20 Mart 2017 11:30
18 661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Ankarada şair Aqşin Yeniseyin müsafiri olduq. Bir müddətdir, ailəsi ilə birlikdə Türkiyənin paytaxt şəhərində yaşayan şairlə qardaş ölkənin ədəbiyyatı, siyasəti, mədəniyyəti və məişəti ətrafında söhbət etdik.

Teleqraf.com şair Aqşin Yeniseylə müsahibəni təqdim edir:

- Aqşin bəy, Türkiyədə gərgin hadisələrin yaşandığı bir vaxtda Ankarada Sizinlə görüşürük. Həm Sizin, həm də Türkiyənin vəziyyəti hazırda necədir?
- Heç birimizin vəziyyəti yaxşı deyil, mən gözümü gələcəyə dikmişəm, Türkiyə keçmişə. Cəhalət qara tornado buludu kimi gəlir Türkiyənin üstünə. Allah yenidən məscidlərdən küçələrə çıxır, evlərə, məktəblərə, fərdlərə hücum edir. Fanatizm cəmiyyətin ortaq dəyərinə çevirilir. Türkiyə öz gücünün yerini Orta əsrlərdə, nəinki İstanbulun, bəlkə də, Məkkənin fəthində axtarır. Cümhuriyyətin qurulduğu 1923-cü ilin statistikalarına baxıram, yazılıb ki, ölkədə diş həkimi yoxdur. Amma bu gün türk həkimi Aziz Sancar Nobel mükafatı alır və buna görə Atatürkün qurduğu Demokratik Cümhuriyyətə borclu olduğunu söyləyir. Əbdülhəmid İstanbulda sultanlıq etdiyi dövrlərdə türk dövlətinə canı, qanı ilə xidmət etmiş Mithat Paşanı nüfuzundan qorxduğu üçün çevrilişdə ittiham edib sürgünə göndərir. Ancaq əmr edir ki, paşanı sürgünə aparan gəmi 48 saat dənizdə İstanbulla üz-üzə dayanıb gözləsin. Səbəbini soruşduqda deyir ki, xalqın öz qəhrəmanının taleyinə münasibətini bilmək istəyirəm. Əgər xalq Mithat Paşanın sürgün olunmasına etiraz etsə, qərarımı dəyişməyə məcburam. 48 saat xalqdan səs-səmir çıxmır, hərə öz çak-çukunu edir və gəmi bu vətənpərvər dövlət xadimini sonu qətllə bitən sürgünə götürür. Türkiyənin gələcəyini mən o gəmidəki Mithat Paşaya bənzədirəm, xalqın böyük hissəsi yenə də öz gələcəyinə biganədir.

- Bir aya yaxındır ki, küçələrdə seçim kampaniyası ilə bağlı təbliğat gedir. Hər gün televiziyada siyasilər xalqı “Evet” və “Hayır”a səsləyir. Səs vermək hüququnuz olsaydı, hansı tərəfdə olardınız və niyə?
- İki seçim var; ya demokratik, dünyəvi dövlət, ya da avtoritar təbiətli ənənəvi türk dövləti. Türkiyə kimi, Azərbaycan kimi ölkələrdə demokratiyanın qüsuru ondadır ki, xalqın milli şüüru zədəlidir. Bəzən elə bu zədədən istifadə edənlər demokratik dəyərlərdən yararlanıb xalqı bir anın içində fanatizmin, fatalizmin ətrafına yığa bilirlər. Demokratiya o ölkələrdə uğur qazanır ki, orada hər min nəfərə düşən elm adamlarının, doktorların, mühəndislərin sayı, heç olmasa, üçdəbir nisbətində olsun. Biz demokratiyadan imtina etməklə, əslində, hər min nəfərə düşən doktorların, mühəndislərin, elm adamlarının say çoxluğundan imtina edirik. Avtoritarizm rus və türk xalqlarının ruhuna daha yaxındır. Çünki hər iki xalq sənayeləşmədə iştirak etməyib, modernizmi şüur hadisəsi yox, texniki hadisə kimi və avtoritarizmi möhkəmləndirmək üçün sifarişlə gətirmək istəyiblər. Modernizm şüuru bu gün də təhlükə kimi qəbul olunur. Cəmiyyət yox, icma şüuruna sahibdirlər, qanuna yox, ənənəyə sadiqdirlər. Şəxsi qisası ictimai mühakimədən üstün tuturlar. Ağılı inancın nökəri kimi görürlər. Bireylərə, fərdlərə xalqın içində gizlədilmiş ənənəvilik, kütləvilik əleyhinə minalar kimi baxırlar. Ona görə də mənə elə gəlir ki, “əvət” Türkiyəni yüz il geri, “hayır” yüz il irəli götürəcək.

- Müsahibədən öncə keçmiş CHP sədri Dəniz Baykalın “Halk” TV-dəki çıxışına qulaq asdıq. Bizim siyasilərlə, türk siyasilər arasındakı mühüm fərqlər nələrdir?
- Fərqi türk və Azərbaycan siyasətçilərinin şəxsində yox, onların yetişdiyi dövlətçilik ənənələrinin fərqində axtarmaq lazımdır. Bu gün Türkiyədə siyasətlə məşğul olan şəxslər Atatürkün qurduğu demokratik cümhuriyyətin yetirmələridir, yəni demokratik prinsiplərin belindən gəliblər. Demokratik aristokratiyanın keyfiyyətlərinə yiyələniblər. Bizdə bu aristokratiya heç vaxt olmayıb. Ona görə də həm 1918-də, həm də 1992-də demokratik hakimiyyətlər tez yıxıldı. Çünki demokratik düşüncənin arxasında üç-beş adamdan başqa heç kim yox idi. Azərbaycan xalqı isə bu gün də demokratik şüura sahib deyil. Evində olmayan demokratiyanı başqasından tələb etməyə heç kəsin mənəvi haqqı yoxdur. Ölkədə demokratiya olsa, xalq özünə İmam Mehdi deyən başdanxarabın birini gətirib keçirəcək yuxarı başa. Çünki bizim siyasətçinin və onun xitab etdiyi kütlənin demokratik düşüncə bazası, potensialı yoxdur və heç bir siyasətçi də vaxtını onu yaratmağa həsr etmək istəmir. Demokratiya təkcə idarəetmə forması deyil, bir düşüncə sistemidir. Bir dəfə Avropadan qrant alıb siqaretə, pivəyə xərcləyən gənclər təşkilatlarından biri özünə iki illik təmtəraqlı yubiley keçirirdi. Durdum dedim ki, sizin hələ nə yaşınızıdır ki, indidən yubileyə, təmtərağa girişmisiniz? Azərbaycanın ən demokrat adamı, demokratiya haqqında iki cild kitab yazmış Hikmət Hacızadə üstümə bozardı ki, xoşun gəlmirsə, bura niyə gəlibsən? Halbuki, özləri dəvət etmişdilər. Xırda tənqidə bu qədər aqressiv olan diktator təfəkkürlü demokratlarımız var. Hər kəs Feysbukda əksfikirli dostlarını repressiyaya məruz qoyub dostluqdan çıxarır. Ən kütbeyin azərbaycanlı da istəyir ki, ətrafında özü kimi düşünən, özü kimi geyinən, özü kimi yumor hissi olmayan adamlar olsun. Bu düşüncəni dəyişməyə cəhd göstərməyən istənilən siyasətçi potensial diktatordur. Çıxışına bir yerdə baxdığımız Dəniz Baykalın bir kaset olayı oldu, həmən partiya sədrliyindən istefa verdi. Bizimkinin pornofilmini də çəksən, belə addım atmaz. Çünki o, Baykalı böyüdən demokratik ənənələrdən on çəpər uzaqda oynayıb həmişə. Yalnız vid-fasonu demokratdır.

- Bakıda hazırda tarixçilər, siyasilər arasında polemika gedir. Arif Rəhimzadə, Çingiz Qacar deyir ki, biz türk deyilik, Sabir Rüstəmxanlı da deyir ki, türkük. Artıq neçə aylardır ki, Türkiyədəsəniz. Burdakı əhalini az-çox tanıyırsınız. Biz türkük mü?
- Biz qorxumuzdan deyirik ki, türk deyilik. Özümüzə türk dedik, görün nələr oldu; 20 yanvar hadisələri, Qarabağın işğalı, talış separatizmi, Xocalı qətliamı, metro terrorları. Bunlar hamısı 10 il ərzində olub. 1990-cı ildən 2000-ci illərə qədər. Holokostu çıxmaq şərtilə dünyada mənə bircə dənə nümunə göstərin ki, 10 il ərzində başına bu həcmdə qırğınlar gəlib? O gün bir dostumuz yazır ki, indiki azərbaycanlılar ağıllıdır, Elçibəy indi olsaydı, onun arxasınca getməzdilər. Düz deyir, başına 10 il ərzində bu qədər müsibət gələn indiki azərbaycanlı heç Rəsulzadənin də arxasınca getməzdi və bunun səbəbi ağıl deyil, burda yanılır. Əsas səbəb cəmiyyətdə siyasi romantizmin, idealizmin aşağılanması, onun yerini məişət praqmatizminin, mənafe düşkünlüyünün tutmasıdır. Müstəqilliyin ilk illərində Elçibəyin türkçülüyü hücumçu mövqeyinə çıxarması yanlış ola bilər, böyüklərin səhvi də böyük olur, amma hər bir xalq öz azadlığına görə öz siyasi romantikasına borcludur. Bu günki azərbaycanlının həyatının heç bir anında romantika yoxdur, (dini romantikanı çıxmaq şərtilə) ona görə cəmiyyət yerində sayır, Maleviçin “Qara kvadrat”ına oxşayır, kommunizmin romantikasından qalan elmi ehkamlarla, əxlaqi və siyasi qorxu içində yaradılmış sənətlə, musiqi ilə qidalanır, "nisbi sakitlik" adlı boz bir səssizliyin içində qurdalanır və bunun adına həyat deyir. Əlbəttə, bu adam Elçibəyin dövründə yaşasaydı, Azərbaycanın azadlığına yox, SSRİ-nin əbədiliyinə səs verəcəkdi. Yadıma bir lətifə düşdü. Bir əjdaha sevgili olan qızla oğlanın qabağını kəsir. Əvvəlcə qızdan soruşur ki, adın nədir? Qız deyir ki, Fatma. Əjdaha deyir mənim sevgilimin də adı Fatmadır, səni yeməyəcəyəm, keç bu tərəfə görək, bu qardaşın adı nədir? Oğlan da əsə-əsə deyir ki, vallah, mənim adım Məmməddir, ancaq kənddə elə hamı məni Fatma-Fatma çağırır. Məsəli Arif Rəhimzadədən, Çingiz Qacardan uzaq. Demək istəyirəm ki, türk olduğumuzu boynumuza almamağımız özünüqoruma instinktinin eyforiyası kimi də izah edilə bilər. Biz cənublu-şimallı azərbaycanlılar, Anadolu türkləri, Orta Asiyalılar, Sibir türkləri, əlbəttə, türk etnosunun üzvləriyik, bunu ört-basdır etməyə çalışan adama şərait yaratmaq lazımdır ki, öz etnik kimliyini gizlətməkdən qorxmasın. Talışdırsa, “biz türk deyilik” deməsin, rahat desin ki, mən talışam, ləzgidirsə, avardırsa, həmçinin. “Biz türk deyilik” kəlməsi “mən kürdəm, mən talışam, mən ləzgiyəm” kəlməsini deməyin quşqusu olmamalıdır. Əgər siz bu gün ayrı-ayrı coğrafiyada yaşayan türk xalqlarının folkloruna baxsanız, ortaq dil və ortaq mövzuları görəcəksiniz. Bundan ötrü dağa-dərəyə düşmək lazım deyil.

- Belə fikir var ki, eyni şəhərdə qalmaq yaradıcı adamı tükədir, onun yeni əsərlər yazmasına imkan vermir. Bu, doğrudurmu? Doğrudursa, Ankara mühiti Sizə yaradıcılığınızda nə qazandırır? Türk oxucusunun Aqşin Yeniseyi tanıması və oxuması kimi bir hədəfiniz varmı?
- Türkiyədə konstitusiya dəyişikliyi gündəmə gələndən sonra ölkədə gizli bir yır-yığış başlayıb. Elm adamları, doktorlar, aydınlar gedəcəkləri ölkələri nəzərdən keçirirlər. Ümumiyyətlə, bizdə olduğu kimi, burada da ağıllı adamlar övladlarına xarici dillərdə təhsil verməyə çalışırlar. Bu, acı da olsa net bir gerçəkliyə işarədir; bu adamlar öz övladlarının gələcəyini öz vətənlərində görmürlər. Məncə, biz türk olub-olmadığımızı yox, bu cür ciddi mövzuları dartışmalıyıq. Bu intellektual axının qarşısını almasaq, vaxt gələcək, biz özümüz də türk olduğumuzu deməyə xəcalət çəkəcəyik. Türk dili intellektual, fəlsəfi çəki qazanmaq əvəzinə, olan-qalanını da itirir. Təhsil dili kimi sıradan çıxır. Küçə, bazar dilinə çevirilir. Türk aydınının, Azərbaycan ziyalısının tükənməsinin səbəbi də budur, dil tükənir. Dünyada baş verən mədəni, elmi proseslər Azərbaycana şəxsi təşəbbüslər nəticəsində 20-30 ildən sonra gəlib çatır. Çar Rusiyası dövründə ruslar özlərinə lazım olduğu üçün mədəniyyət idxal edirdilər və süfrələrinin qırağından bizə də çatırdı. Türklərin özləri də Tanzimat dövründən sonra dünya modernizmi ilə tanış olublar. Tükənmək dünyadan təcrid olunmanın nəticəsidir. Dünya mədəniyyəti Azərbaycana gəlmədiyi, gətirilmədiyi üçün bizim aydının dünyaya qaçması təbiidir. Bioloji ana tez tükənir, istər vətən olsun, istər qadın. Türkiyədə oxunub-oxunmamaq isə gələcəyin işidir.

- Türkiyənin ədəbi mühitini necə görürsünüz? Buradakı ədəbi birliklər, dərgilərlə tanış olmusunuzmu? Yeni nəsil türk şairlərindən kimlər marağınıza səbəb olub?
- Birliklərdən çox, müəlliflər haqqında danışmaq istərdim. Çağdaş türk ədəbiyyatında bizdə hər misrasından əxlaqi, ictimai qorxaqlıq yağan ədəbi dildən fərqli olaraq, müəllif dili anlayışı çox gəlişib. Yazılı dil ilə şifahi dil arasında yerlə-göy qədər fərq var. Xüsusilə şairlər söz yaratmaqda azaddırlar. Misraya lazım olan sözü yerinə qoymaq üçün dilə yox, öz təxəyyüllərinə əl açırlar. Bizim yazar isə özünü medianın nökəri kimi aparır, söz üçün media dilinin üstünə qaçır, sözü ikinci, üçüncü əldən alır. Ona görə də bugünki türk şerinin dili türk dilinin ümumi halına görə hətta bir az anlaşılmazdır. Söz yaradıcılığına alüdəçilik bəzən o həddə qabarıq olur ki, şair mətndə mənanı, təəssüratı unudur. Bu mənada türk şeiri mənə hərdən bir az “mənasız” da görünür. Düzdür, müasir poeziyada şair sözü hissə və düşüncəyə çevirə bilən şəxsdir, hissi və düşüncəni sözə çevirən şəxs deyil. Yəni müasir şair yazdıqları ilə ilk dəfə yazdığı anda tanış olmalıdır, tanıdıqlarını yazan şəxsi artıq günümüzün ədəbiyyatında şair hesab etmirlər. Ancaq əsər öz oxucusunda, dinləyicisində yaratdığı təssüratla dəyər qazanır. Məsələn, bu təəssürat rus ədəbiyyatına dünyaya meydan oxuyacaq bir güc verir. Mənə elə gəlir ki, müasir türk yazarlarının əsərlərində məhz rus ədəbiyyatından gələn həyatilik qatı yoxdur, təəssürat və təsəvvür yaratmır. Bizim ədəbiyyatı xilas edən illərlə içində əritdiyi məhz bu rus ruhudur. Oxuduğum türk şairləri arasında hələ ki, diqqətimi çəkən Ənvər Topaloğludur. Onun bir neçə şerini dilimizə uyğunlaşdırmışam, yadımda qalan bir bəndini oxuyum sizə:

Türkiyə məst olduğum bağça deyil,
Ağ dənizə bir madyan başı kimi uzanan
Ölülər evi.

- Ankaradan baxanda Bakıdakı yazıçılar, şairlər necə görünür? Ümumiyyətlə, görünürlərmi?
- Türkiyədə Azərbaycan ədəbiyyatına marağın olmamasının səbəbi kabinetlərdə, sanatoriyalarda yaradılan və məhz sosial qatı olmayan sovet ədəiyyatıdır. Maarifçilərimizə bir başqa diqqət var. Ankarada heç bir kitab dükanında bizim yazarların kitabına rast gəlməmişəm, yalnız bir dəfə yazdıqlarına Anar müəllimin qəlyanının qoxusu hopmuş bir müəllifin kitabına rast gəldim, onda da özümü banqladeşli kimi apardım. Amma deyim ki, burdan görünməsələr də, son nəsildən Həmid Herisçi, Murad Köhnəqala, Salam Sarvan, Rasim Qaraca türk nəsildaşlarından daha ağır ədəbi çəkidədirlər. Sadəcə, yiyələri yoxdur.

- Ankara ilə Bakının kültür və məişət həyatını necə müqayisə edərdiniz?
- Türkiyədə elm və sənət o qədər dar bir çevrənin yemi ki, bir təriqət və ya bir mafiya kimidir, əslində. Əlinə kitab alan, bir növ,"intellektual diktatora" çevrilir, və başlayır ətrafındakılara öz təbəələri kimi baxmağa. Bunun xeyirli tərəfi odur ki, çevrə dar olduğu üçün elm də, sənət də getdikcə öz hədəflərinə daha da sərrastlaşır, kütlə şüurundan uzaqlaşır, fərdlərin, bireylərin elminə, sənətinə çevirilir, ziyanlı tərəfi odur ki, elm özünə daraldıqca ictimai şüura təsir imkanlarından məhrum olur və bugünki siyasi mənzərə ortaya çıxır. Kültürümüzün acınacaqlı müqayisəsi üçün deyim ki, bu gün Türkiyədə yüzlərlə elmi, ədəbi jurnallar çıxır. Hətta elə jurnal var ki, hər nömrəsi bir elmi, fəlsəfi suala cavab axtaran yazılara aid edilir. Türkiyə ilə Azərbaycan arasındakı kültür, məişət fərqində diqqətini hər iki ölkədəki rəqabət mühitdir. Azərbaycanda rəqabət mühitini ortabablar formalaşdırır, Türkiyədə peşəkarlar! Bu birmənalı olaraq belədir. Məsələn, Azərbaycanda şair (yaxud istənilən sənətin sahibi) bir az avanqard şair kimi uğurlu olmalıdır, bir az astagəl deputat, bir az diribaş valideyn, bir az "delavoy" dost, bir az imkanlı iqtidaryönlü, bir az lüt müxalifətyönlü, bir az ənənələrə sadiq tamada, bir az qalstuklu elmlər namizədi və s. kimi uğur qazanmalıdır. Bu, az-az, "əlli-əlli" uğurların cəmi onun rəqabətə davamlılığını şərtləndirir. O ancaq şair kimi uğurlu olsa, ortabablar onu deputat, valideyn, dost, tamada kimi yararsız elan edib sıradan çıxaracaqlar. "Əşi, dili də ağırdı" - onun şair uğuruna ortababların qoyduğu tas da bu olacaq. Türkiyə də isə şair elə şair kimi uğurludur, həkim elə həkim, professor elə professor kimi uğurludur. Onun rəqabətə davamlılığını öz işinə necə peşəkarcasına yanaşması şərtləndirir. Türkiyədə şair həm də "delavoy" deputatdırsa, bu, o deməkdir ki, o, burada heç kimdir! Əgər tanrılara qurban lazım olsa, birinci onu, həmin şair-deputatı qabağa itələyəcəklər. Bizdə isə əksinə, deputat olmayan şairə xalq bitəhər baxır.

- Buraya gəldiyinizdən bəri altında məkan olaraq Ankara yazılan şeirlər, hekayələriniz varmı? Varsa, burada yazdığınız şeirlərdən birini bölüşmənizi istəyərdik.
- Burada daha çox Azərbaycanda yazmağa başladığım, amma məişət əndişəsi üzündən yarımçıq qalan nəsr yazılarını tamamlamaqla məşğulam. Şeirlər azdır, amma uzun şeirlərdir, burda poeziya axşamı açmaq istəmirəm. Başqa vaxt göndərərəm.

- Azərbaycandan uzun müddətdir ayrısınız. Bakıdakı həmkarlarınızdan bu an kiminlə Ankaranın türkü barında oturub əfkarlanmaq istəyərsəniz?
- Dostlardan ötrü darıxıram, amma fərqindəyəm ki, yazmaq üçün ömrümün mənə bağışlanan hissəsini bundan sonra təkbaşına yaşamağa məhkumam.

Dilqəm ƏHMƏD


Müəllif: