26 Fevral 2015 19:30
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürcü Arzusu" seçkilərdə bir nəfər də olsun azərbaycanlı namizəd irəli sürmədi. Bizim azərbaycanlı namizədimiz var idi. Həmin dövrdə baş nazir Cavaxetiyada iki erməninin namizədliyini təqdim etdi, bildirdi ki, bu şəxslər bizim layiqli vətəndaşlarımızdır. Lakin bizim azərbaycanlı namizəd İmamquliyev seçkilərdə 70 faiz səs aldı. Buna baxmayaraq, onun qələbəsi tanınmadı, Gürcüstanın rəsmi orqanları bizə qarşı oldular, nəticədə ara qarışdı. Seçki dairəsində problemlər yarandı, biz müqavimət göstərdik. Sonra da bütün işlər mənim üzərimdə qaldı".

Bunu Teleqraf.com-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bildirib. Müsahibəni təqdim edirik.

- Azər müəllim, Gürcüstanda ictimai-siyasi durum necədir, MDB məkanında və dünyada baş verən iqtisadi-siyasi proseslər bu ölkəyə hansı formada təsir edib?
- İctimai-siyasi proseslər ürəkaçan deyil, sevindirici durum yoxdur. Gürcüstan kiçik dövlət olsa da, iyirmi siyasi partiya fəaliyyət göstərir. Həqiqətdə isə iki-üç partiyanı çıxmaqla, yerdə qalan siyasi təşkilatlar Rusiyaya yaxındır. Dövlətdə problemlər var. Gürcüstan milli valyutasının günü-gündən ucuzlaşması böyük ajiotaj yaradıb. Hər şeyin qiyməti qalxıb, ancaq əmək haqları, demək olar ki, artmayıb. Gürcüstan günü-gündən geriyə getməyə başlayıb. 2003-cü ildən əvvəlki dövrə doğru gedirik, ölkədə rüşvətxorluq artıb. Bundan öncəki hakimiyyətin qurduqları dağıdılıb. İndi Gürcüstan əhalisinin 70 faizi, demək olar ki, gedən proseslərdən narazıdır və bunu açıq formada ifadə edir.

- Demək istəyirsiniz ki, əhali daha çox sizin təmsil olunduğunuz Regionlar Partiyasını dəstəkləyir?
- "Gürcü Arzusu" hakimiyyətə gəlməzdən əvvəl verdiyi vədlərin bir faizini də yerinə yetirməyib. Bu vədlər sırasına yüzlərlə zavodun açılması, təqaüdlərin artırılması, yeni iş yerlərinin qurulması, insanlara faizsiz kreditlərin verilməsi daxil idi. Bununla yanaşı, bütün ərzaq məhsullarında, məişət avadanlıqlarında qiymət artımı baş verdi. Bu da əhalinin hakimiyyətdən narazılığının artması ilə müşayiət olundu. Ən pisi isə 100 Amerika dollarının 178 laridən 240 lariyə qalxmasıdır. Bu, faktiki olaraq insanların kasıblaşması deməkdir. Nəzərə alın ki, insanlar kreditlər götürüb və bunu qaytarmaqda ciddi çətinliklər çəkir.

- Hazırda Gürcüstanda əsas müxalifət partiyası hansıdır?
- Hazırda birinci müxalifət partiyası sabiq prezident Mixael Saakaşvilinin sədri olduğu partiyadır. İkinci belə partiya yoxdur. Əsas müxalifət partiyasının Gürcüstan parlamentində əllidən çox deputatı var. Müxalifət partiyasının ciddi proqramları var və qısa müddət ərzində ölkəni böhrandan çıxarmaq imkanlarına sahibdir. Bu gün "Gürcü Arzusu" blokunda olan insanların hamısı, əslində, öz biznesini qoruyan insanlardır. Bunu da insanlar artıq bilir. Bu gün Gürcüstanda faktiki olaraq xaos mövcuddur.

- Gürcülər "Gürcü Arzusu"na böyük ümidlər bağlayır. Siz dediyiniz xaos özünü nədə göstərir?
- Gündə bir ev yarılır, ölüm hadisələri baş verir, qaçaqmalçılıq faktları olur. Bunlar günü-gündən artır. Yeni hakimiyyətin qızıl amnistiyası hesabına həbsdən buraxılanların əksəriyyəti yeni cinayətlər törədir. Təsəvvür edin ki, evlərə girən olmasın deyə, müəyyən tədbirlər həyata keçirilir. Bu, faktiki olaraq xaosdur.

- Sizin partiyanın sədrinə Gürcüstanda cinayət işi açılıb, adı İnterpola verilib. Hətta Ukraynaya onu təhvil vermək üçün müvafiq sorğu göndərilib...
- Gürcüstan prokurorluğu mənim özümə də cinayət işi açıb. Ancaq mən millət vəkiliyəm və bu səbəbdən toxunulmazlığım var. Odur ki, mənə bir şey edə bilmirlər. Yəqin, gözləyirlər ki, deputatlıq müddəti başa çatsın. Ancaq tam əminliklə deyirəm ki, 2016-cı ildə artıq "Gürcü Arzusu" bloku olmayacaq, sadəcə, Gürcüstanın tarixində yaşayacaq. Konkret olaraq sabiq prezident Mixael Saakaşviliyə qarşı cinayət işi açıldığına gəldikdə, bu, başa düşüləndir. Çünki indiki Gürcüstan hakimiyyəti müəyyən qədər Rusiyaya yaxındır. Hazırda da Ukraynada baş verən məsələlər hər kəsə bəllidir. Gürcüstanda durumun necə olduğu bəllidir. Mixael Saakaşviliyə qarşı, eləcə də, həmin hakimiyyətin baş prokuroruna qarşı cinayət işi açılıb. Hətta Ukrayna ilə bu istiqamətdə müəyyən danışıqlar aparıldı. Lakin Ukrayna hökuməti bizim iqtidara "yox" dedi. Həm də Saakaşvili ilə bağlı İnterpola informasiya verilmədi, çünki bilirlər ki, bu, mənasız iş olardı. Bəllidir ki, bu, siyasi məsələdir və ola bilsin ki, Rusiyadan gələn xətdir. Ancaq Avropa Birliyi və Amerika imkan verməz ki, İnterpol bu istiqamətdə axtarışlara başlasın. Hazırda Saakaşvili Ukraynada vəzifə daşıyır. Görünən budur ki, Ukraynada keçiriləcək islahatlara Saakaşvili bilavasitə nəzarət edəcək, onun komandası bu işdə aparıcı faktor olacaq. Fikrimcə, bu islahatların nəticəsi bir müddətdən sonra öz bəhrəsini verəcək.

- Sizinlə bağlı cinayət işinin mahiyyəti nə ilə bağlıdır?
- Bildiyiniz kimi, "Gürcü Arzusu" seçkilərdə bir nəfər də olsun azərbaycanlı namizəd irəli sürmədi. Bizim azərbaycanlı namizədimiz var idi. Həmin dövrdə baş nazir Cavaxetiyada iki erməninin namizədliyini təqdim etdi, bildirdi ki, bu şəxslər bizim layiqli vətəndaşlarımızdır. Lakin bizim azərbaycanlı namizəd İmamquliyev seçkilərdə 70 faiz səs aldı. Buna baxmayaraq, onun qələbəsi tanınmadı, Gürcüstanın rəsmi orqanları bizə qarşı oldular, nəticədə ara qarışdı. Seçki dairəsində problemlər yarandı, biz müqavimət göstərdik. Sonra da bütün işlər mənim üzərimdə qaldı. Ancaq fəxr edirəm ki, bu işlərin arxasında mən durmuşam, çünki bizim namizəd gerçəkdən seçilmişdi. Bunun fonunda isə "Gürcü Arzusu" blokunun namizədi seçilmədi, sadəcə olaraq, təyin edildi.

- Gürcüstanda yaşayan soydaşlarımızın durumu və problemləri nədən ibarətdir?
- Təbii ki, problemlər var. Həm də burada söhbət xüsusi olaraq azərbaycanlıların problemindən getmir, ümumu Gürcüstanın problemləri var. Əlbəttə, təhsildə problemlərimiz var. Ancaq daha çox ümumi problemlərdir. Azərbaycanlılar ictimai-siyasi proseslərdən kənar qalmamalıdır. Marneuli və digər rayonların bazarında əsasən azərbaycanlılar çalışır. Bir çox hallarda onlara zərbə və ya ziyan dəyir. Ən əsası odur ki, cənab İvanişvili seçkilərdən öncə söz vermişdi ki, azərbaycanlılar hakimiyyətdə təmsil olunacaq, onlara yüksək vəzifələr veriləcək. Ancaq bunların heç biri yerinə yetirilmədi. Olan işlər də əlimizdən alındı.

- "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstana buraxılmır. Bu haqda informasiyanız varmı?
- Zəlimxan Məmmədli qeyrətli yerlimizdir. Biz onunla bağlı baş nazirə, prezidentə məktub yazmışıq. Bilmək istəyirik ki, nəyə görə, Məmmədli Gürcüstana buraxılmır. Onu deyə bilərəm ki, son illər Zəlimxan Məmmədli Gürcüstanda gürcü və azərbaycanlı xalqları arasında birlik üçün çalışırdı, maraqlı tədbirlər keçirirdi. Ola bilsin ki, bu tədbirlər kimlərinsə xoşuna gəlməyib. 5-10 min azərbaycanlının elat mədəniyyəti tədbirində, ozan günlərində bir araya toplaşması, bura Türkiyədən, Azərbaycandan, İrandan və başqa ölkələrdən qonaqların gəlməsi kimlərisə ciddi narahat edib. Və buna görə də Zəlimxan Məmmədlinin Gürcüstana gəlməsinə "yox" deyilib. Məsələ bundan ibarətdir. Zəlimxan Məmmədli gürcü xalqına böyük hörmət bəsləyir, hər bir açıqlamasında bu iki dövlətin qardaşlığını qabardır.

- Onun Gürcüstana buraxılmamasına səbəb hakimiyyətdə təmsil olunan erməni məmurları ola bilərmi?
- Mən bunu inandırıcı hesab etmirəm. Onun Gürcüstana buraxılmamasının səbəbkarı indiki hakimiyyətdir. Əlbəttə, indiki hakimiyyət ermənilərə olan sevgisini xüsusi gizlətmir. Ötən ilin mayında Cavaxetiyada iki ermənini icra başçısı seçdilər. Bu işlərin arxasında birbaşa dövlətin özü durur.

- Hazırda biz Xocalı qətliamının növbəti ildönümünü yaşayırıq. Azərbaycanda, eləcə də, müxtəlif ölkələrdə soydaşlarımız tədbirlər keçirirlər. Sizlər Gürcüstanda hansı tədbir planlaşdırırsınız?
- Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə start verilib. İndiyə qədər bir neçə tədbir baş tutub. Burada qeyri-hökumət qurumları var və onlar da tədbirlər keçirirlər. Artıq Gürcüstanda Azərbaycan Mədəniyyət Mərkəzi tədbir təşkil edib, hamımız iştirak edərək sözümüzü demişik. Tədbirdə dövlət adamları, qeyri-hökumət təşkilatları iştirak edib. Biz parlamentdə də tədbir keçirmək istəyirdik. Amma parlamentin toplantısı bu günlərdə keçirilmədi. Bu məsələyə ciddi yanaşırıq. Hesab edirik ki, bu faktları hər kəsin diqqətinə çatdırmalıyıq. Saxta erməni soyqırımının ifşası baxımından da bu vacibdir. Əlimizdə video və foto çəkilişlər var. Xocalıda soyqırımın olması artıq faktdır. Qeyd edim ki, bu gün Tiflisdə, Rustaveli prospektində də tədbirlər təşkil ediləcək, orada da iştirak edəcəyik.

- İndi Gürcüstan-Azərbaycan münasibətləri necədir?
- Bu münasibətlər yüz illərdir ki mövcuddur. Gürcüstan və Azərbaycan qonşu və dost dövlətdir. Bu münasibətlər millətlərarası münasibətlərdir. Ancaq son zamanlar bizi narahat edən odur ki, Tiflisin mərkəzində rus avtomobilləri görünür. Hətta deyirlər ki, hərbi avtomobillərdir.

- Sizdə parlament seçkiləri 2016-cı ildə keçiriləcək?
- Mümkündür ki, bundan da tez keçirilsin.

- Seçkilərdə partiyanızın qələbə çalmaq imkanı nə qədərdir?
- Camaat Saakaşvilinin yenidən hakimiyyətə gəlməsini istəyir. Çünki onun qurduğu sistemdə insanlar az-çox dolana bilirdi, sabitlik yaranmışdı. Hesab edirəm ki, seçkilərdə hər şey bilinəcək. Onu deyə bilərəm ki, indi hakimiyyətdən narazılıq güclüdür.

Nemət Hüseynli


Müəllif: