30 İyul 2016 14:16
1 797

Teleqraf.com azərbaycanlı biznesmen, “İNTER-SEVER” kompaniyasının prezidenti, Dünya Azərbaycanlıları İttifaqının sədri, Dünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovla müsahibəni təqdim edir:

- Füzuli müəllim, Sizi son illər ölkəmizdə görmürük. Niyə Azərbaycana gəlmirsiniz?

- Azərbaycana gəlməməyim haqda fikirlər doğru deyil. Mən bu ildə iki dəfə- aprel və may ayında Bakıya səfər etmişəm. İlk səfərim böyük qardaşım Firudin Məmmədovun vəfatı ilə bağlı olub. Moskvada qardaşım qəfil vəfat etdi və biz onu öz vətənimizdə dəfn etdik. İkinci səfərim isə mayın əvvəllərində oldu. Bu, mərhum prezident, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad günü ilə bağlı idi. Biz onun məzarını ziyarət etdik, məzarı üzərinə əklil qoyduq. Bu ziyarətdə Dünya Azərbaycanlılar İttifaqı, Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun nümayəndələri də iştirak etdi. Biz həmçinin dahi oftalmoloq Zərifə xanım Əliyevanın məzarını da ziyarət etdik.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çox nəhəngdir və borcumuzdur ki, onun xatirəsini daima əziz tutaq. Azərbaycan xalqının haqlı tələbi ilə böyük siyasətçi Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtmaqla ölkəni hərbi-siyasi, iqtisadi və humanitar fəlakətdən xilas etdi. Məhz onun siyasətinin nəticəsində Azərbaycan qısa müddətdə Cənubi Qafqazda ən güclü dövlətə çevrilə bildi. Azərbaycanda möhkəm vətəndaş sülhü və həmrəyliyi, eləcə də siyasi stabillik yaranıb. Bu, Azərbaycan iqtisadiyyatına böyük xarici investisiyanın cəlb edilməsinə şərait yaratdı. Heydər Əliyevin apardığı siyasət nəticəsində 10 il ərzində Azərbaycan iqtisadiyyatına xarici investisiyaların qoyuluş həcmi 120 milyard dollar oldu. Bu mənada hesab edirəm ki, Heydər Əliyevin respublikada ikinci hakimiyyəti ölkə üçün milli dirçəliş və Azərbaycanın çiçəklənməsi dövrüdür.

- Rusiyadan İtaliyaya köçdükdən sonra sizin ölkə mətbuatına çıxışınız faktiki olaraq dayanıb, Azərbaycan mediasına müsahibələr vermirsiniz. Buna səbəb Azərbaycanla əlaqələri kəsmək istəyidir, yoxsa başqa səbəblər var?

- Əgər mənim Azərbaycanla əlaqə və rabitəmi kəsmək kim niyyətim olsaydı, o zaman Azərbaycan diasporunun inkişafı ilə bağlı aktiv fəaliyyət göstərməzdim. Son iki ildə Dünya Azərbaycanlıları İttifaqının əlaqələndirmə şurasının sədri və Dünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi diasporamızın inkişafı, aktivləşməsi, fəaliyyətinin gücləndirilməsi üçün maksimum fəaliyyət göstərmişəm, çalışmışam ki, daha çox strukturlar yaransın, diaspora qurumlarımız güclənsin. İyul ayında biz Rəşad Quliyevlə birgə Dünya Azərbaycanlıları Assambleyasının yaradılması haqda saziş imzaladıq. Bu sazişə əsasən Dünya Azərbaycanlıları İttifaqı, Dünya Azərbaycan Mədəniyyət Fondu Dünya Azərbaycanlılar Assambleyasının təsisçiləri oldu.

Bakıda iyunun əvvəllərində Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan diaspora təşkilatları arasında birlik və həmrəyliyin olmasının əhəmiyyəti haqqında fikirlərini ifadə etmişdi. Biz də bu işə öz töhfəmizi vermək üçün aktiv fəaliyyətimizi ortaya qoyuruq. Bu mənada mənim vətənlə əlaqələrimi dayandırmağım haqda fikirlərin əsası ola bilməz. Azərbaycan mətbuatında müsahibələrimin olmaması haqda məsələyə gəldikdə isə, bu, müəyyən şəraitlə bağlıdır. Əvvəla, mənə müsahibə vermək, fikirlərimi ifadə etmək, media ilə əhatə olunmaq üçün çox vaxt lazımdır. Bu isə vaxtımın çox hissəsinin alınması deməkdir. Mən nadir hallarda müsahibə verirəm.

Ancaq qeyd edim ki, Dünya Azərbaycanlıları İttifaqının mətbuat xidməti vasitəsi ilə Azərbaycan, Türkiyə və Rusiyadan olan jurnalistlərdən çoxsaylı suallar daxil olur. İkincisi, mənim fəaliyyətimin aktiv olması, Azərbaycan mediasında mənim fəaliyyətim haqqında xəbərlərin getməsi Bakıda bəzi insanlarda qəribə düşüncələr yaradır, yazılanlar mənim özümün təəccübümə səbəb olur. Mediada mənim “siyasi və digər ambisiyalarım” haqqında lazımsız müzakirələr yaşanır, hər kəs öz zəngin təxəyyülünü işə salır, təsəvvürləri əsasında nələrsə qurmağa başlayır.

Əlbəttə, bəzi jurnalistlər öz oxucu əhatəsini genişləndirmək məqsədilə dedi-qoduya üstünlük verir, əksər hallarda fikirlərimi təhrif edirlər. Belə fikirlər isə yağışdan sonra göbələyin çoxalması kimi daha çox yayıla bilir. Belə səpkili danışıqlar, fantaziya son nəticədə çox asanlıqla mənim adım ətrafında intriqa və münaqişə yarada bilər. Bu amillərə əsasən çalışıram ki, mümkün qədər media ilə əlaqələrimi azaldım. Üçüncüsü, mən danışmaqdan daha çox real iş görməyi vacib hesab edirəm. Fikrimcə, boş-boş vədlər əvəzinə iş görmək, fəaliyyət göstərmək lazımdır.

Mənim öz prinsipim var: ilk olaraq siz yaxşı və ictimai faydalı işlərinizi həyata keçirin, sonra insanlar, cəmiyyət görülən yaxşı işlər haqqında informasiya əldə edər. Odur ki, son illərdə mən könülsüz olaraq jurnalistlərlə görüşmək, onlara sadəcə müsahibə vermək, özümü təşviq etmək kimi işlə məşğul olmağı doğru hesab etmirəm. Nə zamansa mənim deməyə sözüm olursa, bu haqda Feysbuk sosial şəbəkəsində, eləcə də Dünya Azərbaycanlıları İttifaqının azuinon.org saytında fikirlərimi ifadə edirəm. Əlbəttə, mənim fikir və rəylərimə maraq göstərən insanlar bu internet resursları vasitəsilə tanış ola bilərlər.

- Sizin İtaliyaya köçdüyünüz, Milan şəhərində məskunlaşdığınız haqda informasiyalar var. Bəs, Rusiya ilə əlaqələriniz hansı vəziyyətdədir?

- Mən Rusiyadan heç hara getməmişəm. Əvvəlki kimi Moskvada yaşayır və işləyirəm. Əsas biznesim Rusiya paytaxtında yerləşir. Burada əsasən investisiya fəaliyyəti ilə məşğulam. Bununla paralel olaraq İtaliyanın Milan şəhərində də biznes fəaliyyətim olur. Hesab edirəm ki, biznes fəaliyyətim hər iki ölkənin inkişafına da töhfə verir. Bu mənada mənə lazım olur ki, İtaliya və Rusiyada olum. Ancaq daha çox Moskvada oluram.

- Prezidenti olduğunuz “İNTER-SEVER” şirkəti hansı ölkələrdə fəaliyyət göstərir, əsas biznes işi nədən ibarətdir?

- Mənim əsas biznes fəaliyyətim “İNTER-SEVER” kompaniyasındadır. Hansı ki, mən bu kompaniyanı 1990-cı ilin iyununda yaratmışam və o zamandan şirkətin prezidentliyəm. Bizim kompaniya əsasən ofis icarəsi, kiçik yenidənqurma işləri, tikinti investisiyası istiqamətində ixtisaslaşıb. “İNTER-SEVER” əsasən Rusiya və İtaliyada fəaliyyət göstərir. Lakin baş ofisimiz Moskvadadır.

- Prezidenti olduğunuz “Frenk Fond”u fəaliyyət göstərirmi, əgər göstərirsə, konkret hansı istiqamətdə və hansı şəhərlərdə?

- Mən bu fondun vasitəsilə əsasən 1990-2000-ci illərdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşam. Sonra “Frenk” Fondunu, Xalq Vətənpərvərlər Birliyinin, eləcən də “Azərbaycan XXI ƏSR” qəzetinin fəaliyyətini tamamilə dayandırdım. 2005-ci ildən mənim ancaq Dünya Azərbaycanlıları İttifaqı, Dünya Azərbaycan Mədəniyyət Fondu vasitəsilə xeyriyyəçilik fəaliyyətim olub. Bu diaspora təşkilatlarının vasitəsilə mən Rusiya və Belarusun müxtəlif bölgələrində yoxsul, veteran, əlil uşaqlar, internet evlərinə köməklik göstərmişəm. Hesab edirəm ki, bu fəaliyyət dünyada milyonlarla insanın qarşısında Azərbaycanın, azərbaycanlıların çox gözəl və müsbət imicini yaradır.

- Sizdən ölkənin ən ağır illərində bir qrup əsgərin həmişə hörmət və ehtiramla danışdıqlarına şahid olmuşam. Ordubadda Soyuq adlanan yerdə əsgərlər qeyd edirdilər ki, Fizuli müəllim bizə böyük dəstək verib, yardımlar etmişdi. Hazırda Azərbaycanda dəstək verdiyiniz insanlar varmı?

- Sizə bu xoş sözlərə görə, təşəkkür edirəm. Soydaşlarımıza da təşəkkür edirəm ki, belə yaxşı əməlləri unutmurlar. Bəli, 90-cı illərdə mən hərbi forma geyərək Azərbaycan ordusu və qaçqın düşərgələrini ziyarət etmişəm, onlara ərzaq və geyim aparmışam. Lakin bu gün mən Azərbaycan diasporası olan ölkələrdə xeyriyyə fəaliyyəti göstərirəm. Bu fəaliyyət həm də azərbaycanlıların imici, nüfuzunu artırmaq və yaxşılaşdırmağa kömək edir. Azərbaycan diasporası ilə bağlı mənim aktiv fəaliyyətim, apardığım işlər Azərbaycanda xeyriyyəçilik işləri üçün vaxt yaratmır. Ancaq ilkin fürsətdə, şübhəsiz ki, Azərbaycanda da xeyriyyə işini bərpa etmək niyyətindəyik.

- Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları ermənilərlə müqayisədə çox zəifdir. Siz də diaspora prosesində iştirak edirsiniz. Niyə bizim diaspora qurumlarımız, təşkilatlarımız daima parçalanır, eyni təşkilatda olanlar alternativ qurumlar yaratmaqla zəifləməyə doğru gedirlər?

- Bizim diaspora təşkilatlarında daxili çəkişmələr və intriqalar əsasən liderlik uğrunda gedir. Hər kəs lider, məsul olmaq istəyir. Lakin bizim diasporamızın qalib gəlməsi üçün komanda fəaliyyəti lazımdır, nəinki liderlik uğrunda qarşıdurma və intriqalar. Təəssüflə deyim ki, diaspora qurumları daxilində liderlik uğrunda mübarizə sonda təşkilatların parçalanması ilə başa çatır. Hesab edirəm ki, diaspora fəaliyyətində daha çox komanda ruhu lazımdır. Azərbaycan diaspora qurumlarında bu neqativ prosesin qarşısını birdəfəlik almaq məqsədilə, iki il əvvəl təklif etdim ki, “Azərbaycan diaspor təşkilatlarının etik davranış kodeksi” adlı sənəd qəbul edək və hər bir diaspora qurumu da bu sənədə hörmətlə yanaşsın, ona əməl etsin.

Fikrimcə, qəbul ediləcək bu kodeksdə diaspora qurumlarının üzləşdiyi problemləri həll edə biləcək qaydalar, diaspora işinə qoşulmaq istəyən soydaşlarımız üçün meyarlar olmalıdır. Məsələn, təşkilatlarda qərarlar güc və nüfuzla deyil, kollektiv şəkildə də qəbul edilməli, diaspora qurumlarında kollegial orqan fəaliyyət göstərməlidir. Bu mexanizm daha məqsədəuyğundur və komanda şəklində fəaliyyətə səbəb ola bilər. Başqa sözlə, bu cür mexanizm komanda ruhunu yaradar və fərdi liderlik uğrunda mübarizəyə son qoyar. Bu, eyni zamanda diaspora fəaliyyətinin effektivliyini artırar. Eyni zamanda azərbaycanlıların daha yaxşı imicini yaratmaq, Azərbaycanın nüfuzunu qaldırmaq üçün diaspora qurumlarının liderləri bir-birilə mübahisələrə son qoymalı və bu münasibətləri media resurslarına gətirməməlidir.

Ümumiyyətlə, bizim diaspora qurumlarımızda olan soydaşlarımz bir qızıl qaydaya əməl etməlidir: Azərbaycan və azərbaycanlılar haqqında ümumiyə ya müsbət danışmaq, ya da susmaq lazımdır. Hesab edirəm ki, “Azərbaycan diaspor təşkilatlarının etik davranış kodeksi” adlı sənədi dünyada Azərbaycan adına fəaliyyət göstərən bütün diaspora qurumları qəbul etməli və bu öhdəliklərə əməl olunmalıdır.

- Dünya Azərbaycanlılar Assambleyasının yaradılması xəbəri ortaya çıxdıqdan sonra ölkə mediası sizin ictimai-siyasi baxımdan aktivləşdiyiniz haqda xəbərlər yayır. Buna münasibətiniz necədir?
- Əslində, bu suala yuxarıda cavab verdim. Ancaq bir daha qeyd etmək istəyirəm ki, mənim aktivliyim Dünya Azərbaycanlıları İttifaqı, Dünya Azərbaycan Mədəniyyət Fondunun rəhbəri olaraq ortaya çıxıb, əsasən diaspora və sosial xarakterlidir. Hazırda mənim heç bir siyasi fəaliyyətim mövcud deyil.

NEMƏT


Müəllif: