3 Mart 2017 16:31
2 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa ilə müsahibəni təqdim edir.

- Fazil bəy, son zamanlar bəzən deputatlar belə türkçülüklə bağlı müəyyən fikirlər işlədir və bu ciddi reaksiyalara, etirazlara səbəb olur. Sizcə, təcrübəli siyasətçilərin belə fikirlər işlətməsinə səbəb nədir?
- Səbəb əslində insanların durduğu platformadır. Ola bilsin ki, insanların bir qismi düşünür ki, durduğu platforma, özünün düşüncə sistemi daha doğrudur. Həm də düşünülə bilər ki, cəmiyyətdə status əldə edəndən və ya mötəbər mövqe qazanandan sonra bunu etmək lazımdır. Bu zaman başqalarını incidə biləcək ifadələr işlədirlər. Məsələn, belə ifadə deyilə bilər ki, mən filan millətə məxsusam və öz millətimlə fəxr edirəm. Bu normal qəbul edilər və bizim də məsələyə münasibətimiz olmaz. Amma ümumiləşdirilmiş şəkildə, başqalarının milli hisslərinə yönələn inkaredici və qəbuledilməz ifadələrin işlənməsi müəyyən reaksiyalar verir. Bunu özləri də bilir. Bəlkə də bizim impluslarımızı, reaksiyaları yoxlamaq istəyirlər ki, görsünlər, biz necə düşünürük, doğurdanmı məsələni belə sakitcə qarşılayacaq, onun üzərinə getməyəcəyik. Amma, mən hesab edirəm ki, biz bu kimi məsələlərdə həssaslığımızı ifadə etdiyimiz səbəbindən görə bilirlər ki, bu məsələlərdə rahatlıqla davranmaq olmaz. Açığını deyim ki, mənim Arif Rəhimzadəyə xüsusi hörmətim var. Ən azından bir insan kimi dürüstlüyünə və obyektivliyinə. Əlbəttə, siyasi mövqeyi, müstəqillik layihəsinə səs verib-verməməsi artıq siyasi xarakterlə bağlı məsələdir. Amma elə məqam var ki, orada güzəştli davranmaq olmaz, ortaya mövqe qoyulmalıdır. Çünki bunlar bizim faydalı dəyərlərimizdir. Bəzən xalqın faydasız dəyərlərinə qarşı mən də sərt mövqedə oluram və bunu anlayışla qarşılamayan insanlar olur. Amma mən fikrimi əsaslandırıram ki, bu model bizim dəyərlərimizə uyğun gəlmir. Fəqət ümumilikdə bu millətin və dövlətin qurucusu olan etnosu görməzdən gəlmək, sanki türk adına utanc kimi baxmaq yolverilməzdir. Biz də bu məsələdə mövqeyimizi ifadə etdik. Məncə, insanlar bundan dərs çıxarmalı, gələcəkdə statuslarının necə olduğunu nəzərə almayaraq daha məsuliyyətli olmalıdır.

- Siz sosial şəbəkədə xüsusi aktivliyinizlə seçilirsiniz. Məlum hadisə sosial şəbəkədə ciddi müzakirə olundu, yüzlərlə insan tənqidi reaksiyasını ifadə etdi. Necə düşünürsünüz, belə tənqidlər siyasətçilərin fəaliyyətində izlər buraxırmı?
- Bu məsələ əsasən ictimai rəydə izlər buraxır. Bizdə ictimai rəy siyasətə çox təsir edə bilmir. Siyasət bir qədər dar istiqamətdə fəaliyyət sferasına çevrilib. Siyasət əhalinin geniş spektrini əhatə etmir. Partiyalarda üzvlük məsələsindən tutmuş təmsilçilik məsələsinə qədər. Odur ki, bu kimi hallar daha çox ictimai rəydə inkişafını tapır, eləcə də insanların yaddaşında, şüur altında yer alır. Amma sabah bu davranışa görə kimisə siyasətdən çıxarmaq, uzaq tutmaq məsələsi yoxdur.

- Bu şəxslərin özləri fikirlərinin ciddi etirazlara səbəb olduğunu nəzərə alırmı?
- Əlbəttə, nəzərə alır. Burada diqqət ediləsi bir məqam da var. Arif Rəhimzadə hər halda çəkili və düzənli adamdır. Yəni öz düşündüyünü söyləyib və biz də düşündüyünün doğru olmadığını dilə gətiririk. Yoxsa, bizim onun şəxsiyyətinə yönəlik etirazımız yoxdur. Üstəlik təhqirləri də doğru hesab etmirəm. Bütün hallarda vicdanlı insan kimliyindən və niyyətindən asılı olmayaraq, böyük adamdır. Yəni biz insana təmsil etdiyi millətə görə dəyər vermirik. Ola bilsin ki, rus, yəhudi, kürd, talış və digər millətin təmsilçisi ola bilər. Amma bizim üçün daha vacibi dürüst və ədalətli insan modelidir. Odur ki, bu kimi məsələlərdə bir qədər diqqətli olmaqğımız da vacibdir. Amma bəziləri var ki, bunu təxribatçı üslubda dilə gətirirlər və hesab edirəm ki, bu yanlışdır. Yoxsa, ola bilsin ki, bunu hər kəs planladığı kimi ifadə edə bilər. Məncə, bu o qədər də təhlükəli deyil. Ancaq bunu təxribat nöqteyi-nəzərdən dilə gətirmək sözsüz ki, yolverilməzdir. Ona görə də belə məsələlərə həssaslıq göstəririk.

- Son dövrlər cəbhə xəttində gərgin durum müşahidə edilir. Sizcə, cəbhədə baş verən gərginlik siyasətdə baş verən gərginliyin alt qatından qaynaqlanır, yoxsa sırf erməni məkrindən doğur?
- Yox, burada təkcə erməni məkri məsələsi də deyil. Nə qədər ki, müharibə sona çatmayıb və ortada sülh müqaviləsi yoxdursa, habelə torpaqlarımız işğal altındadır, bu hallar gözləniləndir. Əslində isə hesablanmayan və gözlənilməyən müharibə sindromu yaşanmaqdadır. Biz də bu prosesin içindəyik. Ola bilsin ki, Bakıda kanallar daha çox əyləncəli verilişlərə üstünlük verirlər, cəbhədə problemlərin olmadığını, hər kəsi gülüb-oynamalı olduğunu, insanların çal-çağırla başını qatmalı oduğunu düşünür. Ola bilsin ki, biz Bakıda bunu görürük və düşünürük ki, müharibə deyilən bir şey yoxdur. Amma gələcəyi düşünən toplum olsaq, bir qədər perspektivə baxsaq, strateji düşüncəmiz yerində olsa, biz özümüzü səngərdə olan əsgərlə bir yerdə hiss edərik. Və özümüz daha çox müharibəyə konsentrasiya olarıq.

Yuxarıda qeyd etdiyim məqamlar ola bilsin ki, bizi bir qədər uzaq tutur, amma müharibə davam edir. Əgər müharibə davam edirsə, deməli erməni əldə etdiyini əlindən buraxmaq istəmir, biz də itirdiklərimizi geri qaytarmaq istəyirik. Odur ki, bizim marağımız daha çoxdur ki, bu prosesdə aktiv rol alaq.

İkincisi, nəzərə almaq lazımdır ki, bizim qarşımızda yalnız erməni faktoru durmur. Bizim qarşımızda həm də ciddi şəkildə Rusiya faktoru durur. Eyni zamanda Ermənistanla yüksək əlaqələrə malik olan İran faktoru durur. Biz bunları da nəzərə alaraq addımlarımızı ölçüb-biçməli oluruq. Sözsüz ki, biz çətin situasiyadayıq, amma buna rəğmən, ən azı ermənilərin bizim hər addıma daha tutarlı cavab vermək iradəmizi görməsi indiki dövrdə yetərlidir. Mən hesab edirəm ki, biz bunu davam etdirməliyik. Çünki torpaq azad edilməyənə qədər bizə dinclik yoxdur. İndiki şəraitdə erməniyə dinclik sərf edir. Amma biz erməniyə dinclik verməməliyik, onlarda da belə rəy yaratmalıyıq ki, torpağı qaytarmayınca sizə də xoş gün olmayacaq.


- Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl Avropa Birliyində görüşlər keçirdi, ondan əvvəl Münhendə təhlükəsizlik konfransında iştirak etdi. İndi bəlli olur ki, prezident martın 14-də Fransaya səfər edəcək. Azərbaycan rəhbərliyinin son vaxtlar Avropa ilə danışıqlar aparmasını necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bunu yüksək qiymətləndirmək lazımdır. Əslində Azərbaycan Avropa Birliyindən heç bir halda uzaqlaşmamalıdır. Daha aktiv səy göstərməlidir ki, bu məkanla sıx münasibətimiz olsun. Təbii ki, biz Avropadan ciddi dəstək almayacağıq. Bu mərhələ onu göstərir.

- Niyə?
- Çünki Avropanın özü Rusiya qarşısında çox aciz durumdadır və zəif siyasət izləyir. Ancaq bizim üçün ən böyük problem odur ki, Avropa Rusiya ilə birləşərək bizə təhlükə yaratmaq imkanına sahibdir. Yəni Avropa Rusiya ilə düşmən mövqeyində ola bilər, amma dərindən baxanda istənilən zaman bizə qarşı erməni mövqeyini müdafiə etmək üçün Rusiya ilə birlikdə hərəkət edə bilər. Necə ki, bizə ən çox irqi və etnik baxımdan yaxın olan İran Ermənistana dəstək verməklə bizə böyük zərbə vurur. Bu o deməkdir ki, son anda onunla dost olmayan ölkə ilə belə bizim əleyhimizə müttəfiqlik ola bilər. Odur ki, Avropa ilə biz müəyyən müsbət addımların atlmasında maraqlı olmalıyıq. Əks təqdirdə oradan da bizə qarşı zərbələr almağımız faydamıza olmaz. Çünki Rusiya profilli siyasət bizim üçün həm də təhlükəli siyasətdir. Nə qədər doğru olsa da, həm də riskli siyasətdir. Çünki Rusiyanın dostluğunun da müəyyən sərhədləri var. Rusiyanın dostluğu çox böyük qurbanlar tələb edir. Simruq quşu kimi gərək baldırdan xeyli ət kəsib Rusiyaya verəsən. Bu ağır dostluqdur. Odur ki, biz Avropa və Amerikadan əlavə zərərlər görməmək üçün müəyyən qədər yaxın münasibətlər qurmağa maraq göstərməliyik. Belə olan halda ölkə prezidenti bizdən daha geniş informasiyaya malikdir. Və hansı istiqamətdən problemlər yaşayırıqsa, onu həll etməyə üstünlük verir. Ona görə də prezidentin Avropa səfərləri vacib və önəmli səfərlərdir. Qazancımız olmasa belə itkilərimizin də qarşısını bu yolla almaq mümkündür.


- Artıq Gürcüstan və Ukrayna vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız gediş-gəliş hüququ əldə etdi. Yaxın gələcəkdə Azərbaycanla bağlı da belə qərarın verilmə ehtimalı varmı?
- Görünür bizim taleyimizdə Avropaya çıxış həmişə problemli olub. Elmdə, sənətdə, ədəbiyyatda və başqa sahələrdə də biz yuxarıya çıxışdan çox aşağıya çıxa bilmişik. Biz hələlik Şərqə vizasız gedib-gələ bilirik. Amma Qərbə vizasız gedib-gəlmək üçün bir qədər də daha fərqli istiqamətlərdə irəliləməli, siyasətimizi o istiqamətdə cilalamalıyıq. Çünki Gürcüstanın Avropa ilə bu əməkdaşlığı onun inkişafına təsir göstərəcək, vətəndaşlarının işini asanlaşdıracaq, ticarət əlaqələrini bir qədər də gücləndirəcək. Fikrimcə, bizim bu istiqamətdə geri qalmağımız yaxşı hal deyil. Ancaq hər halda düşünürəm ki, Azərbaycanın Avropa ilə təmaslarını gücləndirməsi bu işi də sürətləndirəcək. Biz o məkanı da inandıra biləcəyik ki, əslində Azərbaycan Avropaya o ölkələrdən daha yaxın dostluq və əməkdaşlıq etməyə layiq ölkədir. Çox güman ki, niyyətimiz olsa, bunu ortaya qoymaq çətin olmaz. Fikrimcə, intensiv əlaqələrin qurulması sonda buna gətirib çıxaracaq.

Cavad


Müəllif: