16 May 2014 10:32
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Süleymanov: “Yaxşı olardı ki, pullu adamlarımız sənayeyə meyl etsinlər”

1992-ci ildə prezidentliyə namizədliyini irəli sürməklə ölkədə tanınan və nüfuz qazanan professor Nizami Süleymanov suallarımıza cavab verib. Alim əsasən fəaliyyəti, siyasətə meyli, siyasi proseslərə münasibəti, hazırda fəaliyyət göstərdiyi sahədə yeniliklər və digər məsələlər haqqında danışıb. Xüsusilə, 2014-cü ilin Azərbaycanda sənaye ili elan olunmasının əhəmiyyətindən danışaraq şadlıq evi, ticarət obyekti və restoran tikən iş adamlarını daha ciddi sahələrə yatırım qoymağa çağırıb.

- Nizami müəllim, siyasətlə məşğul oldunuz, sonra isə çəkildiniz. Hazırda siyasətlə məşğul olmaq haqqında düşünürsünüz?
- Mən gecə-gündüz elmi işlə məşğulam. Ona görə də, siyasi söhbətlərə sadəcə olaraq qarışmıram.

- Bəs siyasi prosesləri izləyirsinizmi?
- Ancaq televiziya və mətbuat vasitəsilə izləyirəm.

- Maraqlıdır, sizin siyasətçi dostlarınız varmı?
- Oturub-durduğum dostlarım yoxdur. Amma siyasətçilərin əksəriyyətinə böyük hörmətim var. Hər kəs bildiyi işin arxasınca getməlidir. Mənim yaşımın və başımın o dövrü deyil ki, aktiv siyasətlə məşğul olum. Əlbəttə, yaşımın imkan verdiyi vaxtlarda siyasətlə məşğul olmuşam. Amma mənim əsas peşəm elm olduğu üçün hazırda bu işlə məşğulam. Onu da deyim ki, elmdə çox böyük nailiyyətlər əldə edirik. Bu yaxınlarda metal sahəsində bir qrup türkiyəli mütəxəssis gəlmişdi. Bizim metalların möhkəmlənməsi üsullarının yeni texnologiyasının tətbiqində maraqlıdırlar. Eləcə də, bu yaxınlarda Ukrayna metallurqlarının sorğu kitabçasını mənə gətirdilər. Orada bizim EKA-42 poladımız Ukrayna standartına girib və istifadə olunur. Buna Türkiyədə də böyük ehtiyac var. Biz metal sahəsində böyük açılış haqqında düşünürük. Gecə-gündüz bu işlə məşğuluq.

- Siz siyasətlə məşğul olanda qısa müddətdə tanındınız. Necə düşünürsünüz, siyasətdə uddunuz, yoxsa uduzdunuz?
- Siyasət meydanı böyük meydandır. Siyasətdə ən böyük biclik düzlükdür. Mən bunu hər zaman başımın üzərində tutdum. Yəni elədiyimlə dediyimin üst-üstə düşməsinə çalışdım. Udub-uduzduğumu da deyə bilmərəm. Bunu tarix göstərəcək.

- Bəs niyə Siz alim kimi deyil, siyasətçi kimi daha çox tanındınız?
- Məncə, səhv edirsiniz. Həmin dövrdən əvvəl mən SSRİ çərçivəsində tanınırdım, dövrü mətbuatda işlərimiz haqqında geniş məqalələr yazılırdı. Hətta SSRİ televiziyası olan “Ostankina” üç film çəkdi. Burada söhbət yenilikçi və mühafizəkar alimlərdən gedirdi. Biz bakılı alimlər yenilikçi, bir qrup Moskvanın saqqallı alimləri isə mühafizəkar kimi təqdim olunurdu. Bizim işlərimiz 10 mindən çox müəssisədə tətbiq edildi, dövlət proqramlarına salındı. İlk və son dəfə SSRİ Elmlər Akademiyasında elmi məruzəni mən etmişəm və sonra da dövlət proqramı qəbul edildi. Bu proqram əsasında 22 maşınqayırma zavodunda bu iş tətbiq edildi. Nəticədə Azərbaycanda böyük həcmdə pullar daxil oldu. Mən həmin dövrdə şərəf nişanı ordeni aldım, SSRİ ixtiraçısı adını qazandım. Hətta elmlər namizədi ola-ola işimizin əhəmiyyətli olduğunu nəzərə alaraq gizlin səsvermə ilə 1989-cu ildə akademiyanın müxbir üzvü seçildim.

- Siz özünüzü hələ də sovet alimi hesab edirsiniz?
- Mən özümü azərbaycanlı alim hesab edirəm. Sovet zamanı institutu Bakıda bitirmişəm, Politexnik İnstitutunun məzunu olmuşam. Aspirantura və Doktoranturanı Moskvada Balman adına Ali Texniki Məktəbdə oxumuşam. Onun nəzdində 12 elmi təhqiqat institutu var idi. Yəni böyük işlər aparırdılar. O zaman SSRİ-də üç əsas diplom qəbul olunurdu. Bunun biri Ali Texniki Universitetin diplomu idi. İkincisi, Lomonosov adına universitetin diplomuna əhəmiyyət verilirdi. Eləcə də, Fizika İnstitutunun diplomu. Bu institutda ilk elmlər doktoru dissertasiyanı müdafiə edən mən olmuşam. Adətən, ora kənardan tələbə qəbul etmirdilər. Hətta əlaçı bitirənlər 5-6 ilə müdafiə edirdilər. Mən isə üç il müddətinə müdafiə etdim. Bir daha qeyd edim ki, həmin vaxt azərbaycanlı tələbənin burada oxuması və müdafiə etməsi nadir hadisə sayıla bilərdi. İkincisi, bəyəm alimin fransızı, rusu, almanı olur? Metalın tərkibində nə varsa elə odur-xromdur, karbondur, titandır və s. Bunun sovetin və ya amerikanın olmasının fərqi yoxdur. Çünki elmin sərhədi yoxdur. Fəxr edirəm ki, indi yetişdirdiyim kadrların içərisində elmlər doktorları, professorlar və elmlər namizədləri var. Ən çoxu da azərbaycanlıdır.

- Ukrayna proseslərindən sonra sovet dövründə təhsil alıb formalaşan şəxslərin Rusiyaya daha çox meyl etdiyi haqda fikirlər səslənir...
- DNK deyilən məsələ 46 xromosomdan ibarətdir. Bunun 23 atadan, 23 isə anadan keçir. Mənim atam da, anam da azərbaycanlıdır. Bir sözlə, mən yeddi arxa dönənimə qədər azərbaycanlıyam, ruhum və nəfəsim də azərbaycanlıdır. Heç bir yerə meyl etməyin də tərəfdarı deyiləm. Hesab edirəm ki, biz bir yerə meyl etməliyik: hansı torpaqdan yoğrulmuşuq və hansı torpağa gedəcəyik. Babalarımız harada uyuyubsa, biz də orada uyuyacağıq. Bizim vətənimiz buradır və heç yerə meyl etmək niyyətimiz yoxdur. Elə millət var deyir ki, mən kimdənəm? Elə millət də var deyir ki, kim məndəndir. İstəyirəm Azərbaycan xalqı “kim məndəndir” sözü ilə ruhlansın.

- Azərbaycan Rusiyaya meyl etməlidir, yoxsa Avropaya?
- Azərbaycan bütün dünya ölkələri ilə sıx elmi, mədəni, iqtisadi, sosial, siyasi sahədə əməkdaşlıq etməlidir. Yəni heç bir dövlətlə düşmənçilik münasibətində olmasın, amma kiminsə kölgəsinin altına keçməsin. Bu mənim mövqeyimdir və biz tam müstəqil siyasət aparmalıyıq. İndi prezident İlham Əliyev müstəqil siyasət aparır və mən bu siyasəti dəstəkləyirəm. Elə bu səbəbdən də, 2013-cü ildə keçirilən prezident seçkilərində ona səs verdim. Müstəqil, heç kimdən asılı olmadan siyasət yürütmək həm də yaxşı inkişaf etmək deməkdir. Bu gün biz müstəqil siyasət yürüdürük. Fikrimcə, Azərbaycanda sabitlik, əmin-amanlıq mövcuddur və dövlət quruculuğu sürətlə inkişaf edir.

- 20 il əvvəl elan edirdiniz ki, Dağlıq Qarabağ münaqişəsini tezliklə həll edə bilərsiniz. İndi həmsədrlər də aktivlik nümayiş etdirməkdədir. Necə düşünürsünüz, Qarabağ problemini həll etmək mümkündürmü?
- Bu gün Ali Baş Komandan, Azərbaycan dövlətinin başçısı var. Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də irəliləyiş var. Dövlət başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunması, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparır. Əminəm ki, Azərbaycanın bir qarış torpağı da ermənilərdə qalmayacaq. Buna inanıram. Çünki bu cür ordu quruculuğu gedirsə, belə ordu ilə yəqin ki, yaxın gələcəkdə torpaqlarımız geri qaytarılacaq.

- Bir neçə gün əvvəl Türkiyədə kömür mədənində faciəvi hadisə baş verdi, yüzlərlə insan həyatını itirdi. Bəs Azərbaycanda kömür mədənləri varmı, bizim torpaqlarda kömür yataqlarının olması ehtimalı mövcuddurmu?
- Mən bizdə kömür mədənlərinin olması haqda eşitməmişəm. Bildiyim qədər Azərbaycanda kömür şaxtası yoxdur.

- Bəllidir ki, bizdə kömür mədənləri yoxdur, bəs işlənməmiş kömür yataqları varmı?
- Bizdə neft və qaz olduğuna görə özümüzü təmin edir və hələ xaricə də satırıq. Odur ki, kömür yataqları bizim ölkə üçün vacibat kəsb etmir. Amma bildiyim qədər bizdə kömür yataqları da yoxdur. Bizdə çoxları elə bilir ki, ancaq dəmir və qızıl var. Əslində isə bizim filizlərimiz çoxdur. Digər metallarımız var və Azərbaycan filizlə çox zəngindir.

- Dünyanın ən varlı insanları həm də metallurgiya, filiz mədənlərinə sahib olan insanlardır. Bizdə bu sahə niyə özünü qabarıq göstərmir?
- Əslində, dünyanın ən varlı insanları siyahısında informasiya texnologiyaları, kompüter proqramları sahəsində daha çoxdur. Mənə bu siyahıda metallurgiya ilə məşğul olan elə də zəngin insanlar rast gəlməyib. Bəli, varlılar içərisində bu sahənin adamları var, ancaq onların 500 milyon, bir milyard dolları var. Ancaq 30,50 milyardı olanlar əsasən informasiya texnologiyaları sahəsində olan insanlardır.

- Bizdə bu sahənin inkişafı hansı səviyyədədir?
- Ümumiyyətlə, metallurgiya ağır sənayenin çörəyidir. Metal olmadan nə etmək olar ki? Avtomobil, təyyarə, gəmi düzəltmək olmaz. Hətta yaşayış evləri, konstruksiyalar tikmək mümkün deyil. Metallurgiya vacib xammal hesab edilir. İnanıram ki, yaxın gələcəkdə ölkəmizdə metallurgiya sürətlə inkişaf edəcək. Bildiyiniz kimi, Prezident 2014-cü ili sənaye ili adlandırıb. Arzum budur ki, bizim sərmayəçilərimiz şadlıq evlərinə, ticarət obyektlərinə, restoranlara pul qoymaqdansa, sənayeyə diqqət etsinlər. Çünki sənaye ciddi sahədir. Bu gün corabdan tutmuş papağa qədər hər şeyi xaricdən alırıq. Başqa sözlə, biz öz pulumuzla xarici ölkələrdəki zavod və fabrikləri varlandırırıq. Çox yaxşı olardı ki, pullu adamlarımız sənayeyə meyl etsinlər. Bizdə sənayenin istehsal vasitələri olan A, B qrupu da inkişaf etməlidir. Başqa sözlə, insanların istehlak etdiyi mallar özümüzdə istehsal olunsun. Bizdə, əlbəttə, yüngül sənaye var. Amma bizim tacirlərimiz dünyanın hər yerinə səpələnib, pulu xaricə aparıb bura mal gətirməklə deyil, öz istehsalımız olan mallara üstünlük versinlər. Bizdə pambıq və yun kimi xammal materialları var və bu istehsalı artırmaq da mümkündür.

- Sizin deputat seçilmək niyyətiniz var?
- 50 yaşım olsaydı, bəlkə də, bu haqda düşünərdim. Amma 50 yaşım olanda belə deputat seçkilərində iştirak etməmişəm. Nəzərə alın ki, mənim indi 69 yaşım var, amma buna baxmayaraq iki rejimdə işləyirəm, günortalar 2 saat istirahət edirəm. Axşamlar isə saat 23.00-dan tez evə getdiyim yoxdur. Mənim elmi rəhbərim deyirdi ki, alim adını üstünə götürmə, götürdünsə ölən saatına qədər çalışmalısan. Mən elmin bir nümayəndəsi kimi həyatımı buna həsr etmişəm. 69 yaşı olan və ağlı yerində olan insan bilməlidir ki, ömrünün sonuna çox qalmayıb. Mən bu qalan ömrümü də elmə həsr etmək istəyirəm. Siyasətlə məşğul olmaq, parlamentari kimi fəaliyyət göstərmək üçün bizim çoxlu sayda savadlı kontingentimiz var. Onlar bu sahədə, mən isə öz işimlə məşğul olsam daha məqsədəuyğun olar.

Nemət Hüseynli


Müəllif: