21 Avqust 2014 12:52
2 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Tofiqli: “Bunların sayının 500-600 aralığında olması daha böyük səmərə verə bilər”

Bu ilin payızında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Yerli özünüidarəetmə orqanı ölkəmizdə yeni formalaşmasına baxmayaraq, bu sahədə inkişafla yanaşı, problemlər daha qabarıq şəkildə özünü göstərir. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctmai Birliyinin sədri Vüqar Tofiqli ilə bu vəya digər məqamlar barədə danışdıq.

- Bələdiyyələr seçkiləri ərəfəsində bu sahədə nə kimi işlər həyata keçirirsiniz?
- Təşkilatımız fəaliyyətə başladığı dövrdə yerli özünüidarəetmə orqanları ilə bağlı bir sıra işlər həyata keçirmişik. Bu il Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “2014-cü il-bələdiyyə seçkilərində gənclərin və qadınların aktivliyinin artırılması məqsədi ilə hüquqi biliklərinin aşılanması və maarifləndirmə işinin təşkili” layihə çərçivəsində Bakının Suraxanı rayonunda və Şamaxı şəhərində sorğu həyata keçirilib. Hər birində 50 nəfər olmaqla, cəmi 100 nəfəri əhatə edən sorğunun əsas məqsədi əhalinin seçki ilində bələdiyyə sisteminə olan münasibətini öyrənmək olub. Ümumən rəyi sorulanların 42 faizi mövcud hüquqi- normativ aktları təkmil hesab etmirlər. Bununla yanaşı, 32 faizi icra strukturlarinin müdaxiləsini, 28 faizi gənclərin və qadınların bələdiyyə sistemində çatışmazlığını, 30 faizi qanunvericilikdə olan boşluqları və 10 faizi isə bələdiyyə üzvlərinin qeyri-peşəkarlığını bələdiyyələrin daha çox aktiv fəaliyyət göstərməsinə mane olan amil kimi göstəriblər.

- Açıqladığınız rəqəmlərdə problemlər üstünlük təşkil edir.
- Bəli, sorğudan da göründüyü kimi, bələdiyyələrin müəyyən mənada inkişaf istiqamətləri mövcud olsa da, onların çoxsaylı problemləri bu gündə qalmaqdadır.

Sön bir ay ərzində dövlət başçının sərəncamı ilə bələdiyyə sisteminin qarşılaşdığı problemləri aradan qaldırmaq məqsədilə bir sıra qanun və normativ hüquqi aktlara dəyişiklik edilib. Dövlət başçısının imzaladığı hüquqi sənədə görə ilin sonunda keçiriləcək seçkilərdə yüzdən artıq bələdiyyənin birləşdirilməsi nəzərdə tutulub. Belə ki, sayca dördüncü dəfə keçiriləcək bələdiyyə seçkisindən sonra ölkəmizdə formalaşacaq bələdiyyələrin sayı 1605 olacaq. Bununla da ölkəmizdə birləşdirilən bələdiyyələrin sayı 1131-ə çatıb. Qeyd edək ki, ilk sayı 2736 olan yerli özünüidarəetmə orqanlarının sayı 41 faiz azaldılıb.

- Digər dəyişikliklərdə nələr nəzərdə tutulub?
- Qeyd edim ki, əsas dəyişikliklərdən biri də əmlak vergisinin tətbiqi ilə bağlı olub. Yeni düzəlişlərə görə, hər bir vətəndaş mənzilinin kvadratmetrinə görə, özü əmlak vergisinin həcmini hesablaya biləcək. Belə ki, Bakıda 100 kv/m-lik mənzilə görə, bu rəqəm il ərzində 28 manat, Gəncədə 21 manat, rayon mərkəzlərində 12 manat, kənd və qəsəbələrdə isə 7 manat təşkil edəcək. Burada diqqət çəkən məqam odur ki, hər bir mənzilin həcmindən 30 kv/m-lik əraziyə güzəşt tətbiq edilir.
Ötən il əmlak vergisindən hər bələdiyyəyə cəmi 202 manat vəsait daxil olub.

- Əgər vətəndaş ödədiyi vergi büdcəyə daxil edilmirsə, onda nə etməlidir?
- Bununla bağlı qanunvericilikdə ediləcək yeni düzəlişlərdə öz əksini tapıb. Bu düzəlişlərə əsasən vergilərin nəğd yığılmasına qadağa qoyulub. Ödənişlər birbaşa olaraq bank vasitəsi ilə həyata keçiriləcək. Bu isə mövcud olan neqativ halın qarşısını almağa, bələdiyyə seçici münasibətlərində yarana biləcək narazılıqların aradan qaldırılmasına imkan verəcək.

Digər bir məqam isə subvensiyalarla bağlıdır. Belə ki, bələdiyylərə sərbəst şəkildə layihə təqdim etməklə müvafiq icra strukturundan maliyyə vəsaiti almaq şanşı yaranacaq.

Hesab edirəm ki, yeni düzəlişlər qüvvəyə mindikdən sonra hər hansı anlaşılmazlığın yaranmaması üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasına, habelə normativ-hüquqi aktlarda olan bəzi boşluqların vaxtında aradan qaldırılmasına ehtiyac var. Təşkilat olaraq bu istiqamətdə apardığı araşdırmalardan sonra belə qənaətə gəlmişik ki, yerli vergilərin ödənişi ilə bağlı vahid ödəniş formasının tətbiqinə ehtiyac var. Bu gün elektron formada tətbiq edilən ödəniş sistemində yerli vergilərə aid heç bir məqam nəzərdə tutulmayıb. İstər “Milliön” və “E-manat”, o cümlədən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemində yerli vergilərin ödənişi daxil edilməyib. Bu prosesin hazırlanması hər bir vətəndaşa ödəniş üçün bankla yanaşı, digər vasitələrdən istifadə imkanı verimiş olacaq.

Digər tərəfdən bələdiyyələr tərəfindən vergiödəyənlərin vahid reyestrinin tətbiq edilməsi zəruri hallardan biridir. Bu addımın atılması hər bir bələdiyyədə yığılacaq vergilərin həcmini bəri başdan müəyyən etməyə imkan verəcək. Eləcə də mənzillərin addan ada keçirilməsində problem yaşanmaz. Eyni zamanda araşdırmalar göstərir ki, ilbəil bələdiyyələrə verilmiş səlahiyyətlərin bu və ya digər şəkildə Milli Məclis və ya yerli icra hakimiyyəti orqanı tərəfindən geri alınması, qanunların icrası ilə bağlı prezident sərəncamlarının icrasında müvafiq mərkəzi strukturlar tərəfindən ləng addımların atılması, yerli icra strukturlarının bələdiyyələrin fəaliyyətinə birbaşa müdaxiləsi sistemin bu günkü durumunu kritik həddə çatdırıb. Bir faktı qeyd etmək kifayətdir ki, 2007-ci ildə bələdiyyələrin ümumi büdcə gəlirləri 50 milyon manat oldugu halda, 2012-ci ildə bu rəqəm 36 milyon, 2013 cü ildə isə 42 milyon manat təşkil edib. Bu gün bir bələdiyənin aylıq büdcə gəliri 2300 manata çatır. Bu məbləğ isə bələdiyyəyə hər hansı bir addım atmağa imkan vermir. Odur ki, bütün bu məqamların qarşısının alınması üçün icra hakimiyyətləri orqanları ilə bələdiyyələrin səlahiyyət bölgüsün özündə ehtiva edən qanunun müzakirəyə çıxarılaraq təsdiq edilməsinə ehtiyac var.

- Bəlkə bələdiyyələrin mərkəzləşdirilmiş fəaliyyəti üçün bir qurum yaradılmalıdır?
- Bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək, idarəçilikdə mövcud paralelliyi aradan qaldırmaq və bu istiqamətdə dövlət siyasətinin vahid mərkəzdən idarə oluması üçün müvafiq mərkəzi dövlət orqanının yaradılması məqsədə uyğun hesab edilir. Yaradılacaq qurumun nazirlik, komitə və ya dövlət agentliyi qismində Ədliyyə Nazirliyinin Bələdiyyələrə iş Mərkəzinin bazasında olması daha böyük səmərə verə bilər. Böyük təcrübəyə malik olduğundan bu orqan həm yerli özünidarəetmə sahəsində dövlət siyasətinin icrasına nəzarət edər, yerli özünüidarəetmə orqanları ilə digər dövlət orqanları arasında əlaqələndirmə funksiyasını həyata keçirər, həm də dövlətin ayırdığı dotasiyanın daha səmərəli icrası üçün layihələrin həyata keçiriliməsinə, bələdiyyələrin fəaliyyətinə müdaxilələrin aradan qaldırılmasına yardımçı olar.

Ən nəhayət bələdiyyələrin birləşdirilməsi prosesi davam etdirilməli və onların sayının minə qədər azaldılaraq 500-600 aralığında olması daha böyük səmərə verə bilər. Sözsüz ki, atılan hər bir addımın nəticəsində yerli büdcəyə olan daxilolmaların həcmini bir qədər artırmış olacaq, bələdiyyə-seçici münasibətlərinə bir sərinlik gətirəcək. Bütün hallarda prezident sərəncamı ilə yeni ildən qüvvəyə minəcək məqamlar bələdiyyənin inkişafına yönələn addım kimi qəbul edilməlidir.

BƏXTİYAR


Müəllif: