5 Mart 2015 09:33
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədrəddin Quliyev: “Türk toplumları arasında əlaqələr gücləndirilməlidir”

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyev müxtəlif ölkələrdə yaşayan türk toplumlarının tanınmış ictimai-siyasi xadimlərdən ibarət nümayəndə heyətinin tərkibində Quzey Kıprıs Türk Cümhuriyyətinə səfər edib. Kıprıza baş tutan səfər, müzakirə olunan məsələlər mövzusunda partiya sədri Teleqraf.com-un suallarına cavab verib.

- Bədrəddin bəy, Quzey Kıprıs Türk Cümhuriyyətinə səfəriniz hansı məqsəd güdürdü?
- Aprelin 19-da Kıprısda prezident seçkiləri keçiriləcək. Biz CHP olaraq türk toplumunun istisadi, siyasi, mənəvi, strateji baxımdan bir-birinə yaxın olmasını vacib hesab edirik. Səfərdə məqsədimiz Kıprısda keçiriləcək prezident seçkilərində indiki prezident Dərviş Eroğlunu dəstəklədiyimiz mesajını vermək idi. Qeyd edim ki, Kıprısa geniş bir nümayəndə heyəti formalaşdıraraq səfər etmişdik. Azərbaycandan mən, Makedoniyadan Türk Hərəkat Partiyasının rəhbərliyində olan millət vəkili Enis İbrahim, Türkiyə Həmkarlat İttifaqının xarici əlaqələr üzrə katibi Əhməd Dəmirçi, eləcə də xaricdə fəaliyyət göstərən bir çox türk diaspora və QHT nümayəndələri təmsil olunurdu. Bir daha qeyd edim ki, biz bu səfərlə Quzey Kıprıs Türk Cümhuriyyətinin indiki prezidenti Dərviş Eroğlunun seçki kampaniyasına dəstək vermək niyyəti güdürdük.

- Niyə məhz Dərviş Eroğluna dəstək vermək məqsədi güdürdünüz, axı Kıprısda keçiriləcək prezident seçkilərində altı namizəd iştirak edəcək?
- Dərviş Eroğlu türk dünyasının inandığı və güvəndiyi bir insandır. Dərviş Eroğlu mərhum prezident Rauf Denktaşın əsas silahdaşlarından biridir. Hazırda Eroğlu prezidentdir və növbəti dəfə də namizədliyini irəli sürüb. Artıq fevralın 28-dən prezident seçkilərinə rəsmi start verilib. Biz də fevralın 27-də paytaxt Levkoşa şəhərində cumhurbaşqanı Eroğlu ilə görüşdük. Bizim yaxşı münasibətlərimiz var. Onun özünə də açıq mesaj verdik ki, böyük bir nümayəndə heyəti ilə Levkoşada olmağımız ona dəstək verməklə yanaşı Kıprıs cəmiyyətinə, seçicisinə də bir mesajdır. Çünki türk dünyası üçün mücadilə aparan Dərviş Eroğlu kimi şəxsiyyətin hakimiyyətdə olması bizim üçün önəmlidir. Kıprısda hakimiyyət elə əllərdə olmalıdır ki, gələcəkdə problem yaranmasın. Çünki adanın Rum tərəfi Avropa Birliyinin üzvü olsa da, Rusiya ilə müqavilə bağlayır və digər addımlar atır. Belə bir incə məqamda yunanların gah birləşmək, gah birləşməmək düşüncəsi, eləcə də Avropa Birliyinin acığına Rusiya ilə əlaqələr qurmaq istəyi və s. ovqat var. Mən də belə həssas dönəmdə millətini və dövlətini sevən Dərviş Eroğlunun Kıprısı idarə etməsinin əhəmiyyətli olduğunu bildirdim. Mən Kıprıs televiziyalarında çıxışım zamanı dedim ki, bu ərazi neft və təbii sərvətlərlə zəngin bir ərazidir. Zaman gələcək Kıprısın qaz və neft problemi olmayacaq. Həm də iqtisadi və hərbi baxımdan Yaxın Şərqdə gedən proseslərdə Kıprızın türk dünyası və Türkiyə üçün böyük əhəmiyyəti var. Eyni zamanda Kıprıs hərbi baxımdan strateji ərazidir. Həm də bildirim ki, bizim BTC ilə Avropaya gedən neftimiz Türkiyədə Ceyhan limanına çıxır. Ceyhan limanından Türkiyənin dünyaya çıxışı Aralıq dənizi vasitəsilədir. Odur ki, Kıprısda dayaqlarımızın güclü olması üçün Dərviş Eroğlu kimi milli mücadilə verən şəxsin hakimiyyətdə olması, növbəti dəfə prezident seçilməsi strateji baxımdan da maraqlarımıza uyğundur. Nəzərə almalıyıq ki, BTC məhz bu dəhlizlə dünyaya açılır. Üstəlik Türkiyənin dünyaya ən qarantiyalı çıxışı bu ərazidən keçir. Bu ərazidə isə Kıprıs Cümhuriyyəti və türk ordusu var.

İkincisi, yunanlar burada böyük etnik təmizləmə aparıb. Nəticədə türk xalqı böyük milli mücadilə verib, 1974-cü ildə Türkiyə ordusunun dəstəyi nəticəsində, rəhmətlik Bülənt Ecevitin baş nazir olduğu zaman bu soyqırım və etnik təmizləmə aparılmasının qarşısı alınıb, Kıprıs türkləri uzunmüddətli milli mücadilədən sonra öz dövlətlərini qurub. Bu türklərin son 100 ildə apardığı ən dirənişli mübarizədir. Biz Azərbaycan olaraq etnik təmizləməyə əsrin əvvəllərindən başlayaraq məruz qalmışıq. Qərbi Azərbayan, İrəvan, Zəngəzur və Göyçəmiz boşaldılıb. Sonrakı mərhələdə Qarabağımız işğal edilib, yeddi rayonumuz işğala məruz qalıb. Bu proses dəhşətli etnik təmizləmə ilə müşayiət olunub. Biz Kıprısa Xocalı qətliamının ildönümü ərəfəsində getmişdik. Qarabağ müharibəsinin ilkin başlanğıcında Azərbaycan türkünü sındırmaq, vahimə yaratmaq üçün Xocalıda insanların başısının dərisini soyurdular. Beləcə xalqımızı qorxutmaq üçün vahimə yaradırdılar. Hərbçilər bilirlər ki, bu müharibə taktikasıdır. Etnik təmizləmə aparan bütün ölkələr belə qətliamlar həyata keçirib. Kıprıs türkləri də, etnik təmizləməyə məruz qalıblar. Ancaq onlar ayaq üstə durublar, mücadilə aparıblar və sonda öz dövlətlərini qurublar. Düzdür, bu dövləti hazırda Türkiyə, Pakıstan və Banqladeş tanıyıb. Kıprıs prezidenti Eroğlu ilə görüşdə də bildirdim ki, indi dünyada və regionda gedən proseslər toplumun başında millətini, onun haqqını və marağını müdafiə edən şəxslərin durmasını qaçılmaz edir. Bu dövr həssas dövrdür və milləti başsız qoymaq olmaz. Bu səbəblərdən də cumhurbaşğanı Dərviş Eroğlunu dəstəklədiyimiz haqda hər yerdə açıq mesajlar verdik.

- Türk dövlətləri və toplumları arasında münasibətlərin qurulmasını bu baxımdan əhəmiyyətli hesab edirsiniz?
- Türk dövlətlərinin əlaqələrinin qurulması, ilkin dövrdə zirvə görüşləri, mədəni əlaqələrin möhkəmlənməsi, sonradan strateji əməkdaşlıq münasibətlərinin yaradılması halları var. Ancaq təəssüflər olsun ki, biz hələlik münasibətləri strateji müttəfiqlik səviyyəsinə gətirib çıxara bilməmişik. Eləcə də iqtisadi baxımdan normal bank-maliyyə sistemimizi qura bilməmişik. Bank-maliyyə sisteminin qurulması böhran yaşandığı mərhələdə, dünya dövlətlərinin çoxunun maliyyə baxımdan asılı vəziyyətə düşdüyü indiki etapda türk dövlətlərinə dəstək olardı. Türkdilli dövlətlərdə iqtisadi əlaqələrini belə bank-maliyyə sistemi ilə bir qədər də yaxınlaşdıra bilər. Yəni, bundan hər bir türkdilli dövlət qazanc əldə edə bilər. Türkdilli dövlətlər simasında bu sistem 300 milyonluq türkü əhatə etməlidir. Biz öz gücümüzü ortaya qoymaqla dünyada türkə qarşı sayğı da artacaq. Odur ki, bizlər bir-birimizə bu osmanlıdır, bu azəridir, bu türkməndir, qazaxdır, kərkük türküdür deməklə irəli gedə bilmərik. Biz bir-birimizə türk olar yanaşdıqda dünya gücümüzü görəcək və bizə hörmətlə yanaşacaq. Mən Kıprısda da dedim ki, bizim Qarabağ problemimiz var, rayonlarımız işğal altındadır və bu səbəbdən də onları dəstəkləyə bilmirik. Amma Kıprıs öz varlığını qoruması, dövlətini qurması bütün türk toplumu üçün bir nümunədir.

- Siz İraq türkmənləri ilə də yaxın əlaqələr saxlayırsınız. Orada Kərkük türklərinin durumu necədir?
- Sözümü ona gətirərəm ki, Kıprısda türklər milli mücadilə verdi, öz dövlətini qurdu. Çünki təşkilatlana bildi. Ancaq Kərkükdə 3 milyona yaxın türkmən var. Bildiyiniz kimi bizim İraqın keçmiş naziri, türkmənlərin nümayəndəsi Turxan Müftüoğlu ilə yaxın münasibətimiz var. Turxan Müftüoğlu Türkmən Xalq Partiyası quraraq prosesə qatılmışdı, toplumun təşkilatlanması xəttini irəli aparırdı. Ancaq təəssüflər olsun ki, orada türkmənlər milli baxımdan birləşə bilmədilər. Çünki daha çox dini məsələyə görə, sünnü və şiə məzhəbinə bölündülər. Nəticədə öz hüquqları, muxtariyyətləri və istiqlalı uğrunda mübarizə apara bilmədilər. Kürdlərdən fərqli olaraq türkmənlər təşkilatlana və formlaşa bilmədilər. Dünyada baş verən proseslər elədir ki, mücadilə aparırsansa, torpağını müdafiə edirsənsə, nəticə də qazanırsan. Odur ki, toplum ilk olaraq təşkilatlanmalıdır. Bunun üçün isə xarizmatik lider lazımdır. Kıprısda belə xarizmatik liderlərdən biri də Rauf Denktaşdan sonra gələn prezident Dərviş Eroğludur.

- Bəs necə olur ki, Yunan Kipri Avropa Birliyinin üzvü olduğu halda Rusiya ilə əlaqələr yaradır, müttəfiqlik edir?
- Biz bu məsələ ətrafında fikir mübadiləsi apardıq. Yunan Kiprinin Rusiya ilə əlaqələr qurması, əməkdaşlıq etməsi Avropa Birliyinin əleyhinədir, Avropa dəyərlərinə qarşı olan fəaliyyətdir. Biz hesab etdik ki, bununla bağlı Avropa Birliyi və dünya qarşısında məsələ qaldırıla, diqqəti bu istiqamətə çevirmək olar. Cumhurbaşqanı Dərviş Eroğlu Yunan Kiprinin Rusiya ilə münasibətlərinə dair əhatəli bir bəyanat verdi. Bu bəyanat Avropa Birliyi və ABŞ Dövlət Departamenti tərəfindən ciddi diqqətə alındı. Onlar öz reaksiyalarında qeyd etdilər ki, Yunan Kiprinin Rusiyaya qarşı sanksiyalar mərhələsində belə davranışı yanlış hərəkətdir, Avropa Birliyinin dəyərlərinin əleyhinədir və bu kimi fəaliyyətin cəzası olacaq.

- Kıprısda başqa kimlərlə bir araya gəldiniz?
- Səfər zamanı Demokratik Ulusal Gənclər Partiyasından Sərdar Denktaşla görüşdük. Sərdar Denktaş baş nazirin müavini olmaqla yanaşı hökumətdə iqtisadiyyat, turzim, idman və gənclər naziri vəzifəsini daşıyır. Bizim rəhmətlik qurucu prezident Rauf Denktaşla isti münasibətlərimiz olub. Kıprısda ilk olaraq onun qəbrini ziyarət etdik. Rauf Denktaş türk dünyasında dövlət quran liderlərimizdəndir. Sərdar Denktaş Rauf Denktaşın oğludur və Dərviş Eroğlu ilə koalisiya içərisindədir. Ola bilsin ki, gələcəkdə biz də, cumhurbaşqanı D.Eroğlunu və Sərdar Denktaşı Azərbaycana dəvət edək. Eləc ədə biz gələcəkdə türk toplumları arasında əlaqələrin inkişafının tərəfindəyik. Sərdar Denktaş Azərbaycanı sevən dövlət xadimidir. Kıprısda milli güc hesab olunan siyasi qüvvələr bir yerdədir və biz də, kənardan gedərək onların birgə olmasına və qələbələrinə dəstək olduğumuzu ifadə etdik. Səfər zamanı nümayəndə heyətimiz dövlət protokoluna uyğun qəbul olundu, keçirdiyimiz görüşlər və apardığımız fikir mübadiləsi Kıprısın mediasında ciddi işıqlandırıldı. Həmçinin deputat qrupları ilə görüşdük. Çoxlu sayda təmaslar oldu, çalışdıq ki, hər kəslə görüşək. Biz əlimizdən nə gəlibsə, onu edirik, Azərbaycanın təbliğ olunması, türk toplumları arasında münasibətlərin daha da güclü olması üçün nə bacarırqsa, onu da edirik. Azərbaycan sürətlə tanınır və güclənir. Artıq əksər türk toplumu bizdən umur. Əsrin əvəlində türkçülüyün mərkəzi Bakı olub. Rəsulzadə, Ağaoğlu, Xoyski və digər şəxsiyyətlərin apardığı milli düşüncə sisteminin yayılması, təşəkkül tapması ortadadır. Məhz bunun nəticəsi olaraq ilk türk dövlətini biz qurmuşuq. Bu proses sonradan Türkiyəyə keçib. Adını çəkdiyim və çəkmədiyim bir çox şəxslər sonradan Türkiyəyə mühacirət edib. Əhməd Ağaoğluna Atatürk 6 vəzifə verib. Orada da bu sistemi məhz buradan gedənlər qurub, oturdub. Odur ki, Bakı hər zaman türklüyün mərkəzi olub.

- Səfəriniz Xocalı soyqrımının 23-cü illiyinə təsadüf edirdi. Səfər zamanı bu soyqrım haqqında Kıprıs ictimaiyyətinə məlumat verdinizmi?
- Qeyd edim ki, Xocalı qətliamı ilə əlaqədar cumhurbaşqanı Dərviş Əroğlu millətimizə başsağlığı verdi, Qarabağ münaqişəsinin həllinin, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini, dünyanın bu məsələdə Azərbaycana dəstək verməli olduğunu qeyd etdi. Bildirdi ki, biz bir millət, üç dövlətik. Bizim dərdimiz də, perspektivimiz də birdir. Biz nə qədər bir yerdə olacağıqsa, bir-birimizə dəstək olacağıqsa, bir o qədər güclü olacağıq. Biz CHP olaraq türkdilli dövlətlər arasında əlaqələrin güclənməsi üçün öz tərəfimizdən təbliğatımızı aparacağıq. Biz türk dövlətlərinin hərbi baxımdan da yaxınlaşmasını arzulayırıq. Türkdilli toplumlar arasında hərbi strateji münasibətlər yaxın olmalıdır. Azərbaycanla Türkiyə arasında hərbi strateji müqavilənin imzalaması çox yaxşı olardı. Şükürlər olsun ki, indi iki ölkə hərbçiləri birgə hərbi təlimlər keçirirlər. Biz bilirik ki, arxasında dəstəkçisi, müttəfiqi və real gücü olmayan ölkə daima təzyiqlərə məruz qalacaq.

Cavidan


Müəllif: