13 Aprel 2017 12:01
3 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarının politoloq Zərdüşt Əlizadə cavablandırıb:

- İranın sabiq prezidenti Mahmud Əhmədinejad ayətullah Xameneyinin ziddinə gedərək prezidentliyə namizədliyini irəli sürüb. Onun bu addımını və İrandakı seçkiqabağı mənzərəni necə qiymətləndirirsiniz?
- İranda demokratik seçkilər keçirilir. Bu seçkilərin bir şərti var: seçki prosesi İslami dəyərlər çərçivəsində keçirilməlidir. Yəni xalq kimi istəsə seçə bilər, amma bu insan islamçı olmalıdır, İslamı tanımalı, sevməli, Qurana, İslam Respublikasının Konstitusiyasına hörmət etməlidir. Ruhani onlardandır, elə Əhmədinejad da, Hatəmi də, Rəfsancani də onlardan idi, prezident olanda Xameneyi də o cür seçilmişdi. İranda kələk gəlinmir, seçkilər saxtalaşdırılmır. İran İslam mədəniyyəti seçimi çərçivəsində sağlar və sollar öz aralarında mübarizə aparırlar. Xalq da səs verir, kim seçilsə, seçilir. Əks tərəf etiraz edəndə, deyirlər gəl, oturaq səsləri sayaq. Deyəndə ki, mən sizə inanmıram, qayıdırlar ki, xoş gəldin, zopanı işə salırlar, döyürlər. Necə ki Mirhseyn Musəvi ev dustağı oldu. Həsən Ruhani 2 dəfə namizədliyini verib qalib gəlib. Hər halda böyük nüfuzu var, dərin alimdir, təmiz insandır. Əhmədinejad keçən seçkilərdə də namizədliyini vermək istəyirdi. Ona dedilər ki, yerini bil. Düşünmürəm ki, onun namizədliyini qeydiyyata alsınlar. Hər halda İran xalqı kimə səs verəcəksə, o da prezident olacaq. İranın bir dövlət kimi xarici və daxili siyasəti dəyişməyəcək.

- Prezidentin kimliyindən asılı olmayaraq?..
- Bu, ictimai ədalətə köklənmiş bir şeydir. Demokratiyada böyük qüsurlar olur. Bir də görürsən səfeh adamlara səs verirlər, xalq tanımadan-bilmədən səs verir. Corc Buşu prezident seçmişdilər, o qədər də savadlı adam deyildi, bilindi ki, zəifdir, 8 il prezidentliyi boyunca Amerika neçə müharibəyə giriftar oldu. İndi də Trampı prezident seçiblər. O da qanunla hesablaşmır, sağı-solu vurmağa başlayıb. Çörçill demişkən, demokratiya yaxşı quruluşdur, amma böyük qüsurları var. Demokratiyanı məhdudlaşdıran başqa bir qurum var - meritokratiya. “Merit” sözü ləyaqət deməkdir, yəni ləyaqətlilərin hakimiyyəti, İrandakı Vilayəti-fəqih üsulu din aliminin hökramlığıdır. Onun təcəssümü İslam alimləri şurasının seçdiyi adamdır ki, əvvəl İmam Xomeyni, indi isə Ayətullah Xameneyidir. Bu, meritokratiyanın İslami formasıdır ki, din alimləri toplaşır, aralarından ən ləyaqətlisini seçirlər, sonra xalqa deyirlər ki, sən gündəlik idarəçilik üçün kimi istəsən seçə bilərsən, amma son söz Vilayəti-fəqihdədir. Vilayəti-fəqih sistemi İran Konstitusiyasında yazılıb. Əlbəttə, narazılar var, amma deyirlər istəyirsiniz ki, xalqı tovlayan adamlar, pul paylayanlar, varlılar, mahnı oxuyanlar gəlib seçilsin və İranı məhv eləsin? İran qədim sivilizasiyadır, azı 2500 yaşı var, deyir, biz imkan vermərik ki, İranı məhv edəsiniz. Baxın, Qərb ölkələrinə, demokratiyadır, hakimiyyətə dələduzlar, rüşvətxorlar gəlir, amma bizdə din alimlərinin sərt nəzarəti altında saf quruluş saxlamışıq, bəlli olsa ki, kimsə İslam əxlaqını pozub, zinaya, əliəyliliyə yol verib, onu həmin andaca cəzalandırırlar. İslamda əxlaqi meyarlara uyğunluq məsələsi çox əhəmiyyətlidir. Seçkilərdə kimin qalib gələcəyini, ümumiyyətlə kimlərin qeydiyyata alınacağını deyə bilmərəm.

- Həsən Ruhaninin sosial şəbəkələrdəki paylaşımları xüsusi diqqət çəkir. Onu islahatçı prezident kimi qiymətləndirənlər də var. Bu yanaşmalarla razılaşırsınız, Sizcə, onun dövründə islahatlar oldumu?
- Hər hansı islahat sistem daxilində mümkündür. Əgər sistemdən kənar, sistemin əsas şəxslərilə razılaşmadan islahatlar keçirmək istəsə, gərək sistemlə mübarizə başlasın, Həsən Ruhani sistemə qarşı mübarizə aparmırdı. Əlbəttə, İranın müəyyən islahatlara ehtiyacı var. Gərək mütləq ruhanilərin xeyir-duasını alsın, ondan sonra həyata keçirə bilər. Ruhanilər imkan verməz ki, onların qəbul etmədiyi islahatlar həyata keçsin. Həsən Ruhaninin sistem daxilində imkanları çox məhdud idi.


- Amerika prezidenti Donald Trampın İranla bağlı mövqeyini necə dəyərləndirirsiniz?

- Trampın özünün heç bir mövqeyi yoxdur. 70 yaşı var, elə mənim yaşıdımdır, amma siyasətdə naşı adamdır, ömrü boyu bizneslə məşğul olub. Camaat Vaşinqtondakı dələduzların əlindən boğaza yığılmışdı, bu adama səs verdilər. İndi prezident olub, siyasəti necə aparmağı bilmir. Gah elan verdi ki, Amerika başqa dövlətlərə hücum etməyəcək, Suriyanı bombaladı. Gördü ki, nüfuzu aşağı düşür, onu sıxırlar, deyirlər sən Rusiyanın adamısan, impiçment məsələsi gündəmə gəlir, ucuz şöhrət qazanmaq üçün yetim, kasıb, gücsüz Suriyanı vurdu. Vurandan sonra dedilər “lotu” adamdır, Suriyanı bombaladı. İndi də bir az da hörmətini qaldırmaq üçün Koreyanı vurmaq istəyir. Koreyaya hücum eləsə, dünyada nüvə müharibəsi başlaya bilər. Görünür, səviyyəsiz adamdır, dərin adam deyil.

Nərgiz


Müəllif: