10 May 2014 16:34
1 725

Əli Əlirzayev: “Ümummili liderin ziyalılara münasibəti səmimi və yüksək olub”

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümüdür. Bu məqsədlə ölkənin hər tərəfində anım tədbirləri, konfranslar, dəyirmi masalar təşkil olunur, ulu öndərin fəaliyyəti və ömür yolu haqqında müxtəlif fikirlər səsləndirilir. Sabiq deputat, professor Əli Əlirzayev də mərhum Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onunla ilk tanışlığından və sonralar aralarında yaranan isti münasibətlər haqqında danışıb. Əli Əlirzayev çoxlarının Heydər Əliyev haqqında bilmədiyi bəzi maraqlı məqamları da qəzetimizə açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

-Əli müəllim, Heydər Əliyevlə ilk tanışlığınız nə zaman olub?
-Mən tələbə vaxtından bu yana həmişə Heydər Əliyevin pərəstişkarı olmuşam. Moskvada aspiranturada oxuduğum dövrdə onu rəsmi tədbirlərdə görmüşəm. Heydər Əliyev Azərbaycanda birinci katib işləyirdi, mən isə 1973-cü ildə artıq elmlər namizədi idim. Bizim məşğul olduğumuz sahə iqtisadi sahə idi və bu sahə partiyayönlü olmalı və dövrü şərh etməli idi. Heydər Əliyevə hər zaman istinad etmişəm, onunla qürur duymuşam. Onun çıxış etdiyi zalda iştirak etdiyimə görə özümü xoşbəxt sayırdım. Bir həmyerlim kimi də Heydər Əliyevə hər zaman hörmət və izzətlə yanaşmışam.

-Şəxsi tanışlığınız necə yaranıb?
-1987-ci ildə Heydər Əliyevi Siyasi Bürodan qərəzli şəkildə çıxardılar. Həmin vaxt mən indiki İqtisadiyyat Universitetində elmi işlər üzrə prorektor idim. Universitetdə Heydər Əliyevin müxtəlif fotoları var idi. Bu zaman həm də, Moskvadan verilən göstəriş əsasında onun əleyhinə kampaniya gedirdi, universitetdə olan fotolarını da çıxarmaq istəyirdilər. Həmin vaxt mən bu hərəkətləri qəbul etmədim. Heydər Əliyevin bir neçə fotosunu özüm yığdım, digər dostlarıma da dedim ki, bu fotoları aparın evinizdə saxlayın, imkan verməyin dəhlizlərdə qalsın. Sonra Bakıda Vəzirov və Mütəllibov hakimiyyətə gəldi. Bundan sonra məni Heydər Əliyevin yaxını və onun müdafiəçisi kimi təqdim etməyə başladılar. Baxmayaraq ki, mənim bu şəxsiyyətlə əlaqəm olmamışdı. Amma hər zaman tələbələrə Heydər Əliyevi təbliğ edirdim, çünki bilirdim ki, Azərbaycana lazımlı insandır. Bu da hakimiyyətin xoşuna gəlmirdi. Nəticədə məni vəzifədən çıxardılar. Vəziyyətin yaxşı olmadığını gördükdən sora Naxçıvana getdim və müəllimlik fəaliyyətinə başladım, az sonra kafedra yaratdım. Elə Heydər Əliyevlə də burada tanış oldum. Həmin vaxt Əliyev Moskvadan Naxçıvana qayıtmışdı. Onu qarşıladıq. Üstəlik, doğulduğum Nehrəm kəndində keçirilən mitinqdə onun çıxışı oldu. Ondan sonra ziyafət oldu, mən də bu ziyafətdə iştirak etdim. Sonra Heydər Əliyevi şəhərə yola saldıq. 1990-cı ildə mən də öz namizədliyimi irəli sürmək haqda fikrimi açıqlamışdım. Tale elə gətirdi ki, Heydər Əliyev də namizədliyini Nehrəmdən irəli sürməli oldu. Mən də namizəd kimi seçkilərə qatılmaq qərarından vaz keçdim. Bunu onun özü də bildi. Beləcə tanışlığımız başladı. Sizə deyim ki, Heydər Əliyev çox diqqətli adam idi. O, Nehrəmdə olan hər bir yas mərasimində iştirak edir, insanlarla daima təmasda olurdu. Hər dəfə kəndə gələndə məni ziyalı-alim kimi qabağa verirdilər ki, Heydər Əliyevi sən qarşıla. Beləcə, təmaslarımız olurdu. Sonra Heydər Əliyev mənə dedi ki, yanıma gələrsən. Sonra mən Heydər Əliyevi universitetə dəvət etdim. Konfransda mən də məruzə etdim. Sizə deyim ki, iki-üç gündən bir Heydər Əliyevin yanına gedirdim. O, mənim gördüyüm ən potensiallı şəxs idi.

-YAP-ın yaranması məsələsi necə gündəmə gəldi?
- Heydər Əliyev öz dövrünün ən uzaqgörən siyasi xadimi idi. YAP-ı yaratmaq məsələsi gündəmə gələndən sonra mən tapşırığa uyğun olaraq hər kəndi gəzirdim. Nehrəmdə, Culfada, Şərurda ciddi kampaniya aparırdıq. Hər gün bu haqda məruzə edirdim. Yeri gəlmişkən, deyim ki, hər kəndin ağsaqqalı ilə gecə saatlarında görüşürdüm. YAP-ın ilk iclasını Nehrəmdə keçirdik. Axşam da bu haqda Heydər Əliyevə məlumat verdim. Həmin vaxt çox adam istəyirdi ki, vəzifə və Heydər Əliyevin rəğbətini qazanmaq üçün İdarə Heyətinə üzv olsun. İdarə Heyəti isə 15-18 nəfərdən artıq olmurdu. Heydər Əliyev də deyirdi ki, mübahisəyə getməyin, nə qədər insan istəyirsə, İdarə Heyətinə daxil edin. Beləcə, partiyanı qurduq. Sonra bir dəfə mənə tapşırdı ki, torpaq islahatı haqqında proqram yaz. Mən də bunu zövqlə hazırladım. Heydər Əliyev də bu sənədi Ali Məclisin müzakirəsinə çıxardı. Sonra Mütəllibov hakimiyyətdən getdi, hakimiyyəti götürən AXC İqtisadiyyat Universitetinin Mütəllibova yaxın olan rəhbərliyini işdən azad etdi. Bu hadisədən az sonra mən Bakıya gəlmək niyyətinə düşdüm. Heydər Əliyev məsləhət görmədi, dedi ki, burada qalmağın lazımdır. Ancaq az sonra Bakıda vəziyyət qarışdı, ölkədə vətəndaş müharibəsi situasiyası yarandı və vəziyyətdən çıxış yolları tapmaq üçün Heydər Əliyev Bakıya dəvət olundu. Ondan bir qədər sonra mən də Bakıya qayıtdım. Bakıda da, bir neçə dəfə onun iştirak etdiyi iclaslarda olmuşam, dəfələrlə məni qəbul edib, ikimiz ağır dövrlərdən danışmışıq. 1994-cü ildə Özəlləşdirmə Proqramı dövlət səviyyəsində müzakirə olunurdu. Həmin vaxt Prezident Administrasiyasında hökumət üzvlərinin iştirakı ilə bu məsələ müzakirə olunurdu. Həmin müşavirədə mənə də söz verdi, çıxış etdim. Heydər Əliyev elə orada tapşırıq verdi ki, Əli Əlirzayevi bütün komissiyalara daxil edin.

- Heydər Əliyevin ziyalılara münasibəti necə idi?
- Əvvəla deyim ki, hər oxuyan ziyalı deyil. Yəni ziyalı nisbi məna daşıyır. Ancaq deyim ki, Heydər Əliyev potensiallı və koloritli şəxsiyyət idi. O, savadlı adamlar sona qədər dinləyirdi. Əliyevin çox yüksək səviyyədə ümumiləşdirmə qabiliyyəti var idi. Adamı qəbul edirdi, qulaq asırdı və beynində nəsə fikirləşirdi. Heydər Əliyev dünya miqyasında olan bir şəxs idi. Həm də nəzərə almaq lazımdır ki, Heydər Əliyev Moskvada ziyalılarla oturub dururdu. Bunu əslində çoxları bilmir. Mənim elmi rəhbərim akademik Şokalin idi. O, çox ciddi iqtisadçı idi. Heydər Əliyev Siyasi Büroda olanda SSRİ-nin ən güclü iqtisadçılarını işlədirdi, dostluq edirdi. Məsələn, Xalq istehlakı Mallarının İstehsalının proqnozu kimi ciddi layihələrə SSRİ çapında Heydər Əliyev rəhbərlik edirdi. Bu proqram çərçivəsində Heydər Əliyev mənə aspiranturada dərs deyən alimlərin hamısını yanına dəvət etmişdi. Mən müəllimlərimdən soruşdum ki, Heydər Əliyev sizinlə hansı münasibətdədir. Dedilər ki, çox intellektual, bacarıqlı, ağıllı, qulaq asan, vəziyyəti təhlil edən istedadlı dövlət xadimidir. Ancaq təbii ki, müəyyən bir sərhəd var və ziyalı bilməlidir ki, Heydər Əliyevlə oturub-durur. Heydər Əliyevin ziyalıya, intellektual kəsimə münasibəti hər zaman səmimi və yüksək olub.

- Azərbaycanın ən keşməkeşli və mürəkkəb dövründə Heydər Əliyev ortaya çıxmasaydı, nələr baş verə bilərdi?
- Mən hər zaman deyirəm ki, Naxçıvanın taleyini Heydər Əliyev həll elədi. Naxçıvanda oturdu və gecələr belə yatmadan işlədi. Mən bunun canlı şahidiyəm. Şəxsən dəfələrlə onun yanında gecə saat birə qədər oturmuşam. Həm də çoxlarına elə gəlir ki, Naxçıvanda vəziyyət əla idi. Biz orada olduğumuz müddətdə dəfələrlə dövlət çevrilişinə cəhdlər oldu. Naxçıvan televiziyasını, Daxili İşlər Nazirliyini tutdular. Xalq da ayağa qalxdı, Heydər Əliyevin ətrafında toparlandı. Bəzən nazirlər Mütəllibova daha çox qulaq asırdılar, hələ Naxçıvanda aparılan işlərə də mane olmağa çalışırdı. Amma Heydər Əliyev onlarla belə işləməyə çalışırdı. Bütün naxçıvanlılar bilir ki, Heydər Əliyev gecə saatlarında belə işləyərək bu ölkəni ayaqda saxladı, işğaldan qurtardı.

- 1993-cü ildə Heydər Əliyev Bakıya dəvət olunmasaydı, nələr yaşanardı?
- Nəzərə alın ki, Heydər Əliyev iqtisadiyyatı çox gözəl bilirdi. 1987-1994-cü illərə qədər onun haqqında məqalələr yazılmadı, bu dahi şəxsiyyət cəmiyyətə yenidən təqdim olunmadı. Amma onu tanıyanlar yaxşı bilirdi ki, potensiallı adamdır. Məhz onun sayəsində neft sənayesi, üzümçülük, pambıqçılıq, tütünçülük dəhşətli dərəcədə inkişaf etdi. Bunu SSRİ dövründə etmişdi. Ancaq 1993-cü ildə hakimiyyətə gələndən sonra məhz Azərbaycanda neft strategiyasının əsasını qoydu. Əslində ona qədər danışıqlar Neft Şirkəti ilə özəl şirkətlər arasında gedirdi, amma Əliyev onu dövlət səviyyəsinə qaldırdı. Bu strategiya uğurla həyata keçirildi. Heydər Əliyev bir mütəxəssis olaraq bilirdi ki, inkişaf və uğur neftdən asılıdır. Heydər Əliyev iqtisadi metodologiyanı gözəl bilirdi və potensialın nədən ibarət olduğunu hesablayırdı. Bax bundan məhz səmərəli istifadə edildi. Heydər Əliyev yalnız neftlə Azərbaycanı dünyaya cəlb etdi, investorları Azərbaycana gətirdi, həm qarant verdi, həm də qarant aldı. Bunu hər kəs edə bilməzdi. İnvestor o ölkəyə gəlir ki, orada şəxsiyyət var, kişilik var, təminat var. Heydər Əliyev bu baxımdan da bütün tələblərə cavab verirdi. Bax bütün bunlar Azərbaycanda neft müqavilələrinin reallaşmasına gətirib çıxardı. İndi Azərbaycan sənayesi neftin üzərindədir. Amma nəzərə alın ki, Heydər Əliyev ən mürəkkəb durumda Azərbaycan rəhbərliyinə gəldi, ölkədə iqtisadiyyat, siyasət böhran vəziyyətində idi, vətəndaş müharibəsi yaşanırdı, faktiki olaraq hərc-mərclik hökm sürürdü. Amma bütün bunlara baxmayaraq Heydər Əliyev çox yüksək səviyyəli gedişlər etdi. Ölkəmizi qoruyub saxlaya bildi. Məncə, zaman keçdikcə, onun nə dərəcədə mühüm addımlar atdığı və xidmətlər göstərdiyi daha açıq şəkildə görünəcək.

- Əli müəllim, Heydər Əliyevin doğum günü ilə bağlı tədbirlərdə iştirak edirsinizmi?
- Mən artıq Heydər Əliyevin məzarını ziyarət etmişəm. Eyni zamanda YAP-ın Səbail rayon təşkilatının keçirdiyi tədbirdə iştirakım oldu, universitetdə tədbir keçirmişik, müdiri olduğum kafedrada çıxışım olub.

Nemət Hüseynli


Müəllif: