28 İyul 2016 16:39
2 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesində hazırda hansı məqamlar müşahidə edilir?

- Hesab edirəm ki, vasitəçilər prosesə ciddi yanaşır. Azərbaycan tərəfi də mümkün qədər öz töhfəsini verir. Qeyri-rəsmi məlumata görə, burada problem erməni tərəfidir. Başqa sözlə, prezident Sərkisyan ölkəsini sülh prosesinə hazırlamalıdır. Bunun üçün Sərkisyana vaxt verilib. Hazırda Ermənistanın daxili ictimai-siyasi həyatında baş verən proseslər də göstərir ki, müxtəlif səpkidə hansısa hazırlıq işləri gedir. Buna misal olaraq Ermənistanda polis mərkəzinin tutulmasını, silahlı qarşıdurmanı göstərmək olar. Erməni ictimaiyyəti arasında da müzakirələr aparılır.

- İrəvanda bir qrup şəxsin polis mərkəzinə hücum etməsi Sərkisyanın hazırladığı ssenari ola, bununla rəsmi Yerevan guya güzəştlərə gedərsə, ölkədə siyasi stabiliyin pozulacağını tərəflərə nümayiş etdirə bilərmi?

- Ermənistanda müəyyən proseslər baş verir. Ancaq 30 nəfər alay qərargahını tutmaq istəyərdisə, bu zaman çaxnaşma daha güclü ola bilərdi. Lakin görünən odur ki, hadisələr zamanı bir nəfər polkovnik təsadüfən ölüb. Yerdə qalanlar isə sadəcə bir-birinə güllə atır. Digər tərəfdən, həmsədr ölkələrin nümayəndələri bu hadisələrə toxunarkən sanki ciddi yanaşmırlar. Yeganə bəyanat Ermənistanda olan ABŞ səfiri tərəfindən verilib. Səfir bəyan edib ki, məsələlər sülh şəklində həll edilməlidir. Həmsədrlər isə baş verən hadisəni ciddi şəkildə qəbul etmir.

- Bütün bu proseslər fonunda Ermənistanda həm də miqrasiya prosesi yaşanır. Bunun Qarabağ konflikti ilə bağlılığı varmı?

- Bu yaxınlarda Ermənistanda BMT-nin demoqrafik prosesləri öyrənməklə bağlı proyekti olub. Bu proyekt təqdim edilərkən BMT-nin mütəxəssisi bildirdi ki, əgər aprel hadisələri yenidən baş verərsə, bu zaman Ermənistanda əhalinin azalması halları daha çox müşahidə olunacaq. Əlbəttə, bunlar bir-biri ilə bağlı məsələlər deyil. Ancaq mütəxəssislər bütün bunları təhlil edib və birləşdirərək belə qənaətə gəlib. Əslində, erməni ictimaiyyətində belə müzakirələr gedir. Orada olan və aktiv işləyən qurumlar bu hadisələri bir-biri ilə əlaqələndirirlər. Yəni aprel hadisələri yenidən baş verərsə, Ermənistan əhalisi azala, miqrasiya prosesi baş verə bilər. Bu mənada apreldə olan hadisə və ondan sonra gedən proseslər erməni cəmiyyətinə təsir göstərib.

- Ceyms Uorlik deyib ki, həmsədrlər prezidentlərin növbəti mümkün görüşü ətrafında işləri davam etdirir. Prezidentlərin görüşməsi üçün əsaslar varmı?

- Ceyms Uorlikin bəyanatından xəbərdaram. Bəlli olan budur ki, prezident Sərkisyana hansısa bir müddət verilib. Verilən bu müddətin nəticəsi olaraq həmsədrlərə hansısa fikir və mövqe bildirilməlidir. Təbii ki, bunun nəticəsindən asılı olaraq prezidentlər arasında görüş də keçirilə bilər. Ancaq Sərkisyana verilən müddətin nə qədər olduğunu demək çətindir. Çünki bu qapalı şəkildə saxlanılır. Normalda Sərkisyana 3 aya qədər vaxt verilməli və bunun ardınca görüşün baş tutması gözlənilən olmalıdır. Təəssüflər olsun ki, Ermənistanda baş verənlər teatr səhnəsində oyuna bənzəyir. Fikrimcə, bu, erməni tərəfinin oyunu ola bilər və məqsəd Sərkisyana verilən müddəti uzatmaq və ya danışıqlar prosesini bərpa etməmək ola bilər. Şübhəsiz ki, bütün bunlar müvəqqəti hal daşıyan hadisələrdir və əsas nöqsan odur ki, problem həll edilmir. Apreldə cəbhədə baş verən hadisələr isə Ermənistanı seçim qarşısında qoyur. Ya onlar öz siyasətinə tamamilə son qoyaraq qonşularla normal siyasətə keçid etməlidirlər, ya da Azərbaycan bəyan etdiyi kimi ərazi bütövlüyünü təmin etmək və işğal altında olan torpaqları azad etmək üçün lazım gələn bütün vasitələrdən istifadə edəcək.

- Bu mərhələdə Türkiyə-Rusiya münasibətlərində yaxınlaşma müşahidə olunur. Moskva-Ankara əlaqələrinin yoluna qoyulması Qarabağ danışıqlarına əlavə təkan verə bilərmi?

- Hesab edirəm ki, bunun müsbət təsiri olmalıdır. Çünki vaxtilə Türkiyənin xarici işlər nazirinin Moskvaya səfəri baş verəndən sonra belə məlumatlar yayılmışdı ki, əgər danışıqlar prosesi müsbət istiqamətdə olarsa, Türkiyə-Ermənistan əlaqələri qurula, sərhəd açıla bilər. Yəni bu, ümumi prosesin bir hissəsi ola bilər. İstisna etmirəm ki, əgər Türkiyədə çevriliş cəhdi baş verməsəydi, işlər daha müsbətə doğru gedərdi. Məsələn, xatırlayırsınızsa, həmsədrlərin görüşü Türkiyədə olmalı, orada vəziyyət dəyərləndirilməli idi. İstisna etmirəm ki, ümumi sülh prosesinin bir hissəsi olaraq Türkiyəyə aid məsələlər də bura daxil olacaq. Sadə dillə desək, əgər erməni tərəfi Azərbaycan torpaqlarının bir hissəsini azad etsəydi, bunun əvəzində digər məsələlərlə yanaşı Türkiyə-Ermənistan sərhədi açıla bilərdi.

Ancaq bu, reallıqdır ki, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılması Ermənistan ictimaiyyətini narahat edir. Bəzi şərhçilər artıq qeyd edirlər ki, Ankara-Moskva yaxınlaşması olsa, Ermənistanın ənənəvi rolu tədricən əhəmiyyətini itirəcək. Çünki bölgədə Ermənistan dövlətinin yaradılması, onun Azərbaycan torpaqlarını işğal etməsi ilk növbədə ondan irəli gəlirdi ki, Ermənistan Rusiyanın forpostudur. Forpost isə kiməsə qarşı olmaqdır. Biz görürük ki, indi Rusiyanın həm İran, həm də Türkiyə ilə əlaqələri yaxşılaşıb. Bu halda ermənilərin forpost qismində rolu heç kimə lazım olmayacaq. İlk növbədə də Rusiyaya. Bu baxımdan Ermənistanın əhəmiyyəti aşağı düşəcək.

- Qarşıdan gələn aylarda Qarabağ konfliktinin həllinə dair aktiv diplomatik danışıqlar gözləyirsinizmi?

- Bilirsinizmi, əsas proses iki tərəfdən asılı olmalıdır və bu, son dərəcə aydındır. Azərbaycan və erməni tərəfi danışıqlar prosesinə öz töhfəsini verməlidir. Tərəflərdən biri prosesə töhfə verməyəcəksə, deməli, nəticə də olmayacaq. Fikrimcə, ümidlər var. Prezident dediyi kimi tarixdə olmayan bir təzyiq erməni tərəfinə göstərilir.

- Demək siz də hesab edirsiniz ki, Ermənistan tərəfinin prosesə qatılması və güzəştə getməsi üçün pressinqlər olmalıdır. Bəs, hazırda rəsmi Yerevana belə təzyiqlər edilirmi?

- Mən təzyiqlərin edildiyini istisna etmirəm. Əvvəla, nəzərə alaq ki, təzyiqlər müxtəlif istiqamətli ola bilər. Məsələn, siyasi təzyiq. Erməni tərəfinə dəfələrlə deyilə bilər ki, siz bu addımı atmalısınız. İqtisadi təzyiqlər haqda da danışa bilərik. Çünki Ermənistan iqtisadiyyatı xaricdən edilən köməkdən asılı olan iqtisadiyyatdır. Əgər bu köməklər olmasa, kreditlər verilməsə, Ermənistanın büdcəsi kəsirsiz davam edə bilməz. Hərbi təzyiqlər də ola bilər. 2 apreldə Ermənistan tərəfi hərbi cəhətdən zəif olduğunu anladı. Bundan sonra hansısa yeni silahlar almaq istəklərini ortaya qoya bilərlər. Bu silahların Ermənistana göndərilməsini uzatmaq da təzyiq xarakterli ola bilər. Həmçinin daxildə siyasi proseslər vasitəsilə də təzyiqlər ola bilər. Yəni təzyiqlər çoxşaxəli ola bilər. Perspektiv hal odur ki, artıq həmsədrlərin üçü də eyni mövqedən çıxış edir. Başqa sözlə, üç ölkə də istəyir ki, problem həll edilsin. Mənim qənaətimə görə, bu üç ölkənin Ermənistana təzyiqi kombinasiyalı şəkildə edilir.

- Ermənistan siyasi elitası bu təzyiqlərdən qoruna bilərmi, yoxsa, sonda razılığa gələcək?

- Bir qədər gözləmək və proseslərin inkişafını izləmək lazımdır. Amma strategiya baxımından ermənilərə bir şeyi anlatmaq çətindir. Aprel hadisələrindən sonra vəziyyət dəyişib. Ermənistan elitası səviyyəsində bunu başa düşüblər. Ancaq bunun müxtəlif təbəqələrə çatdırılması erməni hakimiyyəti üçün bir qədər çətindir. Çünki hakimiyyətin illərlə apardığı təbliğat başqa istiqamətdə olub. İndi isə tamam başqa bir istiqamətdə təbliğat aparmaq lazım gəlir. Odur ki, Ermənistanın seçimi çətindir. Bizim üçün Ermənistan hakimiyyətinin başında Sərkisyanın və ya başqa birisinin durmasının fərqi yoxdur. Əsas məsələ odur ki, onlar ya bu addımı atırlar, ya da Azərbaycan öz siyasətini davam edəcək və ərazi bütövlüyünün bərpası üçün lazım olan addımları atacaq.

NEMƏT


Müəllif: