11 Fevral 2015 17:22
1 381

Zəlimxan Məmmədli: “Borçalıya buraxılmamağım siyasi qərardır”

“Təsadüfi deyil ki, bizim ödül verdiyimiz Həsən Dəmirçi Təbrizdə məhkəməyə çəkilir. Təbrizdə həm də mənim məsələmi müzakirə edirlər. Bu baxımdan hədəf aydındır ki, bölgədə Azərbaycan türkü söz deməməlidir, onun haqqı yoxdur ki, öz milli məsələlərini müzakirə etsin, geniş əlaqələr qursun, toparlansın. Həsən Dəmirçiyə mən mükafat verməməliyəm? Həsən Dəmirçi bu millətin musiqisini, dilini, incəsənətini qoruyan şəxsiyyətlərdən biridir. Onu buna görə mühakimə etmək sağlam təfəkkürün işi ola bilməz”

Bunu Teleqraf.com-a müsahibəsində “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Müsahibəni təqdim edirik.

- Zəlimxan bəy, neçə aydır Gürcüstana girişinizə yasaq qoyulub. Bəyan etmişdiniz ki, bununla bağlı ciddi iş aparırsınız. Hazırda durum nədən ibarətdir, hansı yeniliklər var?
- Gürcüstan tərəfi bu məsələyə mövqe bildirməyib. Hesab edirik ki, bu, siyasi qərardır. İşin hüquq çərçivəsindən kənarda olduğu açıqdır. Hüquq müstəvisində olsaydı, məni hüquq pozuntularına görə buraxmasaydılar, məhkəmə qərarı olardı, müvafiq orqanlar açıqlama verərdi. Sadəcə DİN Xarici Vətəndaşlar Haqqında qanunun 11-ci maddəsinə uyğun olaraq mənim Gürcüstana buraxılmamağımı əsas kimi götürüb. Bu da absurddur. Mən Gürcüstanın bütövlüyünə, təhlükəsizliyinə hər hansı bir xələl gətirməmişəm. Sırf mədəniyyətlərarası dialoq modelinə istinad etmişik. Həm Azərbaycan, həm Türkiyənin, həm də Gürcüstanın media orqanları bunu təsdiq edə bilər. Biz başqa düşüncədə olmamışıq, əksinə, başqa düşüncəyə qarşı olmuşuq. Biz prinsiplərimizdən dönməmişik, dönmək niyyətində də deyilik. Gürcü hakimiyyətinin müxtəlif qolları ilə təmaslarımız davam edir. Ancaq hələlik onların rəsmi mövqeyi yoxdur. Azərbaycan XİN-in notasına da hələlik cavab verilməyib. Bizim nümayəndəmiz fevralın 12-də Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək, bizə qarşı tətbiq olunan qadağanın əsassız olduğu izah ediləcək. Hazırda durum bundan ibarətdir.

- Ancaq bir müəmma var. Sizə qarşı qadağa tətbiq edilsə də, bunu bir müddət ictimaiyyətdən gizli saxlamısınız. Buna səbəb nə olub?
- Düşündük ki, ajiotaj yaratmadan bu məsələni diplomatik yolla həll edək. Ancaq bu zaman bitdi, Gürcüstan tərəfindən səs çıxmadığı üçün də məsələni ictimailəşdirdik. Hazırda Azərbaycanın və Gürcüstanın vətəndaş cəmiyyəti, ziyalıları, millət vəkilləri mövqe ifadə edib. Hesab edirəm ki, Azərbaycan parlamentində də bu məsələ müzakirə edilməlidir.

- Milli Məclisdə deputatlar sizinlə bağlı məsələni qaldırıblar...
- Ayrı-ayrı millət vəkillərinin müxtəlif təşəbbüsləri var. Məlumatım var ki, 40-dan çox tanınmış ziyalı Gürcüstan prezidentinə müraciət edib. Eləcə də, bir sıra deputatların Gürcüstan prezidentinə və baş nazirinə müraciət hazırlaması haqda informasiyam var. Həmçinin parlamentin Gürcüstanla dostluq qrupunun üzvü Qənirə Paşayevanın müraciəti var. Ancaq görünən budur ki, bunlar yetərli deyil.

- Bir müddət əvvəl sizin dostunuz Gürcüstan prezidenti ilə görüşüb məsələni onun diqqətinə çatdırmışdı. Bunun da nəticəsi olmadı?
- Bəli, Qax rayonunda yaşayan gürcü millətinin nümayəndəsi Paçxataşvili prezidentlə görüşüb. Baxmayaraq ki, kimlərsə bunu təkzib etməyə çalışıb. Həmin görüşdə prezident bu məsələni nəzarətinə götürəcəyini deyib. Bundan sonra kontakt olmayıb. Yenidən görüşlər nəzərdə tutulub.

- Doğrudanmı, sizin Gürcüstana girişinizə yasaq qoyulmasının səbəbkarı Gürcüstanda milliyətcə erməni olan vəzifə sahibidir?
- Biz bütün hallarda qeyd edirik ki, bu, hüquq pozuntusu deyil. Bu, Borçalı türklərinin fəallaşmasına qarşıdır, o cümlədən bizim həyata keçirdiyimiz layihələr, xüsusilə Elat Mədəniyyəti layihəsini pozmaq niyyəti güdür. Təmiz gürcü əslində bu layihələrə dəstək verməlidir. Bu məntiqlə deyə bilərəm ki, bunu edənlər Gürcüstan-Azərbaycan dostluğunu istəməyən, bölgədə türk nüfuzunun qalxmasının əleyhinə olan qüvvələrdir. Məntiqlə ermənilərin fəal olacağı haqda düşüncəm var. Amma hər halda kimin və nə üçün bunu etdiyinə dair mövqe bildirə bilmərəm. Bu, yanlışlıq olar. Hər halda rəsmi mövqedən sonra bizim ehtimallarımız ifadə oluna bilər.

- Sosial şəbəkələrdə yazırsınız ki, Borçalı üçün darıxırsınız...
- Buna acizlik kimi baxmaq doğru olmazdı. Mən 1974-cü ildən Bakıda yaşayıram. Hər zaman iki ay tamam olan kimi el-obaya gedirdim. Tələbə vaxtı yataqxanada dostlarım deyirdi ki, iki ay tamam oldu, çamadanını yığıb el-obasına gedəcək. İndi beş aya yaxındır ki, mən Gürcüstana getmirəm. Hər halda burada erməni izi olub-olmamasına baxmayaraq, bu qərarı verənlər bölgədə iki dövlətin birliyini istəməyən düşmən qüvvələrdir. Burada söhbət mənim yurduma getməkdən deyil, apardığımız fəaliyyətdən gedir. Mənim ata-anam, nəslim ordadır. Müxtəlif hadisələr olur, dünyasını dəyişənlər var. Mən bu məclislərdə iştirak edə bilmirəm, ancaq zəng edib başsağlığı verirəm. Əslində, el-oba adamları bütün bunları bilir, ancaq mən həm də izahatımı verir, üzrxahlıq edirəm. Ancaq bunlar olmamalıdır, çünki belə durum Gürcüstana da başucalığı gətirməyəcək. Bəzən deyirlər ki, sən Saakaşvilidən çox danışdın. Əslində, mən Saakaşvilidən çox danışmıram, kimsə də mənim ağzımı bağlaya bilməz. Öz bildiyim həqiqəti dana bilmərəm. Saakaaşvili demokratiya ilə bağlı böyük addımlar atdı və indiki hakimiyyətin destruktiv qüvvəsi hazırda demokratiyanı xərcləməklə məşğuldur.

- “Borçalı” Cəmiyyətində real vəziyyət necədir?
- Cəsarətlə deyə bilərəm ki, ən stabil, mənəvi birlik içində olan, yaxşı münasibətlər sistemi qurulan təşkilatlardan biridir. Burada çoxlu sayda alimlər, ziyalılar, elmlər doktorları var. Bizim tədbirlərimiz qapalı olmur, hər kəsin üzünə açıqdır. İdarə heyətimizdə monolitlik var. Koordinasiya Şurasında, El Məclislərində ciddi birlik mövcuddur. Mən qürur duyuram ki, bunu heç kimin parasına göz dikmədən, milli və dövləti maraqları öndə tutaraq qura bilmişik. Həm də qürur duyuram ki, bu insanlarla bir yoldayam.

- Ancaq sizin sədri olduğunuz təşkilata, xüsusilə sizə qarşı ciddi hücumlar, tənqidlər və ittihamlar var. Bunu necə qiymətləndirirsiniz?
- Təbiidir. Mövlanəni öz kəndində o qədər gözüm-çıxdıya saldılar ki, axırda başladı özündən şübhələnməyə. Düşündü ki, yəqin, yaxşı alim deyil, biliyi yetərli deyil. Bundan sonra onun Hələbdən başlayan bir dünya turnesi oldu, məqsədi özünü mükəmməl yerlərdə yoxlamaq, təfəkkürünün geri olub-olmadığını müəyyən etmək idi. Doğrudan da, bütün universitetləri, elm ocaqlarını gəzəndən, ahıllarla görüşəndən sonra cavab aldı ki, bəs sən dühasan. Bundan sonra onun yol haqqında məşhur bir çağırışı oldu. Bəyan etdi ki, mən bu yolu gedəcəyəm. Əlbəttə, müqayisə uğurlu olmaya bilər. Ancaq indi həqiqətin tərəfində olmaq çox çətin şeydir, solo tutmağa nə var ki? Bir layihəni götürüb aparmaq çətin işdir. Odur ki, bu işin əleyhinə olanlar, münafiqlər, müxaliflər və düşmənlər olacaq. Bizim Borçalı layihəsi türkləri sevməyən regional qüvvələrin nəzarətindədir. Məsələn, İranın nəzərini cəlb edə bilər, Gürcüstandakı ultra radikal düşüncəsinin hədəfindədir, Rusiyanın maraqlarına uyğun deyil. Ermənistanın regionda əleyhinə olan prosesləri pozmaq cəhdi göz önündədir. Yəni Gürcüstanda Borçalı türklərinin toplum olaraq bir araya gəlməsi, türklərin toparlanmasını qəbul etmirlər. Bu baxımdan, onların düşərgəsində mövcud olan bizə düşmən münasibəti yaxşı anlayıram. O cümlədən təsadüfi deyil ki, bizim ödül verdiyimiz Həsən Dəmirçi Təbrizdə məhkəməyə çəkilir. Təbrizdə həm də mənim məsələmi müzakirə edirlər. Bu baxımdan hədəf aydındır ki, bölgədə Azərbaycan türkü söz deməməlidir, onun haqqı yoxdur ki, öz milli məsələlərini müzakirə etsin, geniş əlaqələr qursun, toparlansın. Həsən Dəmirçiyə mən mükafat verməməliyəm? Həsən Dəmirçi bu millətin musiqisini, dilini, incəsənətini qoruyan şəxsiyyətlərdən biridir. Onu buna görə mühakimə etmək sağlam təfəkkürün işi ola bilməz. Gürcüstanda da bunun elementləri var. Əlbəttə, Rusiyaya yaxın şəxslər də Gürcüstanda lazım olanda layihələrimizi gözdən salmağa çalışırlar. Təbii ki, belələrinin Azərbaycanda da dayağı var. Hətta Türkiyədə də utanc gətirən hallara yol verirlər. Təsəvvür edin ki, Türkiyədə əlaqədə olduğumuz qurumlara zənglər edilir, onlara hədələr gəlinir. Təəssüflər olsun ki, bütün bunlar Borçalı kökənli insanların adı ilə edilir. Daşqın Gülməmmədov adlı biri ortaya düşüb belə addımlar atır. Çox eyib olan bir işdir. Yaxud Bakıda Kamran Ramazanlı. Qardaşım, bizə müxalifətsənsə, müxalifətçiliyini elə. Əgər tənqidi münasibətin, fikirlərin varsa, səsləndir, təklifin varsa, buyur. Yoxsa Zəlimxan Məmmədlinin şəxsiyyətini alçaltmaq, aparılan yola kölgə salmaqla kimə xidmət edirsən? Eqoistlikdirsə, paxıllıqdırsa, bunlar ayrı şeydir. Yox, əgər buna müxalifətsənsə, çox gözəl. Söymək, aşağılamaq, təhqir etmək düşmən dəyirmanına su verməkdir. Mən cəsarətlə deyəcəyəm ki, bu şəxslər düşmən dəyirmanına su tökürlər. Bunu etməməlidirlər. Mən onları hər zaman mətbuatda polemikaya dəvət etmişəm. Bu insanlar “Borçalı” Cəmiyyətinin üzvləri deyillər, cəmiyyətin xeyir və şərində də iştirak etmirlər. Yalnız şər axtarırlar. Ancaq onlar cəmiyyətin üzvləri olsalar, müəyyən qurumlarda təmsil oluna bilər, orqanlarda fikirlərini açıqlaya və müzakirələr apara bilərlər. Ancaq bu adamların işi yalınız aşağılamaqdır. Nə təklif edirsənsə, aşağılayırlar. Məncə, bu xəstə təfəkkürdür. Hər halda fəaliyyətimizlə bağlı üzərimizə gəlmələr, Gürcüstan tərəfinin məlum qərarı fəaliyyətimizin şəffaflığı və düzlüyü ilə bağlıdır.

Nemət ORUCOV


Müəllif: