22 Fevral 2017 15:51
1 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com hərbi ekspert Azad İsazadə ilə müsahibəni təqdim edir.

- Azad müəllim, son aylar cəbhədə durum ürəkaçan deyil, erməni ordusu daim atəşkəsi pozur, təxribatlar törədir. Sizcə, erməni tərəfinin bu addımları nə ilə bağlıdır?
- Sözsüz ki, cəbhədə vəziyyət qeyri-sabitdir. Buna başqa cür ad vermək olmaz. Burada bir neçə amil burada rol oynayır. İlk növbədə əsas rol oynayan amil Ermənistandakı daxili ictimai-siyasi vəziyyətdir. Erməni hakimiyyəti Qarabağda və cəbhə xəttində vəziyyəti gərgin saxlamaqla bir növ cəmiyyətin fikrini daxili iqtisadi-siyasi durumun pis olmasından yayındırmaq istəyir. Bəllidir ki, ermənilərin daxili durumu heç də ürəkaçan deyil. Ona görə də cəbhədə bu addımlara gedirlər.

İkincisi, aprel döyüşlərindən sonra yaranan duruma diqqət etmək lazımdır. Aprel döyüşlərinə qədər ermənilər həqiqətən inanırdı ki, onların ordusu nəinki Cənubi Qafqazda, hətta Avropada ən güclü ordulardan biridir. Və heç kim erməni ordusunu məğlub edə bilməz. Etnopsixoloji amilə görə bir şeyə inanırlar və bunun yalan olduğu meydana çıxanda təəccüblənirlər ki, nədən belə oldu? Aprel döyüşləri doğurdan da Ermənistan cəmiyyətini şoka saldı və bir qədər də oyatdı. Eyni zamanda bəzi istiqamətdə revanşizm hissləri yaratdı. O mənada ki, aprel döyüşləri zamanı itirilən yüksəklikləri geri almaq istəyirlər. Digər tərəfdən Ermənistanda bəziləri düşünür ki, biz real qüvvə ilə rastlaşmışıq, odur ki, sülhdən danışmaq daha realist olardı. Ona görə diqqət edin, sülh platformasına qoşulan ermənilərin sayı getdikcə artır. Sözsüz ki, belə amillər çoxdur. Mən iqlim amilini də qeyd etmək istərdim. Çünki bir azdan yüksəkliklərdə qar əriyəcək, döyüşlər üçün daha münasib imkanlar yaranacaq.

- Ötən həftə erməni diversiya kəşfiyyat qrupları cəbhədə təxribat yaratmağa cəhd etmişdi. Bu təxribatlar nəyə hesablanıb?
- Bu kəşfiyyat hərəkətlərinə əslində döyüş kəşfiyyatı deyirlər. Deməli, əsas məqsəd Azərbaycan müdafiə sistemində zəif nöqtələri tapmaqdır. Bəzən diversiya qrupuna konkret tapşırıq verilmir ki, cəbhə xəttini keçərək hansısa hərəkətlər etsin. Sadəcə olaraq, yoxlamaq istəyə bilərlər ki, gözətçi postları nə qədər diqqətlidir, hazırlıqlıdır. Həmçinin gözətçi postlarımızda nə qədər qüvvə var, hansı silahlardan istifadə edilir. Belə hallarda sözsüz ki, həmin diversiya kəşfiyyat dəstələri atəşə tutulur. Bu zaman onlar müəyyən etməyə çalışırlar ki, atəş hansı silahlardan açılır, burada nə qədər pulemyot, snayper və ya digər markalı silahlar var. Onlar ola bilsin ki, bunu yoxlamaqla hansı istiqamətdə zəif və boşluq tapa biləcəklərini müəyyən etmək istəyirlər. Adətən, belə hallar böyük döyüşlərdən əvvəl olur. Mən istisna etmirəm ki, düşmən indidən yoxlamaq istəyir ki, zəif nöqtələr hansıdır qar əriyən kimi çalışıb hücuma keçsin. Hər halda bunu istisna etməməliyik.

- Yeri gəlmişkən, bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, fevralın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat qrupu cəbhədə Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Onlar hər dəfə itki versələr də, bu təxribatlardan əl çəkmirlər.
- Belə hərəkətləri daimi gözləmək lazımdır. Dediyim kimi, düşmən bu hərəkətlərlə bizim zəif tərəflərimizi üzə çıxarmaq istəyir.

Qeyd edim ki, bu günə qədər Azərbaycan tərəfindən erməni cəhdlərinə cavab qaytarılıb, bu zaman erməni tərəfindən heç bir irəliləmə baş verməyib. Deməli, Azərbaycan ordusu diqqətlidir, qarşı tərəfə anında cavab qaytarır və erməni ordusunun hücumunu dəf edir. Əlbəttə, bu yaxşı haldır. Ancaq sözsüz ki, bir azərbaycanlı kimi mənim üçün bu azdır. Elə hamımız üçün. Təbii ki, biz hamımız istərdik ki, Azərbaycan ordusu daha çox ərazi götürsün, 2 apreldə olduğu kimi irəliləsin. Ola bilsin ki, bu fikirlər bir qədər də emosional tələbatdır. Xalqımızda qələbə arzusu var. Anlayırıq ki, bu qələbəni hazırlamaq lazımdır. Ona görə də, qiymətləndirmə belədir ki, indiki vəziyyət kifayət edə bilər, ancaq arzu və istəklərimiz daha yüksəkdir. Bu səbəbdən də nə isə gözləyirik.

- Son günlər bəzi mətbuat orqanları Azərbaycan və Ermənistanın silahlanma tendensiyası haqda informasiyalar açıqlamışdı. Siz tərəflərin silahlanma hərəkatlılığı haqda nə deyə bilərsiniz?
- Bəli, Azərbaycan hərbi arsenalını Ermənistanla müqayisədə bir neçə dəfə artırıb. Son məlumatlara görə, Azərbaycan silahlanmada düşməndən 20 dəfə öndədir. Nəzərə almaq lazımdır ki, 20 dəfə artım təbii prosesdir. Birincisi, sabah cəbhədə hərbi hərəkətlilik olacaqsa, erməni tərəfi hücuma keçməyəcək. Hücuma keçən biz olacağıq. Hücuma keçən tərəfin gücü də qarşı tərəflə müqayisədə azı birin beşə olmalıdır. Dağlıq ərazilərdə hücuma keçən tərəfin gücü birin yeddi və ya on nisbətində olmalıdır. O cümlədən də hücum edən tərəfdən itkilər müdafiə olunan tərəflə müqayisədə çox olur. Sözsüz ki, biz bunu hazırlamaq üçün ehtiyatlarımız olmalıdır. Ehtiyat deyərkən mən silah, sursat və insan resursunu nəzərdə tuturam. Əlbəttə, insan resursu təbii prosesdir və şükürlər olsun ki, Azərbaycanda bu proses normal gedir. Və getdikcə əhalimiz artır. Odur ki, döyüş baxımından bizdə insan ehtiyatı kifayət qədərdir. Silah və sursat məsələsinə gəldikdə deyim ki, biz hücum edəcəyiksə, deməli, bu bir günlə məhdudlaşmayacaq. Bəzən belə proses on gün davam edir. Bu zaman texnika xarab ola bilər və onu əvəz etmək üçün ehtiyat olmalıdır. Yəni texnikanı həmin an ala bilmərik, əvvəlcədən hər şey alınmalı və ehtiyat yaradılmalıdır. Odur ki, mən buna hərbi baxımdan təbii proses kimi baxıram. Həm də bir məqamı nəzərdən qaçırmayaq, silahlanma əks tərəfin iqtisadiyyatına ciddi zərbələr vurur. Biz silahlanmaqla həm də əks tərəfi məcbur edirik ki, o da silahlansın. Ermənistan iqtisadiyyatı pis vəziyyətdə olduğu üçün onlar bu zaman daha böyük iqtisadi təzyiq altına düşürlər. Fikrimcə, bu prosesin özü də, döyüş növüdür. Sadəcə hərbi deyil, iqtisadi müharibədir. İqtisadiyyatı zəif olan tərəf bu döyüşdə daha çox itirir.

- Ermənistan həm də parlament seçkilərinə hazırlaşır, hazırda seçki kampaniyası gedir. Maraqlıdır, seçki kampaniyası gedən bir ölkə niyə cəbhədə belə gərgin durum yaratmaqda maraqlıdır?
- Birincisi, erməni cəmiyyətində sülhdən danışan insanların sayı çoxalıb. Deməli, müharibə tərəfdarları, işğalçı müharibədə iştirak edənlər hazırda Ermənistanda hakimiyyətdədir. Və onların yeganə şüarı odur ki, ermənilər bir yerdə olmalıdır. Onlar cəmiyyəti bu şüar altında toplamaq və seçkilərdə səs almaq üçün sözsüz ki, Qarabağ mövzusunu aktuallaşdırırlar. Çünki cəmiyyətdə əksə tərəfdə sülhdən danışan, Azərbaycanla barışmaq haqda danışan az da olsa, qüvvələr formalaşır. Bu qüvvələr az deyil, sadəcə dünənə qədər onlar səslərini qaldırmağa qorxurdular. Bu fikirlərini dar çərçivədə, Ermənistandan kənarda deyirdilər. Amma Ermənistan daxilində bu mövzu bağlı idi. Son 4-5 ayda erməni cəmiyyətində bu mövzu aktuallaşdı, 15-20 nəfər açıq danışırsa, deməli onların arxasında olan, amma susan insanlar da var. Bunlar sabah Ermənistanda öz səsləri ilə nəsə göstərə bilərlər.


- Hazırda erməni cəmiyyəti müharibə istəyir, yoxsa sülhdə maraqlıdır?

- Bütövlükdə erməni cəmiyyətinin vahid mövqeyi haqda konkret danışmaq səhv olardı. Lakin erməni cəmiyyətində müharibə istəyən təbəqə mövcuddur və sayı da az deyil. İkincisi, unutmayaq ki, müharibə əhval-ruhiyyəsini stimullaşdıran vahid erməni kilsəsi də mövcuddur. Kilsələrin rolu əvvəlki illərlə müqayisədə azalsa da, amma tam aradan çıxmayıb. Bu amil hələlik mövcuddur. Həm də qeyd edək ki, müharibə veteranları indi Ermənistanda hakimiyyətdədir. Prezidentdən tutmuş, nazirlər, deputatlar və o cümlədən bütün siyasi, sosial, iqtisadi idarəetmə veteranların əlindədir.

- Seçkidən sonra Ermənistanda nəsə baş verə bilərmi?
- Əvvəlki seçki təcrübəsinə nəzər salanda görürük ki, bu ölkədə seçkilər böyük etirazlarla müşahidə edilib. Sözsüz ki, bu dəfə də seçkilərin şəffaf olacağını düşünmək doğru olmazdı. Mən erməni cəmiyyətində gedən prosesləri kənardan izləyirəm, amma içəridə nələrin baş verdiyini demək çətindir. Ancaq istisna etmirəm ki, hakimiyyətdə olan qüvvə iqtidarı əlində saxlamağa çalışacaq. Odur ki, seçki və ondan sonra nələrin baş verə biləcəyini demək çətindir.

- Ermənistan həm də bu seçkilərlə parlamentli respublika quruluşuna keçid edəcək. Sizcə, parlamentli respublika quruluşu güclü prezident institutundan fərqli olaraq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilərmi?
- Mənim qənaətimcə, ermənilərin ümumi mövqeyində dəyişiklik baş verməyəcək. Orada sadəcə, papağı Əlinin başından Vəlinin başına qoyurlar. Prosesi cəmiyyət həll etmirsə, deməli, hansısa qruplar çalışacaq ki, önə çıxsın. Və nəhayət, xarici təsiri yaddan çıxarmayaq. İlk növbədə də Rusiyanı. Başa düşməliyik ki, Qarabağ məsələsində bizim üçün İrəvanın deyil, Moskvanın mövqeyi daha vacibdir.

Nemət


Müəllif: