12 Fevral 2015 18:07

Qüdrət Həsənquliyev: “Bağlı qapı arxasında gizli danışmaq istəyirsənsə, demək, xoş niyyətin yoxdur”

“Görüşdə iki təklif səsləndi. Birinci ondan ibarət idi ki, növbəti görüşlərin biri də Prezidentin iştirakı ilə baş tutsun. Yəni Prezidentin özü də siyasi partiyaların sədrləri ilə görüşsün, partiya sədrlərini dinləsin. İkinci təklif problemli məhbus hesab olunan şəxslərin əfv məsələsinə baxılması ilə bağlı oldu. Qarşıdan Avropa Yay Olimpiya Oyunları gəlir. Bu ərəfədə imkan vermək olmaz ki, Azərbaycanın əleyhinə olan ayrı-ayrı qüvvələrdən istifadə olunsun. Odur ki, həmin şəxslərin əfv edilməsi və ya barələrində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə fikirlər oldu”.

Bunu Teleqraf.com-a müsahibəsində bu gün iqtidar-müxalifət dialoqunda iştirak edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. Müsahibəni təqdim edirik.

- Qüdrət bəy, Milli Şura sədri Cəmil Həsənli dialoqun aparılmasını tənqid edib. Buna münasibətiniz necədir?
- Mən Cəmil Həsənlinin hansı fikirləri səsləndirməsindən məlumatsızam. Açığı, onlarla hər hansı bir dialoqun tərəfdarı deyiləm. Onlar son prezident seçkilərində xarici güclərin əlində alət olaraq istifadə olunub. Bu artıq sözlə deyil, siyasi proseslərdəki hərəkətlərlə öz təsdiqini tapıb. Hər kəs bilir ki, Milli Şura Rusiyanın ideyası idi. Rüstəm İbrahimbəyovun liderliyi altında bu siyasi layihə gerçəkləşdirildi. Ona görə də, başqa dövlətlərin əlində alətə çevrilən siyasətçilərlə biz nələri, hansı milli məsələləri müzakirə edəcəyik? Odur ki, mən onların növbəti dəfə də görüşə dəvət olunmasının əleyhinə idim. Ancaq təəssüf ki, çoxluq həmin qüvvələrin görüşə dəvət edilməsi məsələsini qaldırdı. Bu səbəbdən də qərar başqa cür oldu, onlara dəvət göndəriləcək.

- Qapalı müzakirələrdə hansı məsələlər danışıldı, hər hansı bir müraciət qəbul edilibmi?
- İki təklif səsləndi. Birinci ondan ibarət idi ki, növbəti görüşlərin biri də Prezidentin iştirakı ilə baş tutsun. Yəni Prezidentin özü də siyasi partiyaların sədrləri ilə görüşsün, partiya sədrlərini dinləsin. İkinci təklif problemli məhbus hesab olunan şəxslərin əfv məsələsinə baxılması ilə bağlı oldu. Qarşıdan Avropa Yay Olimpiya Oyunları gəlir. Bu ərəfədə imkan vermək olmaz ki, Azərbaycanın əleyhinə olan ayrı-ayrı qüvvələrdən istifadə olunsun. Odur ki, həmin şəxslərin əfv edilməsi və ya barələrində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə fikirlər oldu. Bununla bağlı siyasi partiyaların adından Prezidentə müraciət olunması məsələsi razılaşdırıldı.

- Yəni Prezidentlə görüş baş tuta bilər?
- Hər halda təklif irəli sürüldü. Ancaq bu o demək deyil ki, irəli sürülən hər bir təklif reallaşa bilər. Hörmətli Əli Həsənov tərəfindən bu təklif Prezidentə çatdırılacaq. Qərarın necə olacağı Prezidentin iradəsindən asılıdır. Hər halda siyasi partiya rəhbərləri belə bir arzularını ifadə etdilər.

- Bu görüşün nəticələrini necə qiymətləndirirsiniz?
- Mən nəticələri müsbət qiymətləndirirəm. Bu, ölkədə demokratiyanın inkişafına öz töhfəsini verəcək, xüsusilə siyasi sistemin inkişafında irəliyə addım olacaq. Bilirsiniz ki, siyasi sistemin inkişaf etdirilməsinə çox böyük ehtiyac var. Əvvəllər belə dialoqlar təsadüfi hallarda olub. Ancaq indi razılaşdıq ki, bu görüşlər hər iki aydan bir mütəmadi olaraq keçirilsin. Bu görüşlər zamanı da, həm müxalifəti, həm də iqtidarı narahat edən məsələlər müzakirə edilsin. Düşünürəm ki, bu görüşlər normal dialoqun yaranmasına öz töhfəsini verəcək. Bundan ancaq ölkəmiz və xalqımız fayda görəcək, siyasi sistem inkişaf edəcək, demokratik proseslər irəli gedəcək. Odur ki, bu prosesi dəstəkləyir, görüşü də yüksək hesab edirəm.

- Bəzi partiyaların, xüsusilə Müsavat və AXCP-nin toplantıya qatılmamasını necə qiymətləndirirsiniz?
- Müsavat Partiyasının görüşə qatılmaması sadəcə olaraq Arif Hacılının Əli Kərimlidən çəkinməsi ilə bağlıdır. Arif Hacılı qorxur ki, Əli Kərimli ona yenidən hücumlar təşkil edəcək və ona müxalifət sertifikatı verməyəcək. Yəni Əli Kərimlinin şantajından qorxduğu üçün Müsavat Partiyası bu görüşə qatılmadı. Amma çox təəssüf ki, müzakirələrdə böyük çoxluq belə hesab etdi ki, növbəti görüşə Milli Şura, yəni AXCP də dəvət olunsun. Hesab edirəm ki, bu, doğru deyil. Başqa dövlətin aləti olaraq yaradılan siyasi formatla milli məsələni müzakirə etmək olmaz. Son prezident seçkilərində biz hər şeyi gördük. Yəqin ki, növbəti görüşdə iştiraka onlar da dəvət olunacaq. Düzdür, onların bu prosesdə iştirak edib-etməyəcəyini bilmirəm. Amma yəqin ki, dəvət ediləcəklər. Söhbət 18-20 partiyanın iştirakı ilə görüş formatının davam etdirilməsidir.

- Ancaq onlar bu görüşə qatılmır, hətta görüşə qatılan keçmiş müttəfiqlərini də xəyanətdə ittiham edirlər...
- Bu, əslində təkcə müxalifət partiyaları ilə görüş deyil. Həm də, ölkənin həyatında iştirak edən fəal partiyalarla görüşdür. Ancaq “müxalifətlə görüş deyil, mən müzakirələrə gəlmirəm” demək yanlışdır. Sənin üçün fərqi nədir, özünü müxalifət sayırsansa, niyə hesab edirsən ki, səni maraqlandıran məsələləri mütləq ikilikdə səsləndirməlisən? Gəl iyirmi partiyanın qarşısında səni maraqlandıran məsələləri iqtidarın nümayəndəsinə söylə. Onlar gəlib burada olsaydı, öz fikirlərini desəydilər, mən və ya başqası onların ağzını yummayacaq, deməyəcəkdik ki, siz belə danışmayın. Əslində, sən bağlı qapı arxasında gizli danışmaq istəyirsənsə, demək, burada xoş niyyət yoxdur. Əksinə, burada separat danışıqlardan və razılaşmalardan söhbət gedə bilər. Vaxtilə bunu ediblər. İndi Sərdar Cəlaloğlu açıb deyir ki, vaxtilə onlar parlamentdə neçə yer istəyirlərmiş. Bu baxımdan onların arqumenti tənqidə davam gətirmir. Bu görüşdə 16 partiya iştirak edirdi. Tutaq ki, 16 partiyanın hamısı iqtidar partiyasıdır. Sən gəl, tək müxalifət olaraq narahat olduğun məsələləri qaldır. Buna nə mane olur?

- Sizcə, nə mane olur?
- Dediyim kimi gizli danışıqlar və separat razılaşmalar istəyi. Başqa nə mane ola bilər ki? Bir də açıq deyim ki, bu cür sivil dialoqun olması həm də ölkənin imicinə müsbət təsir edir. Birdən bunlara komanda verib ölkənin antidemokratik imicini yaratmaq istəyənlər bu görüşdə onları görə və deyə bilərlər ki, siz niyə belə addım atırsınız. Həmin qüvvələr çoxdan müstəqil deyillər və kənardan idarə olunurlar.

- Qüdrət bəy, Ukraynada baş verən proseslər, müharibə və sülh çağırışlarını necə qiymətləndirirsiniz?
- Biz yeni bir Dağlıq Qarabağ, Osetiya və ya Dnestryanı bölgə kimi münaqişə görəcəyik. Ukrayna məcbur olacaq ki, atəşkəs elan etsin. Son baş verən hadisələr açıq göstərir ki, Ukrayna güc tətbiq etməklə öz ərazilərini separatçılardan təmizləyə, ərazi bütövlüyünü təmin edə bilmir. Vaxtilə Rusiya məhz Çeçenistanda öz ərazi bütövlüyünü güc tətbiq etmək yolu ilə təmin etdi. Ancaq Azərbaycan, Gürcüstan və Moldova bunu edə bilmir. İndi bu ölkələrin sırasına Ukraynanı da əlavə etmək olar. Yəni Ukraynada da eyni zamanda danışıqlar prosesi gedəcək. Yəqin ki, orada da atəşkəs elan olunacaq və yeni dondurulan münaqişə ocağı yaranacaq. Üstəlik də, Krım məsələsinə artıq qayıdılmayacaq. Çünki bu ərazi artıq Rusiyaya birləşdirilib. Bu şərtlər altında Ukraynanın Avropa Birliyinə və NATO-ya üzvlüyü mümkünsüz olacaq. Əslində, Ukrayna istədiyini ala bilmədi, əvəzində Krım və şərq ərazilərini faktiki olaraq itirdi. Bu da, onu göstərir ki, Ukraynanın indiki hakimiyyəti və əvvəlki prezident Yanukoviç ölkənin bu səviyyəyə gəlib düşməsinə görə bərabər məsuliyyət daşıyır. Bəzən düşünülmədən hakimiyyət ehtirası siyasi partiyaları və siyasətçiləri elə həddə gətirir ki, bundan ölkə, xalq ziyan çəkir, sivil insanlar məhv olur. Düşünürəm ki, Ukraynanın indiki hakimiyyətində olan şəxslər Yanukoviç qədər məsuliyyət daşıyır.

- Bəs Maydan hərəkatı zamanı Ukraynanı müdafiə edən dövlətlərin mövqeyi necə olacaq, belə çıxmırmı ki, Ukraynanı qızışdırıb ortaya salanlar indi olanları sakit seyr edirlər?
- Söhbət ondan gedir ki, Ukraynaya qarşı ən böyük ləyaqətsizliyi onun müstəqilliyinə və suverenliyinə qarant olan ölkələr etdi. Bu sırada başda Amerika və Fransa dayanır. İndi Rusiya Ukraynanın ərazisinin bir hissəsi olan Krımı özünə birləşdirib. Digər iki dövlət, hansı ki, Budapeşt memorandumuna görə, 1800 nüvə başlığının təhvil verməyi qarşılığında Ukraynanın təhlükəsizliyinə qarant olacağını qeyd edən dövlətlər indi bu təminatı vermirlər. Əslində, onlar Budapeşt memorandumuna əsasən öz ordusunun hesabına olsa da, Ukraynanı müdafiə etməli idilər. Ancaq nəinki Ukraynaya kömək etmir, hətta ona müasir silahlar belə vermirlər. Bu da, misli görünməyən ləyaqətsizliyin nümayişidir. İndiki Ukrayna rəhbərliyi bilir ki, Amerika və Avropanın dəstəyi ilə hakimiyyətə gəliblər. Onlar da, bu barədə açıq danışmağa cəsarət etmirlər. Bilirlər ki, bu haqda açıq danışsalar, həmin dövlətlər bir qədər kənara çəkilə bilər. İndi başa düşüblər ki, burada söhbət heç bir beynəlxalq öhdəlikdən, ləyaqətdən getmir. Avropa və Amerikanın onların arxasından çəkiləcəyi təqdirdə Rusiya asanlıqla onları hakimiyyətdən kənara ata bilər. Bu səbəbdən tələb etmirlər ki, nüvə başlıqlarını deyil, heç olmasa bizə adi silahlar verin. Bunu da tələb edə bilmirlər. Odur ki, Ukrayna indi çox acınacaqlı durumdadır. Bir daha deyirəm ki, Ukraynanın güc yolu ilə ərazi bütövlüyünü təmin etməsi mümkünsüzdür. İndi orada 5-6 min insan tələf olub. Ola bilsin ki, müharibə bir qədər davam edə, daha çox sayda insan ölə və bundan sonra atəşkəs oluna bilər.

- Avropa Rusiyada qorxur?
- Əlbəttə, qorxur. Görürsünüz ki, indi əsas fiqur kimi federal kansler Merkel ortaya çıxıb. Merkel SSRİ dönəmində Şərqi Almaniyada doğulub. O zaman komsomolçuların hamısını Almaniya Demokratik Respublikasının kəşfiyyatı əməkdaşlığa cəlb edir və sənədin bir sürətini də Moskvaya göndərirdi. Ola bilsin ki, Merkel özü agent olsun. Əlbəttə, bu, fərziyyələrdir. SSRİ dağılandan sonra bu ölkələrin çoxu təhlükəsizliyi üçün böyük maliyyə ayırmayıb, düşünüb ki, ABŞ onları müdafiə edəcək. İndi Ukrayna hadisələrindən qorxuya düşüblər. Düşünürlər ki, Rusiya Ukrayna ilə kifayətlənməyərək Şərqi Avropaya da daxil ola bilər.

Nemət


Müəllif: