6 Fevral 2015 17:03

“Novella Cəfəroğlu məni kifayət qədər danladı”

“Mənim orada dostlarım da var, bundan sonra da olacaqlar. Salam-sağolumuz qalacaq, lazım gəlsə, gedib bir yerdə də oturacağıq. Mən onlarla düşmən deyiləm. Sadəcə siyasətlə məşğul deyiləm. Mənimlə oturanda uzağı deyərəm ki, siyasi söhbətlər etməyin, gəlin şəxsi işlərimizdən bəhs edək. Mənim düşmənim yoxdur. Mümkündür ki, Müsavatda mənə qarşı mənfi münasibəti olan olsun. Amma mənim həyatda düşmənim yoxdur”.

Bunu Teleqraf.com-a müsahibəsində bir neçə gün öncə Müsavat partiyasının sıralarından ayrılan Məmməd Zeynalov bildirib. Müsahibəni təqdim edirik:

- Məmməd bəy, Müsavatdan istefa verəndən sonra sizinlə maraqlanan olub?
- Bəli, maraqlanan olub. İsa Qəmbər başda olmaqla çox adam maraqlanıb, narazılığını bildirənlər də olub.

- Partiyaya qayıtmaq təklifi olub?
- Yox. Belə bir təklif olmayıb. Olsa da, bu, mümkünsüzdür. Eşşəyə minmək bir ayıbdır, düşmək ikinci ayıb. Mən belə hərəkət etmərəm. Belə təklif ola da bilməz. Çünki qeyri-ciddi təklifdir.

- Müsavatın indiki başqanı sizinlə maraqlanmayıb?
- Maraqlanıb. Özü şəxsən zəng etməyib, lakin onun adından zəng edərək danışan olub.

- Mustafa Hacıbəyli sizə cavab verib...
- Nə istəyir desin. Mən doğru addım atmışam. Ömrümdə elə hərəkət etməmişəm ki, sonradan buna görə özümü günahkar sayım, üzr istəyim. Nə eləmişəmsə, düz eləmişəm.

- Müsavatçılarla polemikaya girəcəksinizmi?
- Öncədən demişəm ki, İsa Qəmbərlə polemikaya girməyəcəyəm. Çünki onu dostum sayıram, hörmətim var. Onunla heç vaxt debata getmərəm. Mustafa Hacıbəylidə isə bir qədər tərbiyə problemi var. Böyük-kiçik anlayan insan deyil. Odur ki, onunla oturub söhbət edə bilmərəm.

- Partiyadan getdiyiniz üçün sizi danlayan olmayıb?
- Novella Cəfəroğlu məni kifayət qədər danlayıb. Çünki onun buna ərki çatır və mən də onun danlaqlarını qəbul edirəm. Ancaq Novella xanım həm də məni anlayır.

- İstefanızdan sonra partiyanın indiki rəhbərliyindən narazı qalan Qubad İbadoğlu və tərəfdarları sizinlə əlaqə saxlamayıb?
- Yox. Mən öncədən bəyan etmişəm ki, partiyadaxili mübarizədə tərəf deyiləm. Atdığım addım da müstəqil qərarımdır. Buna görə peşman deyiləm. Odur ki, bu məsələləri bir-birinə qatmamalıyıq.

- Niyə Müsavat Partiyasına qoşuldunuz, axı siz AXCP-də də nüfuzlu şəxs sayılırdınız.
- Hesab etdik ki, həmin ərəfədə Müsavat Partiyasının vəziyyəti yaxşı deyil. Bizim Müsavata gəlməyimiz həm də müdafiə xarakterli idi. Odur ki, AXCP-dən Müsavata gəldik. Hesab edirəm ki, doğru qərar idi. Həmin addımım doğru idi və peşman deyiləm.

- Bundan sonra müsavatçılarla münasibətiniz necə olacaq?
- Çox normal. İndiyə qədər necə olubsa, bundan sonra da elə olacaq. Düşmənçilik ola bilməz. Mən siyasətlə məşğul olmuşam. Ermənilərin bir sözü var: deyir mən keşişlikdən çıxmışam, ermənilikdən çıxmamışam. Mən Müsavatdan istefa vermişəm, Məmməd Zaynalovluqdan istefa verməmişəm. Mənim orada dostlarım da var, bundan sonra da olacaqlar. Salam-sağolumuz qalacaq, lazım gəlsə, gedib bir yerdə də oturacağıq. Mən onlarla düşmən deyiləm. Sadəcə siyasətlə məşğul deyiləm. Mənimlə oturanda uzağı deyərəm ki, siyasi söhbətlər etməyin, gəlin şəxsi işlərimizdən bəhs edək. Mənim düşmənim yoxdur. Mümkündür ki, Müsavatda mənə qarşı mənfi münasibəti olan olsun. Amma mənim həyatda düşmənim yoxdur.

- Siz Penitensiar Xidmətin rəisi işləmisiniz, 15-20 min məhbusun həyatı sizdən asılı olub. Mümkündürmü ki, sizin düşməniniz olmasın?
- Səmimi deyirəm ki, yoxdur və bunu deyərkən özümə əminəm. Həm də mən uzun illər öncə bu vəzifədə işləmişəm. Orada mənimlə işləyənlərin çoxu indi təqaüddədir. İkincisi, mən rəis olmazdan əvvəl orada sıravi əməkdaş olmuşam və çalışmışam ki, özümə qarşı mənfi münasibət yaratmayım.

- Ancaq deyəsən, Mustafa Hacıbəylini özünüzün düşməni hesab edirsiniz...
- Elə şey yoxdur. Sadəcə onunla debat istəmirəm, çünki böyük-kiçik yeri bilən deyil. Hacıbəyli də deyir ki, bizim yaxın münasibətimiz olmayıb. Doğru deyir. O, mənim oğlum yerindədir, bizim yaxın və dost münasibətimiz ola bilməz. Heç mübahisəmiz də olmayıb və mən onunla mübahisə də etmərəm. Heç tay-tuşum da deyil.

- Aranızdakı nifaq haradan yaranıb?
- Nifaq yoxdur. Sadəcə bəzi hadisələrlə bağlı onun hərəkətlərini görmüşəm. Bilmişəm ki, böyük-kiçik tanımır, öz dediyini yeritmək üçün bütün üsullara əl ata bilər. Ola bilər ki, mənə elə söz deyər ki, əsəbləşərəm. Odur ki, onunla oturub söhbət etməyi özümə məsləhət görmürəm.

- Müsavatın siyasəti sizi niyə qane etmir?
- Mən açıqlamamda demişəm ki, bəli qane etmir, doğru siyasət müşahidə etmirəm. Ancaq bu məsələyə bir daha qayıtmaq istəməzdim. Mövqeyimi ifadə etmişəm və bu neçə gündə dediklərimdən imtina etmirəm.

- Sizin məntiqinizdən belə çıxır ki, İsa Qəmbərin apardığı siyasət sizi qane edirdi, ancaq Arif Hacılının siyasəti etmir...
- Gəlin dərinə getməyək. Mən lazım olan fikirlərimi istefa bəyanatında yazmışam. Bundan artıq bir söz deməyəcəyəm. Hesab edirəm ki, istefa haqda söylədiyim fikirlər əsaslıdır.

- Azərbaycanda müxalifətçiliyin durumunu, partiyaların vəziyyətini necə qiymətləndirirsiniz?
- Partiyaların durumu indiki vəziyyətə adekvatdır. Mən həm AXCP, həm də Müsavatın güclü vəziyyətlərini görmüşəm, rəhbərlikdə də təmsil olunmuşam. On il əvvəlki ilə indiki arasında xüsusi bir fərq görmürəm. Partiyalar situasiyalara adekvat vəziyyətdədir. Tələbata və şəraitə uyğun olaraq partiyalar fəaliyyət göstərir.

- Siz indiyə qədər keçirilən Milli Məclis seçkilərinin hamısında namizəd olmusunuz. Bundan sonra da olacaqsınızmı?
- Mən siyasətdən gedirəmsə, demək, bundan sonra seçkilərdə iştirak etməyəcəyəm. Deputat olmaq istəyən siyasətlə məşğul olmaq istəyir. Mən bundan sonra namizədliyimi irəli sürməyəcəyəm. Bu, dəqiqdir.

- Demək, ictimai-siyasi fəaliyyətinizi dayandırırsınız.
- Siyasi fəaliyyətimi dayandırıram. İctimai fəaliyyət isə başqadır. Mənim özümün məhbusların müdafiəsi ilə bağlı təşkilatım var. Hazırda bu qurumun fəaliyyəti var, ancaq çox zəifdir. Bu sahədə mənim müəyyən qədər təcrübəm var. Çalışacağam ki, bu qurumun fəaliyyətini canlandırım. İmkan daxilində bu istiqamətdə işləyəcəyəm. Eləcə də, Novella Cəfəroğlunun sədri olduğu təşkilatın hüquq şöbəsinin müdiriyəm, qadın hüquqlarının müdafiəsi ilə məşğulam. Bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm. Siyasət isə başqa peşədir və mən siyasətlə məşğul olmayacağam.

- Qadın hüquqları ilə bağlı fəaliyyətiniz necədir, məhkəmə işlərini uda bilirsinizmi?
- Bizə çoxlu sayda müraciətlər daxil olur. Çalışırıq ki, qadınların hüquqlarını qanun çərçivəsində müdafiə edək. Bir çox hallarda məhkəmə işlərini uğurla başa vururuq.

- Novruz Bayramında əfv gözləyirsinizmi?
- Əlbəttə, gözləyirik. Əslində, əfvin konturlarını görürəm. Hesab edirəm ki, əfv gözlənilir. Bu, müsbət haldır. Çünki məhbuslar azadlığa çıxır, ailələrinə qovuşur.

- Müsavatla bağlı suallardan niyə ehtiyat edirsiniz, rəhbərlikdən çəkinirsiniz?
- Mən ehtiyat etmirəm. Əbülfəz Elçibəyin bir yaxşı sözü vardı. Deyirdi ki, gedirsən get, daha niyə zurna çalırsan. Mən də zurna çalan deyiləm. Mən getməyimin səbəblərini demişəm. Mən heç kimdən qorxmuram və çəkinmirəm. Ancaq Əbülfəz bəyin bu sözünü heç vaxtda yadımdan çıxarmıram.

- Sizə elə gəlmirmi ki, zurna səsi partiyanızdan gəldi, dedilər ki, Məmməd Zeynalov adında müsavatçı tanımırıq...
- Nuş olsun, halal xoşları olsun. Kim necə istəyirsə, o cür də zurna çalsın. Uğurlar diləyirəm.

- Niyə Əbülfəz Elçibəyin vəfatından sonra müxalifət miskin duruma düşdü və bu proses hələ də davam edir?
- Bizim cəmiyyətdə elə insanlar olub ki, onlara pir kimi yanaşılıb. Bu insanlardan biri Əbülfəz Elçibəy idi. Ziya Bünyadov və Bəxtiyar Vahabzadəni də bu siyahıya salıram. Bu insanlar məscid qapısı, müqəddəs insanlardır. Əbülfəz Elçibəyin topladığı nüfuz var idi. Elçibəyi Elçibəy edən prezidentlik olmamışdı. Xarizma başqa şeydir, bunu ömrün uzunluğu, pulla almaq mümkün deyil. Elçibəyin xarizması vardı və onu sevməyənlər belə onu sevirdi. Məsələn, son dövrlər Bəxtiyar Vahabzadəni susmaqda günahlandırdılar. Başqa bir ittiham irəli sürmədilər. Odur ki, Əbülfəz Elçibəyə də ancaq siyasi partiya sədri prizmasından baxmaq doğru deyil.

- Bəlkə ona xəyanət edənlər sadəcə olaraq cəzasını aldı?
- Mən bir söz deyə bilmərəm. Deyə bilmərəm ki, kimlər ona xəyanət edib. Edibsə də, yəqin qanmazlıqdan ediblər. Ancaq Əbülfəz bəy heç kimi xəyanətkar adlandırmayıb.

- Partiyadan istefanız indi aparılan siyasətlə bağlı idi?
- Bəli. İndi aparılan siyasət şəxsən mənim xoşuma gəlmir.

- Bəs onda niyə istefa verdiniz, nədən rəhbərlik qarşısında təkliflər irəli sürmədiniz?
- Mən əslində qurultaydan əvvəl təkliflər irəli sürmüşdüm. Ancaq təkliflərim qəbul edilmədi, effektsiz oldu. Demişdim ki, İsa Qəmbər başqanlıqdan getməsin. Bunu doğru saymırdım. Bundan sonrakı təkliflər isə törəmə təkliflər idi. Ancaq bu təkliflərim keçmədi. Mən də qərara gəldim ki, istefa verim.

Nemət


Müəllif: