22 Avqust 2014 18:09

Musa Qasımlı: “Həbs olunan şəxslərlə bağlı ayrı-ayrılıqda iki müdafiə komitəsinin yaradılmasında məqsəd xaricdən qrant almaqdır”

Avqustun 21-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Mərkəzi Yürütmə Kurulunun qapalı toplantısında xarici işlər naziri, Konya millət vəkili Əhməd Davudoğlunun partiyanın yeni sədrliyinə və Türkiyənin baş nazirliyinə namizəd olmasına dair yekun qərar qəbul edilib. R.T.Ərdoğanın sədrliyi və baş nazirliyi ilə sonuncu dəfə toplanan Mərkəzi Yürütmə Kurulunun iclası başa çatdıqdan sonra Ərdoğan partiyadaşları önünə çıxaraq Davudoğlunun namizədliyini elan edib.

Bəs, Ə.Davudoğlunun Türkiyənin baş naziri olması nə vəd edir? Bundan sonrakı dönəmdə Azərbaycan-Türkiyə münasibətləri nə cür olacaq? Bu və digər suallarımıza Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Musa Qasımlı ilə söhbətimiz zamanı cavab tapmağa çalışdıq.

- Xarici işlər naziri Əhməd Davudoğlunun AKP-nin yeni sədri və Türkiyənin yeni baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsini nə cür qiymətləndirirsiz?
- Türkiyədə baş verən proseslər ilk növbədə qardaş ölkənin daxili işidir, türk xalqının suveren hüququdur. Türkiyə demokratik bir ölkə olduğundan orada cərəyan edən hadisələr Türkiyədəki siyasi mənzərəni əks etdirir. Xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə hökumətinin başçısı vəzifəsinə gətirilməsi bir sıra amillərlə bağlıdır. Hər şeydən əvvəl Əhməd Davudoğlu xarici işlər naziri olaraq dünyada kifayət qədər tanınmış və imici olan bir diplomatdır. Onun dünya ölkələrində şəxsən tanımadığı xarici işlər naziri və ya digər bir dövlət adamının olmadığını söyləmək olmaz. Əhməd Davudoğlunun baş nazir vəzifəsinə gətirilməsi Türkiyənin nüfuzunu artıracaq. Partiya baş katibliyinə gətirilməsi də partiyanın beynəlxalq mövqelərini gücləndirəcək. Ona görə də Əhməd Davudoğlunun baş nazir vəzifəsinə gətirilməsi Türkiyə prezidentinin strateji niyyətlərindən xəbər verir.

- Sizcə, qarşıdakı dönəmdə Azərbaycan-Türkiyə münasiətlərinin daha da sıxlaşması istiqamətində hansı addımlar atlacaq? Biz Davudoğlunun baş nazirliyi zamanı bu istiqamətdə nələrin şahidi olacağıq?
- Əhməd Davudoğlunun baş nazir olması Azərbaycan-Türkiyə münasibətlərinə yeni keyfiyyət halı verəcək. Hər şeydən əvvəl ona görə ki, Davudoğlu Azərbaycanın problemlərini dərindən bilən, Azərbaycan həqiqətlərini dərk edən, Azərbaycanın ədalətli mövqeyini müdafiə edən bir diplomat və dövlət xadimidir. Xarici işlər naziri olarkən o, Azərbaycanın ədalətli mövqeyini hər bir zaman müdafiə edib. Həmişə Azərbaycana isti münasibət bəsləyib və baş nazir olduqdan sonra bu isti münasibətin davam edəcəyini əminliklə söyləmək olar. Davudoğlunun baş nazir olmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni bir mərhələyə çıxacaq.

- Rəsmi Bakı son vaxtlar fəal surətdə Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunması məsələsinin gündəmə gətirir. Amma Qərb ölkələri və beynəlxalq təşkilatlar bu çağırışa heç bir cavab vermirlər. Sizcə, Krımın ilhaqına görə Rusiyaya ciddi sanksiyalar tətbiq etmiş Qərb nəyə görə Azərbaycan torpaqlarının işğalçı ilə adekvat davranmır?
- Ermənistan təcavüzkar bir dövlətdir. Azərbaycan isə Ermənistanın təcavüzünə məruz qalıb. Dünyada ikili standartlar mövcuddur, böyük dövlətlər təcavüzə məruz qalanla təcavüzkar arasında fərq qoymalıdırlar. Bu baxımdan cənab prezidentimiz İlham Əliyevin Ermənistan sanksiyalar tətbiq edilməlidir tələbi tamamilə haqlıdır, beynəlxalq hüquqa və ədalətə uyğundur. Necə olur ki, böyük dövlətlər Rusiyaya qarşı Ukrayna məsələsində dərhal sanksiya tətbiq edirlər, amma 20 ildən çox müddətdə Azərbaycan ərazilərini işğal edən Ermənistanın təcavüzkar siyasətinə göz yumurlar. Ədalət və beynəlxalq hüquq haradadır? İkili standartlar nədən qaynaqlanır? Erməni lobbisinin fəaliyyətindənmi? Erməni diasporunun qapıları döyüb qapı ağzında oturmasındanmı? Nə vaxta qədər ki, böyük dövlətlər və beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana qarşı sanksiya tətbiq etməyiblər, işğal etdiyi Azərbaycan ərazilərini boşaltmasını tələb etməyiblər, dünya heç vaxt haqq-ədalətdən danışa bilməz. Böyük dövlətlər bilməlidirlər ki, dünya siyasəti uşaq bağçası deyil və Ermənistan da həmin uşaq bağçasındakı şıltaq uşaq deyil. Onlar Ermənistana qulaqburması verməlidirlər, özlərinin imza atdıqları beynəlxalq sənədlərin tələblərinin yerinə yetirilməsini ondan israrla tələb etməlidirlər. Əks təqdirdə böyük güclərə dünyada heç bir inam qalmayacaq və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Azərbaycanda öz nüfuzlarını ictimai rəydə itirəcəklər.

- Müxalifət Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Leyla Yunus və həbs olunmuş digər şəxslərlə bağlı ayrı-ayrılıqda iki müdafiə komitəsi yaradıb. Sizcə, burada məqsəd nədir?
- Bilirsiniz, mənim lap əvvəldən, qeyri-hökumət təşkilatları yaranmağa başlayandan bəri qəti mövqeyim bundan ibarətdir ki, qeyri-hökumət təşkilatları xarici donorlardan asılı olmamalıdırlar. Xarici qeyri-hökumət təşkilatları bu və ya digər dövlətin həyata keçirmək istədiyi, lakin özünün bilavasitə edə bilmədiyi, dolayısı yolla, QHT-lər vasitəsilə etdiyini həyata keçirirlər. Buna görə də Azərbaycandakı QHT-lərin xarici donorlardan asılılığının mən qəti şəkildə əleyhinəyəm. Bu asılılıq həmin QHT-ləri dolayısı yolla Ermənistandakı müvafiq qurumlarla əlaqələrə aparıb çıxarır və nəticədə Azərbaycanın dövlət-milli maraqlarına zərə vurur. Mən ümumiyyətlə, hər hansı Azərbaycan vətəndaşının və qeyri-hökumət təşkilatını Ermənistanla, bu respublikadakı müəyyən qurumlarla əlaqəsinin əleyhinəyəm. Xalq diplomatiyası başqa bir şeydir. Əvvəlcə dövlətlər müəyyən sənədləri imzalayarlar, sülh prosesi başlayar, xalqlar arasında etimadı yaratmaq üçün xalq diplomatiyası işə düşər. Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdiyi bir şəraitdə xalq diplomatiyası necə ola bilər? Ona görə də hesab edirəm ki, Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan bu və ya digər şəxslərin barəsində inzibati tədbirlərin həyata keçirilməsi Azərbaycan qanunlarına uyğundur. O ki qaldı iki müdafiə komitəsinin yaradılması məsələsinə, bu bir daha onu göstərir ki, Azərbaycanda müxalifət parçalanmış, dağınıq haldadır, heç bir bazası yoxdur. Bu bir daha təsdiq edir ki, istər prezident seçkilərində, istər bələdiyyə, istərsə də parlament seçkilərində Azərbaycan müxalifətinin uğur qazanmaq şansı yoxdur. O zaman sual olunur ki, müxtəlif müdafiə komitələrinin yaradılması nə ilə bağlıdır? Yenə də burada cavab aydındır. Xaricdən müəyyən yardımlar almaq, Azərbaycan əleyhinə olan qüvvələrin gözlərində özlərini yüksəltmək və Azərbaycan əleyhinə fəaliyyətlər üçün müəyyən qrantlar qoparmaq. Amma hesab edirəm ki, Azərbaycan əleyhinə olan hər hansı bir fəaliyyətdə heç bir Azərbaycan vətəndaşı və təşkilat iştirak etməməlidir. Bizim bir dövlətimiz var. Bu, Azərbaycan dövlətidir. Tarix bir şans verib, Azərbaycan xalqı illər boyu mübarizə apardığı müstəqilliyinə nail olub. Bizim əsas məqsədimiz öz gücümüzə arxalanaraq və beynəlxalq əməkdaşlıqla dövlət müstəqilliyimizi daha da güclü etmək, xalqın rifah halını yüksəltmək olmalıdır.

- Bu günlərdə Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirildi. Bu ölkələrin son illər güclənən üçtərəfli əməkdaşlıq formatının perspektivlərini necə görürsünüz?
- Azərbaycan, Türkiyə və Gürcüstan münasibətlərinin zəngin tarixi var. Bu tarix müstəqillik illərində xüsusilə zəngin olub. Hələ ötən əsrin 90-cı illərinin sonlarında və XXI əsrin əvvəllərində üç ölkə arasında beynəlxalq layihələr və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq qurulub. Xüsusən 2001-ci il 11 sentyabr hadisəsindən sonra 3 ölkə təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Müdafiə nazirlərinin görüşü əməkdaşlığın yeni bir səviyyəsini göstərir və hesab edirəm ki, əməkdaşlıq davam edərsə, yeni bir format ala bilər. Müdafiə nazirlərinin Naxçıvan görüşü bir sıra mətləblərdən xəbər verir. Bu görüş Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdid törədən qüvvələrə bir işarədir və eyni zamanda ölkənin bir çox məsələlərdə maraqlarının üst-üstə düşdüyünü göstərir. Nəzərdən qaçırmayaq ki, Türkiyə NATO ölkəsidir və belə əlaqələri qurarkən heç şübhəsiz, müəyyən məsləhətləşmələr də aparır. Ona görə də mən üçtərəfli formatda əməkdaşlığın perspektivlərinin olduğuna inanıram.

- Bu ayın 30-dan etibarən Milli Məclisin payız sessiyası işə başlayacaq. Təmsil olunduğunuz Elm və təhsil komitəsi bu sessiyada hansı qanun layihələrini plenar iclasa çıxarmağı planlaşdırır?
- Ümumiyyətlə, parlamentin işi çox genişdir. Bilirsiniz ki, deputatlar həm seçildiyi dairələrdə seçiciləri ilə iş aparırlar, həm komitələrdə işləyirlər, plenar iclaslarda fəaliyyət göstərirlər, həm də müxtəlif beynəlxalq görüşlərdə parlamenti, ölkəni təmsil edirlər. Elm və təhsil komitəsində “Elm haqqında” qanunun müzakirəsi gözlənilir. İlkin layihə artıq hazırdır. Hesab edirəm ki, layihə müvafiq qurumlarda və ictimaiyyət tərəfindən müzakirə edildikdən sonra plenar iclasda müzakirəyə çıxarıla bilər. Amma hər halda qanun layihəsi çox geniş və dərindən müzakirə edilməlidir. “Elm haqqında qanun” Azərbaycan elmini yeni inkişaf səviyyəsinə çıxarmağa hədəflənib. Elm və təhsil komitəsində digər məsələlər də müzakirə oluna bilər.

Səxavət HƏMİD


Müəllif:
Загрузка...