6 Aprel 2017 17:15
2 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı Aqil Abbasla müsahibəni təqdim edir.


- Aqil müəllim, Ermənistanda parlament seçkiləri keçirildi. Seçkidən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa irəliləyişlər ola bilərmi?

- Ermənistanda parlament seçkiləri keçirilsin, kim qalib gəlir, gəlsin, bu ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan deyil. Əgər bu ermənilərin özündən asılı məsələ olsaydı, onlar Qarabağı çoxdan qaytarmışdı. Ermənistanın arxasında duran qüvvələr var və əsas məsələ də budur. Bir seçki olacaq Koçariyan qalib çıxacaq, başqa seçki olacaq, Sarksiyan qələbə qazanacaq və s. Ancaq buna ümid etmək, düşünmək ki, Aşot seçkidə udsa, hər şey yaxşı olacaq, bu, boş və mənasız iş olardı.


- Levon Ter Petrosiyan seçki ərəfəsində bəyanat yaydı ki, Dağlıq Qarabağ ətrafında işğal edilən rayonlar Azərbaycana qaytarılmalıdır. Bunu necə qiymətləndirirsiniz?
- Bu açıqlamanın arxasında əslində Ter Petrosiyanın başqa bir siyasi fikri, hiyləgərliyi durur. Fikrimcə, bir qədər diqqətli olmaq lazımdır. Ter Petrosiyan deyir ki, bəli, Dağlıq Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılsın. Bundan sonra nə deyir? Deyir ki, Dağlıq Qarabağı hər kəs tanısın. Yəni bu məqam da var. Açığı, mən Ter Petrosiyanı Ermənistanda ən ağıllı siyasətçi kimi tanıyıram. O, əvvəllər də deyirdi ki, Azərbaycan bir gün öz gücünü göstərəcək və biz Dağlıq Qarabağı saxlaya bilməyəcəyik. Nə qədər ki, biz güclüyük, bu məsələni həll edək. O zaman erməni cəmiyyəti ayağa qalxdı, etiraz etdi və Ter Petrosiyanı istefaya göndərdi. Mənim fikrimcə, Ter Petrosiyan Qarabağ məsələsinə daha ağıllı baxırdı və həm də erməni xalqının maraqları baxımdan baxırdı. Amma bu məsələ axı təkcə erməni xalqının əlində deyil.

- Həmsədrlər regiona səfər etdi, danışıqlar apardı. Bunun bir nəticəsi ola bilərmi?
- Mən həmsədrləri tanımıram. Mən bilmirəm ki, onlar bura niyə gəlib-gedirlər. Gəlib yeyib-içirlər. Orada erməni konyakı, burada bizim “tutovka”dan vururlar. Mənasız bir şeydir. Ümumiyyətlə, Minsk Qrupu ləğv edilməlidir. Ondan sonra biz məsələni həll edə bilərik. Nə qədər ki, ATƏT var, deməli Qarabağ məsələsi uzanacaq.


- Prezidentlərin Fransada görüşünün ola biləcəyi haqda ideyalar var idi...
- Qardaşım, mən ATƏT, həmsədrlər haqqında fikir bildirmək istəmirəm. Onları tanımıram.

- Əgər Minsk Qrupu ləğv edilərsə, BMT bu işə əl qoymursa, sonu necə olacaq?
- Bunlar kənara çəkildikdən sonra biz Ermənistanla söhbət edə bilərik, onları başa sala bilərik. Amma bunun əvəzində indi ATƏT və digər qurumlar prosesə qarışır, guya vasitəçilik edir və s.

İkincisi, Birləşmiş Millətlər Təşkilatı adından qurum yer üzündə yoxdur. Onların Dağlıq Qarabağla, işğal edilən rayonlarımızla bağlı dörd qətnaməsi var. Ermənilər indiyə qədər BMT-ni it yerinə də qoymayıb. Artıq mənim üçün BMT də təşkilat deyil. Əgər balaca bir dövlət olan Ermənistan Birləşmiş Millətlər Təşkilatının qətnamələrini saymırsa, deməli BMT mənasız bir təşkilatdır, Avropa Birliyi kimi bir xristian klubudur. Üstəlik də, nəzərə alın ki, sözügedən qətnamələri BMT-nin Təhlükəsizlik Şurası qəbul edib. Ancaq bunlar kənara çəkilsə, Ermənistan və Azərbaycan masa arxasında əyləşərək problemi həll edər. Amma iş ondadır ki, bu qurumlar kənara çəkilməz.

- Bəs Rusiya faktoru?
- Mən dedim ki, Ermənistanın özünün sözü yoxdur. Həmkarımız Qüdrət Həsənquliyev bu mövzuda bir söz deyir və dərhal ona hücumlar başlayır. Qüdrət Həsənquliyev nə deyir ki? Deyir Ermənistan yoxdur, Rusiya ilə danışmaq lazımdır. Bu da sizin sualınıza cavab.

- Suriyada Bəşər Əsədin İdlibdə kimyəvi silahdan istifadə etməsi dünyanı ayağa qaldırıb, BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə toplantısı olub. Bu aktivləşmə Yaxın Şərqdə vəziyyəti yoluna qoymaq baxımından əhəmiyyətli ola bilərmi?
- Əvvəla, sizə deyim ki, dünya ayağa qalxmayıb və belə bir hal da mövcud deyil. Dünya ayağa qalxıb? Suriyanı dağıdan dünya deyilmi? Bəyəm Suriyanı mən və ya Azərbaycan dağıdır? Suriyanı dağıdan elə dünyadır. Bu halda dünya niyə ayağa qalxın ki? Suriyanı niyə dağıtdılar, parçaladılar, məhv etdilər, bu hala gətirdilər? Bəyəm Suriyaya demokratiya gətirirdilər? Hansı demokratiya? İnsanlar Suriyada normal yaşayırdı. Bu ölkəni dağıtdılar, indi də deyirlər, Bəşər Əsəd kimyəvi silahdan istifadə edir. İnanın ki, dünyanın vecinə deyil. Nəzərə alın ki, İraqda bir milyondan çox insan ölüb. Hələ bu dəqiq məlumat deyil. Suriyadan isə 6-7 milyon əhali qaçıb. Bunun 4 milyonu Türkiyədədir. Bu da dəqiqləşdirilməyən məlumatdır, bəlkə də, ölkədən qaçanların sayı daha çoxdur. Dünya niyə bu hallara susdu? Dörd və ya beş ildən sonra Suriyada dörd dövlət yaradacaqlar. Bəşər Əsədə Dəməşqi verəcəklər, qurtardı getdi. Haradan dünya ayağa qalxdı? Dinc əhalinin başına bomba atan kim olursa, olsun, cəzalandırılmalıdır. Lap qardaşım olsun.

- Suriya və İraqda olan türkmənlərin durumu da o qədər ürəkaçan deyil. Kürdlər hətta Mosula Kürdüstanın bayrağını asıb. Bu vəziyyət hansı nəticələr yaradacaq?
- İraqda türkmənləri zamanında Türkiyə qorumalı idi, amma təəssüflər olsun ki, qorumadı. Vaxtında bunu etmək lazım idi. Yenə də siz məni Türkiyənin daxili işlərinə çəkirsiniz. Mən Türkiyənin daxili işləri barədə danışmaq istəmirəm. Neyləməlidirlər, özləri bilsinlər. Ağsaqqalları var. Silahlansınlar. Kürdlər ayağa qalxıb silahlanıb öz hüquqlarını müdafiə edirlər. Türkmənlər də ayağa qalxsın, silahlansın və hüquqlarını müdafiə etsinlər. Vəssalam. Niyə kürdlər qalxıb öz hüquqlarını müdafiə edir, türkmənlər susur? Kürdün də haqqı var ki, öz hüququnu müdafiə etsin. Əgər sən ayağa qalxa bilmirsənsə, qonşu gəlib səni müdafiə edəcək?

- Kərkükdə Kürdüstan bayraqlarının asılmasına münasibətiniz necədir?
- Bir dəqiqə. Bu bayraq Kərkükdən əvvəl Ankarada və İstanbulda qaldırılmışdı. Mən sizə dedim ki, Türkiyənin daxili işlərinə dair fikir bildirmək istəmirəm. Xahiş edirəm, mən bu məsələyə istiqamətləndirməyin.

- Suala cavabınız yarımçıq qaldı...
- Mən sadəcə deyirəm ki, Kərkükdən öncə kürdlərin bayrağı Ankara və İstanbulda qaldırılıb. Xahiş edirəm bu məsələ ilə maraqlanın.

- Şimali İraq Kürd Muxtariyyəti müstəqillik məsələsini referenduma çıxarmaqla bağlı qərar verib. Bəs türkmənlərin gələcək taleyi necə olacaq?
- Orada kürdlərin arxasında böyük güclər durur. Türkmənlərin arxasında isə heç kim durmur. Əgər mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, o bölgələrdə türkmənlərin nə edəcəyi, hansı işlər görə biləcəyinə dair ümidim yoxdur.

CAVAD


Müəllif: