1 İyul 2016 18:05
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağın dərhal qaytarılmasını tələb etdik”

Teleqraf.com Türkiyə Cümhuriyyətinin Həmkarlar İttifaqının sədri İsmail Koncukla müsahibəni təqdim edir:

- İsmayıl bəy, Bakıya səfəriniz nə ilə bağlıdır?

- Bizim Beynəlxalq Avrasiya Təhsil Birliyi adlı qurumumuz var. Burada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Kosovadan olan şəxslər təmsil olunur. Eləcə də Kərkük və Kıbrısdan olan dostlarımız da bu qurumun üzvləridirlər. Azərbaycanı bu qurumda Həmkarlar İttifaqı təmsil edir. Biz hər il bir ölkədə toplaşırıq. Ötən il Qırğızıstanda bir araya gəlmişdik. Bu gün isə Azərbaycanda Səttar Mehbalıyevin sədrliyi ilə toplantımız oldu. Həm də iclasda bir deklarasiya imzaladıq. Deklarasiyanın bir maddəsi Dağlıq Qarabağla əlaqədar oldu. Biz Qarabağın işğalının dayandırılması, bu qədim türk ərazisinin dərhal Azərbaycana qaytarılmasını tələb etdik. Qarabağ məsələsini milli məsələ hesab edirik və hər toplantımızda bunu hökmən qeyd edirik. Biz mümkün qədər Qarabağ məsələsində Azərbaycana dəstəyimizi ifadə edirik. Bir müddət əvvəl Ağ Evin internet səhifəsində Qarabağın ermənilər tərəfindən işğal edilməsi ilə bağlı imza kampaniyası keçirildi. Biz bu kampaniyanın uğurla alınması, imzaların sayının yüz mini aşması üçün böyük dəstək verdik.

Biz Beynəlxalq Avrasiya Təhsil Təşkilatları Birliyi olaraq türk dünyasında hər sahədə yaşanan problemlərlə bağlı düşüncələrimizi deyirik. Həmçinin bu ölkələrdə müəllimlərimizin, tələbələrimizin, universitetlərimizin, təhsilimizin problemləri ilə maraqlanırıq. Çünki bir millətin gələcək davası birbaşa təhsillə bağlıdır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan kimi ölkələr bu toplantılar zamanı öz təcrübəsini paylaşır. Noyabrda Antalyada böyük bir toplantı keçirməyi planlayırıq. Bu toplantıda türk dünyasında bilik adamlarını bir araya gətirəcəyik və təhsil konfransı keçirəcəyik. Toplantıda 300-400 nəfərin iştirakı gözləniləndir. Təbii ki, bu konqresdə müəyyən məsələlər müzakirə ediləcək. Çalışacağıq ki, burada ortaq milli görüşlə bağlı nəticələr çıxsın. Bizim fəaliyyətimiz bununla bitməyəcək.

- Qazaxıstan, Azərbaycan, Qırğızıstan SSRİ-dən ayrılan ölkələrdir. Bu ölkələrin təhsili, dil üslubu ilə Türkiyə təhsili və dil üslubu arasında anlaşılmazlıq yaranmırmı?

- Fərqli dillərdir, bəzən bir-birimizi anlamaq mənasında çətinliklər olur. Əslində, türkdilli ölkələr arasında ortaq dil formalaşdırmaq lazımdır. Məsələn, əvvəlki toplantılarda belə qənaətimiz var ki, ortaq dilimiz indiki Türkiyə türkcəsi olsun. Əlbəttə, buna zaman lazımdır. Fikrimcə, zamanla Türkiyədəki məktəblərdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan dili tədris edilə bilər. Eləcə də Qazaxıstanda digər türkdilli ölkələrin dili. Dil birliyi son dərəcə önəmlidir. Dilimiz kök olaraq türkcə olsa da, danışıq zamanı anlaşılmazlıqlar ortaya çıxa bilir. Hazırda Azərbaycan latın qrafikasına keçib. Onsuz da Azərbaycanla Türkiyə arasında ciddi anlaşılmazlıq olmur. Qarşıdakı illərdə Qazaxıstan və Qırğızıstan kimi üzv dövlətlər də latın əlifbasına keçərsə, çox gözəl olardı. Dil məsələsi bir qədər mürəkkəbdir və onun həlli üçün zaman lazımdır. Əsas odur ki, biz bunu istəyək və arzu edək. Zamanla bu problemi aradan qaldırmaq olar.

- Türkiyədə daima terror hadisələri baş verir. Nədən Türkiyə belə fasiləsiz terror aktları yaşayır?

- Türkiyə hədəf bir ölkədir. Türkiyənin güclü olması, birlik və bərabərlik içində yaşaması aydındır ki, türk düşmənlərini narahat edir. Başqa sözlə, Türkiyədə PKK terror təşkilatının fəaliyyəti var və məqsəd Türkiyəni bölməkdir. Son dövrlər isə İŞİD deyilən və əsasında islam dünyasını başına bəla olan terror qurumu var. İŞİD-in yaxından-uzaqdan islam dini ilə əlaqəsi yoxdur. Nəzərə alın ki, islam bir sevgi dinidir. Biz “bir insanı öldürən bütün insanlığı öldürmüş kimidir” deyən bir dinin mənsubuyuq. Əgər İŞİD həqiqi müsəlman olsaydı, baş kəsməz, müsəlman insanların qətlinə fərman verməzdi.

İŞİD necə müsəlman təşkilatıdır ki, islam mərkəzlərindən biri olan İstanbulda öldürdüyü 42 insanın çoxu müsəlmandır. Bu necə müsəlmançılıqdır? Dolayısı ilə Türkiyə terror təşkilatlarının hədəfindədir. Ümid edirik ki, ölkəmiz birlik və bərabərlik içərisində bu terror fəaliyyətlərinin qarşısını alacaq. Həm də terror sadəcə Türkiyənin problemi deyil. Siz bir qrup terror örgütünü istəmədiyiniz dövlətlərin üzərinə salmaq üçün bəsləsəniz, bu örgüt günün birində sizin özünüzü vurar. Məsələn, Fransanı vurdu. Eləcə də Belçikanı vurdu. Sabah Almaniya və İngiltərədə terrorun olmayacağını haradan bilər bilərik. Bir sözlə, terror insanlığın ortaq düşmənidir. Odur ki, bütün dünya terrora qarşı birgə addım atmalıdır.

- Türkiyədə İŞİD-in şəbəkəsi, təşkilatı varmı?

- Təsəvvür edin ki, Suriyada baş verən vətəndaş müharibəsindən sonra bu ölkədən Türkiyəyə 3 milyona yaxın qaçqın gəldi. Bu 3 milyon insan içərisində İŞİD-in üzvləri də, Türkiyəyə düşmən olanlar da var. Türkiyə hazırda bu 3 milyon insanı bəsləyir, onların problemlərini, qidalanmasını, geyimini həll edir. Başqa sözlə, 3 milyon köməksiz və vətənsiz insanın qarnını doyuran, qucağını açan bir ölkənin tərif edilməsi, sevilməsi lazımdır. Türkiyə 3 milyon insanın saxlanılması üçün böyük pullar xərcləyir, hətta onların təhsil problemini belə həll edir. Biz bilmirik ki, bu 3 milyonun içərisində hansı sayda terrorçu ola bilər. Bunu demək də mümkün deyil. İnşallah ki, Türkiyənin bu yaxşı niyyəti sonda onun başına oyun açmaz.

- Türkiyə vətəndaşları arasında on minlərlə insanın İŞİD-ə rəğbət bəslədiyi haqda xəbərlər nə dərəcədə doğrudur?

- Əlbəttə, İslamı doğru anlamaq problemi var. Bu gün Atatürk limanında terroru edən 3 insandan ikisi Özbəkistan və Qırğızıstan vətəndaşıdır. Baxın, bu ərəb kökənli deyil, amma İŞİD üçün özünü partladacaq qədər gözü dönmüş terrorçulardır. Əgər bunların inandığı həqiqi mənada islam dini olsa, islam insan ölümünü qəbul etmir. Həm də, Atatürkdə hücum edib terror törətdikləri dövlət bir müsəlman ölkəsidir. Bu necə müsəlmançılıq anlayışıdır ki, müsəlman başqa bir müsəlman ölkəsində terror edir? Buradan görünür ki, islamı olduğu kimi anlatmaq problemi mövcuddur. Odur ki, Türkiyəyə də kimlərsə İŞİD-ə simpatiya bəsləyə bilər.

- Dinin siyasiləşməsi sonda daha pis nəticələr yaratmayacaq?

- Dini siyasətdə vasitə kimi istifadə edəndə yanlış idarə edilən insanlar ortaya çıxır. Əslində, dində müşahidə olunan problemlər Həzrəti Məhəmməddən sonra ortaya çıxan acı tablonun davamıdır. Həzrəti peyğəmbərin nəvələrini Kərbəlada öldürən kimlər idi? Bunlar bizim içimizdən çıxan insanlar deyildimi? Peyğəmbərin nəvələrini öldürmək necə bir müsəlmançılıqdır? İslam dünyasının bəlası siyasi islam anlayışının uca dinimizin içərisinə soxulmasından qaynaqlanır. Belə insanlar Türkiyədə də var. Bunlar yanlış islam anlayışı ilə bəslənən və yetişən insanlardır.

- Bakı haqqında təəssüratınız necədir?

- Azərbaycana dostlarımızın dəvəti ilə gəlirik. Bakıda, ölkənin əksər yerlərində inkişaf var. 8 il əvvəl Bakıya gəlmişdim və buradan Şamaxıya getmişdim. Həmin vaxt yollar bərbad idi. Ancaq indi bu yollar mükəmməl düzəldilib. Memarlıq, inşaat işləri sürətlə gedir. Bakı yüzdə yüz dəyişib. Bu da bizi mutlu edir. Bu inkişafda əməyi olan dövlət başçısı daxil olmaqla hər kəsə təşəkkür edirəm.

NEMƏT


Müəllif: