25 İyun 2014 12:37
1 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elçibəylə görüşdüyüm evin sahibinin kim olduğunu bugünədək bilmirəm"

“Sözüm kimlərinsə xoşuna gəlmirsə, gedib su içsin”

Müsavat Partiyasının Divan üzvü Almaz Əliqızı Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəylə tanışlığından danışıb. Dünən 76 yaşı olan Ə.Elçibəy barədə xatirələrini danışan A.Əliqızı təmsil olunduğu partiyanın qurultaya hazırlığından da bəhs edib. Müsahibə alanda Salyan şəhərinə yola düşən Divan üzvü sözügedən şəhərdə Elçibəyin doğum günü ilə bağlı tədbirin keçiriləcəyini söylədi.

- Almaz xanım, Elçibəyin doğum günü ilə bağlı tədbiri kim təşkil edir?
- Salyanda “Əbülfəz Elçibəy xatirələrdə” adlı bədii kompozisiya keçiriləcək. Biz müsavatçılar o tədbirə gedirik. Tədbir KXCP-nin rayon təşkilatının rəhbəri Ədalət Yusibovun təşkilatçılığı ilə keçirilir. Bu cür tədbirlər artıq ənənə halını alıb. Bizi də həmişə dəvət edir. Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi elə qeyd olundu ki, heç Bakıda hansısa rayon təşkilatı o cür keçirə bilməmişdi. 500 nəfərlik şadlıq sarayında millət toplaşmışdı. Salyan rayonunda bütün müxalifət partiyaları çox mehribandır və tədbirlərdə bir yerdə olurlar.

- Əbülfəz Elçibəylə tanışlığınız necə olub? Tələbəsi olmusunuz?
- Yox, tələbəsi olmamışam. Amma gənc yaşlarından Elçibəylə tanış olmuşuq. 1970-ci illərin axırlarında Kamil Vəli Nərimanoğlu bir gün gəldi, dedi ki, səni bir yerə aparacağam. Soruşdum ki, hara? Dedi ki, əvvəldən deməyəcəyəm. Biz daim onunla Azərbaycanın müstəqilliyindən, güney məsələsindən danışardıq. O, mənim ruhumu, düşüncəmi bilirdi. Mən başa düşdüm ki, məni elə-belə yerə aparmaz. Biz gedəndə ilk dəfə Xudu Məmmədovu, Əbülfəz Elçibəyi, Abbas Abdullanı gördüm. Elçibəy həmin illərdə Bakı Dövlət Universitetində dərs desə də, onu yaxından tanımırdım.

- Görüş harada oldu?
- Kiminsə evi idi. O evləri gizli saxlayırdılar, deyilmirdi. Getdiyimiz evin sahibinin kim olduğunu bilmədim, hətta bu günə kimi də bilmirəm. O görüşdə, bəlkə də, təcrübə və yaşca ən kiçik adam mən idim. Elçibəy məni görüb çox sevindi, dedi ki, xanım, sizin haqqınızda eşitmişəm, mənə deyiblər ki, siz millətsevərsiniz, eyni zamanda cəsarətlisiniz. Sovet dönəmi idi axı o zaman. Elçibəy qayıtdı ki, istəyirik ki, sizin kimi gələcəyi olan ziyalılarımızı indidən yığaq. Orada çox şeydən söhbət etdik. İlk dəfə Elçibəyi orada gördüm. İkinci dəfə Xudu Məmmədovun emalatxanası vardı orada yığışdıq. Ondan sonra Əbülfəz Elçibəylə münasibətlərimiz davam etməyə başladı.

- Söhbətinizin məğzi nə idi? Həmin dövrdə tələbə təşkilatları vardı, dərnəklərə Siz də rəhbərlik edirdiniz?
- Artıq bu, demək olar ki, açılıb. O vaxt məni ona görə inamla çağırmışdılar ki, barəmdə hər cür məlumat toplayıb öyrənmişdilər. Dedilər ki, çalışacağıq ki, bütün ali məktəblərdə yavaş-yavaş belə gənclik təşkilatları yaradaq. Necə Rəsulzadə 1902-ci ildə Müsəlman Gənclik Təşkilatı yaratmışdı, biz də gənclər arasında belə təşkilat yaratmaq istəyirik. Sonradan mən də o təşkilata üzv oldum. Bu təşkilatda 3 nəfər vardı. Onlardan 1 nəfər o biri təşkilatın 1 nəfərini tanıyırdı. Əlaqələri də bir-biri ilə bu cür saxlayırdılar. Yəni, tutulanda hamı tutulmasın.

- Sizin təşkilatda kim vardı?
- Mən, universitetdən Maral xanım, bir də bir qız vardı, adını unutmuşam, sonradan İsrailə köçdü. Biz üçlük idik. Bizim təşkilatda vasitəçi mən idim. O biri təşkilatdakı 1 nəfərlə əlaqə saxlayırdım, görəcəyimiz işləri planlaşdırırdıq. Digər 2 nəfəri tanımırdım. Belə olan halda yarımız tutulacaqdıq.

- Bu dərnəklərdə əsas məqsəd nə idi?
- Biz Bakı Dövlət Universitetində bunu yaratdıq. Məqsədimiz sırasında güney məsələsi də vardı. Amma Elçibəy deyirdi ki, əvvəl Azərbaycanda müstəqillik yaransın, ondan sonra biz güney məsələsini başlaya bilərik. Bu, Elçibəyin ən böyük arzuları idi.

- İlk görüşdə əsas söhbət dərnəklə bağlı idi?
- Orada XIX-XX əsrdə Azərbaycan ziyalılarından danışırdıq, kimlərdə daha işıqlı söhbət və mesajlar olub, onlardan hansı daha çox milli məsələni qoyub, Həsən bəy Zərdabidən tutmuş Bakıxanov, Mirzə Fətəli Axundov haqda söhbətlər aparırdıq. Gördünüz, 1988-ci ayağa qalxan birinci gənclər oldu. Bayraq birinci noyabrın 17-də universitetdən qalxdı. Bizim oğlanları tutub aparmaq istəyirdilər. Əllərindəki bayrağı polislər alıb cırırdı, ayaqlarının altına atıb deyirdilər ki, Xalq Cəbhəsinin bayrağıdır. Amma başa düşmürdülər ki, bu, bizim ilk cümhuriyyətimizin bayrağıdır. Rəhmətlik Gültəkin ana bayrağı gətirib. Amma universitetdə ilk dəfə bayraqları üç rəng parçalar alıb yataqxanada qızlar tikmişdi. İnandığım tələbələri yığmışdım, gecə səhərə qədər bayraqları tikdik. Yadıma gəlir ki, gecə saat 3-də evə gəldim. Universitetdə bayrağı qaldıranda gördük ki, polislər imkan verməyəcək. Allah rəhmət eləsin, rəhmətlik Əlisəfa adlı oğlan vardı, çox fəal idi. Onu qəzaya saldılar. Səhər neçə min tələbə binanın qabağına yığışdı. Maral xanıma dedim ki, oğlanları birinci mərtəbəyə yığaq, oradakı ayaqyolunda köynəyi qaldırıb bayraqları bədəninizə dolayın, üstdən də köynəyi salın. Gördünüz ki, çoxalmışıq, bizə gücləri çatmır, bayrağı qaldırarsınız. Bayrağa taxta da vurmamışdıq ki, deyərlər bizə hücum edirlər. Uşaqlar bədənlərinə bayrağı dolayıb çölə çıxanda gördüm ki, məni tutub avtobusa basdılar. Düşündüm ki, yəqin, məni aparacaqlar. Birdə gördüm, avtobus öz-özünə gedir. Qorxdum, elə bildim ki, zəlzələdir. Sən demə, oğlanlar avtobusu qaldırıb əlləri ilə aparırlar. Avtobusu saldılar yerə şüşəsini sındırıb məni çıxartdılar. Bizim rektorumuz Yəhya Məmmədov uşaqların qabağına keçdi, onların qarşısını saxlaya bilmədi. Rəngi ağappaq idi, yazıq dedi ki, əgər mənim tələbələrim gedirsə, qabağını ala bilmirəmsə, mən də onlarla birgə gedəcəyəm. Politexnik universitetinin tələbələri ilə danışmışdıq, orada oğlan çox idi axı. Demişdik ki, yarıb keçə bilsək, siz də düşərsiniz aşağı. O vaxt da “Politexnik”in qapısı əsas küçəyə açılırdı. Bizim səsimizi eşidən kimi, qapı lapdan açıldı, auditoriyadan tələbələr düşüb bizə qoşuldu. Elə ki çoxaldıq, bayraqları çıxardılar, Hüseyn Cavid adına parkı keçib Şəhidlər Xiyabanından üzüaşağı Azadlıq meydanına getdik. 1988-ci ildə ilk Milli Azadlıq Hərəkatı bax BDU-dan başladı, biz meydana gedəndə yolboyu xalq qoşulurdu, artıq bunun qabağı alınmaz oldu.

- Elçibəy elə insan idi ki, onu sevməyənlər belə onu lider kimi görürdü, onunla bir masada əyləşirdi. Bütün müxalifəti öz ətrafında birləşdirmişdi. İndiki müxalifətsə...
- Zamanı nəzərə almaq lazımdır. Dövr ayrı idi. Müəyyən məqamda hətta Elçibəyi də inkar edənlər oldu. İndi başa düşürlər ki, səhv ediblər. 70 illik Sovet əsarətindən çıxmışdıq, xalq azadlıq istəyirdi. Bu mücadilənin önündə Elçibəy gedirdi. Ona görə də hamı onun ətrafında birləşmişdi. Amma hər adam lider ola bilməz. Liderlik xüsusiyyətləri Tanrı tərəfindən verilir. Elçibəy sağ olsaydı, tərəddüd edirəm, bugünkü müxalifəti birləşdirə bilərdi, yoxsa yox. Çünki özünü o qədər yüksək bilənlər var ki. Mən məəttəl qalıram. Bəlkə, onlarla Elçibəy də bacarmazdı.

- İndiki müxalifətçilərlə?
- İnsanlarda mənəm-mənəmlik iddiası artıb. Azərbaycan müstəqillik əldə edəndən sonra elə bil ki, hər kəs birinci olmaq istədi. 70 illik əsarətdən qurtulandan sonra elə iddialılar ortaya çıxdı ki. Hətta özlərini Elçibəyə tay tutanlar oldu. 15-20 nəfəri ətrafına yığan özünü lider sayır. Başa düşə bilmirlər ki, böyük məsləkə çatmaq üçün birləşmək lazımdır. Cırtdan partiyalar nəyə lazımdır? Gəlib birləşsinlər də. Yox, mümkün deyil, hamı partiya lideri olmaq istəyir. Amma baxırsan gücləri yoxdur axı. Bu sözüm kimlərinsə xoşuna gəlmirsə, gedib su içsin. 15 nəfər dostunu ətrafına yığana partiya sədri demək olmaz.

- Müsavat partiyası öz başqanını seçməlidir. Dediniz ki, bir çoxlarında mənəm-mənəmlik var. Kimi özünüzə başqan görürsünüz?
- Mən mənəm-mənəmlik iddiasını Müsavat üçün yox, Azərbaycan siyasi palitrası üçün dedim. Mənim aləmimdə birləşdirici fiqur İsa Qəmbərdir. Bu işin içindəyəm, elə hadisələr olur ki, çoxları xoşagəlməyən sözlər deyir. Zaman olub ki, İsa bəy susub, üstündən keçib, böyüklük edib. Siyasətçidə, liderdə birləşdiricilik nədən irəli gəlir? O, çox şeyləri udur.

- İsa Qəmbərdən sonra kim başqan ola bilər?
- Fikirləşirəm ki, hələ məqsədlərimizə nail olmamışıq. Partiyanın özünün də nizamnaməsi var. Müsavat demokratik təşkilatdır, orada hər şeyi seçki həll edir. İsa bəy də təkidlə deyir ki, növbəti seçkidə başqan olmaq istəmirəm və namizədliyimi verməyəcəyəm. İsa Qəmbər olmayacaqsa, Müsavat da qısır partiya deyil ki. Kifayət qədər insan var ki, öz namizədliyini verəcək. Partiyalar da öz seçimini edəcək.

- Başqanlığa potensial namizəd kimi Arif Hacılı və Qubad İbadoğlunun adı çəkilir. Bu iki şəxsdən hansının başqan olmasını istərdiniz?
- Hər iki şəxsə böyük hörmətim var. Onların hər birinin partiya lideri olmaq üçün kifayət qədər müsbət cəhətləri var. Ola bilər birində bir az çoxdur. Birində azdır. Tutaq ki, Qubad bəy İsa bəy kimi daha təmkinlidir, Arif bəy daha çox həmişə hadisələrin önündə gedir. Hərəsinin özünün müsbət və mənfi keyfiyyətləri var. Amma yeri gələndə bunu tərəziyə qoyub ölçmək olar. İnsanlar, o cümlədən mən zamanı gələndə seçimimizi edəcəyik. Çox arzu edirəm ki, İsa bəydən sonra kim başqan olacaqsa, ilk növbədə partiya maraqlarını önə çəkəcək, partiyanın bütövlüyü və monolitliyi qorunacaq. Bu, bütün müsavatçıların istəyidir.

- Özünüz namizədliyinizi irəli sürməyi düşünmürsünüz?
- Mənə çox təkliflər olub. Konkret olaraq rayon şöbələrindən mənimlə bağlı təkliflər olunub. Mən istəməmişəm, demişəm ki, zamanı gələndə baxarıq.

- Bir qrup müsavatçı hesab edir ki, kiçik zalda olsa belə, qurultay keçirilməlidir. Digər kəsim isə qurultayın 2015-ci il parlament seçkilərindən sonraya qədər təxirə salınması və daha yaxşı zalda qurultay keçirilməsinin tərəfdarıdır. Siz hansı fikrin tərəfdarısınız?
- Mən o fikirdəyəm ki, qurultay Müsavatın adına layiq keçirilməlidir. Qocaman partiyanın qurultayını xırda yerdə keçirilməsini onun adına yaraşdırmıram. Hər bir partiya üçün qurultay əslində bir bayrama, təntənəyə çevrilməlidir.

- Yəni, böyük zal təklif olunmazsa, təxirə salınmasını istəyirsiniz?
- Əslinə qalsa, belə fikirləşirəm. Görəndə ki, məcburiyyətdir, partiya nizamnaməsinə əməl etməliyik, başqanın sözünə qulaq asmalıyıq. Divanın sonuncu iclasında İsa Qəmbər hətta konkret tarix də qoydu. Dedi ki, qurultayın sentyabrın 27-də keçirilməsində israrlıyıq. Yer verilsə də, verilməsə də, keçiriləcək. Mənim kimi düşünənlər deyəndə ki, adımıza layiq təmtəraqla keçirək, onda deyirlər ki, bunlar qurultayı keçirmək istəmirlər. Ona görə də İsa bəy dedi ki, yaxşı yer olsa da, pis yer olsa da, qurultayımızı keçirəcəyik.

Nərgiz Ehlamqızı


Müəllif: