14 Mart 2017 16:14
1 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com hərbi ekspert Azad İsazadə ilə müsahibəni təqdim edir.

- Azad bəy, fevralın 24-26-da cəbhədə baş verən məlum gərginlikdən sonra indi ümumi durumu və tendensiyanı necə qiymətləndirirsiniz?
- Bunu qeyri-sabit və hər an qızğın döyüşlərə çevrilə biləcək vəziyyət kimi xarakterizə edirəm. İstənilən qığılcım aktiv döyüşlər fazasına gətirib çıxara bilər. Burada Ermənistanda gedən daxili proseslər, regiondakı vəziyyət və üstəlik iqlim faktoru da rol oynayır. Odur ki, qızğın döyüşlər ehtimalı gündəmdən əsla çıxmayıb.

- Martın 13-də Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi qoşunlarına qəfil döyüş hazırlığı yoxlaması əmri verilib, minlərlə əsgəri heyət, yüzlərlə hərbi texnika 100 kilometr məsafə qət edərək, poliqonlara doğru istiqamət alıb. Buna münasibətiniz?
- Fikrimcə, bunun səbəbi birbaşa Dağlıq Qarabağla bağlı olmaya bilər. Nəzərə almaq lazımdır ki, Rusiyanın Cənub Hərbi Dairənin fəaliyyət istiqaməti daha genişdir. Yaxın istiqaməti götürsək, İran və Türkiyə, uzaq istiqaməti götürsək, Uzaq Şərq regionuna Cənub Hərbi Dairəsi cavabdehdir. Sözsüz ki, ilk növbədə Cənubi Qafqazda, Ermənistan, Gürcüstan və Azərbaycanda vəziyyət də Cənub Hərbi Dairəsinin marağındadır. Bildiyim qədər Cənub Hərbi Dairənin döyüş hazırlığı əmrinə digər ölkələrin ərazisində olan Rusiya hərbi hissələri də qoşulub. Məsələn, Ermənistandakı rus hərbi hissəsi və Abxaziyada olan hərbi hissə. Bu hərbi hissələr də Cənub Hərbi Dairəsinə tabedir. Məqsəd döyüş hazırlığını yoxlamaqdır. İstisna etmirəm ki, Batumidə baş verən son hadisələr, sabiq prezident Saakaşvilinin tərəfdarlarının aktivləşməsi, apreldə Ermənistanda keçirilən parlament seçkiləri və digər proseslərin burada rolu ola bilər. Ancaq bu hərəkətlilik birbaşa Azərbaycanla bağlı deyil.

- Amma hər halda dolayısı ilə də olsa, bağlılığı var...
- Sözsüz. Amma bunun müsbət və ya mənfi olduğu haqda nəsə demək doğru olmazdı. Hazırda Azərbaycan ərazisində rus qoşunları yoxdur. Üstəlik Rusiya-Azərbaycan münasibətlərinin ən yaxın mərhələsini yaşayırıq. Yaxın keçmişdə münasibətlərdə indiki qədər istilik olmayıb. İstər Türkiyə-Rusiya, istərsə də Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir, bəzən üçlü ittifaq haqda söhbət gedir. Odur ki, bu hərəkətliliyin birbaşa ölkəmizə təsiri yoxdur.

- Maraqlıdır, Azərbaycan-Ermənistan cəbhə xəttində durum gərgindir, bu etapda Ermənistandakı rus hərbi hissəsinə döyüş hazırlığı əmri verilir, üstəlik separatçı rejim Abxaziyada hərbi hərəkətlənmə başlayır. Sizcə, niyə?
- Sizə bir məqamı xatırladım. Bizdə cəbhədə ən qızğın mərhələ ötən ilin aprelində baş verib. Amma o mərhələdə Rusiya belə bir addım atmamışdı. Sadəcə olaraq, sülhməramlı vəzifəni boynuna götürərək atəşkəsi bərpa etmişdi. İndilikdə sözsüz ki, Cənub Hərbi Dairənin bütün hərbi hissələrinə döyüş hazırlığı göstərişinin verilməsi ətrafda hamı üçün nümayişdir. Amma ən kiçik nümayiş təsirinə düşən ölkələrdən biri də Azərbaycandır. Sözsüz ki, Azərbaycana da güc nümayişi göstərilir. Amma bir əhəmiyyətli məqamı nəzərdən qaçırmayaq. Bu gün Dağlıq Qarabağla bağlı döyüşlər başlasa, 1990-cı illərdə olduğu kimi rus ordusu birbaşa və açıq formada Ermənistan tərəfindən çıxış etməyəcək. Üstəlik, ermənilərin tərəfində olduğunu da nümayiş etdirməyəcək. Deməli, bu mərhələdə hansısa ayrı səbəb var ki, belə bir güc nümayişi tətbiq edilib. 1990-cı ildə SSRİ, daha sonra Rusiya qoşunları ermənilərə dəstək verib, onun yanında yer alaraq döyüşüb. Amma bunu gizlədiblər, boyunlarına almayıblar. Ötən ilin aprel döyüşləri zamanı Rusiya faktoru rol oynadı, amma 90-cı illərdən fərqli olaraq rus amili həm də neytral mövqedə rol oynadı. Odur ki, indi Rusiya hərbi qüvvələrinin aktivliyi yəqin ki, görünməyən və bilinməyən məsələlərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, Abxaziya, Osetiyada və Batumda olan hadisələr daha yaxındır, nəinki Qarabağla bağlı məsələ.

- Prezident Əliyevin Parisə səfəri oldu, burada bir sıra görüşlər keçirdi. Daha çox diqqəti cəlb edən məqamlardan biri isə prezident Əliyevin Fransada silah istehsal edən dünyanın ən qabaqcıl şirkətlərinin rəhbərləri ilə müzakirələr aparması oldu. Bu barədə nə deyə bilərsiniz?
- Bizə aydındır ki, Dağlıq Qarabağ məsələsində Fransanın istər ATƏT-in Minsk Qrupunun həmsədri, istər Avropa Birliyinin aparıcı dövləti kimi mövqeyində dəyişiklik olmayacaq. Həmişəki kimi Fransa Azərbaycanın ərazi bütövlüyünü formal olaraq tanıyacaq, amma ərazi bütövlüyünün təmin edilməsi baxımından real addımlar atmayacaq. Amma hərbi-iqtisadi əlaqələr, o cümlədən hərbi silah-sursat və ya texnikanın alınmasında, hərbi əməkdaşlıq baxımından fikrimcə, bu, çox müsbət hadisədir. İkincisi, unutmayaq ki, Fransa hərbi-sənaye kompleksi hansısa formada Ermənistanla da əməkdaşlıq edir. Bu gün cəbhə boyunca ermənilərin praktiki istifadə etdiyi istiyə reaksiya verən gecə cihazlarının çoxu Fransa hərbi sənayesinin məhsuludur. Azərbaycan da Fransa ilə hərbi-sənaye baxımdan əməkdaşlıq etməlidir. Bu halda Fransa hərbi-sənaye kompleksinin duruma münasibəti müəyyən qədər neytral ola bilər. Bu baxımdan hesab edirəm ki, prezidentin görüşləri və apardığı müzakirələr əhəmiyyətlidir.

- Bu gün prezident Sarksiyanın Moskva səfəri başlayır. Hansısa gözləntiləriniz varmı?
- Bilirsinizmi, biz daim müsbət bir durumun olacağını gözləyirik. Çünki bir ildən çoxdur müşahidə edirik ki, Moskvanın özü rəsmi İrəvandan Qarabağ probleminin həllinə dair nəsə gözləyir. Yəni kompromis addımlar tələb olunur, lakin ermənilər hələlik öz mövqelərində dayanıb. Əgər xatırlayısınzsa, bu yaxınlarda nazir Lavrov da ümidsiz danışaraq dedi ki, daha heç nə gözləmir. Çünki ermənilər uzun müddətdir ki, nə real danışıq aparırlar, nə də kompromisə gedirlər. Hələlik bir şey gözləmirəm, amma düşünürəm ki, növbəti belə görüş nəticəsində gec və ya tez erməni tərəfi məcbur olub kompromisdən danışacaq.

Cavad


Müəllif: