11 Aprel 2017 18:47
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Elxan Mehdiyevlə müsahibəni təqdim edir.

- Elxan bəy, artıq Suriya böhranı ən gərgin mərhələyə daxil olub. Burada kimyəvi silahdan istifadə edilib, buna cavab olaraq ABŞ Bəşər Əsədin hava bazasını vurub, Rusiya ABŞ-ın bu addımına ciddi etiraz edib. Vəziyyəti necə qiymətləndirirsiniz?
- Suriyada baş verənlər aydındır. Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsi dünyanı ayağa qaldırdı. ABŞ-da televiziyalarda bu məqam göstərilirdi. Bu da Suriya məsələsinə çox ehtiyatla yanaşan Tramp hökumətini hərəkətə gətirdi. Nəticədə ABŞ özünün dediyi kimi, Suriyaya məhdud müdaxilə etdi. Yəni Suriyanın hərbi hava qüvvələrinin bəlli bazasını vurmaqla Əsədə mesaj göndərildi ki, bir də kimyəvi silah tətbiq etcə, daha ciddi zərbələrlə üzləşəcək. ABŞ-ın dediyi bundan ibarətdir.

- Ancaq Bəşər Əsəd deyir ki, bu hücumu öncədən gözləyirdilər və ABŞ bu addımla həm də İŞİD-ə imkanlar yaradır...
- ABŞ qeyd edib ki, məqsədi Bəşər Əsədi hakimiyyətdən devirmək və ya Suriyaya müdaxilə etmək deyil. Açıq bildirilir ki, məqsəd İŞİD-ə qarşı mübarizədir, Ağ Ev bu işdə Rusiya ilə əməkdaşlığa hazırdır. Əlavə edilir ki, kimyəvi silahdan yenə istifadə ediləcəksə, ABŞ tərəfindən zərbələr qaçılmaz olacaq.

- Rusiya, İran və Suriya prezidentləri bəyan ediblər ki, əgər ABŞ-ın Suriyaya raket hücumları təkrar edilsə, ona cavab veriləcək. Bu nə anlam verir?
- Təbii ki, həmin ölkələr belə bəyanat verirlər və onların edə biləcəyi nəsə var. Həqiqətən də ABŞ-ın minə yaxın hərbi qüvvəsinin Suriyada yerləşməsi, digər tərəfdən, beş minə qədər əsgərin İraqda olması və bunun yaxınında da Rusiya, İran, Suriya qüvvələrinin olması sözsüz ki, ABŞ-ın hərbi birliklərinə təhlükəni artırır. Amerika tərəfi də bu təhlükəni anlayır. Amma nəzərə alın ki, əgər ABŞ birliklərinə qarşı zərbələr endirilərsə, Vaşinqtonun hərbi zərbələri öldürücü ola bilər. Yəni bu asan məsələ deyil.

- Suriyada böyük dövlətlərin üz-üzə gəlməsi, hətta silahdan istifadə etməsi ehtimalı nə qədərdir?
- Burada böyük dövlətlər deyəndə Amerika və Rusiya nəzərdə tutulur. Rusiyanın davranışı və hərəkətləri olduqca sərt olub. Hansı ki, bunun da əsasları azdır. Çünki ruslar Bəşər Əsədin göstərdiyi bütün qəddarlıqlara göz yumaraq, onun istənilən vəhşiliklər etməsinə az qala haqq qazandırıblar. Təsəvvür edin ki, Amerika televiziyalarında çırpınaraq ölən uşaqları görən dünyanın insanpərvər kəsimi buna laqeyd qala bilməz. Bildiyiniz kimi, Ağ Ev Suriya ilə bağlı məsafəli siyasət yürüdürdü. Amma prezident Tramp bu görüntüləri gördükdən sonra ictimai rəyin əleyhinə hərəkət etmədi və edə də bilməzdi. Amma Rusiya bu hallara bəraət qazandırmaq, günahı başqasının üzərinə yıxmaqla aradan çıxmaq siyasəti yeritməklə bir növ Sovetlər Birliyinin siyasətini davam etdirir. Bu baxımdan Rusiyanın əsasları çox azdır və ya sıfıra bərabərdir. Düşünürəm ki, Amerikanın son addımı, zərbələri tərəqqipərvər qüvvələrin arzusuna uyğun olub. Əlbəttə, bu zərbələr çox məhdud olub və əslində onun daha güclü olması arzuediləndir.


