formada müşahidə altında saxlayırdıq. Bunun üçün bizə sutkanın 24 saatı çatmırdı”.

Müəllif qeyd edib ki, Moskva yaxınlığında inşa edilən qəsəbə sonralar Türkiyədən və digər ölkələrdən Rusiyaya gedən şəxslər üçün düşərgə rolunu oynayıb:

“Odintsovoda məxfi və açıq dövlət qurumları yerləşib. PKK lideri Abdulla Öcalan Suriyadan qaçdıqdan sonra Moskvada məhz bu qəsəbədə qalıb. Əslində digər ölkələrin məxfi xidmətləri də fəaliyyətləri zamanı Moskvanın bu metodlarından istifadə edirlər”.

Seyidşəhərdə alüminium müəssisəsinin tikintisində işləyən casusların həftə sonları ətraf qəsəbə və şəhərlərdə kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu qeyd edən Yılmz Təkin MİT ofisinin əməkdaşlarının bu casusları gecə-gündüz güddüyünü yazıb.

Müəllif hətta Seyidşəhərdə KQB kəşfiyyatçılarına işləyən casusların MİT əməkdaşlarının əlindən necə xilas olduğu haqda da fikirlər səsləndirib:

“Təqib edildiyini anlayan rus casusu hansı küçədə izini itirə biləcəyini bilirdi. Çünki hələ Moskvadakı “Seyidşəhərdə” ona hansı küçədə, hansı evdə gizlənəcəyini əyani şəkildə göstərmişdilər. Onlara təhlükəli yerlərə getməmələri və problemlər yaşamamaları üçün xəbərdarlıq olunurdu”.

Seyidşəhər Bələdiyyə sədri İbrahim Hacılı isə açıqlamasında qeyd edib ki, Konyaya alüminium müəssisələrinin tikintisi zamanı çoxlu sayda ruslar gəlib və uzun müddət burada yaşayıb, xalqın içində olub və insanlarla maraqlı söhbətlər ediblər:

“Həmin dövrdə atamın mağazası vardı və oranın müştəriləri ruslar olurdu. İndi rus rəsmiləri icazə verərsə, Moskvada qurduqları “Seyidşəhəri” ziyarət edərdik”.


Müəllif: Cavad