12 Avqust 2014 12:18
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azay Quliyev: “Həbs olunan şəxslərin saxlanılmasında siyasi rənglər axtarmağa ehtiyac görmürəm”

Suallara Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev cavab verib. Şura sədri əsasən Soçi görüşü, onun nəticələri, Amerika və Fransanın danışıqlar prosesindən kənarda saxlanmasının səbəbləri, Qarabağ münaqişəsi istiqamətində gözləntilər haqqında danışıb.

Milli Məclisin deputatı eyni zamanda son günlər həbs edilən Qeyri- Hökumət Təşkilatlarının nümayəndələri haqda fikirlərini bölüşərək onlara verilən ittihamların məhkəmə instansiyasında şəffaf və ədalətli araşdırılmasının vacibliyini vurğulayıb.

- Azay müəllim, prezidentlərin Soçi görüşünü necə qiymətləndirirsiniz?
- İctimaiyyətdə az da olsa, ümidlər var idi ki, cəbhədə son gərginlikdən sonra nəhayət Rusiya özünün forpostuna yerini göstərəcək və mərhələ-mərhələ erməni işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxması üçün müəyyən planlar işlənib hazırlanacaq. İlkin məlumata görə, bu görüşdə hər hansı bir konkret nəticə olmayıb. Bu, təəssüf doğurur. Əlbəttə ki, bu, bizi narahat edir və mən hesab edirəm ki, bütövlükdə Rusiyanın vasitəçilik missiyasına kölgə salır. Çünki hamı bilir ki, Ermənistan Rusiyadan tam asılı dövlətdir. Həm hərbi baxımdan, həm iqtisadi baxımdan, həm də enerji və digər baxımdan. Təsadüfi deyil ki, bu gün Ermənistan prezidenti və siyasətçiləri üzünü Rusiyaya tutub imdad diləyirdilər, deyirdilər ki, bizə kömək et. Təəssüf ki, Soçidə uğur əldə olunmadı. Hesab edirəm ki, bu, bir tərəfdən Rusiyanın məsələyə qeyri-səmimi yanaşması, digər tərəfdən Ermənistanın qeyri-konstruktiv aparmasına göz yummanın nəticəsidir. Mənə belə gəlir ki, cəbhədə baş verən son hadisələrdən Ermənistan ciddi nəticələr çıxarmayıb. Prezidentimiz də qeyd etdi ki, məsələnin sülh yolu ilə həll edilməsini istəyirik, istəmirik ki, müharibə olsun, qan tökülsün. Lakin Ermənistanın sərgilədiyi mövqe və davranış göstərir ki, bu ölkə qətiyyən sülh istəmir. Ermənistan ümumiyyətlə məsələnin həllini istəmir. Əgər sülh istəmirsə, həm də Azərbaycan tərəfinə başqa alternativlər qoymur. Bu gün Azərbaycan Ordusunun döyüş əhvalı çox yüksəkdir, əhalimizin torpaqları işğaldan geri qaytarması üçün səfərbərlik istəyi yüksək səviyyədədir. Hesab edirəm ki, bütün şərtlər torpaqların işğaldan geri qaytarılması üçün Azərbaycan üçün əlverişlidir. Bu gün təkcə Rusiyanın məsələyə öz maraqlarından yanaşması və Ermənistanın da qeyri-konstruktiv mövqe sərgiləməsi bu prosesi uzadacaq. Bu da təəssüflər olsun ki, region üçün yaxşı vədlər vermir.

- ATƏT-in Minsk qrupunun amerikalı və fransalı həmsədrləri bu danışıqlar prosesində iştirak etmir. Bunu necə qiymətləndirməliyik?
- Rusiya bu prosesdə müəyyən qədər öncüllük etmək, regiona və bölgəyə tam nəzarət etdiyini nümayiş etdirmək istədi. Digər həmsədrlərə demək istəyirdi ki, Rusiyanın yaxın qonşularına təsir etmək imkanları genişdir və sülhün baş tutması, konfliktin həlli üçün biz daha geniş imkanlara malikik. Bu səbəblərdən də Rusiya görüşü təkbaşına təşkil etdi və digər həmsədr ölkələr - Amerika və Fransa kənarda saxlanıldı. Hətta Minsk qrupunun fransalı və amerikalı həmsədrləri Soçiyə dəvət olunmadı. Bu, əlbəttə həm də göstərir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq münaqişədir və həm də beynəlxalq güclərin maraq dairəsində olan münaqişədir. Bu gün Dağlıq Qarabağ konfliktinin həll edilməməsinin başlıca səbəbi ondan ibarətdir ki, ayrı-ayrı dövlətlərin geosiyasi maraqları bu məsələlərdə üst-üstə düşmür. Bu gün hamımız bilirik ki, ABŞ və Fransa da səmimi şəkildə problemin həllini istəmir. Rusiya da bu konfliktin həll olunmasının istəmədiyini göstərir. Demək, bunlar, sadəcə olaraq, öz oyunlarını oynayırlar. ATƏT-in Minsk qrupunun yaradılması, bu prosesə heç bir töhfə verməyib. Bunun da tək səbəbi odur ki, beynəlxalq güclər bu problemin həll olunmasında maraqlı deyil. Nəticədə bölgənin xalqları pis durumda qalır, insanlar həlak olur, beynəlxalq hüquq normaları ayaqlar altında tapdalanır. Biz də ikili standartlar, ikiüzlülüyün meydana gəldiyini görürük. Nəticədə də region ciddi risklərə atılır. Təəssüf edirəm ki, bu dövlətlər özlərinin öhdəliklərinə və beynəlxalq hüquq normalarına səmimi münasibət ifadə etmirlər, öz məsuliyyətini dərk etmirlər. Bu gün başqa formatda gedən Rusiya-Qərb rəqabəti bölgə xalqlarının başında çatlayır. Nəticədə konfliktin həlli uzadılır, region xalqları ciddi itkilərə məruz qalır. Bütövlükdə xalqlar və dövlətlər bu münaqişədən əziyyət çəkir.

- İndi danışıqlar prosesində vasitəçi dövlətlərdən əsas təşəbbüsün Rusiyanın əlində olduğu görüntüsü var. Necə düşünürsünüz, yaxın dövrdə Amerika təşəbbüsü əlinə alaraq danışıqlar prosesinin irəli getməsi üçün cəhdlər edəcəkmi?
- İnanmıram ki, ABŞ yaxın dövrdə hansısa ciddi addımlar atsın. İş ondadır ki, həm Amerika, həm Rusiya, həm də Fransa Dağlıq Qarabağ münaqişəsindən özünün maraqları üçün istifadə edir. Bu gün Rusiyanın danışıqlarda uğursuzluğa düçar olması və ya problemi həll etmək istəməməsi həm də Amerikanın işinə yarayır. ABŞ və Fransa maraqlı deyildi ki, Rusiyanın vasitəsilə Qarabağ münaqişəsi öz həllini tapsın. Hamımız bilirik ki, Dağlıq Qarabağ münaqişəsi Amerika siyasi gündəmində bir nömrəli məsələ deyil. Bəlkə də, bir nömrəli məsələ olsaydı, bu gün Ermənistana qarşı ciddi sanksiyalar tətbiq olunardı. Hamımız bilirik ki, Rusiyanın iqtisadiyyatı Amerika ilə müqayisədə çox zəifdir. Bu gün hər kəs bilir ki, Avropa və Amerikanın sanksiyalar tətbiq etməsi mümkündür, amma Ermənistana münasibətdə bu addım atılmır. Sual yaranır: niyə bu sanksiyalar Rusiyaya tətbiq edilir, amma Rusiyanın forpostu, işğal cinayəti içində olan Ermənistana tətbiq edilmir. Deməli, Amerika burada da səmimi deyil və sadəcə olaraq, öz oyununu oynayır. Bizi də üzən, ağrıdan budur. Əgər doğurudan da, bundan sonra möcüzə baş verərsə Amerika bölgədə səmimi siyasət apararsa, beynəlxalq hüquq normalarına, Helsinki Yekun Aktının müddəalarına hörmət və sədaqət nümayiş etdirərsə və Qarabağ konfliktinə doğru yanaşma olarsa, bu zaman ilk olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilməli, azı siyasi addımlar atmalıdır. Məsələn, ATƏT-in Bakıda keçirilən Parlament Assambleyasında Amerika nümayəndəsinin təkidi ilə Rusiyaya qarşı qətnamə qəbul edilən kimi Ermənistana qarşı da analoji qətnamə qəbul olunmalıdır. Bu, ilk siyasi addım olmalı, bunun arxasınca isə sanksiyalar gəlməlidir. Belə olmadığı təqdirdə biz heç vaxt qərbin və Amerikanın münaqişə ilə bağlı səmimiyyətini görməyəcəyik. Onlar gözəl bilirlər ki, Azərbaycanın ictimai fikrində Amerikanın və qərbin nüfuzu çox aşağıdır. Bunun da səbəbi onların özüdür. Şübhəsiz ki, bu, bizi üzür. Çünki biz bir tərəfdən torpaqlarımızı itirmişik, digər bir tərəfdən torpaqlarımızın geri qaytarılması üçün imkanlarımızın hər cür səfərbər edilməsinə maneçilik törədir. Yəni torpaqlarımızı geri qaytarmaq üçün biz öz imkanlarımızı səfərbər etsək, qısa müddət ərzində torpaqlarımızı geri qaytaracağıq. Amma bu gün həm Avropa, həm Rusiya, həm də Amerika buna bütün mənalarda mane olurlar. Həm siyasi, həm hərbi, həm də təhlükəsizlik baxımından bu, region üçün yaxşı heç nə vəd eləmir.

- Son günlər qeyri-hökumət təşkilatları ilə bağlı müəyyən proses gedir, bəzi QHT rəhbərləri həbs edilib. Bu halı necə qiymətləndirirsiniz?
- Biz əlbəttə ki, şura olaraq bu məsələləri diqqətdə saxlayırıq və saxlamaqda da davam edəcəyik. Bildiyiniz kimi, biz qeyri-hökumət təşkilatlarının problemləri ilə yaxından məşğul olur, onlarla görüşür, problemlərini dinləyir, onların müvafiq dövlət orqanları ilə olan problemlərinin həll edilməsinə çalışırıq. Mən heç vaxt qeyri-hökumət təşkilatlarının nümayəndələrinin həbsini istəməzdim. Çox istərdim ki, ictimai təşkilatlarımız qanuna əməl etsinlər, şəffaflığı qorusunlar, Azərbaycan konstitusiyasına və qanunlarına hörmətlə yanaşsınlar. Ancaq təəssüflər olsun ki, hər şey istəklə, arzu ilə olmur. Görünən budur ki, bu gün baş verən həbslər üçün müvafiq dövlət qurumlarında əsaslar yaranıb. Konkret olaraq saxlanılan şəxslər Cinayət Məcəlləsinin bu və ya digər maddələri əsasında şübhəli bilinib və barələrində həbs qətimkan tədbiri seçilib. Hesab edirəm ki, bu məsələdə sırf hüquqi yanaşma olmalıdır.

- Saxlanılan şəxslərin həbsində siyasi motivlərin olduğu vurğulanır. Buna münasibətiniz necədir?
- Heç bir halda həbs olunan şəxslərin saxlanılmasında siyasi rənglər axtarmağa ehtiyac görmürəm. Bu məsələyə hüquq müstəvisində baxılmalı və araşdırılmalıdır. Doğurudan da bu şəxslərə qarşı elan olunan ittiham sübut olunarsa və məhkəmə bu məsələni araşdırıb təqsiri isbatlayarsa, bu zaman həmin şəxslərin qanun qarşısında cavab verməli olacaqları, cəza çəkəcəkləri heç kimdə şübhə doğurmamalıdır. Yox, əgər onların təqsirsizliyi, irəli sürülən ittihamda günahı sübut olunmayacaqsa, təbii ki, onlar azadlığa çıxacaq. Bu zaman heç bir problem və azadlıqdan məhrum olunma halı olmayacaq. Ona görə də mən bir daha QHT-ləri səbirli və təmkinli olmağa dəvət edir, onları Azərbaycan qanunlarına sayğılı davranmağa çağırıram. Qeyd edirəm ki, hər bir problem hüquq və məhkəmə müstəvisində öz həllini tapmalıdır. Bu məsələlər ədalətli şəkildə bir sonluğa gəlib çıxmalıdır. Şura bu prosesi yaxından izləyir və məhkəmənin obyektiv qərar qəbul edəcəyinə heç kim şübhə etməməlidir.

Nemət Hüseynli


Müəllif: