4 Aprel 2017 16:45
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com milli təhlükəsizlik məsələləri üzrə ekspert, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.

- Sülhəddin bəy, Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda baş verən terror hadisəsini necə şərh edirsiniz?
- Bildiyiniz kimi qlobal və regional terror-təhdid səviyyəsi yüksəlib və bu proses artan xətt üzrə davam edir. Bunun başlıca səbəbi də qonşu regionlarda beynəlxalq terrorizmə qarşı aparılan aktiv mübarizədir. Mən ilk olaraq Əfqanıstan, İraq və Suriyada aparılan mübarizəni nəzərdə tuturam. Rusiya 2015-ci ilin sentyabrın 30-dan başlayaraq bu proseslərdə aktiv iştirak edir, Suriyada hərbi iştiraka qoşulub. Bundan öncəsi də var. Rusiyanın Şimali Qafqazda azadlıq uğrunda mübarizə aparan çeçenlərə qeyri-adekvat güc tətbiq etməsi, Şimali Qafqazdakı silahlıları sıradan çıxarması, sonradan bu qüvvələrin beynəlxalq terror təşkilatlarına qoşulması, eləcə də postsovet məkanından minlərlə insanın terror təşkilatları sırasında vuruşmasını nəzərə alsaq, bu terror gözlənilən hadisə idi. Rusiyanın aktiv şəkildə beynəlxalq terrorizmə qarşı mübarizə apardığı, aktiv güc tətbiq etdiyi bir vaxtda təbii ki, beynəlxalq terror təşkilatlarının Rusiya və MDB daxilindəki hücrələri buna cavab verəcəkdi. Bu hadisə bir daha göstərdi ki, hər hansı bir dövlət öz xüsusi xidmət orqanları ilə qürrələnəsə belə, terrordan sığortalanmayıb. Hesab edirəm ki, sonuncu fikrim bütün MDB ölkələrinə aiddir. Məncə, Azərbaycan da baş verənlərə diqqətlə yanaşmalı, terror-təhdid səviyyəsini narıncı rəngə qaldırılmalıdır. Həmçinin kompleks tədbirlər görülməlidir.

- Dünən Sankt-Peterburqda baş verən terror qədim Roma hüququnun məşhur sualını gündəmə gətirir: bu kimə sərf edir?
- "Kimə sərf edir deyəndə" nəzərə almaq lazımdır ki, müharibə gedir. Əgər siz müharibə aparırsınızsa, bir tərəfi düşmən hesab edirsinizsə və hərbi güc tətbiq edərək onu sıradan çıxarmağa çalışırsınızsa, təbii ki, qarşı tərəf də cavab tədbiri haqqında düşünəcək. Əlbəttə, mən sualınızın sətiraltı mənasını anlayıram. İndi çoxlarını düşündürür ki, Rusiyada etiraz mitinqlərinin ardınca terrorun baş verməsi görəsən, xaricdən idarə edilən vahid prosesdir, ya necə? Məncə, bunu yaxın gələcək göstərəcək.

- Rusiyada belə terror hücumları davamlı ola, dünən baş verən hadisə terror hücumuna start hesab edilə bilərmi?
- Rusiyanın xüsusi xidmət orqanlarının bəyan etdiyinə görə, bu ölkə də daxil olmaqla MDB-dən minlərlə vətəndaş terror təşkilatları sırasında vuruşur. Bu terror təşkilatlarının gizli fəaliyyət göstərdiyini, amma onun minlərlə üzvünün aşkar edildiyini nəzərə alsaq, deməli bundan qat-qat çox üzvü də aşkar edilməyib və ya gizli qalıb. Rusiyada sosial-iqtisadi, kriminogen durumu, Moskvanın Yaxın Şərqdəki hərbi fəaliyyətini nəzərə alsaq, deyə bilərik ki, bu ehtimal yüksəkdir. Bu il Rusiyada böyük rus inqilabının 100 illiyi, növbəti il isə prezident seçkiləridir. Burada təbii ki, siyasi və geopolitik səbəblər də olmamış deyil.

- Terror hücumunun hədəfi kimi Sankt-Peterburqun seçilməsi təsadüfidir, yoxsa düşünülmüş ssenaridir?
- Həyatda təsadüf yoxdur. Təsadüf insanların məlumatsızlığı və informasiya çatışmazlığı üzündən gəldiyi yanlış qənaətdir.

- Sizcə, niyə terrorçular məhz Sankt-Peterburq şəhərini seçib?
- İstənilən bir şəhər də ola bilərdi. Bunu terror haqqında qərar verən terror təşkilatının strateji xəttini müəyyən edən şəxslər düşünürlər və ya müəyyən edirlər. Təbii ki, vaxtın və yerin seçilməsi də bir mesajdır. Sankt-Peterburq əvvəla, imperiyanın paytaxtı olub. İkincisi, Rusiyanın ikinci böyük şəhəridir. Üçüncüsü terror baş verən günü şəhərdə Putin-Lukaşenko görüşü keçirilirdi.

Cavad


Müəllif: