5 Mart 2015 10:25
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vurğun Əyyub: “Dostlarıma demişəm ki, səviyyəsiz adamların yalan və böhtanlarına cavab verməsinlər”

“Bəzi mətbuat orqanları yanlış olaraq yazıblar ki, guya Vurğun Əyyub söyləyib ki, ADR Hərəkatının nizamnaməsində sədr seçkilərinin gizli səsvermə ilə seçilməsi nəzərdə tutulub, lakin vaxt azlığından açıq səsvermə ilə keçirilib. Mən belə söz deməmişəm. Nizamnaməmizdə belə bir şey olmayıb. Sadəcə, bildirmişəm ki, indi səsvermənin açıq keçirilməsi nəzərdə tutulub, lakin nə zamansa gizli səsvermə də ola bilər. Yaxud konfrans hazırda qərara gələrsə, sədr seçkilərini gizli şəkildə keçirə bilərik”.

Bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub bildirib. Müsahibəni təqdim edirik.

- Vurğun bəy, ADR hərəkatının sədrinin səlahiyyətlərini icra edən şəxs kimi qarşıdakı planlarınız nədən ibarətdir?
- Əslində, xüsusi bir planım yoxdur. ADR Hərəkatının qarşıda görəcəyi işlərlə bağlı sənəd qəbul etmişik. Sənəddə mühüm yerlərdən birini təşkilatlanma məsələləri tutur və biz 2015-ci ili təşkilatlanma ili elan etmişik. Çalışacağıq ki, ölkənin inzibati ərazi bölgələrini uyğun formada əhatə edək, təşkilatlanmanı başa çatdıraq. Biz təsis konfransına 35 rayonda təşəbbüs qrupları yaratmaqla getdik. İndi qarşımızda duran əsas məsələ təşkilatlanmanı başa çatdırmaq və beynəlxalq əlaqələri genişləndirməkdir. Qarşıdan gələn aylarda daha çox bununla məşğul olacağıq.

- Siz neçə rayonda şöbə yaratmaq istəyirsiniz?
- Yaxın aylar üçün iyirmi rayon müəyyən etmişik və bu rayonlarda təşəbbüs qrupları yaradacağıq. Yaradılmış təşəbbüs qrupları isə rayon təşkilatlarının konfranslarını keçirməlidirlər.

- Niyə sizdə struktur baxımından yalnız sədrin birinci müavini postu var?
- Hələlik birinci müavin postu müəyyənləşib. Amma təşkilati idarəetmə strukturu haqqında fikir mübadiləsi aparılıb. Hazırda struktura uyğun əsasnamə hazırlanır. Bu əsasnamədə hər bir strukturun görəcəyi iş, vəzifə və səlahiyyəti müəyyən olunacaq. Hazırda əsasnamə üzərində iş gedir.

- Hərəkatın idarəçiliyi partiya idarəçiliyi formasında olacaq?
- Təbii ki, oxşar cəhətlər də mümkündür. Lakin fərqli cəhətlər də olacaq. Hələlik müzakirə və hazırlanma prosesində olan sənəd haqqında danışmağı doğru hesab etmirəm. Amma mövcud təcrübələri nəzərə almaqla yeniliklər də olacaq.

- İndi demək olarmı ki, Müsavatdan fərqli olaraq ADR Hərəkatının idarəçiliyi kollegial və şəffaf olacaq?
- ADR ictimai qurumdur və onu siyasi partiyaların idarə edilməsi ilə müqayisə etmək fikrindən uzağam. Biz hərəkatı yaradanda elan etmişdik ki, idarəetmədə kollegiallığa üstünlük veriləcək, hərəkat üzvlərinin qərarı olmadan hansısa addım atılmayacaq.

- Dediyinizin əksinə olaraq hərəkat sədrinin seçkilərini alternativsiz keçirdiniz, müsavatçıları isə qurultayda saxta yolla başqan seçildiyini iddia edirsiniz...
- Alternativsiz seçkilərlə saxtakarlığı bərabərləşdirmək doğru deyil. Mənim belə düşünən insanlara heç bir sözüm yoxdur. Çünki dediyiniz məsələlər fərqli anlayışlardır.

- Bunu mən yox, rəqibləriniz deyir...
- Mən özümüzə rəqib görmürəm. Çünki ADR Hərəkatı ictimai xarakterli təşkilatdır. Siyasi partiyaların bizi özünə rəqib hesab etməsi isə gülüncdür. İkincisi, belə fikirlər haradan çıxıb, niyə bu qənaətə gəliblər? Bu, şəxsən mənə aydın deyil. Bəzi mətbuat orqanları yanlış olaraq yazıblar ki, guya Vurğun Əyyub söyləyib ki, ADR Hərəkatının nizamnaməsində sədr seçkilərinin gizli səsvermə ilə seçilməsi nəzərdə tutulub, lakin vaxt azlığından açıq səsvermə ilə keçirilib. Mən belə söz deməmişəm. Nizamnaməmizdə belə bir şey olmayıb. Sadəcə bildirmişəm ki, indi səsvermənin açıq keçirilməsi nəzərdə tutulub, lakin nə zamansa gizli səsvermə də ola bilər. Yaxud konfrans hazırda qərara gələrsə, sədr seçkilərini gizli şəkildə keçirə bilərik. Burada hansı saxtakarlıqdan söhbət gedə bilər?

- Alternativsiz sədr seçkiləri demokratiyanın nümunəsi deyil axı...
- Orada namizədliyini irəli sürənlər oldu. Ancaq sonradan onlar namizədliyini geri götürdü. Məsələn, Müsavat Partiyasının sonuncu qurultayına qədər hər zaman alternativsiz başqan seçkiləri olub. Bu da müsavatçıların iradəsi ilə olub. ADR Hərəkatının konfransı zamanı da üzvlərimizin iradəsi ilə Qubad İbadoğlu seçkilərə tək gedib. Əgər namizədlərdən biri öz namizədliyini saxlasaydı, buna heç kim etiraz edə bilməzdi.

- Sosial şəbəkədə partiyadaşlarınızdan bəziləri yazırlar ki, Qubad İbadoğlu Amerikaya qaçıb, ona inanıb Müsavatdan gedənlər isə ortalıqda qalıb. Bu ironik reaksiya nə dərəcədə doğrudur?
- Səviyyəsiz insanların söhbətidir. Mən bu adamlara cavab vermək istəmirəm. Ümumiyyətlə, bu, qısqanclıqdan doğur və səviyyəsizlik göstəricisidir. Məsələ burasındadır ki, Qubad İbadoğlunun Amerikaya getməsi və orada qalması məsələsi xeyli müddət əvvəl bəlli idi. ADR sədri də bunu mənimlə və digər üzvləri ilə müzakirə etmişdi. Biz də götür-qoy edəndən sonra belə nəticəyə gəldik ki, Qubad bəyin bu proqramda iştirakı vacibdir. Səhv etmirəmsə, bu günə qədər Azərbaycandan belə proqramda 3-4 nəfər iştirak edib. Təsəvvür edin ki, bu proqramda hətta prezident olan şəxslər, Nobel mükafatı sahibləri iştirak edir. Həm də bu proqrama müsabiqə yolu ilə düşmək mümkündür. Yəni sənin göstəricilərin bu proqramda iştiraka imkan verməlidir. O ki qaldı ortalıqda qalmaq məsələsinə, bu, ciddi insanların söhbəti deyil. Hərəkatın ilkin formalaşdığı dövrdə Qubad İbadoğlu bir neçə dəfə xarici səfərə getdi, lakin bizim işlərimiz axsamadı. Bu, bir daha göstərir ki, ADR Hərəkatı bir şəxsin üzərində formalaşan qurum deyil. Təbii ki, Qubad İbadoğlunun burada olması bizim işimizi sürətləndirərdi, çünki işin xeyli hissəsini sədr öz üzərinə götürürdü. İndi bu iş onun təyin edəcəyi müavinlər və İdarə Heyəti üzvlərinin üzərinə düşəcək. Ancaq biz bundan narahat deyilik. Hesab edirik ki, Qubad İbadoğlunun bu proqramda iştirakı fərd olaraq onun özünə deyil, həm ADR Hərəkatına, həm də Azərbaycan cəmiyyətinə böyük töhfə verəcək.

- Siz uzun illər Müsavat Partiyasında ikinci şəxs olmusunuz, indi isə ADR Hərəkatında ikinci şəxssiniz. Bu qurumlarda ikinci adam olmağın fərqləri varmı?
- Təbii ki, var. Müsavat siyasi partiya idi, onun qərargahı, formalaşmış strukturu var idi. ADR Hərəkatı isə indi təşkilatlanma və formalaşma prosesini keçirir, ofisimiz yoxdur. Bu baxımdan, təbii ki, müəyyən fərqlər var. İş prosesində daha hansı fərqlərin ortaya çıxacağını görəcəyik.

- Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı bəyan edib ki, əgər partiya üzvlərinin fəaliyyətində nizamnaməyə zidd hərəkət olsa və bu haqda partiyanın müvafiq strukturlarına informasiya daxil olsa, tədbirlər görüləcək. Bu fikir sizin hərəkat sədrinin birinci müavini olandan sonra verilən bəyanatdır. Sizə elə gəlmirmi ki, bu bəyanat elə sizinlə bağlı verilib?
- Bu açıqlama əvvəllər də olub və heç bir məna daşımır. Bu, ona oxşayır ki, elan edəsən ki, qatıq ağdır. Onsuz da, hamı bilir ki, qatıq ağdır. O cümlədən hər kəs bilir ki, təşkilatın üzvü nizamnaməni pozarsa, cəzalanacaq. Yəni, bu bəyanatda elə dərin fikir yoxdur ki, reaksiya verim.

- Yaxın 5-6 ayda ADR Hərəkatını siz idarə edəcəksiniz. Hazırda Müsavatla ADR Hərəkatı arasında qarşılıqlı ittihamlar yaşanır. Yeni vəzifənizdə sizin partiya rəhbərliyi ilə konfrontasiyaya gedəcəyiniz gözləniləndirmi?
- Əvvəla, ADR Hərəkatını mən deyil, müavinlər və İdarə Heyətinin üzvləri idarə edəcək. İkincisi, mən hər hansı bir konfrontasiya arzulamır və buna əsas da görmürəm. Mən öz dostlarıma demişəm ki, səviyyəsiz adamların yalan və böhtanlarına cavab verməsinlər. Amma kimsə bu konfrontasiyada maraqlı olacaqsa, bizim konfrontasiyaya gedənlərə məntiqli, arqumentli və sübutlu cavablarımız olacaq. Biz münasibətləri müharibə və konfliktə çevirmədən cavablarımızı verəcəyik.

- Müsavat Partiyasını bərpa edənlərdən birisiniz. İndi Müsavatda deyil, ADR Hərəkatında əsas şəxs olmanız, faktiki olaraq Müsavatda fəaliyyət göstərməməyiniz partiyada sizə hörməti olan şəxslərdə qıcıq yaratmayacaq ki?
- Mən Müsavat Partiyasının üzvüyəm, sıravi üzvü olaraq müəyyən fəaliyyət göstərirəm. Müsavat Partiyasının indiki rəhbərliyini qeyri-legitim hesab etdiyim üçün onların qərarlarının icrası mənim üçün məcburi deyil, özümü də buna məcbur etmirəm. Əgər bu qərarların içərisində ağlıma batanı olacaqsa, onu icra edəcəyəm. Məsələn, Müsavat Partiyası mitinq çağırmışdı, mən və ətrafımda olan dostlarımız aksiyada iştirak etdik. İkincisi, mənim fəaliyyətim nizamnamədən kənara çıxmayacaqsa və bu kimdəsə qıcıq yaradacaqsa, artıq bu, mənim problemim olmayacaq.

- Sizi üzvü olduğunuz partiyanın rayon təşkilatının dayaq dəstəsinə dəvət ediblər, lakin həmin vaxt Bakıda olmamısınız. Nə məqsədlə üzvü olduğunuz özəyə dəvət etmişdilər?
- Bəli, mən Bakıda olmadığım halda iki dəfə məni özəkdə partiyadan azad etmək niyyəti ilə hərəkət etmək istəyiblər. Amma özək üzvləri bunu qəti şəkildə rədd edib. Bu səbəbdən də özək də məni partiyadan çıxarmayıb.

Nemət Hüseynli


Müəllif: