5 Aprel 2017 14:45
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Cümşüd Nuriyevlə müsahibəni təqdim edir.

- Cümşüd bəy, Sankt-Peterburqda baş verən terror hadisəsi siyasi gündəmin əsas müzakirə mövzusudur. Sizin bu terror aktı ilə bağlı fikirləriniz nədən ibarətdir?
- Baş verənlər göstərdi ki, Rusiya nə qədər qüdrətli dövlət, təhlükəsizlik xidməti nə qədər güclü olsa da, dünyada heç bir ölkə terrordan sığortalanmayıb.

İkincisi, Sankt-Peterburqda həyata keçirilən terror hücumu Rusiyanın Suriyadakı fəaliyyətinə bir cavab idi. Üstəlik prezident Putinin Sankt-Peterburqa səfər edəcəyi dəqiq bilinirdi. Terror da prezident şəhərdə olan zaman baş verdi. Terrorçular hesablamışdı ki, əgər terror baş versə, prezident hadisə yerinə gələcək. Bildiyiniz kimi, Semyonvskdə partlayıcı tapıldı. Putin də gecə hadisə yerinə gəldi. Son xəbərə görə, terroru edən şəxs 22 yaşlı Qırğızıstan vətəndaşıdır. Hazırda onun İŞİD-lə əlaqəsi araşdırılır.

- Sizcə, bu terroru İŞİD təşkil edib, yoxsa Şimali Qafqazdakı silahlı qruplar?
- Biz təcrübəyə baxanda görürük ki, İŞİD istənilən ölkədə terror aktı törədəndəndən iki saat sonra bunu öz üzərinə götürürdü. Ancaq Sankt-Peterburq terrorunu İŞİD öz üzərinə götürmədi. Deməli, indi İŞİD zəifdir və həm də qorxur. Ruslar bunun sonuna qədər gedəcək və çalışacaqlar ki, bu şəxsin kiminlə əlaqəli olduğunu ortaya çıxarsınlar. Mənə elə gəlir ki, burada Qərb dövlətlərinin də marağı var.

- Nə mənada marağı var?
- Qərb dövlətləri həm Putini cəzalandırmaq, həm də Rusiyanın gözünü qorxutmaq, həmçinin Yaxın və Orta Şərqdən rusların çıxmasını istəyirlər. Sözsüz ki, Yaxın və Orta Şərqdə olan və Qərblə müttəfiqlik edən dövlətlərin də bunda marağı var. Yəni bir çox maraqlar üst-üstə düşdüyü üçün terroru Orta Asiya üzərindən etməklə Qərb bunu islam dini ilə bağlamağa müvəffəq ola bildi. Çox təəssüflər olsun ki, bu reallıqdır. Ancaq Rusiyada başa düşür ki, terrorçunun nə milləti, nə də dini olur. Terror hücumu zamanı öldürülənlərin içərisində müsəlmanlar da olub. Təəssüflər olsun ki, bizim həmyerlimiz də vəfat edib. Bir həmyerlimiz də ağır yaralıdır. Ölənlərin içərisində müsəlmanların olması göstərir ki, terrorçu üçün kimi öldürməyin, harada nəyi partlatmağın fərqi yoxdur. Amma bütün hallarda bu hücumu təşkil edənlər düşünürdülər ki, terror Rusiyada qorxu yaradacaq.

- Sizcə, terror hadisəsi rus cəmiyyətində qorxu yarada bilib?
- Mən hesab edirəm ki, bu, Putinin xeyrinə işlədi. Daha doğrusu, Putin bundan yararlanacaq. Çünki Rusiyada etiraz mitinqləri vüsət almaq ərəfəsində idi. Hətta ola bilərdi ki, Medvedev bu mitinqlərin qurbanı olsun. İnsanlar çətinə düşəndə bir-birilə daha da yaxınlaşır. Yəni insanlar yası düşən adamın yanına daha çox meyl edirlər, nəinki toy edənin. Bu mənada terror hücumu Rusiyada təkcə dağıdıcı deyil, həm də birləşdirici rol oynadı. Rusiya cəmiyyətinin Putinin ətrafında birləşməsi üçün bir siqnal oldu. Yəni bumeranq effekt verdi. Qərbin hesablamaları məncə, özünü doğrultmadı. Mən hesab edirəm ki, 22 yaşlı bir cavan oğlanın Rusiya kimi dövlətlə hər hansı bir qarşıdurması ola bilməz. Üstəlik də Rusiya vətəndaşı ola-ola. Odur ki, bu 22 yaşlı oğlanın arxasında duran qüvvələr var və fikrimcə, Rusiya çalışacaq bu qüvvələri müəyyən etsin. Qısa zamanda rəy vermək çətindir. İstənilən halda terror insanlığa yaraşmayan haldır. Düzdür, son 8 ildə Rusiyada partlayış olmayıb. Lakin zaman-zaman Rusiyada belə hücumlar həyata keçirilir. Avropa dövlətləri də belə siyasətin qurbanı olub. Rusiya da növbəti qurbanlardan biri idi.

- Rusiyada terror hücumları davamlı ola bilərmi?
- İnanmıram ki, bu davamlı ola bilsin. Əksinə, Rusiya son hadisədən yararlanaraq təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə çalışacaq. Hətta görün vəziyyət nə dərəcədədir ki, Rusiya xüsusi xidmət orqanları ilə düşmən münasibətləri olan Ukraynanın təhlükəsizlik orqanları belə öz köməyini təklif edib. Sözsüz ki, Rusiya terrorçunun telefon danışıqları, görüntüləri və əlaqələrini ciddi araşdıracaq. Artıq terrorçunun valideynləri Moskvaya gətirilib. Onun əlaqələri müəyyən ediləcək, harada təlim keçdiyi araşdırılacaq. Amma heç kim Rusiyada növbəti terror hücumunun olmayacağına zəmanət verə bilməz. Bu saat çalışırlar ki, Rusiyada olan siyasi sabitlik pozulsun. Bunun üçün də ən gözəl yol terrordur. Biz, əlbəttə, bunu qəbul etmirik, rədd edirik. Biz özümüz terrora məruz qalan dövlətik. Son 100 ildə biz erməni terroruna məruz qalan xalqıq və bunu başqa xalqların yaşamasını arzu etmirik.

- Bu terrordan bir neçə gün əvvəl Şimali Qafqazda mücahidlər və ya terrorçular hərbi hissəyə hücum etmişdi, nəticədə 6 nəfər öldürülmüşdü. Sankt-Peterburq terroru Şimali Qafqazdakı silahlıların aktivləşməsinə stimul ola bilərmi?
- Şimali Qafqaz Rusiyanın siyasi baxımdan gərgin olan regionudur. Nəzəri alsaq ki, zaman-zaman Rusiyayan ən böyük bəlalar Qafqazdan gəlib, təbii ki, burada silahlılar fəallaşa, son terror onlar üçün motivasiya rolunu oynaya bilər. Həm də Rusiyanın daxilində qarşıdurma yaratmağa kifayət qədər maraqlı qüvvələr var. Əlbəttə, son hadisədən yararlanmaq istəyən qüvvələr olacaq. Lenin deyirdi ki, Rusiya uçurumun qırağından qayıda bilən xalqdır. Mənim ehtiyat etdiyim odur ki, Rusiya son hadisədən yararlanaraq, başqa ölkələrə qarşı iddialar irəli sürə bilər. Prinsipcə, hər şey ola bilər. Şübhəsiz ki, Rusiya həm də çalışacaq ki, bundan siyasi məqsədləri üçün istifadə etsin. Xüsusilə, Qafqazda. Bilirsinizmi, Rusiyada ağzının ipi olmayan Jrinovski kimi siyasətçilər var ki, bizim əleyhimizə danışa bilər. Təbii ki, son 100 ildə terrora məruz qalan xalq kimi azərbaycanlılar belə halları pisləyir. Biz tolerant xalqıq və hər kəsə məhəbbətlə yanaşırıq. Eyni zamanda arzu edirik ki, bizim başımıza gələn başqa xalqların başına gəlməsin.

- Adətən Rusiyada baş verən proseslərin MDB məkanına ciddi təsiri olur. Son olayın MDB-yə üzv ölkələrə hansı təsirləri ola bilər?
- Bu saat Rusiya gərgin prosesdən keçir. Artıq Moldova prezidenti Avrasiya İttifaqı haqda sənədi imzalayıb. Nazir Lavrov bəyan etdi ki, Azərbaycanla da bu istiqamətdə danışıqlar gedir. Prezident Nazarbayevin ölkəmizə səfəri zamanı da bu məsələ müzakirə edilə bilər. Amma bu konfidensial söhbətdir. Bütün hallarda Azərbaycan öz dövlət maraqlarına uyğun addım atacaq. Mənim şəxsi qənaətim belədir ki, əgər terror hadisəsi başqa ölkənin ərazisində baş versə, deməli, burada Rusiyanın marağı var.

- Niyə Rusiyanın marağı?
- Çünki Qərb heç vaxt istəməz ki, keçmiş sovet respublikalarında terror hadisəsi olsun. Qərb bunda maraqlı olsa, həmin ölkələr ondan üz döndərər. Odur ki, düşünmürəm ki, bu hadisə MDB məkanına sirayət etsin. Prinsipcə, Ukraynada ola bilər. Orta Asiyada heç bir halda olmaz. Orada ancaq Türkmənistan nisbətən neytral mövqedə durur, amma onun siz deyən gücü yoxdur. Azərbaycan və Ermənistanda olmaq ehtimalı aşağıdır. Ancaq Gürcüstanda ola bilər. Çünki Gürcüstan MDB-nin şıltaq övladlarından biridir. Azərbaycanda siyasi baxımdan özünü təcrübəli aparır, davranışlarında hər hansı bir qüsur yoxdur.

CAVAD


Müəllif: