2 İyul 2014 13:04
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novella Cəfəroğlu: “Biz bir manat da almamışıq, amma Leyla Yunus alıb”

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak edən hüquq müdafiəçiləri artıq Bakıya qayıdıb. Hüquq müdafiəçiləri Strasburqda bir sıra görüşlər keçirib, eləcə də, assambleyada aparılan müzakirələri müşahidə ediblər. AŞ PA-da aparılan müzakirələr, Azərbaycan dövlət başçısının çıxışı və buna göstərilən münasibətlər haqqında hüquq müdafiəçisi Novella Cəfəroğlu danışıb. Müsahibimiz həmçinin həmkarı Leyla Yunusun son günlər səsləndirdiyi bir sıra ittihamlara münasibətini də açıqlayıb.

- Novella xanım, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak etmisiniz. Sessiya necə keçdi, hansı məsələlər müzakirə edildi?
- Normal keçdi. Sessiyada Azərbaycan prezidenti də çıxış etdi. Hesab edirəm ki, Prezidentin çıxışı Azərbaycan dövlətinin gücləndiyini göstərdi. Prezidentin nitqi Azərbaycanı zəif deyil, güclü dövlət kimi nümayiş etdirdi. Sizə deyim ki, mən Strasburqda Türkiyə prezidenti Abdulla Gülün, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin, Ermənistan prezidenti Sarkisyanın və digərlərinin çıxışını dinləmişəm. Amma səmimi deyim ki, onlara qarşı aqressivlik müşahidə etməmişəm. Amma bizə qarşı çox aqressiv münasibət var idi. Avropa Şurasının rəhbərlərindən biri cənab Yaqland dedi ki, müsəlman ölkələri içərisində Azərbaycan güclü dövlətdir. Bu, Azərbaycan dövləti üçün vacib məsələdir. Düzdür, demokratiya ilə bağlı məsələlər də var. Amma Amerika 200 ildən çoxdur ki, demokratiya quruluşuna keçib, elə Avropada da demokratik dövlət qurulmasının uzun tarixi var. Amma bu ölkələrdə də neqativ hadisələr baş verir. Biz iyirmi illik dövlətik. Bir daha qeyd edim ki, inkişaf etmiş ölkələrdə də demokratiya ilə bağlı bəzən çatışmazlıqlara rast gəlinir. Fikrimcə, bu məqamlar vurğulansaydı, Azərbaycan üçün daha faydalı olardı. Mənim xoşuma gəlməyən bir məqam isə Prezidentə sualların çox aqressiv formada verilməsi idi.

- Bu suallar öncədən hazırlanmışdı?
- Sözsüz ki, əvvəlcədən hazırlanan suallar idi. Onu da deyim ki, İlham Əliyev uzun illər Avropa Şurasında fəaliyyət göstərib. Parlament Assambleyası İlham Əliyevi tanıyır və uzun illər onunla işləyib.

- Sessiyada Azərbaycanla bağlı başqa hansısa müzakirələr aparıldımı?
- Qarabağ məsələsi haqda bir məqamı deyim. Prezident Dağlıq Qarabağ münaqişəsi haqda elə gözəl çıxış etdi ki, hər kəs diqqətlə baxdı. Bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi həll edilsə, ermənilər çox firavan yaşayacaq. Amma indi Ermənistanda 600 min insan qalıb. Ermənilər bu ölkədən qaçır. Hansı ki, Azərbaycanın neft və qaz kəmərləri Ermənistandan keçə bilərdi. Bir sözlə, Prezident Qarabağ mövzusunda geniş, ətraflı və reallığa söykənən çıxış etdi. Eləcə də, qaz və neft mövzusunda etdiyi çıxış da xoşuma gəldi. Azərbaycanı yaxşı göstərə bildi. Azərbaycanın enerji təhlükəsizliyində rolu və yeri haqqında fikirlər işlətdi. Bilirsinizmi, bir var Azərbaycan məhəbbəti, bir də var hakimiyyətə olan münasibət. Strasburqda mənim Azərbaycana məhəbbətim daha çox idi. Əlbəttə, problemli məhbuslar məsələsində fikrimiz fərqli idi. Hesab edirəm ki, Prezidentin Parlament Assambleyasındakı nitqi çox uğurlu idi.

- Sessiyada iştirak etmisiniz. Bəs, kimlərlə görüşlər keçirdiniz?
- Biz Avropa Şurasının baş katibi cənab Yaqland ilə görüşüb müzakirələr apardıq. Eləcə də, Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə də görüşümüz oldu. Yaqland da bizimlə görüş zamanı bəyan etdi ki, dialoq lazımdır və vacibdir. Əslində, biz bunu deyəndə bizi öldürür, barəmizdə yazılar yazırdılar. Biz deyəndə ki, hökumətlə işləmək, hər şeyi hökumətlə həll etmək lazımdır, az qala bizi xəyanətkar çıxarırdılar. Hüquq müdafiəçiləri Avropa Şurasına razılaşdırılmış siyahı təqdim etdi. Biz hesab edirik ki, 29 nəfər azadlığa buraxılmalı, yerdə qalanların isə məhkəməsi getməlidir. Biz bunu əvvəldən demişik və onun da üzərində dururuq. Amma siz də bilirsiniz ki, burada bəzən 130, bəzən 150 nəfərlik siyahı hazırlayırdılar. Biz isə deyirdik ki, problemli məhbusların 29 nəfərini azad edin, digərlərinin məhkəməsini keçirin. Bununla da problem həll edilsin.

- Ancaq həmkarınız Leyla Yunus bəyan edir ki, bəzi hüquq müdafiəçilərinin siyahını azaltması hökumətə xidmətdən başqa bir şey deyil...
- Bunu Leyla Yunus deyə bilər. Bu, onun öz işidir. Siyahımızı təkcə Monitorinq Qrupu deyil, bizdən savayı daha on bir hüquq müdafiəçisi və təşkilat qəbul edir. Hamısı da bu siyahı ilə işləyir. İndi belə çıxır ki, 11 nəfər hüquq müdafiəçisi, üstəgəl Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu bir tərəfdə, Leyla Yunus isə bir tərəfdədir. Bizim siyahını özümüz də daxil olmaqla 16 hüquq müdafiəçisi qəbul edir. Əgər biz həbsdə olan hər bir şəxsin müqəddəratını həll ediriksə, elə bu cür də davranmalıyıq. Çünki onların həbsdən azad edilməsi hökumətdən asılıdır.

- Leyla Yunusun ittihamlarını necə qiymətləndirirsiniz?
- Leyla Yunusdur da, qoyun danışsın. Leyla Yunus görün neçə illərdir danışır, bizi ittiham edir. Bu ittihamların bizə nə təsiri olur. Bəyəm, nüfuzumuz azalır? Avropa Şurası siyahımızı qəbul edib, Avropa İttifaqı tərtib etdiyimiz siyahı ilə işləyir. Səfirliklər də siyahımızı qəbul edir. Əgər biz satqınıqsa və hökumətə işləyiriksə, niyə bizi bu qurumlar qəbul edirlər? Məsələn, bu adını çəkdiyim qurumlar Leyla Yunusun hazırladığı 130 nəfərlik siyahını qəbul etmirlər. Bu siyahını heç kəs ciddiyə almır, hamı bizim siyahı ilə işləyir. Rəsul Cəfərov, Emin Hüseynov və digərləri də bizim siyahını dəstəkləyir.

- Leyla Yunusun tərtib etdiyi siyahıya münasibətiniz necədir?
- Onun siyahısında Azərbaycan dövlətçiliyinin əleyhinə gedən sadvalçıların adı var. Eləcə də, terrorçuların da adı var. Mən heç Leyla Yunusun siyahısına baxmamışam, onun haqqında da danışmağa maraq göstərmirəm. Bilirəm ki, siyahımızı əksər hüquq müdafiəçiləri qəbul edir. Ola bilsin ki, bir-iki nəfər arasında fərq var. Amma ümumi mövqeyimiz var. Biz Leyla Yunusun dediklərinə hörmətlə yanaşırıq, adam hüquq müdafiəçisidir və fikirlərini açıqlaya bilər. Bu sarıdan narahatlığımız yoxdur. Qoy desin ki, biz hökumətə işləyirik. Siz iyirmi ilə yaxındır ki, bizi tanıyırsınız. Biz həmişə eyni cür işləmişik. Məlumat üçün bildirim ki, 1993-cü ildə Leyla Yunus birinci siyahını məhz məndən alıb. Leyla Yunus dünyasında insan haqları ilə məşğul olmayıb. Azərbaycan Avropa Şurasına daxil olarkən Natella Asena həbsxanalara gedərək 714 nəfərin siyahısını çıxarıb. Sonradan mən bu siyahını Eldar Zeynalova vermişəm. Həmin dövrdə kompüter yox idi. Zeynalov bu siyahını çap edib. Siyahını da Səidə Qocamanlı ortaya çıxarıb. Bir daha qeyd edim ki, ilk siyahı Eldar Zeynalovun vasitəsilə hər yerə çıxıb. İndi Leyla Yunus deyir ki, bu siyahını o hazırlayıb. Mən sizə deyirəm ki, Leyla Yunusun heç vaxt siyahısı olmayıb. Səidə Qocamanlının siyahısı olub. Heç sonuncu 130 nəfərlik siyahı da Leyla Yunusun siyahısı deyil. Bu, Rəsul Cəfərovun siyahısıdır və Leyla Yunus da oradan götürüb. İndi Leyla xanımın deməyi ilə deyil ki.

- Azərbaycan altı ay müddətinə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcək. Siz bu müddətdə nələr gözləyirsiniz?
- Hər şey hökumətdən asılıdır. Biz Nazirlər Komitəsinə sədrlik edəcəyik. Hesab edirəm ki, qarşıdan gələn altı ay müddətinə müəyyən addımlar atılacaq, bəzi məhbuslar azadlığa buraxılacaq. Biz də bunun üçün çalışacağıq. Biz insan haqlarının qorunmasına görə bir manat da almamışıq.

- Leyla Yunus son müsahibəsində Sizə işarə edərək bildirib ki, bəzi hüquq müdafiəçiləri bu siyahılara biznes fəaliyyəti kimi baxır...
- Buna biz deyil, Leyla Yunus qrant kimi baxıb. Bizi istənilən zaman yoxlaya bilərlər. Bu sarıdan çəkinəcəyimiz yoxdur. Siyahılarımızı hazırlayarkən bir manat da almamışıq.

- Bəs alan varmı?
- Bunu gedin Leyla Yunusdan soruşun.

- Leyla Yunus da deyir ki, bu işlə sizlər məşğulsunuz...
- Biz almamışıq. Amma Leyla Yunus alıb.

- Aldığını haradan bilirsiniz?
- Çünki onun siyahısı bizdə var. O, qrant layihəsi alıb ki, məhbusları müdafiə etsin. Bizdə isə belə qrant heç vaxt olmayıb. Bu, faktdır.

- Siz həm də Müsavat Məclisinin üzvüsünüz. İsa Qəmbəri 2015-ci ilə qədər partiya başqanı olaraq saxlayacaqsınız?
- Saxlamayacağıq. Qurultay keçiriləcək, hər şey də yaxşı olacaq.

- “Hər şey yaxşı olacaq” deyəndə İsa Qəmbərin başqanlıqdan getməsini nəzərdə tutursunuz?
- Problem yoxdur. İsa Qəmbər gedər, amma lider kimi qalar. Mənim mövqeyimə gəldikdə isə, İsa Qəmbər başqan olaraq qalmalıdır. Amma bu addımı atmaq da lazımdır. Başqanlıqdan getsin, amma biz bilirik ki, Müsavatın lideri olaraq qalacaq.

- İsa Qəmbəri kim əvəzləyə bilər?
- Mən bunu deyə bilmərəm. Kim seçilsə, həmin şəxs də İsa Qəmbəri əvəz edəcək.

- Siz Arif Hacılını müdafiə edəcəksiniz?
- Mən kim başqan seçilsə, onunla da əməkdaşlıq edəcəyəm.

Nemət Hüseynli


Müəllif: