19 İyul 2014 14:56
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fikrət Sadıxov: “Rusiya-Qərb qarşıdurması yeni mərhələyə keçəcək”

Suallarımıza politoloq, sabiq diplomat Fikrət Sadıxov cavab verib. Müsahibimiz əsasən iyulun 17-də Ukrayna ərazisində Malayziya Hava Yollarına məxsus və içərisində 295 mülki şəxsin olduğu təyyarədə qəzanın baş verməsi, bundan sonra hadisələrin hansı istiqamətdə inkişaf edə biləcəyi, təyyarənin kim tərəfindən və hansı məqsədlə vurulması haqqında danışıb. Sabiq diplomat eyni zamanda bu hadisədən sonra Rusiya-ABŞ münasibətlərinin inkişafı istiqamətindən danışıb, Avropanın atacağı addımlar haqqında proqnozlarını irəli sürüb, Ukrayna böhranının həlli istiqamətində gedəcək proseslər haqqında fikirlərini bölüşüb.

- Fikrət müəllim, Ukrayna ərazisinin separatçıların nəzarət etdiyi hissəsində Malayziya Hava Yollarına məxsus təyyarənin vurulmasını necə qiymətləndirirsiniz?
- Dinc və sivil əhalinin ölümü ilə nəticələnən istənilən olay faciədir. Əlbəttə, bu hadisə ciddi şəkildə araşdırılmalıdır. İlkin məlumatlar artıq ortadadır, üstəlik, tərəflər bir-birini ittiham edirlər. İndi baş verən bu hadisə dərindən, hərtərəfli və obyektiv formada araşdırılmalıdır. Bundan sonra müəyyən addımlar atılmalıdır. Ədalətli araşdırma üçün müxtəlif tərəflərin bura cəlb edilməsi tələb olunur. Həm beynəlxalq təşkilatlar, həm də vurulan təyyarədə vətəndaşları olan ölkələr bu prosesdə iştirak etməlidir.

- İndiyə qədər bir neçə mülki təyyarə vurulub. Bəs, onların kim tərəfindən və hansı məqsədlə vurulması araşdırılıb ortaya qoyulubmu?
- Reallıq ondan ibarətdir ki, sərnişin aparan təyyarələr hər gün vurulmur.

- Amma müharibə dövründə vurulur və həm də araşdırma aparıb ortaya nəticə çıxarılmır...
- Bəli. Müharibə gedən ərazilərdə bu baş verir. Ukrayna ərazisində vurulan təyyarənin məsələsi asan olmayacaq. Hər hansı bir nəticə əldə ediləcəksə, bu zaman digər tərəf bunu inkar edəcək. Mən bunu sizə indidən deyirəm. Ancaq tərəflərin onu qəbul edib-etməməsindən asılı olmayaraq əsas göstərici komissiyanın obyektiv araşdırmasının nəticəsi olmalıdır. Bu məsələnin başqa çıxış yolu yoxdur. Təbii ki, komissiya burada bir sıra problemlər və çətinliklərlə də üzləşəcək. Buna şübhə etməyin. Çünki müharibə gedən ərazinin üzərindən təyyarə qəzaya uğrayanda müəyyən suallar yaranır. Həm də bu zaman qarşılıqlı ittihamlar baş verir. Bu ittihamlardan asılı olmayaraq hadisənin obyektiv araşdırılması tələb olunur.

- Hadisə baş verib, təyyarə vurulub. Əsasən iki tərəf ittiham olunur, Donetski separatçıları və Rusiya. Bu, nə məna verir?
- İş ondadır ki, indi separatçılar da bu məsələdə rəsmi Kiyevi ittiham edir. Qarşılıqlı ittihamlar hökm sürür. Vəziyyət belədir. İndi belə xəbər var ki, təyyarə vurulandan sonra separatçılar sosial şəbəkələrdə yazıblar ki, Ukraynaya məxsus təyyarəni vurublar. Ancaq sonra bəlli olub ki, vurulan təyyarə Malayziya Hava Yollarına məxsusdur və həm də sərnişin təyyarəsidir.

- Təyyarə vurulandan sonra separatçıların Rusiya ilə danışıqlarının olduğu və bunun müəyyən edildiyi də iddia edilir. Sizcə, niyə Rusiya burada ittiham olunan tərəfdir?
- Bəli, belə məsələ də var.

- Bu faktların nəticəsi necə ola bilər?
- Hər bir fakt üzrə tərəflər elə uydurmalar səsləndirir və onun arxasında elə ifadə, dəlil gətirirlər ki, sonda günahsız günahkar olur. Təbii ki, separatçıların əlində Rusiya silahı var. Onlar nə qədər desələr ki, bizim belə bir təyyarənin vurmaq imkanımız yoxdur, silahımız yoxdur, bu, heç bir halda inandırıcı olmayacaq. Təbii ki, onlarda silah var və bu silahı da Rusiya verib. Əslində Rusiyada heç bunu gizlətmirlər. Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, onlara mənəvi, siyasi dəstək verəcəyik. Təbii ki, hərbi köməklik də verilib. Sosial şəbəkələrdə lent yazısı var. Amma bu heç də o nəticəyə gəlməyə əsas vermir ki, hadisə ilə bağlı araşdırma aparılmamalıdır. Araşdırma mütləq aparılmalıdır. Təyyarənin hansı silahdan, nə zaman, kim tərəfdən, hansı məntəqədən raket açılması dəqiqliklə müəyyən edilməlidir.

- Bu təyyarənin vurulmasından sonra Donetskidə separatçılara qarşı ciddi əməliyyatlara başlanıla bilərmi?
- Birmənalı şəkildə bu hadisə Rusiya ilə Qərb arasında qarşıdurmanın yeni mərhələsini gündəmə gətirəcək. Artıq soyuq müharibənin əlamətləri göz önündədir. Şübhə etmirəm ki, qərb ölkələri toplaşaraq Rusiyaya qarşı yeni bir sanksiyalar tətbiq edə, hansısa addımlar ata bilər. Söhbət siyasi, iqtisadi və digər sanksiyalardan gedir. Qərb əminliklə belə bəyan edir ki, separatçılar Rusiya silahından istifadə edir və Moskva tərəfindən dəstəklənirlər. Artıq indiyə qədər ABŞ və Avropa Birliyi tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bir qədər də sərtləşəcək. Bu da sözsüz ki, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxaracaq.

- Bu qarşıdurmada tərəflərdən hansının qalib çıxması ehtimalı daha yüksəkdir?
- Soyuq müharibə onilliklərlə davam edib, 75 ildən sonra bunun nəticəsi olaraq Sovet İttifaqı çöküb. İndi uzaqgörənliklə proqnoz vermək mürəkkəb iş olardı. Amma həqiqət ondan ibarətdir ki, dünya birliyi Rusiyaya qarşı artıq öz münasibətlərini, neqativ hisslərini gizlətmir. İndiyə qədər Rusiyaya qarşı müəyyən sanksiyalar tətbiq edilib. Bu sanksiyalar Rusiyanın durumuna, iqtisadiyyatına, eləcə də şimal qonşumuzun dünya siyasətində yerinə və roluna təsir göstərəcək. Rusiya, əlbəttə, müəyyən mənada təcrid oluna bilər. Şübhəsiz ki, bütün bunlar Rusiyanı zəiflədəcək. Qeyd edim ki, artıq bir sıra banklara, şirkətlərə, müəssisələrə və şəxslərə qarşı sanksiyalar tətbiq edilir. Şübhə yoxdur ki, bunun özü də Rusiyanı zəiflədib.

- Bəzi ölkələr BMT-də Ukrayna məsələsi ilə bağlı təcili toplantı keçirilməsini tələb edirlər. Sizcə, bunun hansısa nəticəsi ola bilərmi?
- BMT-nin iki strukturu var: Təhlükəsizlik Şurası və Baş Assambleya. Baş Assambleyada Rusiyanın kifayət qədər tərəfdarı var. Bu, danılmaz faktdır. Amma Təhlükəsizlik Şurasında beş dövlət təmsil olunur. Təbii ki, burada Rusiyaya qarşı ABŞ, Fransa, Böyük Britaniya öz sözünü deyəcək. Amma yenə də hansısa sərt qərar qəbul ediləcəyinə şübhə ilə yanaşıram. Çünki orada Çin də təmsil olunur. Çin Rusiyanı müdafiə etməsə belə, müəyyən müzakirələrin nəticəsi olaraq qəbul edilən qərarlar ərəfəsində bitərəf qalır. Ona görə düşünürəm ki, müzakirələr olacaq, sərt ifadələr səslənəcək, müəyyən ittihamlar irəli sürüləcək. Amma Təhlükəsizlik Şurası konkret olaraq Rusiyaya qarşı qərar qəbul etməyəcək. Çünki orada qərar qəbul ediləndə vahid şəkildə veto qoyulmadan hər kəs bu qərarı dəstəkləməlidir. Amma Çinin orada mövcud olması Rusiyaya qarşı hər hansı qərarın qəbulunu şübhə altına itələyir.

- Yeri gəlmişkən, Ukrayna böhranı yaranandan bu yana üçüncü dünya müharibəsinin baş verəcəyinə dair ehtimallar irəli sürülür. Bu, nə dərəcədə realdır?
- Dünya müharibəsi nə deməkdir? Biz klassik formatda götürsək, dünya müharibəsi bir neçə dövlətin bir dövlətə qarşı olması və cəbhə açmasıdır. İndi dünyada Rusiya təklənib. Əgər dünya birliyi, aparıcı dövlətlər Rusiyaya qarşı kəskin şəkildə hərbi əməliyyatlara başlamaq istəsə, bu zaman Rusiyanın müttəfiqi çox az olacaq. Amma burada incə məqam var. Söhbət Rusiyanın aclığından və ya zəifliyindən getmir. Rusiyaya qarşı olan Avropa ölkələrinin münasibətləri əslində müxtəlif və bir qədər də ziddiyyətlidir. Bir sıra Avropa dövlətləri Rusiyaya qarşı olsa da, Moskvaya qarşı münasibətdə sərt ifadə və sanksiyalardan çəkinir. Bu da bir reallıqdır. Burada əsas rol oynayan ABŞ-dır. Obama isə bir dövlət başçısı olaraq sərt addımlar atmaq fikrində deyil. O, sadəcə olaraq başa düşür ki, Ukrayna xətrinə Rusiya ilə müharibəyə başlamaq o qədər də faydalı iş deyil. Çünki dünyada bir neçə münaqişə var. Mən İsrail-Fələstin, Əfqanıstan, Suriya, İran-ABŞ və İraqda baş verənləri nəzərdə tuturam. Belə şəraitdə Rusiya kimi nəhəng ölkəyə cəbhə açmaq düşünmürəm ki, Amerikanın xeyrinə ola bilər. Amma reallıq budur ki, ABŞ-ın xeyir-duası ilə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək. Təbii ki, qərb dövlətləri Rusiyanı izolyasiya vəziyyətinə salacaqlar.

- Ukrayna böhranı, Sizcə, nə qədər çəkəcək, ümumiyyətlə, bu problem həll ediləcəkmi?
- Açığını deyim ki, mən separatçılığa qarşı belə sərt hərbi əməliyyatların müsbət nəticəsini indiyə qədər görməmişəm. Mən dünyada bir sıra separatizmin baş verdiyi münaqişələri bilirəm. Vaxtilə Xankəndi ərazisinə bir-iki raket düşəndə Amerikanın özündə hay-küy yaranırdı, qərb ölkələri bizi masa arxasında əyləşib məsələləri müzakirə etməyə dəvət edirdilər, Dövlət Departamenti bəyanatla çıxış edirdi. Hazırda gördüyünüz kimi vəziyyət dəyişib. Vaşinqton faktiki olaraq rəsmi Kiyevə kart-blanş verib, yaşıl işıq yandırıb. Deyir ki, gedin əməliyyat aparın və ərazi bütövlüyü məsələsini bərpa edin. Vaxtilə biz Amerikadan və digər dövlətlərdən də bunu gözləyirdik. Amma gördüyünüz kimi, onların yanaşmaları müxtəlifdir. Xüsusilə qeyd edim ki, əgər Rusiya hansısa qüvvənin arxasında dayanıbsa, belə bir əməliyyatın aparılması o qədər də effektiv olmayacaq. Fikrimcə, rəsmi Kiyev həm hərbi əməliyyatları davam etdirməli, həm də müəyyən qüvvələrlə danışıqlar aparmalıdır. Söhbət bu krizisi aşmaq üçün hərbi-diplomatik yollardan istifadədən gedir. Yalnız hərbi yolla məsələ həll edilməyəcək. Çünki bu çox mürəkkəb, incə və həm də uzunmüddətli prosesə çevrilir. Biz öz təcrübəmizdən bunu bilirik.

Nemət Hüseynli


Müəllif: