7 Aprel 2017 14:04
1 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Əsəd ordusuna aid Şayrat aviabazasına raket hücumu fonunda yaranmış situasiyanı Teleqraf.com-a şərh edib.

- ABŞ-ın Suriya ordusunun aviabazasına qanadlı raketlərlə zərbə endirməsini necə qiymətləndirirsiniz?
- Bəli, bu hadisə gözlənilən idi. Amerikada prezident seçkisindən sonra Donald Tramp dəfələrlə bəyan etmişdi ki, beynəlxalq terrorçuluğa qarşı mübarizəni gücləndirəcək. Obamanı da həmişə tənqid edirdi, bildirirdi o, cəsarətli addımlar atmadı. Obama hətta Suriyada rejim kimyəvi silahdan istifadə edəndə demişdi ki, “qırmızı cizgini” aşsalar, onları cəzalandıracağam, amma cəzalandırmadı. Suriya rejimi yenə də kimyəvi silahdan istifadə etdi və bu, Trampı hövsələdən çıxardı, nəticədə bombalanma həyata keçirildi. Özü də bu haqda açıqlama vermişdi. Burada Rusiya-Amerika-Türkiyə-Səudiyyə Ərəbistanı-İsrailin maraqlar toqquşması əmələ gəlir. Çox maraqlı situasiya yaranıb. Əsəd rejiminin bazasının bombalanmasından sonra ABŞ-a Türkiyə, Səudiyyə Ərəbistanı, İsraildən dəstək gəlib. Halbuki Türkiyə də, İsrail də sözdə Rusiya ilə tərəfdaşdırlar. Amma bu məsələdə Trampı dəstəklədilər. Rusiyanın özü də çətin vəziyyətə düşüb. Çünki Rusiya Suriyada guya terrorçulara qarşı mübarizə aparır, Əsədə dəstək verir. Bəşər Əsəd isə öz xalqına qarşı kimyəvi silahdan istifadə etməklə Rusiyanı çox çətin duruma sürükləyir. Ona görə də Rusiya bu durumdan çıxmaq üçün gərək Əsəd rejiminə qarşı təzyiqini artırsın. Amma fakt ondan ibarətdir ki, Əsəd rejimi bu cür hərəkətlərlə böyük dövlətlərin maraq toqquşmasını sürətləndirir. Düşünürəm ki, bu bombalanma hamıya bir mesaj idi. Rusiyaya da mesaj idi ki, yenə də Əsəd rejimi kimyəvi silahdan istifadə etsə, onun hərbi mövqeləri bombalanacaq. Amma bu, o demək deyil ki, artıq Amerika qərar verib və quru qoşunları Suriyaya müdaxilə edəcək. Yəqin bu qərarı vermək üçün Amerika daxilində müzakirələr getməlidir.


- Dediniz bu bombalanma Rusiyaya mesaj idi. Yeri gəlmişkən, ABŞ dövlət katibi Reks Tillerson hadisədən dərhal sonra bəyanat yaydı ki, Rusiya Suriyada kimyəvi silahların məhv etdirilməsinə dair razılaşmanı icra etməyib...
- Tillerson haqlıdır, çünki 4 il öncə guya Rusiya hakimiyyəti Əsədi məcbur etdi ki, bütün kimyəvi silahları təhvil versin. Çünki o zaman da Əsəd rejimi kimyəvi silahdan istifadə etməklə min dinc vətəndaşın ölümünə bais olmuşdu. Ondan sonra Rusiya təzyiq etmişdi. Amma indi bəlli olur ki, heç də bütün silahlar Əsəd rejimindən götürülməyib, haradasa gizlədiblər. Ya Rusiya Əsəd rejiminin kimyəvi silahın bir hissəsini saxlamasına gözünü yumub, ya da səhlənkarlıq edib. Amma hər iki halda Rusiya günahkardır.

- Peterburqdakı son terror aktı, ardınca İdlibdə kimyəvi silahdan istifadə və Suriyaya raket zərbəsinin endirilməsi hadisələrinin bir-biri ilə əlaqəsi varmı?
- Düşünmürəm ki, bir-biri ilə əlaqəsi olsun. Əksinə Sank-Peterburqdakı partlayışdan sonra mənəvi nöqteyi-nəzərdən bütün beynəlxalq aləm, Amerika, Avropa Birliyi Rusiyaya dəstək ifadə etdilər. Amma Suriya məsələsində Rusiya ilə Amerika və Avropanın maraqları tamamilə kəsişir. Çünki Rusiya Əsəd rejiminə dəstək verməklə insanların kütləvi qırğınına dolayısı ilə dəstək vermiş olur. Rusiyada kimyəvi silahdan istifadə ilə əlaqədar müxtəlif bəhanələr gətirirlər, guya Əsəd yox, müxalifət edib. Əslində bu fikirlərin heç bir məntiqi yoxdur. Ona görə də bu məsələdə artıq fikir ayrılığı yaranıb.


- Son hadisələr fonunda beynəlxalq aləmdə vəziyyət hansı yöndə inkişaf edəcək? Məsələn, Türkiyə ABŞ-a dəstək ifadə edib, İran əksinə...
- Top Rusiyanın meydanındadır. Rusiya əvvəlkitək Əsəd rejiminə birmənalı dəstək versə, tərəfdaşlarını itirməkdə davam edəcək. İsrail və Türkiyə ilə yaxşı münasibətləri olsa da, Əsəd rejiminə dəstək verməklə İsrail də, Türkiyə də, ümumilikdə sivil dünya bu məsələdə Rusiyanı qınayır. Bu məsələdə Rusiyanın yanında təkcə İrandır. İranın bir çox dövlətlərlə münasibətləri gərgindir, özünü müsəlman dövləti adlandırır, amma bu cür qırğınlara göz yumur. Bir nəfərə - Əsədə dəstək verməklə Kreml öz ölkəsini ağır və çətin vəziyyətə sürükləyib, tərəfdaşları ilə münasibətlərini korlayıb. Rusiya gərək seçim eləsin. Demirəm ki, Əsədə dəstəkdən vaz keçəcəklər, amma Əsədə təzyiq etməlidirlər ki, bu cür hallara yol verməsin.

- Sosial şəbəkələrdə şərhlərin çoxu bu istiqamətdədir ki, Rusiya Trampdan başqa addım gözləyirdi, amma respublikaçılar lazımi və ənənəvi addım atdılar. Bu, Rusiya üçün gözlənilən idi?
- Əlbəttə ki, gözlənilən idi. Tramp lap əvvəldən deyirdi ki, beynəlxalq terrorçulara qarşı mübarizəni gücləndirmək lazımdır. Düzdür, Əsəd beynəlxalq terrorçu sayılmır, amma dünən törətdiyi hadisə beynəlxalq terrorçuluqdan da pis hadisədir, öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməklə dinc vətəndaşları – körpələr, qocalar, qadınları məhv edir. Bu hadisəni müxalifətin boynuna atsa da, axı öz vətəndaşlarıdır, heç başsağlığı da vermədi. Bəlli idi ki, Tramp bu cür hallara dözməyəcək. Tramp heç bir addım atmasaydı, bu, onun reytinqinə mənfi təsir edəcəkdi. Deyəcəkdilər ki, super dövlətin başçısı Obama kimi zəifdir, heç bir addım atmır. Ona görə Obamadan fərqlənmək üçün məcbur qalıb bu addımı atdı.

Nərgiz Ehlamqızı


Müəllif: