14 May 2014 10:11
664

Yusif Bağırzadə: Qarabağın işğaldan azad edilməsi üçün beynəlxalq ictimaiyyətin razılığını almalıdır

Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz səfəri, bu səfərin ölkəmizdən başlaması, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri indi əsas müzakirə olunan mövzudur. Fransa dövlət başçısının İrəvan səfəri zamanı saxta erməni soyqırımı abidəsini ziyarət etməsi, antitürk bəyanatlar səsləndirməsi də maraqla izlənən məsələlərdəndir. Bu mövzular ətrafında suallarımıza Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə cavab verib.

- Yusif bəy, Fransua Ollandın ölkəmizə səfəri müxtəlif aspektlərdən şərh edilir. Siz daima xarici ölkələrdə, xüsusilə Avropa dövlətlərində səfərdə olur, müzakirələr aparır, həm də yerli vəziyyətlə tanış olursunuz. Cənab Ollandın Bakı səfərini necə qiymətləndirirsiniz?
- Fransua Ollandın Bakı səfəri müsbət qarşılanmalıdır. Birincisi, Fransa Avropa İttifaqında söz sahibi olan iki nəhəng dövlətdən biridir. Nəzərə alın ki, Avropa Birliyində əsas rolu Almaniya və Fransa oynayır. Əvvəllər Merkel-Sarkozi cütlüyü var idi və Avropada onlara bacı-qardaş deyirdilər. Biz Avropaya tez-tez səfər edir, Avropa Birliyinin deputatları ilə görüşlər keçiririk. Vaxtilə Avropa İttifaqının qərarlarından əvvəl Almaniya və Fransa eyni mövqedən çıxış edirdilər, bəyanatları verməzdən əvvəl ya Sarkozi Almaniyaya gedirdi, ya da xanım Merkel Fransaya gəlirdi. Onu da qeyd edim ki, Sarkozi sağ mərkəzçi ideologiyanın daşıyıcısı idi. Cənab Olland isə solçu siyasətçidir. Amma Brüsseldə Sarkozinin təsiri altında olan deputatlar çoxdur. Olland prezident seçildiyi ərəfədə biz Brüsseldə səfərdə idik. Avropa Birliyinin prezidenti cənab Barozza bizi bir tədbirə dəvət elədi. Həmin tədbirdə fransalı deputatlar qeyd etdilər ki, Fransada hakimiyyətə solçu siyasətçinin gəlməsinə baxmayaraq biz sağ mərkəzçi fikirlərimizdə qalırıq, Fransa Avropa İttifaqının bir hissəsidir və bu qurumun genişlənməsi üçün hər cür dəstəyini ifadə edəcək.

- Konkret olaraq bu səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı müsbət təsirləri ola bilər?
- Fransa ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Bu çox ciddi məsələdir. Ollandın Cənubi Qafqaz turnesi Qarabağ təcavüzü, Azərbaycanın işğal olunan əraziləri ilə bağlı aparılan danışıqlar prosesinə dəstək və ya təkan ola bilər. Çünki həmsədr dövlətlərdən birinin prezidentinin Bakıya gəlməsi çox mühüm hadisədir. 2013-cü il prezident seçkilərindən əvvəl Rusiya dövlət başçısı Vladimir Putin də Bakıya səfərə gəldi. Onun səfəri zamanı Dağlıq Qarabağla bağlı ənənəvi bəyanatları oldu. Amma prezident Ollandın bu səfəri ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlikin bəyanatı ilə üst-üstə düşdü. Bu bizə həm də başqa mesajlar verir.

- Hansı mesajları verir?
- O mesajları verir ki, Fransa və Amerikanın Qarabağ ətrafı torpaqların işğaldan azad olunması ilə bağlı konkret təklifləri var. Cənab Uorlikin münaqişənin həllinə dair irəli sürdüyü altı təklif fikrimcə, təqdirəlayiqdir. Düzdür, bu təkliflər yenilənmiş Madrid prinsipləri ilə eyniyyət təşkil edir. Amma bu təklifin üzərindən iki il keçdikdən sonra həmsədrlərdən birinin dilindən səsləndirilməsi məsələnin həllinə ümid yaradır. Üstəlik, Azərbaycan olaraq bəyanat verməliyik ki, münaqişənin bu təkliflər əsasında həll edilməsinə razıyıq. Çünki hazırda Ermənistan dövlət səviyyəsində Qarabağda və işğal olunan ətraf yeddi rayonda təcili məskunlaşdırma siyasəti aparır. Dünyanın müxtəlif yerlərində, xüsusilə Suriyadan olan qaçqın erməniləri işğal olunan ərazilərimizdə yerləşdirməyə başlayıblar. Bu ərazilərimizdə həm də tikinti işləri həyata keçirirlər. Yeri gəlmişkən, biz Avropa Birliyinin deputatları ilə görüşlərimiz zamanı bu məsələləri ciddi şəkildə qaldırırıq. Hesab edirəm ki, artıq məsələni bu qədər uzatmalı deyilik, amerikalı həmsədrin təklifləri bizim üçün nə qədər ağır olsa da, bununla razılaşmalıyıq.

- Niyə düşünürsünüz ki, Bakı bu təkliflərlə razılaşmalıdır?
- Burada əsas məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsi həll edilənə qədər onun ətraf hissəsində işğal edilən yeddi rayonun azad olunmasıdır. Bundan sonra Ermənistan torpaqları azad etməkdən imtina edərsə, Azərbaycan dövləti antiterror əməliyyatlarına hazırlaşmalı, ətraf Qarabağın işğaldan azad edilməsi üçün beynəlxalq ictimaiyyətin razılığını almalıdır. Biz bütün bunları açıq və şəffaf şəkildə etməliyik. Bu zaman beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan tərəfi böyük güzəştə gedərək bu təkliflərlə razı olduğunu bildirir və Ermənistan tərəfi razılığa gəlməsə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq yeddi rayonumuzu işğaldan azad etmək hüququ bizdə qalır. Ən azından ona görə ki, bu ərazilər Azərbaycan torpaqlarıdır və mübahisə mövzusu da deyil. Bir məqamı da xüsusilə qeyd etmək istəyirəm. Minsk qrupunun amerikalı həmsədri cənab Ceyms Uorlikin təkliflərindən biri də Laçın ərazisindən Qarabağ ermənilərinə dəhlizin açılmasını özündə ehtiva edir. Burada məqsəd ermənilərlə Ermənistanın əlaqələrini qoruyub saxlamaqdır. Hesab edirəm ki, biz də bunun qarşılığında Naxçıvandan Azərbaycana xüsusi bir dəhlizin yaradılması məsələsini qaldıra bilərik. Hesab edirəm ki, Naxçıvandan Azərbaycan ərazilərinə sərbəst keçid üçün Mehri rayonunda dəhliz açılmalıdır. Siz də bilirsiniz ki, əslində Azərbaycan torpaqları ilə Naxçıvan arasında yaradılan anklav zona-Mehri rayonu Azərbaycanın tarixi əraziləri olub və XX əsrin ikinci onilliyində ermənilərə verilib. Bu əlbəttə, çox böyük səhv olmuşdu. Amma indi biz Laçın ərazisində ermənilərə dəhliz yaradırıqsa, bunun qarşılığında erməni tərəfi də Mehri rayonu ərazisində analoji dəhliz yaratmalıdır. Ermənilər iddia edirlər ki, Azərbaycan tərəfi Qarabağı blokadaya alıb. Amma fakt odur ki, Naxçıvan da blokadadır. Hesab edirəm ki, bu məsələ qarşılıqlı güzəştlər yolu ilə həll olunmalıdır. Bir daha qeyd edirəm ki, cənab Ollandın Cənubi Qafqaz ölkələrinə etdiyi səfər əhəmiyyətlidir. Bunun bizim üçün önəmli tərəfi budur ki, Dağlıq Qarabağ problemini həll etməliyik. Burada problemin həlli üçün seçiləcək güc yolunun və ya sülh yolunun fərqi yoxdur. Problemi bu ildən gələn ilə keçirmək olmaz. İllər keçdikcə erməni tərəfi məskunlaşma siyasəti aparır, tikinti işləri həyata keçirir, münaqişə köhnəlir. Məncə, Ukrayna hadisələrinin fonunda Dağlıq Qarabağ probleminin həlli məsələsi çox cəlbedici görünür. Şanslar var ki, bu problem həll edilsin. Bu baxımdan hesab edirəm ki, doğrudan da, Azərbaycan diplomatiyasının qələbəsidir ki, Fransa prezidentinin Bakı səfəri baş tutdu, prezident Cənubi Qafqaz səfərinə Bakıdan başladı. Üstəlik ciddi tənqidlərdən sonra amerikalı həmsədr yeni təkliflər paketini açıqladı.

- Prezident Ollan indi İrəvandadır və saxta erməni soyqırımı abidəsinin önünə əklil qoyub. Bunu necə qiymətləndirirsiniz?
- Bu protokola uyğun olaraq həyata keçirilib. Bir dövlət başçısı digər ölkəyə gedəndə protokol öncədən hazırlanır. İkincisi, bilirsiniz ki, Fransa Ermənistana daima maliyyə yardımları edir. Bu yardımların həcmi 1-2 milyard avro məbləğində olur. Həm də Fransada güclü erməni diasporu var. Onlar Fransada daima aktivlik nümayiş etdirirlər. Məhz bu səbəbdən də Fransada keçirilən bələdiyyə, parlament və prezident seçkilərinə erməni diasporunun təsiri olur. Odur ki, Ollandın Ermənistanda saxta soyqırım abidəsini ziyarət etməsi həm də protokol xarakteri daşıyır. Fransua Olland sələfi Sarkozidən fərqli olaraq ermənipərəst prezident deyil. Hətta prezident Olland qardaş Türkiyənin Avropa Birliyinə qəbul olunması üçün çox müsbət fikirlərin müəllifi kimi də tanınır. Amma Sarkozi antitürk mövqedə olan dövlət başçısı idi. Məhz bu səbəbdən də, Fransanın məşhur politoloqlarından biri deyirdi ki, Fransanın Türkiyə ilə problemləri yoxdur, Sarkozinin Türkiyə ilə problemləri var. Politoloq əlavə edirdi ki, Türkiyənin böyük dövlətçilik tarixi var və biz bu tarixdən Avropa Birliyi üçün yararlanmalıyıq. Bir daha qeyd edirəm ki, Ollandın İrəvanda saxta soyqırımı abidəsinə əklil qoyması hər şey demək deyil.

- Necə düşünürsünüz, Fransanı erməni-azərbaycan məsələsində neytral mövqeyə gətirmək mümkündürmü?
- Fransa amerikalı həmsədrin irəli sürdüyü təkliflərdən kənara çıxmayacaq. Bu dəqiqdir. Qənaətimcə, bizə daha çox lazımdır ki, bu məsələdə Rusiya tərəfi neytral mövqedə qalsın və ya son təklifləri dəstəkləsin. Fransa onsuz da neytral qalacaq. Son zamanlar Azərbaycan-Fransa münasibətləri dinamik inkişaf edir, isti münasibətlər yaranır. Üstəlik, Fransa şirkətləri Azərbaycanda işləyir. Bu mənada bizə lazımdır ki, Rusiyanın münaqişədə bitərəf qalmasını təmin edək. Bizim Rusiya ilə tarixi qonşuluq münasibətlərimiz var. Çalışmalıyıq ki, bu münasibətləri inkişaf etdirək. Görün Azərbaycanda nə qədər rus dilində məktəblər var, Azərbaycandan Rusiyaya nə qədər insanımız gedir, burada çoxlu sayda rus icmaları var və onlar hətta Milli Məclisdə də təmsil olunurlar. Biz bu ənənələri saxlayırıq. Münasibətlər kifayət qədər istidir. Çalışmalıyıq ki, bu isti münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də gətirilsin. Bir daha qeyd edirəm ki, mümkün qədər problemi həll etməliyik.

- Qarabağ münaqişəsini bu il həll etmək mümkündürmü?
- Hesab edirəm ki, mümkündür.

- Amma burada hər şey Azərbaycandan asılı məsələ deyil, Ermənistanın da mövqeyi əsasdır...
- Azərbaycanın özünün suveren hüququ çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət verilə bilər. Bizə lazımdır ki, Dağlıq Qarabağdan əlavə olaraq işğal edilən yeddi rayonu azad edək. Çünki bu yeddi rayonun ərazisi Dağlıq Qarabağın ərazisindən böyükdür, üstəlik, orada yaşayan insanlarımızın sayı da çoxdur. Məncə, bu problem həll edilsə, gələcəkdə Dağlıq Qarabağ erməniləri Azərbaycan ərazisində yaşamaq fikrində qəti olacaq.

Nemət Hüseynli


Müəllif: