22 May 2018 18:38
2 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) özünün gizli agentini məcburiyyət qarşısında ifşa edib.

Söhbət MİT-in “Fakulteli” kod adlı agenti Mahir Qaynaqdan gedir.

Teleqraf.com Mahir Qaynaqla bağlı dosyeni təqdim edir.

Mahir Qaynaq 1960-cı illərdə Türkiyədə sol-marksist dairələrdə tanınan və etibar edilən alim hesab olunurdu. İstanbul Universitetinin iqtisadiyyat fakültəsində assistent kimi işləyirdi.

O, eyni zamanda Milli Demokratik İnqilab Dərnəyinin idarəçisi, işsizlik və bahalığa qarşı mübarizə dərnəyinin həmsədri, “İnqilab ocaqları” Cəmiyyətinin İdarə Heyətinin üzvü, Türkiyə milli gənclik təşkilatında komissiya sədri, sonralar “Dev Gənc” adlandırılacaq Fikir Klubları federasiyasının iqtisad klubunun ideya rəhbəri kimi ictimai xarakterli fəaliyyətlərlə məşğul olurdu.

Qısaca işi kifayət qədər gərgin olduğundan elmi araşdırmalara nə zamanı, nə də imkanı olurdu. Arada universitetin yaxınlığında fəaliyyət göstərən Çinaraltı çayxanasında çay içmək fürsəti əldə edirdi.

MİT-in ssenarisi düz çıxdı: “Fakültəli”yə qarmaq atdılar.

Mahir Qaynağın şərhinə görə, MİT ölkədə əsən “sol küləklərin” arxasında Türkiyə Kommunist Partiyası və Rusiyanın olduğuna inanırdı. Mahir Qaynaq da fəaliyyəti ilə Türkiyə Kommunist Partiyası üçün “uyğun yem” hesab olunurdu və günlərin birində kommunistlər ona mütləq qarmaq atacaqdı. Bu üzdən də Qaynaq solun bilinən təşkilatlarına sızmaq imkanı əldə edəcəkdir.

Bu müddətdə Mahir Qaynaq MDİ (Milli Demokratik İnqilab) fikrinin ideya babası Mihri Belli ilə yaxın dost olmuşdu. Mihri Belli bir gün Mahir Qaynağın qulağına “Ruslar Türkiyəni işğal edərlərsə Süleyman Dəmirəldən əvvəl məni asarlar” deyərək gülümsəmişdi. Bununla belə Mahir Belli müzakirə və iclasların imtina edilməyəcək alimi, Türkiyənin problemlərini araşdırdan Bülənd Ecevit, Çətin Altan, İlham Səlçuq, Doğan Ovçuoğlu kimi şəxslərlə müzakirə aparacaq araşdırmaçı idi.

Kəşfiyyatçının həyatı alt-üst oldu

Qəfildən yaşam tərzini, sosial yönünü, ailə düzənini dəyişməsi Mahir Qaynağın həyatını alt-üst etmişdi. Əvvəllər o, işdən evə dönüş saatını, yemək yeyəcəyi anı, işləyəcəyi vaxtı, hətta yatmaq zamanını belə zərgər dəqiqliyi ilə icra edərdi.

Amma yeni xidməti onun həyatında əməllicə çətinliklər yaradırdı. Axşam saatlarında Bəyazit səmtindəki şərab məclisləri həyat düzənini bərbad vəziyyətə salmışdı. Qızına belə yalan danışmaq məcburiyyətində qalmışdı. Artıq solçuların elitasında xüsusi hörmətə sahib idi. Hər kəs ona inanırdı. Şərab məclisləri zamanı iki dəfə möhkəm kefli olmuş, əsas vəzifəsi haqqında bir kəlmə belə danışmayaraq kommunistlərin testindən keçmişdi. Çünki solçuların daxilində içkidə sərhədi aşanların dilini bilən təcrübəli şəxslər vardı.

Dəmirəl xunta liderini tanımaq istəyir...

Bir gün MİT-ə bilgi çatdıran agentə deyilib ki, baş nazir Dəmirəl çevrilişin hərbi istiqamətinə rəhbərlik edəcək komandanın kim olduğunu bilmək istəyir. Bundan dərhal sonra Mahir Qaynaq solçu dostunun yanına gedərək “çevrilişin günü bəllidir, ona rəhbərlik edən komandan da müəyyəndir. Hər kəs bu barədə bilir, bircə mənim xəbərim yoxdur” deyərək rolunu elə oynayır ki, kommunist dostu ona çevrilişdə iştirak edəcək ordu komandanın adını dərhal deyir. Agentin əsas xidməti sol çevrələr, kütləvi sol təşkilatlar və çevriliş istiqamətində idi. M.Qaynaq general Camal Madanoğlu tərəfindən qurulacaq xunta rejiminə sıza bilən yeganə MİT agenti idi. 1967-ci ildə İnqilab Ocaqlarından tanıdığı Hifzi Qaçar ona bir təşkilat qurduqlarını və onun da bura daxil olmasını istədiklərini deyir. M.Qaynaq bu haqda MİT-ə dərhal informasiya verir. İllər keçdikcə təşkilatın daxilində etimad qazanaraq yüksəlməyə başlayır. Qaynaq çevrilişdə əsasən beyin mərkəzinin rəhbəri olan Madanoğlunun xüsusi etimadını qazana bilmişdi. Qaynaq kimi Madanoğlu da Quru Qoşunları Hərbi Məktəbinin məzunu idi. Mahir Qaynaq sol cəbhədə iki dəfə ifşa olunmaqdan xilas ola bilib.

Dinləmə cihazını aşkar etmək anı

“1996-cı ildə Şərqi İnqilab Ocaqlarında Hifzi Qacar ilə tanış oldum. Təqaüdçü zabit olduğunu mənə deyən Qacar arzu edərəmsə qohumu Camal Madanoğlu ilə tanış edə biləcəyini bildirdi. İkimiz də birlikdə Madanoğlunun yanına getdik. Madanoğlu söhbəti uzatmadan mövzuya keçdi, bildirdi ki, Dəmirəl iqtidarı ölkəni bataqlığa aparır, tək çarə hərbi çevrilişdir və bunun üçün ciddi iş aparılır. Madanoğlu məni də bu prosesdə iştirak etməyə dəvət etdi. Mən də qəbul etdim”- deyə Mahir Qaynaq bildirib.

MİT agenti əlavə edib ki, bir dəfə iclasdan əvvəl Madanoğlu onu yanına dəvət edib:

“Bildirdi ki, MİT toplantıları izləyir və ya səsləri yazır. Odur ki, toplantıdan əvvəl hər kəsin üst-başı yoxlanacaq. İclas iştirakçılarının üst-başını axtarmağı mənə tapşırdı. Hifzi Qacar daxil olmaqla toplantıya qatılan hər kəsin üzərini axtardım. Əslində o anda üzərində qeyd cihazı olan şəxs mən idim. Sadəcə bunu müəyyən etmək çətin idi”.

MİT-in tapşırığına əsasən Mahir Qaynaq əhəmiyyətli hesab etdiyi toplantılara səs yazan cihazla qatılır və iştirakçıların səsini yazırdı. Çevriliş beynini təşkil edənlər də MİT-in onları izləyə biləcəyini düşünür, bu səbəbdən də kəşfiyyata qarşı radioya tam səs vermək, musiqi dinləməklə paralel müzakirələr aparırdı. Məhz bu səbəbdən də, agentin iclaslarda qeydə aldığı bəzi səslər musiqi səsi ucbatından tam anlaşılmırdı.

Agentə kəşfiyyatçın adı və telefon nömrələri verilir

Digər maraqlı fakt odur ki, günlərin birində general Madanoğlu Mahir Qaynağı yanına dəvət edərək ona bir kağız verir. Kağızda Qaynağın MİT-lə əlaqə qurduğu şəxsin telefon nömrəsi və görüşdüyü şəxslərdən birinin adı yazılıbmış. General Madanoğlu Qaynağa bildirir ki, kağızda adı olan və nömrəsi yazılan şəxslər onları güdür və təqib edirlər. Madanoğlu Qaynaqdan xahiş edir ki, iqtisadiyyat fakültəsini bitirən bu MİT-çilər haqda informasiya toplasın və kim olduqlarını müəyyən etsin. Bu təhlükəli oyunlara baxmayaraq Mahir Qaynaq xunta qurmaq istəyənlərlə birgə addımlayırdı. MİT-ə təqdim etdiyi informasiyalar isə Türkiyə Milli Təhlükəsizlik Şurasına göndərilirdi. Qaynaq dövlət çevrilişindən əvvəl Hava və Quru qoşunlarının xuntaçıları dəstəklədiyi xəbərini vermişdi. Bu xəbərlər MİT-ə daxil olduqda və tədbirlər görüldükdə xuntaçılar öz aralarında “aramızdakı casus kim ola bilər” deyərək müzakirələr aparırdı. Mahir Qaynağın o zamankı analizlərinə görə, əgər çevrilişə mane olunmasa Türkiyə çox təhlükəli yola daxil olacaqdı.

Həbslər və ifşa

Məhz bu fəaliyyətin nəticəsində 1971-ci ilin iyul ayında istefada olan general Madanoğlu və komandası “xunta rejimi qurmaqda və dövlət çevrilişi cəhdində” günahkar elan olunaraq həbs edildi, barələrində cinayət işi qaldırıldı. İddianın ən təkzibedilməz faktları isə Mahir Qaynağın MİT-ə təqdim etdiyi hesabatlar və səs yazıları idi. Mahir Qaynaq bu mərhələdə Madanoğlu komandası ilə birlikdə həbsə getmək niyyətində idi. Lakin MİT öz agentinin bu təklifini qəbul etmədi. Bu səbəbdən də geriyə təkcə bir yol qalırdı. Xuntanı izləyən agentin kimliyinin ortaya çıxması, onun ifşa edilərək həbsdən xilas edilməsi. Sonda Mahir Qaynaq ifşa olunmasını qəbul etdi və kimliyi ortaya çıxdı.

Beləcə Mahir Qaynaq ifşa olunan ilk MİT agenti kimi türk kəşfiyyatı tarixinə düşdü.


Müəllif: Cavad