- Pentaqon raket zərbələrini davam etdirəcək, yoxsa sadəcə Bəşər Əsədə qulaqburma vermək istəyirdi?
- Mən düşünmürəm ki, Pentaqon Bəşər Əsədə zərbələri davam etdirəcək. Ancaq bu məsələ həm də Bəşər Əsədin davranışından asılı olacaq. Amerikada belə düşünülür ki, Bəşər Əsədin əlində kimyəvi silahlar var və bundan yenə də istifadə edəcək. Yəni Suriyada əvvəllərdə bundan istifadə edilib, bu günlərdə də edildi və gələcəkdə də ediləcək. Əgər Suriya rejimi kimyəvi silahdan istifadə edəcəksə, sözsüz ki, yeni zərbələr alacaq. Yəni Rusiya və İranın təhdidləri belə hallarda nəzərə alınmır. Və ya bu təhdidlər nəzərə alınsa da, sonda qətiyyət göstərilir.

- Professor Əli Abbasov qeyd edir ki, vaxtilə Suriyada kimyəvi silahları çıxaran qrupa Nobel Mükafatı verilib. Başqa sözlə, Suriyada kimyəvi silah yoxdur...
- Məndə kiməsə Nobel Mükafatı verilməsi haqda informasiya yoxdur. Səhv etmirəmsə, 2013-cü ildə Bəşər Əsəd haranısa bombalamaq istəyirdi. Bu zaman Rusiya araya girdi, bəyan etdi ki, kimyəvi silahları Suriyadan çıxarmaq üçün Bəşər Əsədi razı salmışıq. Amerika da buna razılıq verdi. Çünki burada əsas məsələ İsrailin təhlükəsizliyi ilə bağlı idi. Suriyada kimyəvi silahların olması İsrailə böyük hədə hesab olunurdu. Həm də deyim ki, Rusiyanın bu addımı 2013-cü ildə Suriya qətliamının gedişində böyük rol oynadı. Yəni təhlükə Bəşər Əsəddən uzaqlaşdı. Beləcə beynəlxalq birliyin başı 6 ay müddətində Suriyadan kimyəvi silahları çıxarmağa qarışdı. Həmin dövrdə bu önəmli məsələ idi. Ancaq göründüyü kimi, Bəşər Əsəd bütün silahları çıxarmayıb, onun müəyyən hissəsini saxlayıb. Sözsüz ki, bu da totalitar sistemə xas olan əlamətdir. İndi bu silahlardan yenidən istifadə edilib. 2013-cü ildə kimyəvi silahları Suriyadan çıxaranlara mən bildiyim qədər Nobel sülh mükafatı verilməyib. Qeyd edim ki, bu silahlar ABŞ, Rusiya, Almaniya, Fransa və digər dövlətlərin birgə əməkdaşlığı ilə Suriyadan çıxarılıb.

- Türkiyənin Suriya prosesində mövqeyini necə qiymətləndirirsiniz, sanki Ankaranın bu mövzuda mövqeyi yenidən Amerikanın mövqeyinə yaxınlaşır?
- Mənə elə gəlir ki, Türkiyənin bu addımı düzgün addımdır. Ankaranın son hadisələr zamanı Amerikanı dəstəkləməsi Rusiyanı acıqlandırıb və ruslar Türkiyəyə qarşı cavab tədbirləri haqqında düşünür. Hamıya aydındır ki, Türkiyə Bəşər Əsədin getməsini istəyirdi, sadəcə olaraq taktiki addımlarla bağlı Rusiya ilə iş birliyinə gedilib. Məqsədlərdən biri də burada kürd problemini həll etmək olub. Belə də prezident Ərdoğanın Bəşər Əsədə münasibəti bəllidir. Üstəlik son hadisələr zamanı Türkiyə-Rusiya münasibətlərinin, iş birliyinin nə qədər kövrək olduğu, qarşılıqlı ziddiyyətlərin olduğu bəlli oldu. Suriya məsələsində Ankara və Moskvanın baxışlarında 180 dərəcə fərq var. Türkiyə həm də Rusiya ilə ona görə yaxınlaşmışdı ki, Amerika Suriya məsələsində qətiyyətli addımlar atmırdı. Hazırda prezident Tramp da qətiyyətli addım atıb. Bunu Ankara dəstəklədi və Rusiya da indi də Türkiyəyə qarşı addımlar atmağa çalışır.

- Bu proses necə başa çatacaq, Suriya ətrafında hansısa gözlənilməz proses baş verə bilərmi?
- Əsas odur ki, Bəşər Əsədin mövqeyi möhkəmlənir. Gələcək əməliyyatda rus qüvvələri ciddi rol oynaya bilsə, Əsəd bir qədər də güclənəcək və ölkəyə nəzarəti əlinə keçirə biləcək. Beləcə gələcək siyasi sistem də Əsədin nəzarətində olacaq. Bu variantı da Türkiyə və Amerika istəmir. İŞİD qüvvələri də bu ziddiyyətlərdən istifadə edir.

- ABŞ dövlət katibi Reks Tillersonun Rusiya prezidenti Vladimir Putin ilə görüşünü ləğv etdiyi haqda xəbərlər yayılıb. Bu nə dərəcədə mümkündür?
- Əslində bizim media bəzən məlumatı dəqiqliyi ilə vermir. İş ondadır ki, dövlət katibi deyil, prezident Putin onunla görüşü iş qrafikindən çıxarıb. Putin bununla demarş göstərir, Amerikanın Suriyanı bombalamasına etirazını ifadə edib. Cənab Putin Suriyaya özünün bir əyaləti kimi baxır. Hazırda ABŞ-da dövlət katibinin Rusiya səfərinin nə dərəcədə məqsədəuyğun olması məsələsi müzakirə olunur.


- Amerika Şimali Koreya ilə bağlı tədbirlər görməkdə israrlı görünür, artıq Pentaqonun qırıcı təyyarə daşıyan gəmiləri Sakit Okeanda Şimali Koreya istiqamətində üzürlər. Gözləntilər nədir?
- Suriyada son hadisələr olmasaydı, bu dəqiqə ABŞ və Tramp hökumətinin daha çox diqqət etdiyi məsələ Şimali Koreya idi. Çünki Şimali Koreyanın qitələrarası raketləri sınaqdan keçirməsi, nüvə silahına malik olması ABŞ və müttəfiqləri olan Yaponiya ilə Cənubi Koreyanı qorxuya salıb. O cümlədən Şimali Koreya diktatorunun ölçüsüz danışıqları bütün dünyanı qayğılandırır. Bu baxımdan Trampın strategiyası odur ki, xəbərdarlıq etmədən zərbələr vurulsun. Trampın özünün dediyi kimi, daha çox düşündüyü məsələ Şimali Koreya problemini necə həll etməkdir.

- Yəni Şimali Koreya ilə müharibə ehtimalı daha güclüdür?
- Yox, burada söhbət müharibədən getmir. Daha çox gözlənilən odur ki, ABŞ gözlənilməyən zərbələrlə Şimali Koreyanın strateji obyektlərini və raket komplekslərini məhv etsin. Məncə, bu addım atıla bilər. Sadəcə Şimali Koreya qapalı olduğundan bu işin görülməsi çətindir. Hazırda Amerika mümkün qədər Şimali Koreyanın əl-qolunu bağlamaq siyasətinə üstünlük verir.

- Növbədə İran da var. Yeni ABŞ hökuməti İranla bağlı da radikal mövqelər ifadə edir. İran-Amerika münasibətlərində nələr gözlənilir?
- Hazırda Tramp hökuməti daha çox daxili siyasətə yönəlik fəaliyyət göstərir. Əsas məqsəd Amerika iqtisadiyyatının yenidən bərpa edilməsi və gücləndirilməsidir. Tramp bu isə daha çox enerji və maliyyə sərf edir. Bəli, seçkilər zamanı Tramp İranla bağlı radikal çıxışlar etmişdi. Amma İrana qarşı hərbi əməliyyatlar tam istisna edilir. Lakin nüvə proqramına yenidən baxılması məsələsi ortaya qoyulmuşdu və bu, ABŞ-ın müttəfiqləri tərəfindən qəbul edilmədi. Amerika hökuməti də bu istiqamətdə xüsusi addımlar atmayacaq, İranla daha çox inkişaf edən deyil, soyuq münasibətlərin davam etməsi gözləniləndir.

CAVAD


Müəllif: