15 İyul 2016 18:01
566

Teleqraf.com İmam Hüseyn məscidinin axundu, sabiq deputat Hacı Əbdüllə müsahibəni təqdim edir:

- Hacı, iyulun 14-ü axşam saatlarında Fransanın Nitsa şəhərində 80 insanın ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnən terror aktını necə qiymətləndirirsiniz?

- Terrora münasibətimiz birmənalıdır. Əvvəla, onlar terrorla islamı dünyaya vəhşi din kimi təqdim edirlər. Ancaq islam tamamilə başqadır. İslam günahsız olanların qanının tökülməsinə yol vermir, buna qarşıdır. Sadəcə onlar gerçək islamı dünyanın gözündən salır, ona nifrət yaradırlar. İslamdan da bixəbərlər bu cür qəbul edirlər.

- Yəni terror aktlarının islama heç bir aidiyyəti yoxdur?

- Bu terror hadisələrinin, vəhşiliklərin, mülki insanların öldürülməsinin islam dini ilə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Bu addımlar birbaşa islama zərbədir. Bunlar hücumu və zərbəni Fransaya, fransızlara deyil, islama və islam xalqlarına vurdular.

- İŞİD Fransadakı terror aktını öz üzərinə götürüb...

- Bəli, onların məqsədi elə budur. İŞİD adlanan qurumun islamla əlaqəsi yoxdur. Onların adları İŞİD-dir, özləri qaniçən, islamın düşmənidir.

- Ancaq İŞİD elə islam dövlətlərində yaranıb, təşəkkül tapıb...

- İslam dövlətlərini islamın adı ilə vurur, nüfuzdan salırlar. Bunlar münafiq, islamdan bixəbərdirlər. Onlar islamın içində oturub islama qarşı əks təbliğat aparanlardır.

- Onda İŞİD-i yaradanlar kimdir?

- Amerika, İsrail, İngiltərə və digər ölkələr.

- Demək istəyirsiniz ki, əslində, İŞİD onu yaradanları vurur?

- Yox! İŞİD onu yaradanları vurmur. Sadəcə dünyanı islam dövlətlərinin, islam dininin və islam xalqlarının üzərinə qaldırırlar. Qaldırırlar ki, durun vurun islamı. Əllərinə əsas verirlər.

- Bu gün xalqa müraciət edən Fransa prezidenti Fransua Olland çıxışında ilk dəfə “islamçı terror” ifadəsini işlədib. Bunu necə anlamaq lazımdır?

- Bu, İŞİD-in əməllərini, məqsədlərini və istədiklərinə təsdiqinə yaxın bir yanaşmadır. Yəni islamın siyasəti budur. Axı islam bu deyil. Əksinə, islam deyir ki, sizinlə vuruşanlara qarşı vuruşun. Silahsız insanlara əsla silah qaldırmayın. Gerçək islam budur. Ancaq İŞİD-in addımlarını siyasiləşdirmək və bunu islama bağlamaq olmaz.

- Avropada neçənci dəfədir ki belə terror hadisəsi olub. Yaxın keçmişdə digər ölkələrdə də belə terror hücumları həyata keçirilib. Bu mədəniyyətlər və dinlərarası qarşıdurmanı kəskinləşdirmirmi?

- Əslində, belə hallar dinlərarası nifaqı gücləndirməməlidir. Ağıllı insanlar buna getməzlər. Amma dünyada ağıllı insanlarla yanaşı axmaqlar da çoxdur.

- Belə hadisələrin baş verməməsi üçün nə etmək lazımdır?

- Rəhmətlik Əbülfəz Elçibəydən soruşdular ki, Dağlıq Qarabağda neyləmək olar, vəziyyəti dəyişmək, torpaqları geri almaq üçün hansı addımlar atmaq lazımdır. Əbülfəz bəy də dedi ki, Ermənistanla olan sərhədləri bağlamağa nail olmaq lazımdır. Bununla da məsələ həllini tapacaq. İndi də Suriya, İraq, Türkiyə və digər islam dövlətləri öz ərazilərini qorusa, sərhədlərini möhkəm nəzarətdə saxlasa, İŞİD-i ortalıqdan çıxarmağa ehtiyac qalmaz. Ümumilikdə isə İŞİD-in kökü kəsilməlidir. Başqa yol yoxdur. Azərbaycandan da kimlərsə gedib İŞİD-ə qoşulub. Hesab edirəm ki, belə adamlar geri qayıdanda saxlanılmalı və cəzalandırılmalıdır. Bizim başqa yolumuz yoxdur.

NEMƏT


Müəllif: