25 İyul 2014 10:52
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yusif Bağırzadə: “Onlar namuslu insan kimi ata-baba torpaqlarına gediblər”

Suallarımıza Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə cavab verib. Partiya sədri əsasən göstərdikləri fəaliyyətdən, qarşıdan gələn bələdiyyə və parlament seçkilərindən, Kəlbəcərdə girov götürülən azərbaycanlı əsirlərdən, İraqda yaşayan türkmənlərdən, müxalifətin durumundan və digər mövzulardan danışıb.

- Yusif bəy, AMİP-in fəaliyyəti sanki görünmür. Hazırda hansı istiqamətdə fəaliyyət göstərirsiniz, partiyanın yaxın dövr üçün fəaliyyət planları nədən ibarətdir?
- Hazırda müqəddəs Ramazan bayramı ərəfəsindəyik. Partiyamızda bir çox adamlar oruc tutur. Özüm də oruc tuturam. İkincisi, qarşıdan işlər gəlir. Biz müəyyən addımlar atırıq. AMİP-də 1995-ci ildən fəaliyyət göstərən daimi seçki qərargahı var. Bu istiqamətdə işlər gedir, seçkilərə hazırlaşırıq. Eləcə də, partiyada təşkilatlanma prosesi gedir və çalışırıq ki, bələdiyyə seçkilərinə qədər təşkilatlanma işlərinə xüsusi diqqət ayıraq. Bizim beynəlxalq səviyyədə güclü əlaqələrimiz mövcuddur. Gənclərimizlə bağlı layihəmiz var. Yəqin ki, yaxın aylarda gənclərimizi Avropaya göndərəcəyik. Əslində, görünən budur ki, hazırda geopolitik vəziyyət daha çox gərgindir.

- Geopolitik vəziyyətin gərgin olduğunu deyəndə nəyi nəzərdə tutursunuz?
- Hesab edirik ki, belə geopolitik gərgin durumda Azərbaycan müxalifətinin, eləcə də, AMİP-in əsas işi Azərbaycanda daxili sabitliyin qorunmasında rolunu artırmaq olmalıdır. Çünki Azərbaycan hazırda dünyanın çalxalandığı bir zamanda bu neqativ prosesdən kənardır. Həm də Dağlıq Qarabağla bağlı hökumətin fəaliyyəti var, amma bu, davamlı olmalıdır. Azərbaycanın yerləşdiyi region olduqca mürəkkəbdir və burada əsas güc dövlətlərinin marağı var. Bu səbəbdən də Azərbaycanın hər hansı bir addımında qloballaşma dövründə ölkəmizdə qeyri-stabillik yaratmaq arzusunda olanlar tapılacaq. Dindarların vasitəsilə buna daima çalışıblar. Odur ki, əsas məqsədimiz bu günə qədər qorunub saxlanılan stabilliyi daha da qorumaqdan ibarət olmalıdır. Fikrimcə, bu, ciddi məsələdir.

- Qarşıdan bələdiyyə seçkiləri gəlir. Digər siyasi təşkilatlarla bu istiqamətdə danışıqlar gedirmi, razılaşmalar varmı?
- Başqa siyasi təşkilatlarla əvvəllər danışıqlar aparmışıq. Mən AMİP sədrliyinə gəldikdən sonra parlament seçkiləri öncəsi danışıqlar apardım, çoxlu siyasi təşkilatlarla görüşlərim oldu, təklif etdim ki, parlament seçkilərinə vahid siyahı ilə gedək. Bundan sonra da bir çox danışıqlar apardıq, amma nəticə ürəyimiz istəyən kimi olmadı. Bu gün qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı danışıqlar aparmırıq. Mən müxalifət düşərgəsində böyük birliyin yaradılmasının, bələdiyyə seçkilərinə birgə getməyin işartılarını görmürəm. Əlbəttə, biz Demokratik Qüvvələr Birliyi adlı siyasi birlikdə təmsil olunuruq və orada fəaliyyətimiz davamlıdır.

- Demokratik Qüvvələr Birliyində təmsil olunan partiyalar bələdiyyə seçkilərinə birlikdə gedə bilmir?
- Təəssüflər olsun ki, seçkiyə birgə getmək mümkün olmadı. Bu blokda təmsil olunan bəzi partiyalar həm də başqa təşkilatlarda təmsil olunurlar. Biz də ümumi məxrəcə gəldik ki, 2015-ci ildə parlament seçkilərinə birgə gedək. Yəni Demokratik Qüvvələr Birliyini seçki blokuna çevirmək şərti ilə parlament seçkilərində birgə iştirak edək. Ona görə də, AMİP qarşıdan gələn bələdiyyə seçkilərinə təkbaşına gedəcək. Biz bələdiyyə seçkilərində uğur qazanmaq, yerlər götürmək əzmindəyik. Bələdiyyə seçkiləri miqyasına görə böyük seçkilərdir, daha çox yerləri əhatə edir. İstəyirik ki, gələcəkdə ölkənin ictimai-siyasi həyatında pozitiv rol oynayaq.

- Hazırda Demokratik Qüvvələr Birliyinin toplantıları keçirilirmi?
- Bəli, keçirilir. Sadəcə olaraq, Sülhəddin Əkbər Azad Demokratlar Partiyasını təsis etdi, iyulun 6-da qurultay keçirdi. Bizim gələn həftədən növbəti iclaslarımız keçiriləcək.

- AMİP yay tətilinə çıxacaq?
- Xeyr. Yay tətilinə ağ adamlar çıxır, biz yay mövsümü boyunca fəaliyyətimizi davam etdirib işləyəcəyik.

- AMİP millətçi siyasi xətdə olan siyasi təşkilatdır. Kəlbəcərdə əsir götürülən şəxslərə partiyanızın münasibəti hələ də bəlli deyil. Bu haqda nə düşünürsünüz?
- Biz vətəninə gedərkən əsir götürülən bu insanlar haqqında deyilən mənfi ifadələri rədd edirik. Bu insanlar öz vətənini, torpağını sevən insanlardır. Onlar qeyrətli və namuslu insanlardır, öz torpaqlarına bağlı olan, vəziyyətə laqeyd qalmayan şəxslərdir. Bu insanlar mülki şəxs kimi şəxsən qərar qəbul edərək vətənlərinə gediblər, əzizlərinin məzarlarını ziyarət ediblər. Burada dövlətin tapşırığı, partizan hərəkatı və s. kimi motivlər olmayıb. Əksinə, onlar namuslu insan kimi ata-baba torpaqlarına gediblər. Həm də onlar Kəlbəcərə ilk dəfə deyil ki, gediblər. Çünki onlar yerli sakinlərdir və torpaqlarına onları aparacaq cığırları, yolları daha yaxşı tanıyırlar. Bəzilərinin orada əzizlərinin məzarı var. Kişi kimi təhlükə qarşısında gediblər və hətta məzarları ziyarət ediblər. Fikrimcə,onlara Azərbaycan hökumətinin diqqəti hər zaman olmalıdır. AMİP hesab edir ki, onlar xalqımızın sevimli övladlarıdır.

- Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması imkanları nə qədərdir?
- Mən belə başa düşürəm ki, bu məsələ beynəlxalq səviyyədə həll olunmalıdır. Bu insanlar hərbçi deyillər, dövlətdən tapşırıq almadan, eləcə də, təhlükələri gözə almadan gediblər vətənlərinə, əzizlərinin məzarlarını ziyarət etməyə. Bunlar mülki insanlardır və mütəmadi olaraq gedib-gəliblər. Mən hesab edirəm ki, onlara qarşı irəli sürülən ittihamlar yalan və şərdir. Əminəm ki, onlar geri qaytarılacaq. Bunun başqa yolu yoxdur.

- Yusif bəy, hazırda İraqda yaşayan türkmənlərin də vəziyyəti ürəkaçan deyil. Ciddi beynəlxalq əlaqələrə malik olan AMİP-in bununla bağlı hansısa hərəkəti və ya planları varmı?
- Təəssüflər olsun ki, İraqda yaşayan etnik qruplardan türkmənlərin hüquqları həmişə pozulub. Türkmənlər Şah İsmayıl Xətai dövründən İraqa köçüblər və etnik baxımdan bizə daha yaxındırlar. Azərbaycan dövləti onlara münasibətdə diqqətli olmalıdır. Hələ İŞİD-dən öncə də türkmənlərin maraqları ərəb və kürdlər tərəfindən pozulub. Məncə, Türkiyə və Azərbaycan dövləti bu kimi məsələlərə münasibətdə diqqətli olmalı, onların problemlərini beynəlxalq səviyyədə gündəmə gətirməli və həm də müdafiə etməlidir. Azərbaycan və Türkiyə bu istiqamətdə xarici siyasətini koordinasiya etməlidir. Həm də Azərbaycanla müqayisədə Türkiyə İraqa və türkmənlərə daha yaxındır. Üstəlik, türkmənlərlə türk hökumətinin hər zaman münasibəti olub. Türkmənlərin yaşadığı ərazi həm də karbohidrogen ehtiyatları ilə zəngindir. Odur ki, bu ərazilərdə kürdlərin də, ərəblərin də, hətta xarici ölkələrin də gözü var. Hesab edirik ki, hər bir dövlətin BMT-də tanınan sərhədlərinə hörmət edilməlidir. Eləcə də, İraq dövlətinin federasiyalara ayrılmasının əleyhinəyik. Biz bu dövlətin beynəlxalq birliklər tərəfindən qəbul edilən sərhədlərinin tanınmasının vacibliyini vurğulayırıq. Biz türkmənlərin hüquqlarının pozulmasını pisləyirik.

- Son günlər Səməd Vurğun və onun timsalında sovet quruluşunun tanınmış şairlərinin tənqid edilməsini, onların artıq bu xalqa lazım olmadığı haqda fikirlərə münasibətiniz necədir?
- Hər bir azərbaycanlı ziyalısına, şairinə, yazıçısına, aliminə hörmətlə yanaşmaq lazımdır. Xüsusilə, ölkəmizdə tanınan, dünyada iz qoyan insanlara sayğı ilə yanaşmaq lazımdır. Biz hamını böyük şair Səməd Vurğun başda olmaqla, bu insanlara diqqət və hörmət göstərməyə dəvət edirik.


NEMƏT


Müəllif: