8 İyul 2014 12:00
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: “İsa Qəmbər partiyamıza keçmək istəyirdi”

Suallarımıza Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavab verib. ADP sədri əsasən ötən gün qurultay keçirib Azad Demokratlar Partiyasının sədri seçilən Sülhəddin Əkbərdən, onun qurultayına dəvət edilməməsindən, S.Əkbərlə aralarında olan münasibətlərdən bəhs edib. Müsahibimiz indiyə qədər heç kimə demədiyi bir çox məsələlər haqqında da fikirlərini açıqlayıb, xüsusilə İsa Qəmbərin özünün sədrlik etdiyi partiyaya gəlmək istədiyi haqda faktı açıqlayıb.

- ADP bir aylıq məzuniyyətə çıxıb, amma Siz indi də qərargahdasınız. Bu necə məzuniyyətdir?
- Biz formal olaraq məzuniyyətə çıxmışıq. Üzvlərimiz də hazırda qərargahdadır. Biz demişik ki, kim oruc tutursa, bu onda problem yaratmasın deyə fəaliyyətinə ara verə bilər. Ancaq çox adam qərargaha gəlir. Biri məqalə yazır, digəri mətbuatla işləyir və s. Şəxsən mən kitablarım üzərində işləyirəm. Əslində effektiv işləməyin özü də məzuniyyət sayıla bilər.

- Sülhəddin Əkbər Sizi niyə qurultaya dəvət etməyib?
- Nə qurultayı, xəbərim yoxdur? Mən indi sizdən eşidirəm.

- İyulun 6-da qurultay keçirib...
- Sizi dəvət etmişdi?

- Əlbəttə.
- Mənim heç xəbərim yoxdur.

- İkiniz də naxçıvanlısınız, bir yerdə həkim işləmisiniz, sonra da birgə siyasi fəaliyyətiniz olub. Amma Sizi qurultayına dəvət etməyib...
- Mən belə məsələlərə regionçuluq prizmasından yanaşmanın tərəfdarı deyiləm. Ağac kəsilən səmtinə düşər. Hər kəsin öz səmti var. Görünür, ona görə biz o səmtdə deyilik. Yəqin, buna görə dəvət etməyib.

- Ancaq siz Naxçıvan AXC-ni birgə təsis etmisiniz, yaxın münasibətləriniz olub...
- Filosofun bir gözəl sözü var: insan axan suya eyni yerdən iki dəfə girə bilməz. Siz dedikləriniz keçmişdə olub və mütləq təkrarlanmalı deyil.

- Sizin partiya ilə S. Əkbərin partiyasının adı yaxın olduğundan indiki situasiya yaranıb?
- Partiyalarımızın adı uyğun ola bilməz. Onlar Azad Demokratlar Partiyasını qurublar və güman ki, Ədliyyə Nazirliyinə müraciətdə bu təşkilatın AzDP adlandırılmasını təklif edəcəklər. Bunun da bizim partiyaya heç bir aidiyyəti yoxdur.

- Amma Sülhəddin Əkbər Sizin sədri olduğunuz partiyanın da təsisçisidir...
- Bəli, vaxtilə olub. Sonra partiyadan çıxıb gedib. Partiya üzvü deyilsə, necə təsisçi ola bilər? Deyə bilərik ki, filankəs filan partiyanı təsis edənlərdən biri olub. Bu sadəcə onun bioqrafiyasında ola biləcək bir məqamdır.

- Amma Sülhəddin bəy müsahibələrində ADP-nin təsisçisi olduğunu deyib...
- Yanlış deyib. Deməli idi ki, mən də təsisçilərdən biri olmuşam. İndi dili çaşıb bu cür deyib də. Buna görə onu öldürəsi deyilik ki.

- ADP-nin neçə təsisçisi olub və hazırda onlardan neçəsi partiyada qalır?
- Bizim partiyanın 28 təsisçi olub. İndi təsisçilərdən ikisi partiyada qalır. Qalanlar partiyanı tərk edib.

- Təsisçilərin 98 faizinin partiyanı tərk etməsi Sizcə, üstünlükdür, yoxsa partiyada olan çatışmamazlıq?
- Əlbəttə, üstünlükdür. Bu göstərir ki, ADP bir qrupun marağına xidmət edən qurum deyil. Əksinə, ümummilli təşkilatdır ki, təsisçilər gedib və təşkilatı inkişaf etdirən yeni şəxslər meydana çıxıb.

- Siz nə zaman partiyadan gedəcəksiniz, ümumiyyətlə gedəcəksinizmi?
- Niyə getmirəm ki? Təqaüdə çıxa, xəstələnə və ya ölə bilərəm. Amma açığını deyim ki, mən partiyamı başqa bir partiyaya dəyişmərəm. Əsas məsələ budur.

- Bəs, partiyasını dəyişənlərə necə baxırsınız?
- Normal baxıram. Həmin şəxslərin partiyadan getmələrini gəlmələri zamanı düzgün seçim etməmələri ilə əlaqələndirirəm. O cümlədən Sülhəddin Əkbərin də ADP-dən getməsini zamanında düzgün seçim etməməsi kimi qiymətləndirirəm.

- ADP-nin yaranması ideyası Sizə məxsusdur, yoxsa Sülhəddin Əkbərə?
- Mən, Elman Cəlilov və Sülhəddin Əkbər AXC-nin Naxçıvan təşkilatının rəhbərliyində idik. O zaman Kommunist Partiyasının agentura şəbəkəsi bizə qarşı ciddi mübarizə aparırdı və AXC-nin bir qanadı da bu agentura şəbəkəsinin qanadı altında bizi sıxışdırırdı. O zaman biz gördük ki, AXC getdikcə xaosa düşür, qaragüruh önə keçir. Biz üçümüz AXC-dən çıxaraq Xalq Demokratik Partiyası yaratdıq. Elçibəyin özü də deyirdi ki, siz xoşbəxtsiniz ki, çıxdınız, mən də çıxardım, amma mən qaragüruhu özbaşına buraxa bilmərəm. Deyirdi ki, qaragüruhu öz başına qoysaq, böyük fəlakətlər törədər. Biz Xalq Demokratik Partiyası yaratmaq məqsədilə yola çıxdıq, Elman Cəlilov nizamnamə yazmağı üzərinə götürdü. Biz istədik nizamnaməyə müəyyən dəyişikliklər edək, amma Elman Cəlilov buna müqavimət göstərdi. Biz də anladıq ki, əgər kimsə öz fikrini mütləq hesab edirsə, gələcəkdə bir yerdə olmağımız mümkün deyil. Sülhəddinə təklif etdim ki, gəl özümüz başqa yol seçək. Xalq sözünü partiyanın adından çıxardıq və Demokrat Partiyası ortaya çıxdı. Bu, avtomatik meydana çıxan ideya idi. Biz ikimiz bunu təşkilatlandırdıq, birgə nizamnamə və proqram yazdıq, iclaslar keçirdik. Beləcə proses davam etdi. Bir müddətdən sonra o partiyadan getdi. Gördüyünüz kimi, mən partiyada qalıram.

- Aranızda soyuqluq burdan yarandı?
- Aramızda nə soyuqluq, nə də istilik yoxdur. Bizim heç o vaxtda qeyri-adi yaxınlığımız olmayıb. Sadəcə, Sülhəddin Əkbər bizim işlədiyimiz yerə gəlmişdi, ekspertizadan təcrübəsi yox idi. Mən də təcrübəli həkim idim. Ona öz təcrübəmi öyrədən zaman insan kimi yaxınlaşdıq. Gördüm ki, Sülhəddin bəy ağıllı oğlandır, qabiliyyətli uşaqdır. Ona üzvü olduğum gizli dərnək haqda dedim. O da böyük həvəslə bu prosesə qoşuldu. Beləcə, Sülhəddin bəy Naxçıvandakı gizli dərnəyin üzvlərindən biri oldu.

- Siz demək istəyirsiniz ki, həm də Sülhəddin Əkbərə müəllimlik etmisiniz?
- Bu sözləri deyib mənim adımdan nəsə ortaya çıxarıb intriqa yaratmaq məqsədi güdürsünüz. Bu mənada sizi anlayıram. Bunun axı nə mənası, müəllimi olub-olmadığımın buna nə aidiyyəti var? Həm də gedib Sülhəddin bəydən soruşun ki, Sərdar Cəlaloğlunu özünə müəllim seçirsən, ya yox. Mən heç kəsə, o cümlədən də Sülhəddinə müəllim etmək iddiasında olmamışam. Göstərdiyim köməkliyi, öyrətdiyim təcrübəmi də yoldaş kimi etmişəm. Yoldaşlıq etdiyim üçün bildiyimi və təcrübəmi ona öyrətmişəm.

- Naxçıvan AXC-ni Siz, Elman Cəlilov və Sülhəddin Əkbər yaradıb. Siz onda Əbülfəz Elçibəyə yaxın idiniz, yoxsa İsa Qəmbərə?
- Nə Elçibəyə yaxın idik, nə də İsa Qəmbərə. Sadəcə olaraq, sonradan İsa Qəmbər Azərbaycan Demokrat Partiyasına keçmək istədi, belə bir niyyəti oldu. Biz bu barədə müəyyən işlər gördük. Həmin vaxt İsa bəy bir qrup adamla ŞDP yaratmışdı. İdeyalar yaxın olduğundan qısa müddətə yaxınlaşdıq və belə qərara gəldik ki, elə bir demokrat partiyası yaradaq. Bu istiqamətdə İsa Qəmbərlə danışıqlarımız oldu. Sonradan İsa Qəmbərə Türkiyədən təklif gəldi ki, Müsavat Partiyasını bərpa etsin. O da bizi dəvət etdi ki, siz, biz və yurdçular birləşərək Müsavatı bərpa edək. Biz də buna etiraz etmədik, çünki Müsavat millətimizin ən böyük miraslarından biri idi. Mən o zaman bizim partiyadan Sülhəddini bu proseslərdə iştirak üçün göndərdim. İsa Qəmbər də burada öz bildiyi kimi siyahı tutub partiyanı bərpa etdi. Əslində biz öz nümayəndəmizi göndərmişdik görək bu necə bərpa olunacaq, hansı təkliflər var. Amma Sülhəddin Əkbər qayıdıb dedi ki, bəs Müsavatı bərpa etmişik. Özü də Müsavatın Naxçıvan nümayəndəsi olmuşdu. Mən siyahını alıb baxanda gördüm ki, Yazıçılar Birliyinin bir neçə üzvü və 3-4 nəfər elmlər namizədi partiyanı bərpa edib. Özü də çoxlarının siyasətlə təması yox idi.

- Demək, Siz müavininiz Sülhəddin Əkbəri göndərmişdiniz ki, Müsavatın bərpa olunması ilə bağlı müzakirə və planlarla tanış olsun. Amma İsa Qəmbər onu Sizdən qopararaq Müsavata gətirdi?
- Mən elə söz demədim. Bu sizin qənaətinizdir.

- Siz demədiniz, amma dediklərinizdən bu nəticə çıxır...
- Mənim əlimdən heç kəs heç nə almayıb. Əgər bu, doğrudan da, siz deyən kimidirsə, onda Sülhəddin özü İsa Qəmbərlə olmaq istəyib. Çünki mən Sülhəddin bəyi özümə bağlamamışdım və onun mənimlə birgə olmasında müstəsna marağım da yox idi. Sadəcə bir yolu gedirdik, bu adam da keçdi o biri yola. Onun o biri yola keçməsi də mənə ziyan vermədi. Həm də onu partiyamızın qərarı ilə təşkilatdan qovdular.

- Demək istəyirsiniz ki, Sülhəddin Əkbər kimi təcrübəli və özünə kifayət qədər hörmətlə yanaşan şəxsi partiyadan qovmusunuz?
- Bəli. Sülhəddin Əkbər gəlib Milli Təhlükəsizlik nazirinin müavini oldu, partiyanın qərarlarına tabe olmadı. Biz istəmirdik ki, Elçibəy hökumətində partiyamızın təmsilçisi olsun. O da gedib nazir müavini oldu. Bundan sonra ADP İdarə Heyəti onu partiyadan qovdu. Məsələ bu cür olub. Açığını deyim ki, düşünmürəm ki, İsa Qəmbər onu məndən qopardı. Çünki ondan qabaq İsa Qəmbər mənimlə tanış idi, yaxşı münasibətimiz var idi. Üstəlik, Qurban Məmmədov da İsa Qəmbərlə yaxın idi. Mən özüm isə Sülhəddini İsa Qəmbərə təklif etmişdim. Demişdim ki, mən iclaslara gəlməsəm, müavinimi göndərəcəyəm. Bildirmişdim ki, Sülhəddin Əkbər ağıllı və perspektivli oğlandır. Hətta İsa Qəmbər bir dəfə mənə zəng edərək Bakıya dəvət etdi. Mən də yerimə Sülhəddin bəyi göndərdim. Elə bildim ki, Bakıda sadəcə konfrans olacaq. Həmin gün onlar AXC-ni təsis ediblər və orada kim iştirak edibsə, AXC-nin İdarə Heyətinə seçilib. Bizdən də Sülhəddin Əkbər AXC İdarə Heyətinə düşüb. Məndə bunu eşidib razı qaldım. Çünki orada kimin olmasının fərqi yox idi, əsas odur ki, təmsilçimiz orada idi. Daha kim aldı, kim verdi, kim satıldı məsələsinin mənə aidiyyəti yoxdur. Heç indi də maraqlanmıram və gələcəkdə də maraqlanmayacağam. Kiminsə mənim yanımdan çıxıb gedəcəyi, mənə arxa çevirəcəyi məni narahat etmir. Bu, siyasətdir. Camaat kəbinli arvad deyil ki... İnsanlar siyasi partiyaya gəlirlər, istəyirlər maraqlarını təmin etsinlər. Bunu edə bilməyəndə ya bitərəf olur, ya da başqa müxalifət təşkilatına keçir. Bunlar normal şeylərdir. Vaxtilə mənim müavinim olan biri indi YAP-ın üzvüdür və böyük dövlət vəzifəsində çalışır. Başqa şəxslər də var. Keçmiş ADP-çilərdən indi hakimiyyətdə işləyən əlliyə yaxın şəxs var. Amma mənim onlarla hər hansı bir əlaqəm yoxdur.

- Müxalifətdə ümumi durum necədir?
- Azərbaycan müxalifəti deqradasiya prosesindədir. Siyasi fəaliyyətin qurulmaması, birgə mübarizənin təşkil olunmaması, bir-birinə hücumlar müşahidə edilir. Məncə, Azərbaycan müxalifətinin bundan pis vəziyyəti olmayacaq.

Nemət Hüseynli


Müəllif: