8 May 2014 10:04
696

Ülvi Həkimov: “Putin və Medvedev bura gələcək”

“Ukrayna sərhədi tam bağlamaq niyyətindədir”

“Mustafa Cəmilovu qarşılayanlar 300 dollar cərimə edildilər”

Suallarımıza hazırda Krım Muxtar Respublikasının Baxçasaray şəhərində yaşayan mərhum prezident Əbülfəz Elçibəyin sabiq köməkçisi, iş adamı Ülvi Həkimov cavab verib. Həkimov Krımın Rusiyaya ilhaq edilməsindən sonra yarımadada yaranan ictimai-siyasi vəziyyət, problemlər, Krım tatarlarının durumu, burada məskunlaşan ukraynalılara münasibət haqda danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ülvi bəy, hazırda Krımda vəziyyət necədir?
- Krımda sakitlikdir. Hazırda 9 May Qələbə Bayramına hazırlaşırlar. Gəzən söz-söhbətlərə görə, Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev sabah Krıma gələcək. Dünən Rusiya təyyarələri Krım hava məkanında məşq ediblər. Hazırda sabitlik və sakitlik hökm sürür. Mayın 3-də Krım Tatar Məclisinin sədri Mustafa Cəmilov Krıma gəlmək istəyirdi. Tatar xalqının bayramı var, amma onu qeyd etməyə imkan vermədilər. Daha doğrusu, Mustafa Cəmilov Krıma buraxılmadığı üçün tatarlar öz bayramlarını qeyd etməkdən imtina elədi. Üstəlik, Mustafa Cəmilovu qarşılamaq məqsədilə 3 minə yaxın tatar sərhədə getdi. Ancaq yenə də Mustafa Cəmilovu Krıma buraxmadılar. Bundan sonra Krım Prokurorluğu tatarlara qarşı təzyiqlərə başladı. Belə ki, Mustafa Cəmilovu qarşılamaq məqsədilə sərhədə gedən tatarları prokurorluğa dəvət edərək hər birini 10 min rubl (300 dollar) cərimə etdilər. Eləcə də, Krım Tatar Məclisinin sədri Rüfət Çubarova xəbərdarlıq edilib və ona həbs ediləcəyinə dair hədə-qorxu gəlinib. Prokurorluq bütün bunları təxribat və ekstremizm kimi qiymətləndirib. Üstəlik, Krım Tatar Məclisinin bir üzvünə ciddi təzyiq edilib. Belə ki, Krımda özünümüdafiə dəstəsi adlandırılan bir qrup fəaliyyət göstərir, amma onların səlahiyyətinin nədən ibarət olduğu bilinmir. Ancaq deyilənə görə, onlar Krımın baş naziri Aksenova bağlı qüvvələrdir. Onlar Krım Tatar Məclisinin üzvlərini yolda saxlayırlar. Tatarlar da deyirlər ki, siz kimsiniz, buranın polisi var. Belə qarşıdurmaları və insidentləri çıxmaq şərti ilə ümumilikdə sakitlikdir.

- Odessa, Donetsk, Xarkov və Luqanskda baş verən hadisələr Krımda necə qarşılanır, Krımdan bu şəhərlərə gedib aksiyalarda iştirak edirlərmi?
- Xeyr. Burada insanlar ancaq informasiya alırlar. Bir çox Ukrayna kanallarını artıq bağlayıblar. Əhali əsasən internet vasitəsilə informasiya alır. Eləcə də, Rusiya kanalları vasitəsilə Ukraynada baş verənlərlə bağlı informasiya əldə edirlər. Ancaq bilirsiniz ki, internetdən əldə olunan informasiya ilə Rusiya televiziya kanallarının verdiyi arasında ciddi fərqlər var. Rusiya kanalları bir cür, Ukrayna internet resursları isə tamam başqa cür xəbərlər verir. Biz internet resursları vasitəsilə əldə etdiyimiz informasiyalar əsasında real vəziyyətin nədən ibarət olduğunu müəyyən edirik.

- Krım Muxtar Respublikası Rusiyanın tərkibinə keçdikdən sonra insanlar durumdan razıdırmı, yoxsa tədricən etirazlar hiss edilir?
- Bilirsiniz ki, Krım bir günün içində Ukraynadan ayrılaraq Rusiya Federasiyasına birləşdirildi. Burada əhalinin 15 faizini tatarlar, 25 faizini ukraynalılar təşkil edir. Məlum məsələdir ki, onların çoxu referendumda iştirak etməyib və Krımın Ukraynadan qoparılmasına da razı ola bilməzlər. Faktiki olaraq onlar bu situasiyada Rusiya ilə birləşiblər. İndi demək olar ki, narazılıq yoxdur.

- Ancaq Krım həm də keçmiş SSRİ-də turizm zonası kimi ad çıxarmışdı. İndi turizm mövsümü başlayır. Hər il Krıma 6 milyon turist gəlirdi və yerli əhali də bu səbəbdən dolana bilirdi. Bəs bu il nələr gözlənilir?
- Tamamilə haqlısınız, Krım turist məkanı kimi dünyada məşhurdur. Amma bu il turist mövsümünün alınacağı şübhə altındadır. Əvvəl elan etmişdilər ki, bu mövsümdə Krıma səkkiz milyona yaxın turist gələcək. Sonra bildirdilər ki, üç milyon turistin gəlməsi gözlənilir. Hələlik turizm axını gözlənilmir. Üstəlik, burada qiymətlər bir qədər qalxıb, inflyasiya baş verib. Mən Krımın Baxçasaray ərazisində məskunlaşmışam. Bu rayonu demək olar ki, Tatarıstan Respublikasına veriblər. Buranın rəhbərliyi Tatarıstana getdi, oradan bura səfərlər oldu. Müəyyən məsələlər həll edilir, perspektivə baxırlar. Tatarıstan varlı respublikadır və Krıma müəyyən qədər investisiyanın qoyulması gündəmdədir. Hələlik bunlar ancaq niyyət və ideyalardır. Gələcəyin necə olacağını zaman göstərəcək.

- Krımdan Ukraynaya sərbəst gedib-gəlmək mümkündürmü?
- Əslində mümkündür, amma böyük çətinliklər də var. Çünki sərhədlər tez-tez açılır və ya bağlanır. Aldığımız informasiyaya görə, Ukrayna tərəfi buradan gedən 18-60 yaşlı kişiləri, eləcə də 20-35 yaşına qədər olan qadınları buraxmırlar. Buna səbəb kimi Ukrayna ərazisində müəyyən provokasiyaların edilməsi məsələsini göstərirlər. Yəni bunlar baş verən hadisələrlə bağlıdır. Ümumilikdə isə gediş-gəliş var. Hazırda bura əsasən Rusiyadan təyyarələr uçur. Artıq digər ölkələrin təyyarə reysləri yoxdur. Məsələn, Simferepola Türk Hava Yollarının təyyarələri həftədə üç dəfə uçurdu. Hazırda onlar reysi bağlayıblar. Azərbaycan Hava Yolları da reysini bağlayıb. İndi İstanbuldan Simferepola uçan təyyarə Xerson şəhərinə uçur. Dəmiryolu çalışır. Qatarlar əsasən Moskvadan gəlir. Amma son xəbərə görə, üç gündür ki, qatar işləmir. Bunun nə zaman açılacağı da bəlli deyil. Kiyevdən Krıma gələn qatar da indi fəaliyyət göstərmir. Mən bir neçə gün əvvəl qonaq qarşılamaq məqsədilə dəmiryol vağzalına getmişdim. Amma Moskva qatarı altı saat gecikdi. İnsanlar əsasən avtomobil yollarından istifadə edirlər. Ancaq bu yollarda da üç kilometrə qədər tıxac olur. Biz fəaliyyətimizlə bağlı bəzi malları Ukraynadan alırıq. Təsəvvür edin ki, biz əsasən kömür və gübrə alırıq. Amma bir çox hallarda avtomobil bəzən sərhəddə 20 saatdan çox dayanmalı olur. Ən son xəbərlərə görə, Ukrayna tərəfi sərhədi tam bağlamaq niyyətindədir. Hələlik bu baş verməyib, amma internet portallar, bununla bağlı informasiyalar yayıb. Əgər sərhəd bağlansa, heç də xoş olmayacaq.

- Xəbər yayılıb ki, Ukrayna Krıma suyun verilməsini dayandırıb. Bu nə dərəcədə həqiqətəuyğun informasiyadır?
- Şimal Krım kanalı var. Kənd təsərrüfatı məhsulları əsasən bu kanal vasitəsilə suvarılır. Krım hökuməti elan edir ki, lazım olan sənədləri Ukrayna hökumətinə təqdim edib, amma Ukrayna hökuməti qəsdlə suyu bu kanala buraxmır. Ukrayna hökuməti isə elan edir ki, bu problem onlarla bağlı deyil, Krımla əlaqədardır. Qeyd edirlər ki, Krım ərazisində su yığılır və nasosla vurulur. Ancaq nasos problemi olduğundan su vurulmur. Həm də deyirlər ki, verilən su və elektriklə bağlı borclar yığılıb və onun ödənməməsi problem yaradıb. Bir sözlə, belə problem var, amma bu tərəf günahı o tərəfin, o tərəf isə bu tərəfin üstünə atır. Nəticədə Krımın şimal sahəsində olan kənd təsərrüfatına ciddi ziyan dəyir. Bu ərazidə əsasən düyü və taxıl əkilir. Baş verənlər göstərir ki, bu il əkin mövsümü alınmayıb. Bu isə o deməkdir ki, Krımın şimal hissəsində bu il nə düyü, nə də taxıl olacaq. Çünki Şimal Krım kanalı tamamilə quruyub. Nəticədə ziyan əhaliyə dəyəcək. Amma insanların içməli su ilə təminatında problem yoxdur. Biz olduğumuz ərazi Krımın dənizə yaxın hissəsidir. Susuz bölgə əsasən Krımın şimal hissəsidir. Digər tərəfdən, Rusiya hökuməti dəniz suyunu şirin suya çevirmək istiqamətində müəyyən işlər həyata keçirmək və bununla da Krımın su təchizatını yoluna qoymaq istəyir. Hətta artezian quyularının qazılması məsələsi də gündəmə gətirilib. Tatarıstanın neft şirkətləri hazırda su quyuları qazılması proyektini həyata keçirirlər.

- Krımda həm də ukraynalılar yaşayır. Baş verən hadisələr ukraynalılarla ruslar arasında münasibətləri gərginləşdirmir ki?
- Krım Muxtar Respublikasının 2 milyon 400 min əhalisi var. Bunun da 25 faizini ukraynalılar təşkil edir. Onlara münasibət pis deyil. Bu bölgə əsasən rusdillidir. Krımda 600-ə qədər orta məktəb fəaliyyət göstərir. Onların cəmi iyirmiyə yaxını tatar dilindədir. Ancaq bu məktəblərdə rus dili də tədris olunur. Burada cəmi bir Ukrayna dilli məktəb fəaliyyət göstərirdi. Onun da direktorunu işdən çıxarıblar və məktəbi bağlamaq istəyirlər. Deyirlər ki, rus dilində olmalıdır. Burada əsasən yerli və köklü xalq kimi tatar xalqının söhbəti gedir. Onların liderləri deyirlər ki, Krım rəhbərliyi onlara qarşı təzyiq edir, bəzən insidentlər baş verir. Amma digər xalqların da problemləri var. Lakin ukraynalılara açıq şəkildə təzyiqlər hiss olunmur.

- Krımda 10 minə qədər Azərbaycan türkü yaşayır. Bəs onların durumu necədir?
- Burada azərbaycanlılar əsasən iş adamlarıdır və biznes sahəsində çalışırlar. Onların içərisində ziyalılar da var, diaspora qurumu da fəaliyyət göstərir. Çoxu da vətəndaşlıq əldə edib. Onlara münasibət normaldır. Ancaq indi hər şeyi gələcək göstərəcək. Çünki hazırda 2015-ci ilin yanvarına qədər keçid dövrü elan olunub. İndi keçid dövrü necə olacaq, vətəndaşlıq məsələsi hansı formada həll ediləcək məsələsi qeyri-müəyyəndir. Burada indi həm Rusiya, həm də Ukrayna vətəndaşlığına qəbul etməyə qanunla icazə verilir. Biz də oturub vəziyyətin aydınlaşmasını gözləyirik.

Nemət Hüseynli


Müəllif: