29 İyul 2016 15:55
2 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə müsahibəni təqdim edir:

- Bədrəddin bəy, Türkiyədə baş verən son hadisələri necə qiymətləndirirsiniz?

- Türkiyədə cümhuriyyət qurulandan sonra bu cümhuriyyətin çökməsi üçün Səid Nuri hərəkatı daima fəaliyyətdə olub. Bu hərəkatın başlanğıcı cümhuriyyət qurulandan, Mosul və Kərkükdə Türkiyənin qarantiyası olduğu zamana təsadüf edib. Məsələn, 1923-cü il Lozanna müqaviləsi var. Amma 1926-cı ildə Türkiyədə nurçular qiyam etdi, bundan sonra ingilislər Atatürk qarşısında şərt qoymuşdu ki, Mosul və Kərkükdən əlinizi çəkin, sizə 10 faizlik qarantiya haqqını tanıyırıq. Bu məqam Ankara müqaviləsində öz əksini tapmışdı. Başqa sözlə, əgər İraq parçalanarsa, Türkiyə öz qarantiyasını burada saxlayırdı. Yəni cümhuriyyət təzə qurulanda, ölkənin ən ağır dönəmində nurçular etiraza qalxmışdı və xarici ələ oynayırdı.

İkincisi, Seyid Nuri Kürdü tərəfindən qurulan bu sistemə əsasən müsəlman dinini qəbul edən ermənilər və digər buna oxşar etnoslar daxil olmuşdu. Bu məlumatları əslində çoxları bilmir. Diqqət edin, Türkiyə sultanının sürgün qanununa rəğmən, sürgün edilən ermənilərin siyahısı düzgün tərtib edilməyib. İndi iddia edirlər ki, sürgündə yüz minlərlə erməni ölüb. Amma bu, yalandır. Qeyd kitablarında sürgün olunanlardan, ölənlərdən təkcə 300 min nəfəri Tunceli vilayətində kürd Rzanın dəstəsinə qoşulmuşdu. Bu dəstə nurçu hərəkatına bağlanmışdı və islamı qəbul edən ermənilər üstünlük təşkil edirdi. Halbuki İsmət İnönü 1939-cu ildə I Dünya müharibəsi başlayanda ölkə daxilində problem olmasın, müttəfiqlərlə normal əlaqələr saxlanılsın və müharibə zamanı arxa cəbhədə problem yaranmasın deyə əməliyyat keçirmişdi və 300 min erməni zərərləşdirilmişdi.

Əslində bunlar müsəlman dinində olan və nurçu hərəkatında təmsil olunan ermənilər idi. Sonrakı dönəmdə Qərbə işləyən digərləri də bu hərəkata daxil oldu və Qərbin dəstəyi ilə şəbəkə qurmağa başladılar. Bu da mərhələ-mərhələ 1980-cı illərə qədər gəldi. Menderesdən bu yana onlar bütün hakimiyyətlərə sıza bilmişdi, güclü əlaqələr saxlamışdı, eləcə də Qərblə əlaqədə olmuşdu. Sonradan onlar AKP hakimiyyətini seçkilərdə dəstəkləmiş və “Xidmət” hərəkatını bir qədər də inkişaf etdirmişdi. İndi məlum olur ki, Türkiyədə 370 generaldan 149-u bu hərəkatın yaxın adamı olub. Bunların yüzlərlə məktəbi, kursu, universiteti, müəllim heyəti olub. Faktiki olaraq bunlar xarici qüvvələrə, Türkiyəni sevməyənlərə dəstəkçi olaraq ölkənin milli maraqlarını satan qüvvə olublar. Onların əksəriyyətinin qanında millilik yoxdur. Bunlar Qərbə xidmət edən şəbəkədir, xristian kökənlilərdən və etniklərdən ibarətdir.

- Bundan sonra necə olacaq?

- 15 iyuldan sonra faktiki Türkiyədə milli hökumət qurulur. Mən türk nümayəndə heyətləri ilə dəfələrlə müzakirələr aparmışam. Sizə deyim ki, orada hamı bu gərginliyi hiss edirdi, vəziyyəti görürdü. Son 3 ildə isə polisdə və digər qurumlarda dövlət özü də sistemli iş görürdü. Yəni əksər qurumlarda tərkib dəyişdirilir, milli kökənli insanlar bura cəlb olunurdu. Elə MHP və CHP-yə yaxın olan şəxslər də dövlət qurumlarına cəlb olunurdu. Bundan sonra isə siyasi baxımdan CHP, MHP, AKP içərisində təmizlənmə işi aparılacaq. Beləcə ölkədə sivil və demokratik quruluş istiqamətində iş gedəcək. Türkiyədə hərbi qiyamın baş verməsi faktiki olaraq hər kəsin mülk-malına əl qoyulması deməkdir. İmkanlı adamların hamısı hərbi çevrilişin nə olduğunu bilirdi. Ölkə daxilində bütün mafioz qüvvələrə də, elə bu hərəkat, onun ordudakı tərəfdarları rəhbərlik edirdi. Ordunun hakimiyyətə əl qoyması isə ölkənin inkişafına və imicinə təsir edir. 80-cı illərdən bu yana olan nəsil hərbi çevrilişin nə olduğunu gözəl anlayır.

Turqut Özaldan bu yana iqtisadiyyatın inkişafı, ölkənin Böyük İyirmiliyə daxil olması ortada idi. Bu regionda müharibə və gərginliklərin olması fonunda investisiya stabil Türkiyəyə axırdı, sərmayələr qoyulurdu. Belə bir məqamda ölkəni daxildən parçalamaq, zəiflətmək heç bir nəticə vermədi. Xalq ortaya iradə qoydu, Türkiyəni qarışdırmaq istəyən qüvvələrə bir dərs verildi. Bundan sonra hər bir dövlət danışıqlarda, əlaqələrdə Türkiyəyə hörmətlə yanaşacaq. Vaxt var idi regionda Türkiyəyə qarşı əsrin əvvəllərində erməni kartından istifadə edirdilər, indi kürd kartından, İŞİD-dən istifadə edirlər. Bu günə qədər regional proseslərdə Türkiyəyə qarşı hörmətsizlik olmuşdu. Bundan sonra isə böyük dəyişiklik olacaq.

- Hansı dəyişikliklər?

- Məsələn, NATO, Qərbdə olan müttəfiqləri Türkiyənin irəli sürdüyü şərtləri qəbul edəcək. Fikrimcə, tampon olan bölgədə, qaçqınlar məsələsində Ankaranın şərtləri qəbul ediləcək. İkincisi, bölgədə stabilliyin olması üçün tampon bölgənin yaradılması, birgə əməliyyatların aparılması üçün əsaslar yaranacaq. Üçüncüsü, bölgədə Rusiya strateji maraqlarını gücləndirmək üçün Türkiyəyə güzəşt gedəcək. Məncə, burada tərəflərin oynadığı kürd kartı qurban da verilə bilər. Regionda Türkiyənin özünün Qara dənizdə, Qafqazda, Orta Asiyada mövqeləri güclənəcək və Rusiya buna etiraz etməyəcək. Başqa sözlə, Rusiya bu regionda NATO-nun deyil, Türkiyənin güclənməsinə isti baxacaq.

Rusiya iqtisadi baxımdan sıxıntı çəkir, ona qarşı sanksiyalar tətbiq edilir. Rusiya daxilində çoxlu sayda türk xalqları yaşayır və onların Türkiyə ilə iqtisadi-mədəni əlaqələri mövcuddur. Rusiya üçün iqtisadi sıxıntıları aradan qaldırmaq üçün ən münasib yol ətrafında olan türkdilli dövlətlər, daxilində olan türk xalqlarının imkanlarından istifadə edərək Türkiyə üzərində müəyyən işlərin görülməsidir. Gələcəkdə İranla bağlı da proseslər müşahidə ediləcək. Baxın, ABŞ İranla razılığa gəldi, 5+1 formatında danışıqlar aparıldı, İrana qarşı embarqolar aradan qaldırıldı, eyni zamanda İran nefti dünya bazarına çıxdı, dünyada enerji daşıyıcılarının qiymətində enmə oldu. Bu da Rusiya iqtisadiyyatına böyük zərbə vurdu. İndi sanki bölgədə ABŞ və Qərbin mövqeləri 1970-ci illərdə olduğu kimi qayıdır. İranda islam inqilabına qədər ABŞ prezidenti Karter bütün yenilikləri İranda tətbiq edirdi.

Yəni münasibətlər o qədər yaxın idi. İndiki mərhələdə İranın Qərblə münasibətlərini yoluna qoymaqla bərabər bölgədə güclənməsi nə Rusiyanın, nə də Türkiyənin marağına uyğundur. Rusiyanın özü də, hansısa addımlar ata bilər. Xatırlayırsınızsa, bir müddət əvvəl prezident Putin “Cənubi Azərbaycan” ifadəsi işləmişdi. Yəni proseslər belə davam edəcəksə, regionda Azərbaycan kartı ortaya çıxacaq. Cənubi Azərbaycan mövzusu bizim istəyimizdən asılı olmayaraq Rusiya-Türkiyə münasibətləri fonunda qabaracaq. Beləcə cənubda da milli xətt güclənəcək. Hazırda İranda mitinqlər gedir, hansısa medianın türkləri təhqir etməsinə etirazlar var. Həmçinin Rusiya Xəzərdə mövqelərini gücləndirmək istəyəcəksə, bu zaman Azərbaycana ehtiyacı olacaq. Odur ki, Azərbaycanın güclü olması, gələcəkdə gözlənilən proseslərə hazırlıqlı olması mühümdür. Yeri gəlmişkən, nazir Sergey Lavrov maraqlı ifadə işlətdi, qeyd etdi ki, Rusiyada türkdilli dövlətlərin toplantısında iştiraka isti baxır, çünki Rusiya daxilində türkdilli xalqlar və millətlər yaşayır.

Bütün bunlar ciddi amillərdir. Biz dövlət olaraq bu proseslərə hazır olsaq, gərginlik ətrafdakı dövlətlərin birinə keçəcək. Mənə elə gəlir ki, indi ölkəmizdə baş verən proseslər də gələcəkdə olacaq hadisələrə hazırlıq məqsədi daşıyır. Hesab edirəm ki, burada beşinci kalonun, eləcə də Gülən şəbəkəsinin fəaliyyətinin qarşısını almaq üçün milli ruhda olan qüvvələr vacibdir. Türkiyədə baş verən proseslər zamanı açıq göründü ki, milli qüvvələr sona qədər dövlətçiliyin yanında oldu, prezidentə dəstəyini ifadə etdi. Yəni biz də məsələlərə kompleks yaxınlaşanda görürük ki, milli ruhda olan şəxslər və qüvvələr vacib faktordur və bundan istifadə oluna bilər.

- Bu mərhələdən sonra Türkiyə-Amerika münasibətləri necə olacaq?

- Strateji baxımdan İncirlik bazası yerindədir, kontaktlar var. Gələcəkdə Türkiyənin rolu nəzərə alınacaq. 15 iyul hadisəsi zamanı Obama səviyyəsində Türkiyənin seçilmiş hakimiyyətinə dəstək ifadə edildi. Regionda Türkiyənin güclü və müstəqil addımları üçün şərait yaradılacaq. Bu proseslərin içərisində Türkiyənin daha güclü əl kimi oynanmasında ABŞ əvvəl buraxdığı səhvləri təkrar etməyəcək. Odur ki, münasibətlər bir il ərzində daha da güclənəcək.

- 15 iyul çevrilişində ABŞ-ın, Qərbin rolu olubmu?

- Avropa və ABŞ Rusiyaya sanksiya tətbiq edir. Belə bir məqamda Türkiyə Rusiya ilə müstəqil şəkildə əlaqələr yaradır, münasibətləri yoluna qoymaq xətti seçir. Bu da Qərb dairələrini narahat edir. Onlar düşünürlər ki, Türkiyə bu prosesə qatışmaqla onların planlarını pozur. Ümumiyyətlə isə, onlar az qala Türkiyəyə regionda bir polis bölməsi kimi baxırdılar. Düşünürdülər ki, regionda nə hadisəsi olacaqsa, Türkiyə buna müdaxilə etsin və sonda da zərbə elə Türkiyəyə dəysin. Ancaq Türkiyə bu prosesdən itkisiz çıxdı. Üstəlik, PKK, İŞİD, Gülən şəbəkəsi vasitəsilə Türkiyəni oyuncaq dövlətə çevirmək istəkləri də baş tutmadı.

- Rusiya-Türkiyə münasibətlərinin istiləşməsinin Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə hansı pozitiv təsirləri ola bilər?

- Qarabağ münaqişəsinə dair danışıqlar prosesi aktivləşib. Bəzən qeyd edilir ki, əgər danışıqlar uğurlu alınarsa, Türkiyə-Ermənistan sərhədləri də açıla bilər. Yəni görünən budur ki, Qarabağla bağlı ciddi danışıqlar prosesi var. Həm də regionda baş verən proseslərdə strateji baxımdan Rusiyanın erməni faktorundan istifadə etməsinə ehtiyacı azalır. Gələcəkdə erməni faktoru baş verən proseslərdə əhəmiyyətini itirəcək. Hazırda Ermənistan Rusiya ilə müttəfiq olsa da, Qərblə də oynayır. İndidən belə ermənilərin proseslərdə olacağını görünmür. Odur ki, indi Ermənistan daxili problem yaradaraq diqqəti öz üzərinə cəlb etməyə çalışır. Bu sadəcə teatrdır və ciddi qüvvələr buna real baxmır. Rusiya da bundan sonra ermənilərin nazı ilə oynamayacaq. Artıq bu tendensiya Rusiya mediasında özünü göstərir. Aprel döyüşlərindən sonra erməni tərəfi bilir ki, ikinci belə hadisə yaşanarsa, onlar üçün bunun çox pis nəticəsi olacaq. Fikrimcə, Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin aktivləşəcəyi gözləniləndir. Bizim üçün vacib odur ki, Azərbaycanımız güclü olsun. Hesab edirəm ki, gələcəkdə bütün gərginlik Ermənistanın üzərinə düşəcək.

NEMƏT


Müəllif: