7 Mart 2015 14:55
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onunla dostunun film təqdimatında görüşdük. Mozalan studiyasının rəhbəri vəzifəsindən “Salnamə” kinostudiyasına baş redaktor təyin olunduğu ərəfələrdə mətbuatdan uzaq qaçan Orxan Fikrətoğlunu tapmışkən, bizi maraqlandıran suallarımızı ona verməmək mümkünsüz idi. Fürsəti əldən vermədim… Beləliklə, müsahibim yazıçı, ssenarist, jurnalist Orxan Fikrətoğludur.

O, 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnstitutunu bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlayıb. Müxtəlif dövrlərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, “AzərTelefilm”in, “Günay” qəzetinin baş redaktoru işləyib. Dövlətlərarası MİR Teleşirkətinin direktor müavini, Mozalan satirik kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. Hazırda Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi, yeddi bədii nəsr kitabının, üç publisistik kitabın, onlarla bədii filmin ssenari müəllifidir. Əsərləri İran,Türkiyə, Bolqarıstan, İsveç və bir çox dünya ölkələrində çap olunub.

- Orxan bəy, necəsiniz? Sizinlə sonuncu müsahibəmdən xeyli vaxt ötüb. “Mozalan”dan ayrılandan sonra bir neçə dəfə sizə zəng eləsəm də müsbət nəticə olmadı. Amma bu barədə bir azdan danışarıq. Neynirsiniz, nə iş görürsünüz?
- Sağ olun, yaxşıyam. Türkiyədə yeni “Müjdə” adında kitabım nəşrə hazırlanır. Hazırda tərcüməsi ilə məşğuluq. İndi əsas işim odur. Bir kitabdır, içərisində altı-yeddi hekayə, iki roman və kinossenari var. Romanların ikisi də yenidir. Ümumiyyətlə, mən son zamanlar Türkiyə bazarına girməyə çalışıram. Çünki Azərbaycanda bu sahədə dəyərlər ədəbi deyil. Ədəbiyyat Azərbaycanda oxunmur.

- Türkiyənin kitab bazarına girmək sizi qorxutmur ki? Satılacağından əminliyiniz varmı?
- Tam əminəm. Mütəxəssislər də deyirlər ki, satılacaq.

- Səhv etmirəmsə, “Müjdə” adlı ssenariniz də var. O vaxt danışanda demişdiniz ki, o ssenarinizə Türkiyədə film çəkiləcək. O işin axırı necə oldu?
- Doğrudur, həmin ssenari də kitabda yer alır. Filmin çəkilişləri isə davam edir. Tam olaraq bu yay başa çatacaq. Film barəsində çox danışmaq istəmirəm, çünki bütün hüquqlar onlardadır. Vaxtı-zamanı gəlincə, məlumat veriləcək.

- Əksər kinematoqrafçılarımız ssenarilərini Azərbaycanda ekranlaşdıra bilmədiyi bir vaxtda siz bunu Türkiyədə necə və hansı yollarla reallaşdırırsınız?
- Əslində oralara getmək çox asandır. Sadəcə məşğul olduğunuz işi yaxşı bilmək lazımdır. “Müjdə” ssenarimin alınması ilə bağlı hadisəni sizə danışım. Öyrəndim ki, Türkiyədə Türkiyə Film Yapımçılar Məslək birliyi fəaliyyət göstərir. Onların saytına girib, rəhbərinin internet adresinə türk dilində ssenarimi göndərdim. Bir gün onlardan zəng gəldi və dedilər ki, ssenarini ekranlaşdıracağıq. Yaradıcı heyətin Türkiyədən olmasını istəyirəm. Çünki Azərbaycan rejissorlarının işlərini artıq görmüşəm. Və onların potensialına bələdəm. Ona görə də türk rejissorunun, aktyorlarının olması, üstəlik bu filmin Türkiyə prokatına çıxması çox önəmlidir.

- “Mozalan”dan “Salnaməyə” keçid etdiniz. Sizin üçün nə dəyişdi?
- Çox dəyişikliklər oldu. Mənə elə gəlir ki, “Mozalan” fəlsəfi olaraq özünü “yemişdi”. Bu gün artıq “Mozalan” baxışı yeni deyil. Amma “Salnamə” mənim işimə yaxındır. Çünki mən kino fəaliyyətimə oradan başlamışam. Orada sənədli filmlər çəkirik. Kərim Kərimov haqqında üç film buraxılıb, Bakı və başqa mövzularda filmlər çəkilir. İnşallah, gələcək üçün planlarımız çoxdur.

- “Mozalan”dan getmək istəyinizi nə vaxtsa, nazirliyə bildirmişdinizmi?
- Bilirsiniz, əslində hamımız kino mühitindəyik. Onsuz da kinoda beş-altı adam qalıb. Bayaq da dediyim kimi “Salnamə” mənə daha yaxındır. Çünki sənədli salnamədir ki, illərdir mən də həm televiziyada, həm də kinoda bu işlə məşğulam. “Mozalan” da yaxşı idi, amma faktiki olaraq o artıq üç il idi ki, işləmirdi.

- Nə deyirsiniz, “Mozalan” bağlansınmı?
- İstəmərəm bağlansın. Çünki tarixdir. Amma özünü doğrultmur. 2005-ci ildən 9 il müddətində gənclərlə işlədik, onlara şərait yaradıldı, hətta priz də aldıq. İlk dəfə musiqili mozalan çəkdik. Yəni xeyli iş gördük. Amma bu gün hər bir televiziyada istənilən veriliş “Mozalan”ın bir il gördüyünü bir gündə edir. “Mozalan”da hansısa neqativ, problemli mövzu satirik dillə tamaşaçıya çatdırılır, çözümü araşdırılır. Fikir versəniz, bunu hər televiziya xəbərlər proqramında edir. O dönəmdə belə verilişlər olmadığına görə “Mozalan” aktual idi. Amma bu gün artıq “Mozalan” fəlsəfi olaraq köhnəlib.

- Azərbaycan kinosunun indiki vəziyyətini necə qiymətləndirirsiniz?
- İş gedir, uğurlar da olacaq. Əminəm, optimistəm və inanıram ki, Azərbaycan kinosu dünyada öz sözünü deyəcək. Bunun üçün potensial, ağıl var. Sadəcə mövzu seçimi, yanaşma və peşəkar kadrların hazırlanması bu uğuru daha da tezləşdirəcək. Amma istəməzdim ki, hər hansı film barəsində geniş danışım.

- Ssenariniz Türkiyədə ekranlaşdırılır, indi də kitabınızı orada nəşr etdirirsiniz. Azərbaycanda bu iki sahədən də ayrılırsınız, amma çox optimistsiniz...Paradoks deyil?
- Türkiyə bazarı ədəbiyyata, kinoya daha düzgün yanaşır. Sırf ənənəvi klassik Avropaya bağlıdırlar. Dil problemi də çətin deyil. Bilirsiniz ki, mən rus dilində də yazmışam. Amma türk təfəkkürünə bu qədər yaxın olduğumu heç vaxt bilmirdim. Bu kitabım tərcümə olundu və mənə oxumaq üçün verdilər, o materialı mən beş-altı mütəxəssisə göstərdim. Onlar da mənə dedilər ki, elə bil bu mətni Osmanlı ərazisində yaşayan biri yazıb. Əslində həqiqətən də biz bir toplumuq. Mən heç vaxt ayrıseçkilik salmıram. Oradakı dəyərlər burda da yaşanır, burdakı dəyərlər orda da duyulur. Ortaq kökə və folklora bağlıyıq. Yazılarımın orada da aktual olmasını buna bağlayıram. Bir də ki, burada sırf biznes məsələsi var. Türkiyədə hələ kitab çıxmayıb, amma mən pulun 70 faizini almışam. Orada qayda belədir: bir nəşriyyat kitabı buraxır, satacaq təşkilat isə pulun 70 faizini müəllifə əvvəldən verir. Müqaviləyə görə satışa buraxanda sonra da mənə pul çatır. 48 yaşım var, amma bu yaşa qədər Azərbaycanda ədəbiyyatından bir manat da qazanmamışam. Amma Türkiyədə əksinə, kitab çıxmamış, pulun çox hissəsini almışam. Bu da insana stimul verir.

- Yazmağa vaxtınız var?
- Var. Mən özümə çox vaxt ayırıram. Mütaliəmə, yazmağıma...

- Məmur ola-ola bədii ssenarilərinizi nazirliyə təqdim edirsiniz?
- Yox, çünki nazirliyin məmuruyam. Orada işləyə-işləyə ssenarimi müsabiqəyə təqdim etmək yaxşı deyil. Azərbaycanda müharibə mövzusunda beş film çəkilibsə, onun üçünün ssenarisini mən yazmışam: “Ümid”, “Yalan”, “Ərazi”. Daha sonra “Mozalan”a direktor təyin olundum. Orada işləyəndən bir ssenarimi də ekranlaşdırmamışam. Etik deyil. Mən o insanlardan deyiləm ki, məmur ola-ola özüm yazam, özüm çəkəm.

- “Ərazi” filminizdən sonra bir də rejissor kürsüsündə oturmadınız. Daha çəkmək istəmirsiniz?
- Çox istəyirəm. Xüsusən də hekayələrimi ekranlaşdırmaq istəyirəm. Əslində realizə olunmamış çox ssenarilərim var. Ürək edib onları heç bir rejissora verə bilmirəm. İstəyirəm özüm çəkəm. Ona da maliyyə tapmaq lazımdır. Çox sevdiyim ssenarim var: göydən bir mələk yerə enir. O pozğun bir qadınla izdivacda olur və SPİD xəstəliyinə tutulub ölür. Yəni pozğun qadının Allahın göndərdiyi mələyi belə öldürməsi gerçəkliyini ədəbiyyat və kino dili ilə insanlara çatdırmaq istəyirəm. Onun kimi bir neçə aktual hekayələrim var. Mənə elə gəlir ki, o hekayələrimin ssenariləşdirilib ekranlaşdırılmasının tam zamanıdır.

Nərmin


Müəllif: